Mənim
ilk Universitetim - "Altmışıncılar..."
Professor Cahangir Məmmədlinin
"Altmışıncılar nəsrinin poetikası"
kitabı haqqında qeydlər
İllər
sonra universitet mühazirələrin əlinə keçəndə
maraqla vərəqləyirsən: həm o vaxtın xatirələri
gözlərində canlanır, həm bugünkü
ağlınla o vaxtlar imtahanlarda səni həyəcanlandıran
məsələləri təkrar düşünürsən,
səhvlərini, qaranlıq məqamları
saf-çürük edirsən, həm də həyatının
əhəmiyyətli bir mərhələsində
şüurlu, yaxud şüuraltı şəkildə rol
oynayan bu qeydlərə bir daha qayıtmaqla öz şəxsiyyətinin
alt qatlarına enmiş olursan. Jurnalistikamızın, söz sənətinin
Ustadlarından olan Prof. Cahangir Məmmədlinin
"Altmışıncılar nəsrinin poetikası"
monoqrafiyası mənə tələbəlik illərimdən
qoruduğum mühazirələr dəftərimi
xatırlatdı. Ən maraqlısı da o oldu ki, kitabı
oxuyandan sonra anladım ki, mən elə
"altmışıncılar"ın yetirməsiyəmmiş,
sadəcə düşüncələrimi istiqamətlərindən,
şəxsiyyətimi formalaşdıran bu ilk universitetimin
qeydlərini hansısa dəftərə yox,
yaddaşımın sabit qatına yazmışammış.
Mənim
atam altmışıncı illərdə Sovet İmperiyasında
açılan xırda nəfəslikdən qidalanan gənclərdən
olub: reallığı görməyi bacaran, sözün həqiqi
dəyərini verməyə köklənən,
azadlığın ruhunu duyub onu böyütməyə
çalışan və sonralar bu ruhun təkrar
susdurulduğunun şahidi olan nəslin nümayəndəsi.
Özünün də dediyi kimi, bu, milli təfəkkürün
oyanışı ilə səciyyələnən,
"Bütöv Azərbaycan" ideologiyasının hər
kəsin düşüncəsini
çulğaladığı bir dövr idi. Uzun illərdən
sonra ilk dəfə milli bayram olan Novruzun təntənə ilə
qeyd edilməsi, hətta uzaq Amerikada Con Kennedinin qətli də
xalq arasında bir həyəcan, dirçəliş
yaratmışdı. Atamı dinləyəndə əmin
olmuşdum ki, bu, elə bir düşüncədir ki,
doğulandan sonra məhv olmur, övladlara bir əmanət kimi
ötürülür. Elə həmin vaxtlar yenicə
doğulan Ülvi oğluna - ilk övladına yazdığı
şeirində də bunu vurğulayır:
Duzlu
balam, unutma ki, illərə,
Vicdanını
günəş deyə verirəm.
Ürəyimsən,
ürəyimi ellərə,
Elə
bil ki, mən hədiyyə verirəm.
Beləcə,
mən də hərf tanıyandan
altmışıncıların əsərlərini
oxumuşam, evimizdə gedən müzakirələri dinləmişəm,
sözlərin, sətirlərin altındakı mənaları
sezməyə öyrəşmişəm. O vaxtlar kiçik
idim, çox sərt keçən müzakirələrdə
nadir halda söz haqqım olurdu. Mən də indi, Cahangir
müəllimin kitabı ilə ilk Universitetimin "mühazirələrini"
- altmışıncıların əsərlərini təkrar
vərəqləyib sözümü deyim.
Əsər
bir nöqtədən çıxıb milyonlarla oxucunun
düşüncəsinə uzanan bir körpüdür. Onun
nüfuz etmək qabiliyyəti yazıldığı niyyətdən,
söykəndiyi dəyərlərin ucalığından
bilavasitə asılı olur. Altmışıncıların
niyyəti İmperiyanın laylasına yatmış oxucunu
oyatmaq idi və bu məqsədlə fərqli janrlar, yeni
yanaşmalar tapıb standart klişeləri
sındırırdılar. Cahangir müəllim
çağdaş Azərbaycan povestinin janr xüsusiyyətlərini
təhlil edəndə bu incə və vacib məqamları
"sənətin yenidən boğulduğu cəmiyyətdə
sənətkarın forma axtarışını genişləndirməyi"
(s. 27) kimi əsaslandırır və "unu kəpəkdən
ayırır".
Əsər
boyu istinad edilən müəlliflərdən birincisi
Anardır, bəlkə də mənim gözüm daha
çox mənə yaxın olan bu ədibin adını
axtarırdı. Çünki məhz Anarın qələmi
ilə mən rahatlıqla "yaxşı padşaha"
gülməyi öyrənmişəm, cəmiyyətdəki
Əli Əyriyevlərin, Qarın Quliyevlərin
qarşısında səbəbsiz xofdan uzaq olmuşam, tənhalığın
çərçivəsini radiodakı təyyarə
uğultusu ilə genişləndirməyin
mümkünlüyünü anlamışam, doğmaların
varlığının işığını onların
yoxluğunda da qorumağın mümkünlüyünü
görmüşəm. Cahangir müəllim bunun sadə, eyni
zamanda, çox ağır səbəbini belə izah edir:
"Bədii əsər, əslində, oxucu üçün
o zaman doğmalaşır ki, o özü də bədii əsəri,
buradakı hadisələri yaşayır" (s.56). Belə əsərlər
ideologiyaya xidmət edə bilməz, sifarişlə də
yazılmaz, yalnız ruhdan gələr və ruha ünvanlanar.
Müəllif
monoqrafiyada janrın deyil, deyilən sözün, "əsl sənətkarın
içini boşaldan" (s.28) əsərlərin vacibliyini
vurğulayır və miniatür povesti nümunə gətirir.
Burada yaponların haykuları yada düşür: müəllif
oxucunun içindəki hansısa bir ideyanı oyadır və
kənarda durur, qalanını oxucunun öz düşüncə
qabiliyyəti tamamlayır. Amma əsas problem də məhz
çoxluq təşkil edən sifarişli, bəh-bəhli
yazılar arasında "acı həqiqəti üzə
çıxara" (s.30) bilən əsərlərdən
gedir. Müasir dövrdə tez-tez alt şüurda neqativ
düşüncələri aktuallaşdıran 26-cı
kadrdan danışırlar. Maraqlıdır ki, Cahangir müəllimin
kitabından belə qənaətə gəldim ki, altmışıncıların
əsərləri də həmin dövrün 26-cı
kadrı hesab edilə bilər, sadəcə düşüncələrdə
reallıq, yüksək mənəviyyat, milli dəyərləri
oyadan gizli mesajlar şəklində: "Budur, bədii sənət
əsərinin təsir gücü, insanı dəyişmə
gücü. Bu, yalnız bədii həqiqət real gerçəklikdən
doğanda, insan özünü bu güzgüdə görəndə
baş verir" (s. 242). Əsərin bu gücünü həqiqi
sənətkar bilir və xalqını sevən onu məhz
müsbət istiqamətdə istifadə etməyə
çalışır.
Altmışıncılar
öz düşüncələrini əsaslandırmaq
üçün tarixi köklərə, milli dəyərlərə
istinad ediblər. Cahangir müəllim burada çox əhəmiyyətli
bir məqamı vurğulayır: "Tarixi əsər -
hansı janrda olursa-olsun - müraciət etdiyi tarixi
dövrün portretini yaratmaqla əsərin meydana
çıxdığı dövrdə onun vaciblik dərəcəsi
ilə şərtlənməlidir" (s. 159). Burada bir
neçə vacib şərt bir-birini tamamlamalıdır:
yazıçının şəxsi keyfiyyəti, onun
keçmişi və bugünü dəyərləndirmək
və oxucunun düşüncəsinə doğru yol tapan
janrı seçmək qabiliyyəti. Sənətkar öz
ideyasına həyat verməklə kifayətlənməməli,
xalqın taleyində əhəmiyyətli rol oynamış
tarixi dövr arasında körpü atmağı, oxucunun diqqətini
əhəmiyyətli məqamlara fokuslamağı
bacarmalıdır. Bu baxımdan sənətkarın üzərinə
böyük məsuliyyət düşür. Məhz buna
görə də, tarixi bədiiləşdirən
yazıçı nə qədər çox bəyənilir,
sevilir, digərlərindən fərqləndirilirsə, həmin
tarixi saxtalaşdıran yazıçı bir o qədər
gözdən düşür. Tarixi saxtalaşdırmaq deyəndə,
həm də imperiyanı al-əlvan rənglərlə təqdim
etmək, həqiqəti görmək qabiliyyətində
olmamaq, yaxud şəxsi maraq xətrinə onu görməkdən
imtina etməkdir.
Tarix
xalqın keçdiyi həyat yoludur və saxtanı həqiqətdən
elə yaşadıqları əsasında fərqləndirməyi
bacarır. Yazıçı o xalqın səsi və
gözü olanda Sənətkar adını qazanır. "Dəli
Kür" nümunəsində Cahangir müəllim haqlı
olaraq vurğulayır ki, "bədii əsər saxta
stereotiplərdən uzaqlaşanda əsl sənətə
çevrilir" (s. 196). Yaxud "Qarlı
aşırım"ın uğurunu məhz onun obyektiv
mövqeyinin nəticəsi olaraq təqdim edir (s.186). İllər
keçib, "Dəli Kür"ün Cahandar ağası hələ
də müsbəti, mənfisi ilə nümunədir,
"Qarlı aşırım"ın Kərbəlayı
İsmayılı, Abasqulu Ağası, Qəmlosu təkrar-təkrar
anılır, araşdırılır. Kiçik notlarla
oxucunun düşündürməyi bacaran, tarixə müraciət
etməyə sövq edən belə əsərlərlə
partiyanın iclas protokolunun bədii izharı olan əsərlər
tərəzinin eyni gözünə qoyula bilməz axı.
Burada ön plana tarixlə qurulan əlaqənin
sağlamlığını, etibarlılığını
təmin edən yaddaş çıxır. Yaddaş
şüurun, düşüncənin ən vacib və
böyük arxivi, istinadıdır və onun hətta mənfi
bir səhifəsinin silinməsi, təhrifi insanın kimliyində
dərin bir boşluq yaradır. Maraqlıdır ki, zorla, yaxud
könüllü şəkildə öz yaddaşından
imtina edənlər altmışıncılardan olan Aytmatovun
"qəhrəmanıdır". M.Çəmənlinin
"Yaddaş" povestini təhlil edən Cahangir müəllim
yazır: "Yaddaş yaman şeydir. İnsan
vicdanının səsi olan yaddaşdan qaçıb qurtarmaq
olmur" (s.61). Təhlildən belə anlaşılır ki,
yalnız qəhrəman deyil, onu canlandıran müəllif də
müəyyən şeyləri - o yaddaşı formalaşdıran
amilləri unudanda əsərdə natamamlıq yaranır.
Altmışıncılar
əvvəlki dayaqların möhkəm
olmadığını sübut edir və yenisini yaradır. Bəzən
nihilist ruhlu yazıçı, məsələn, Nitsşe,
köhnəni darmadağın edir və xəbərdarlıq
da edir ki, "Müəyyən bir müddət uçuruma
baxanda uçurum sizin içinizdən baxmağa
başlayar". Altmışıncılar isə heç nəyi
dağıtmır və fərqli yol tutur. Əvvəla, onlara
qara uçuruma deyil, "ağ"a, işığa
baxmağı tövsiyə edirlər. Cahangir müəllimin
dediyi kimi, "bu fakt - ağ, işıq faktı 60-70-ci illər
Azərbaycan nəsrinin özündə yaranan işıqla
bağlı idi" (s.122). İkincisi, dövrün ideoloji
ab-havasından çıxış edərək onlar illərə
meydan oxuyan tarixi dayaqların bərpasına
üstünlük verirlər. Burada yadıma İsa
Hüseynovun "Məhşər" romanı əsasında
çəkilmiş "Nəsimi" filmindən Əmir
Teymurun bir həyəcan təbili düşdü: baş kəsməklə,
qılıncla qalib gəldiyi məkanlarda ürəkləri
Şairin sözləri fəth edir. Məhz düşüncələrin
fəthini məqsəd bilən yazıçılar nəslini
Cahangir müəllim "narahat sənətkar" (s. 123)
adlandırır və bildirir ki, onların əsərlərində
daim sirli qalan və oxucunu düşünməyə vadar edən
genişlik var, dərinlik və ucalıq var ki, bu da onları
bədii söz dünyasının zirvəsinə ucalda bilir
(s.123).
Cahangir
müəllimin diqqət yönəltdiyi məsələlərdən
biri də əsərin dilidir. Əslində, xalq
üçün yazan sənətkarın elə xalqın
dilində danışması hər hansı sual
yaratmamalıdır. Lakin məsələnin daha dərin tərəfləri
də var. Yalnız dil və təfəkkür bir-birini
tamamlayanda, ortaya şedevr çıxır. Məsələn,
Hegel etiraf edir ki, "yalnız alman təfəkkürü,
onun fəlsəfi ənənələri deyil, həm də
alman dilinin verdiyi imkanlar" alman fəlsəfəsini və
bilavasitə alman xalqının identikliyinin yüksəlməsinə
xidmət edib. Altmışıncıların əsərlərinə
istinad edəndə ortaya bir neçə məsələ
çıxır. Bir tərəfdən, Haydeggerin də dediyi
kimi, düşüncə sahibi və şair
varlığın evinin - dilin qoruyucusudur. Əsərlə təmas
müddətində oxucu onun qəhrəmanları ilə
ünsiyyətdə olur, məcbur olub onun dilində
danışır, onun düşüncəsinin
dalğasına köklənir. Üstəlik, bu əsərlər
adi insanın həyatıdırsa, əksər oxucu orada
özünü, qonşusunu, iş yoldaşını görə
bilirsə, o zaman bu dil daha canlı, sirayətedici
alınır.
Başqa
bir tərəfdən, Xəlil Cübranın dediyi kimi, dili
"diriltməyin yeganə üsulu şairin ürəyində,
dilindədir. Şair xalqın yaradıcı
gücünün ifadəçisi, ruh aləmində baş
verənləri əql dünyasına ötürən, bilik
dünyasında baş verənləri bilik xəzinəsinə
toplayan bir bələdçidir".
Altmışıncılar partiyanın, kommunizmin dilinin
yanında xalqın dilində də danışırdılar,
çünki məhz "xalqın dilinə hörmət,
dilin rəngarəng poetik imkanlarına yaradıcı
münasibət, keşməkeşli insan mənəviyyatına
hörmət, milli başlanğıcla bəşəri
saflığın həmahəngliyinə sədaqət
yazıçı əməlinin mayası
olmalıdır" (s.156).
Ən
nəhayət, yazıçı dilin qurucusudur. Söhbət
yeni söz, termin yaratmaqdan deyil, dilin öz potensialını
ortaya çıxarmaqdan gedir, çünki "söz sənəti...
sənətkarın qələmində yaranır" (s.249).
Məsələn, Anarın yazılarında Mirzə Cəlil
müasir dildə danışır, cəmiyyətin gözəgörünməz
xırda nümayəndəsinə də söz deməyə
imkan verir, Hüseynovun romanlarında ən adi söz də
insanın daxili dünyasına işıq salır,
İsmayıl Şıxlının sözləri
"şillənin" acısını,
baxışların zəhmini hiss etdirə bilir. Cahangir müəllimin
dediyi kimi: "Əsərin monumentallığı ...əsərin
özünün poetik tamlığından, arxitektonika
bütövlüyündən, məqsədyönlülüyündən
doğmalı, hadisələrin real
açılışından törəməlidir"
(s.156). Sözlər kərpicdir, düşüncə - o kərpicləri
bir-birinə bənd edən material, yazıçı isə
- bənna. İmarətin möhkəm, möhtəşəm,
uzunömürlü, etibarlı olması bənnanın
seçdiyi tikinti materialından çox asılıdır.
Bina hazır olanda ora daxil olan ilk növbədə
bütöv gözəlliyi düşünür,
alınmayanda isə istər-istəməz detalları
düşünüb, burada olmağın öz
düşüncən, zövqün, gələcəyin
üçün nə dərəcədə güvənilir
olduğunun qayğısını çəkir. Cahangir
müəllimin dediyindən nəticə çıxarsaq, sənətkar
mikromühitdən makromühitə keçid yarada biləndir
(s.127).
Cahangir
müəllim "ədəbiyyatı insan haqqında, cəmiyyət
haqqında, onun həyatı, məişəti haqqında
düşünən canlı, qayğılı bir orqanizmə"
bənzədir (s. 120). Məhz düşünən biri həm
də düşündürmək qabiliyyətinə malikdir.
Düşüncənin radiusu müəllifin ideyası boyda
olur. Kimdə isə bu radius kitabın səhifəsi boyda, bir
başqasında onun cəmiyyəti, üçüncü
birində isə Dədə Qorqudun qopuzu ilə tarixin
kökünə, Nəsiminin şeirləri ilə metafizik bir
aləmə, İsfəndiyar kişinin
"Saz"ının səsində musiqimizə qədər
uzanır və milli dəyərimizə, kimliyimizə dərindən
nüfuz edir. Bir vaxtlar "Dühanın qisası"
adlı bir essemdə istedad sahibinin ona verilən bir ilahi əmanətin
qədrini bilməyəndə, onu israf edəndə,
istedadın necə ağır qisas almasından
yazmışdım. Maraqlıdır ki, öz
bacarığını Sovet ideologiyasının tərənnümünə
həsr edənlər haqqında Cahangir müəllim də
eyni qənaətə gəlir: "Zaman keçdi və bu əsərlər
mövzusuna görə böyük istedad sahiblərinin faciəsinə
çevrildi" (s.98). Faciə isə məhz istedadın
israfı və cavabında unudulmaq, yaddaşlardan silinməkdir.
...Mən
kommunizm quran xoşbəxt nəslin nümayəndəsi
olmuşam, sinif otağının yuxarı başında Leninin
şəkli asılırdı və keçdiyimiz "Ana
dili" onun "dilinə" köklənmişdi. Mən
orta məktəbdə keçdiyim ədəbiyyatda Bulqakovun,
Axmatovanın, Svetayevanın, Pasternakın adları qadağan
idi. Bu, böyüyən insanın orqanizmində hansısa
vitaminin olmaması, nəticədə "xəstə" vətəndaşın
böyüdülməsinə oxşayırdı. Ancaq
altmışıncılar sayəsində bütöv bir nəsil
o xəstəlikdən yan qaça bildi. Məsələn,
Cahangir müəllim yazdığına görə, İsa
Hüseynov sayəsində "yaradan, quran insanın
ağrılı-acılı anları da qələmə gəldi;
İnsan kədəri, sevinci, bir sözlə psixologiyası ilə
nəsrə gəldi" (s.39) və kommunizm quran xoşbəxt
Sovet vətəndaşına heç oxşamayan uğursuz, təzadlı,
mürəkkəb taleli insanlar da (s. 54) "qəhrəmana"
çevrildi. Ən vacibi isə, həmin dövrə xas
"dünya söz sənətinə getdikcə daha çox
bələd olmaq", "Azərbaycan" jurnalında
dünya ədəbiyyatından tərcümələrin nəşr
edilməsi (s.72) oxucunun baxış üfüqünü
genişləndirirdi. Mən elə öz ailəmizdə bunun
şahidi olmuşdum, çünki məhz
altmışıncıların verdiyi cəsarətlə,
qardaşım Ülvi "Qansızlar" povestini,
"Ömür yolu" poemasını yazdı,
"Yaxşı padşahın nağılı"ndakı
"himni" dinləmək istəmədi.
Mövləvi
dərvişin həm öz oxu ətrafında fırlanıb,
həm də kainatın universal hərəkətinə
qoşulması üçün kiçik, lakin əhəmiyyətli
bir məqam var: onun bir ayağı yerə möhkəm
dayanmalı, sanki insanın sabit oxunu qorumalıdır. Cahangir
müəllimin əsərini oxuduqca və "sənətin
gücü ilə dünyanı dəyişə biləcəyinə
inanan əsl sənətkarları" (s.88) təkrar
düşündükcə əmin oluram ki,
altmışıncılar azad ruhun ölməməsi,
insanın manqurtlaşmaması, milli dəyərlərin,
kimliyin təhrif olunmaması üçün həmin sabit oxu
qorumağı bacarıblar.
Könül BÜNYADZADƏ
525-ci qəzet. - 2025.- 18
sentyabr (№168).- S.12-13.