Gözləyək
Təəccübləndirmir
daha məni insanların sözləri, hərəkətləri,
əməlləri. Hər kəsə "bu da başqa bir
cür adamdır" düşüncəmlə yanaşıram.
Gözlənilməz qəbul etmirəm heç nəyi. Hər
yerdə hər an ağılasığmaz nələrinsə
baş verə biləcəyini artıq qəbullanıram.
Sakitcə baxıb seyr edirəm çıxarılan
"oyun"ları. Ruhən razılaşmasam da, baxıb, təmkinlə
qarşılayıram. Həm də tək mən deyiləm
axı. Adamların xeylisi də elə mənim günümdədir.
Gözləyirəm başa gələcəkləri:
yaxşı, ya pis, nə olsa. Ümidlə, bəzən də
böyük ümidsizliklə. Nahaqqın haqq yerinə
insanlığa sırındığı bir dünyada
yaşayırıq. Bax elə bundandır ki, təəccübləndirmir
məni heç bir standartlara uyğun gəlməyən
gördüklərim, eşitdiklərim. Mənim kimi bir
çoxları da təcccüb hissini kənara atıb.
Dünyanın
ədalət tərəzisinin pərsəngi üstələyib
ölçü daşını. Pis üstələyib. Elə
bu da dəyişdirib insanları, sapdırıb haqq yolundan.
Ucuz, çox ucuz satılır vicdan, gərəkli
sayılmır abır, həya. Gözləyək görək
nə olur. Elə bu əhvalla da səbr edirik. Əlimizdən
başqa nə gəlir ki?!
Bulaq minnətdarlığı
Küsmüşdü
elə bil "Güləbətin". İllərlə, qərinələrlə
şirin suyunu bəxş etdiyi adamlardan incik
düşmüşdü. Zaman-zaman təşnələrini
yatırdığı insan övladlarından
küskünlüyü vardı. Onların gen-bol tələblərini
heç nə ummadan, əvəz istəmədən ödəmişdi
əslində. Xırda bir irmaqdı o. Köhnə
vaxtların ər, ərən kişiləri tapıb bəxş
eləmişdilər ona bulaq həyatını. Xəbərdardı
ovdanına qoyulan, divarlarına hörülən sal
daşların necə böyük zəhmət hesabına gətirilməsindən,
yonulub yerləşdirilməsindən. O kişilərin özlərinə,
övladlarına, nəvə-nəticələrinə səxavətlə
bağışlamış, onlardan əsirgəməmişdi
"gözünün suyunu". Böyük deyildi istəyi
indikilərdən. Sadəcə yerindən oynamış
daşlarına, ovdanına, axarına əl gəzdirməyi
diləyirdi onlardan. Saxlamaq istəyirdi həmənki görkəmini.
Davam etdirmək istəyirdi öz missiyasını. Bir ovuc suyu
ilə ürəklərin yanğısını
söndürmək missiyasını yarıda qoymaq istəmirdi.
Diqqət gözləyirdi hamıdan, elə məndən də.
Uşaqlığımı,
onunla ötən illərimi anmaq üçün gəlmişdim
yanına. Ürəyim parçalandı halını-halətini
görcək. Qınadım özümü, möhkəm
qınadım. Niyə gecikmişəm axı bu qədər?
Çarə qılmamışam, məlhəm
olmamışam yaralarına. Əfv dilədim,
günahımı bağışlamasını istədim
"Güləbətin"dən.
Qaytaracaqdım
onun görkəmini özünə. Qərarım qəti idi.
Elə böyük zəhmət də tələb etmədi
bu iş. Gözəlləşirdi gözümün
önündə anbaan. Xoşhallanırdı sanki,
daşına, divarına çəkdiyimiz sığaldan. Heyrətdəydi
görənlər də. Çağlayırdı
"Güləbətin". "Onun belə bol sulu
olduğunu görməmişəm" deyirdi hər kəs. Səbəbini
mən bilirdim. Bu gur axışı ilə minnətdarlıq
edirdi "Güləbətin".
Dəmdəməki
Nizamlaya bilmirdim onunla münasibətimi.
Bir gün "yağ-bala", o biri gün "ağu-zəhərə"
dönürdük sanki. Dolanmalıydıq birtəhər. Nə
onun, nə də mənim qaçası yerimiz var idi. Bir
gün məni haradasa təriflədiyini, başqa gün
ardımca olmazın hədyanlar dediyimi eşidirdim. Orta yol
tutmuşdum. Heç bənd olmurdum tərifinə də,
iftira-böhtanlarına da. Bunların növbələşməsi
tarazlaşdırırdı onsuz da biri-birini. Onun dedikləri
ilə kimsə mənim haqqımda ağıllı bir fikrə
gələ bilməzdi. Bilməzdi necəliyimi. Tuş gələndəsə
bəzən baxışları ilə məni əzizləyər,
bəzən də onlarda qaynaşan ilanlarla çalmaq istəyərdi
elə bil.
Səbrim
qoruyurdu məni günaşırı, həftəlik təlatümlərdən.
Arxayındım axı bugünkü dava-qalmaqalın
sabahkı mehribanlığa keçməsindən. Ad da
qoymuşdum ona ürəyimdə: Dəmdəməki.
Rəzil
Tez-tez rastlaşırıq onunla. Məcbur
dinləyirəm hərzə-hədyanlarını. Eyni
sözlər, eyni fikirlər. Təkcə qaraladığı
adamların adları fərqlənir. Əvvəlcədən
bilirəm nə deyəcəyini, kiminsə savadsız, qabiliyyətsiz,
oğru, əyri olmasından bəhs edəcəyini. Sayacaq
qanunların maddələrini, özünə sərf edən
müddəaları. Fikirlərinin sonu əvvəlini təkzib
edəcək, bilirəm. Ağıl verəcək:
özündə lazımınca olmayan ağıldan. Yol
göstərəcək: özünün heç vaxt getmədiyi
yol. Bir az da "xal" toplamaq məqsədi ilə kimlərisə
tərifləyəcək, yersiz öyəcək. Vəssalam.
"Bu
dəfə daha dinləməyəcəyəm onu. Qulaq asmadan,
sadəcə seyr edəcəyəm çöhrəsini.
Gözlərinə uzun-uzadı baxacağam. Diqqət kəsiləcəyəm
görkəminə. Fikir verməyəcəyəm nə
dediyinə" - qəti qərarım belə olur.
Eləcə
də edirəm, adicə hay-küy kimi eşidirəm
danışdıqlarını. Dediklərinin hər biri
öz əksini tapır tutqun daş-qənbərə bənzər
sifətində. Elə bil rişxənd, lağ həkk olunub
bu qara daşa. İyrənc təbəssümlü
dodaqları çox əcaib qaydada yığılıb
açılır. Sanıram, içinin çamurunu
fışqırır çölə. Baxışlarında
gurultulu, bəlağətli çıxışından məmnunluğu
sezilir. Guya dürr xırdalayırmış. Səsinin saxta
tonunu, süni ahəngini çatdırır sifətinin
qarışıq cizgiləri ilə. Rol
oynadığını görürəm,
qaşlarının dartılıb gərilməsindən,
alnının düyünlənib açılmasından sezirəm
bunu. Səssiz tamaşaya baxıram sanki. Uymuşam bu
tamaşaya. Maraqla seyr edirəm, çox maraqla. Bir aktyorun
ifasında. Ad da qoyuram ürəyimdə bu tamaşaya: "Rəzil".
Bəlkə, bir az da artıq
Pislik etməyə köklənib
ruhu. Dönüb məqsədinə, məramına. Gündəlik
hesabat verməli olduğu öhdəliyinə çevrilib bu.
Kimə, harada, niyə? Düşünmədən, fərq
qoymadan fasiləsiz məşğuldur bu işlə.
Maraqlandırmır onu ətrafın nə düşünməsi.
Vecinə olmur qarşısındakının ikrah dolu
baxışları. Xırda qüsurlar axtarır hər kəsdə,
adi nöqsanı da böyütməyə, şişirtməyə,
car çəkməyə can atır. Zövq alır
başqalarına bu münasibətindən. Qürrələnir
bununla: "Başa saldım, qandırdım" kəlmələri
dilində bitib. Ötürmür ən xırdaca fürsəti
də. Bütün qaydaları öz xeyrinə yozur. Öz
"saflığından, paklığından" bəhs
edir, "xeyirxahlığından" dəm vurur. Məsləhət
verir hamıya. Nümunə gətirir öz həyat və
düşüncə tərzini. Halbuki çoxları, lap
çoxları iyrənir onun həyatından,
düşüncələrindən. Fəqət yorulmur,
usanmır bəd əməllərindən. Dinləmir də
kimsənin öyüdünü, nəsihətini.
Cılız, murdar "mən"ini üstün tutur hər
şeydən.
Daha əsla
dinləmək olmur onu. Səbir-dözüm tükənir. Hər
kəlməsi ilə içinin üfunəti üzə
çıxıb ürək bulandırır çünki.
Ünsiyyətdə olduğu insanları iyrəndirməkdən
başqa nəyəsə yaramır onun murdar daxili "aləm"i,
iyrənc "mən"i. Ləyaqətsiz, heysiyyətsizdir
çünki. Bəlkə, bir az da artıq.
Nəcməddin MÜRVƏTOV
525-ci qəzet. - 2025.- 18 sentyabr (№168).- S.13.