Gənc yazıçının
iki romanı
Bu il qış tətilini Ağstafada keçirdiyim günlərdə Bəhruz
Tağızadə ilə
təsadüfən tanış
olub onun yeni romanı "Cincilim"i
mənə göndərdiyi
votsap mətnində nəzərdən keçirdim.
Elə ilk səhifələrdən
hiss elədim ki, kifayət
qədər ciddi bir qələm adamını kəşf eləmişəm. Yay tətilində
rayona gələndə
roman artıq nəşr
olunmuş, geniş maraq doğurmuşdu. Bu dəfə əsəri, necə deyərlər, əlimdə qələm oxudum, qeydlər etdim, zəngin təəssüratlarımdan bəzilərini
müəllifin özü
ilə bölüşdüm.
Qırx yaşını
yenicə adlamış
Bəhruzun yaradıcılıq
yoluna bələd oldum. Bir neçə ilə yazdığı
"Cincilim" ikinci
romanı imiş, bundan əvvəl isə təxminən on il
"Günəşin kölgəsində"
romanı üzərində
işləyib, 2024-də nəşr
etdiribmiş. Təbii
ki, daha əvvəllər
də yazı-pozu ilə məşğul olubmuş, amma bu barədə danışmadı, yalnız
bir hekayəsinin hansı müsabiqədəsə
yüksək yer tutduğunu xatırladı.
"Cincilim"dən sonra
"Günəşin kölgəsində"ni
də eyni diqqətlə oxudum. Və əmin oldum ki, təsəvvürlərimdə
yanılmıram, Bəhruz
böyük ədəbiyyatın
artıq heç vaxt üz çevirə
bilməyəcəyi əsrarəngiz
üfüqlərni görür.
"Günəşin kölgəsində"
detektiv romandır. Və tamamilə təbiidir ki, müəllifin
yaradıcılıq uğurunu,
ilk növbədə, janrın
ideya-estetik tələblərinə
maksimum cavab verməyə göstərdiyi
cəhdlər müəyyən
edir. Hadisələrin
bir-birindən maraqlı,
gözlənilməz, eyni
zamanda bir-birini təqib edən istiqamətlərə şaxələnməsi,
insan talelərinin qovuşub ayrılması,
xarakterlərin ya birbaşa, ya da dolayısı ilə üz-üzə gəlib xüsusi bədii effektlər yaratması, bərq vurub yerini başqa bir effektə verməsi və s. buradan irəli gəlir. Ancaq romanın ədəbi dəyəri, düşünmürəm
ki, sözügedən detektivliklə
bitir. Elə ilk səhifələrdən bütün
aydınlığı ilə
görünür ki, gənc
yazıçı hər
cür macəraçılığın,
əgər belə demək mümkünsə,
nağıl təhkiyəsi
texnologiyasının fövqünə
qalxaraq oxucuya yalnız maraqlı yox, həm də
mənalı, məzmunlu
mətləblərdən söhbət
açmaq istəyir.
Yeni azadlıq qazanmış, müstəqil dövlətçiliyi
yeni-yeni formalaşmaqda olan
Azərbaycana müxtəlif
terrorçu qruplaşmaların
göstərdikləri müdaxilələr,
dağıdıcı təzyiqlər
romanda təsvir olunmuş əhvalatların
mərkəzində dayanır.
Xoca ləqəbli əslən azərbaycanlı,
ancaq Əfqanıstanda,
Suriyada, Çeçenistanda...
"təcrübə" keçmiş peşəkar
terrorçu başına
həyatdan, taledən
incimiş, imkansız,
ancaq kifayət qədər iradəli, bacarıqlı gəncləri
yığaraq əvvəl-əvvəl
onların maddi ehtiyaclarını ödəyir,
sonra isə hər birini terrorçu təşkilatın
müvafiq işlərinə
qoşaraq Azərbaycanda
islam dövləti qurmaq üçün hazırlığa başlayır.
Təşkilatın mərkəzi
"müsəlman ölkələrindən
birində yerləşir.
Təhlükəsizlik məqsədilə
Təşkilatın mərkəzi
ofisi tez-tez yerini dəyişdiyi üçün hazırda
harada qərarlaşdıqlarını
bircə Xoca bilir. Özü də Təşkilatın
Azərbaycan və Cənubi Qafqaz üzrə rəhbəri də Qafurun danışdığı səsdir,
yəni Xoca həzrətləri"... Və
bu təşkilatlanma işinin təsviri göstərir ki, ölkədə
dövlət çevrilişi
xülyası ətrafında
birləşən, daha
doğrusu, birləşdirilən
adamların, demək olar, heç birinin siyasi şüuru yoxdur. Onları maraqlandıran yalnız var-dövlət,
şəxsi hakimiyyətdir.
Terrorçuların himayəsi altında fəhləlikdən
sürətlə inşaat
firmasının - "Xotkar
Holdinq"in rəhbəri
səviyyəsinə yüksələn
Qafur Xotkaroğlu heç şübhəsiz,
romanın baş qəhrəmanıdır. Sınayıb
xarakterinə bələd
olduqca Xoca onun səlahiyyətlərini
artırmış, təşkilatın
təhlükəli saydığı
şəxslərin cəzalandırıldığı,
hətta edam edildiyi gizli zindanı onun ixtiyarına vermiş, Milli Məclisə
seçilməsi üçün
hər cür tədbirlər görülmüşdü.
Bununla belə, Qafurun gizli təşkilatdakı
mövqeyində müəyyən
müstəsnalar vardı,
ondan "dini vacibatları yerinə yetirmək də tələb olunmurdu, həyatını bundan sonra da necə istəsə, o cür yaşaya bilərdi. Sadəcə Təşkilat
barədə heç
kəsə bir kəlmə də danışmamalı idi. Danışsa, özünə
zərər vermiş
olacaqdı... Əslində,
Qafurun geriyə çəkilmək kimi bir yolu da yox
idi".
Xocanın Təşkilatındakı şəxslər bir-birindən
fərqlənirlər; məsələn,
onun sağ əli olan Həsən
"ideya adamı"dır,
Qafura gəldikdə isə, o, "bu yola pul xətrinə
qədəm qoymuşdu".
Və Qafur yaxşı bilirdi ki,
"Təşkilata o, saqqalları
ilə başlarını
soxa bilməyəcəkləri
yerlərə girmək
üçün lazımdır.
O səbəbdən də
başda Xoca olmaqla Təşkilatdakı
hər kəs onun şıltaqlıqlarına
göz yumurdu. Sabah Həsənin dediyi Azərbaycan İslam Dövləti
quruldumu, elə birinci iş kimi Qafurun başını
bədənindən ayıracaqlar".
Bir qədər də dərinə getsək, yazıçı məlum
ştrixlərlə kifayət
qədər aydın təsəvvür yaradır
ki, əslində, təşkilatın
istər "ideya adamı", istərsə
də "müvəqqəti
icraçı" olsun
hər bir üzvü, Xoca da daxil olmaqla, hansısa beynəlxalq qurumun əlində oyuncaqdan başqa bir şey deyil.
Komfort həyat müqabilində şeytanın özü ilə də əməkdaşlığa hazır
olan Qafur məcburən "ictimai-siyasi
xadım"ə çevrildikcə
onun "eyiblər"i
daha çox görünməyə başlayır,
özünü nə
qədər ehtiyatlı,
tədbirli aparsa da, gəncliyindən adət etdiyi pozğun həyat tərzi onun bütün amansızlığı ilə
yanaşı, eyni zamanda tamamilə haqlı cəzalandırılmasına
gətirib çıxarır.
Və Qafur haradan gəlmişdisə,
oraya da yuvarlanır.
Körpələr evində böyümüş
gənc rəssam Selcan Mütəllibin
"günah"ı Qafurun
"maraq dairəsi"nə
düşməkdən ibarətdir.
O, pul müqabilində
Peyğəmbərin "karikatura"sını
çəkməyə vadar
edilir... Peyğəmbərə
(İslama!) münasibət
barədə hay-küy
qaldırılır... Və
bununla da gizli Təşkilata nüfuz qazandırmaq iddiasına qapılırlar. Təbii
ki, bu cür maneələr nəticə
etibarilə, Təşkilatın
ifşasına gətirib
çıxarsa da, gənc
rəssamın elə
əvvəldən düz
gətirməyən taleyi
yeni, dözülməz "sınaqlar"dan keçməli
olur.
Yazıçının məharətidir
ki, qəhrəmanlarını yarıyolda buraxmır, onların taleyini "özü həll etmir", hadisələrə
mövcud sosial-mənəvi
mühitdə baxılır.
Və odur ki, romanın bir qəhrəmanın da məhz
Mühit, Tarixi Şərait olduğunu demək üçün hər cür əsas vardır.
Romanın bir sıra digər qəhrəmanları
içərisində birini
- polis kapitanı Tahir Cürənovu
xüsusi fərqləndirmək
lazım gəlir. Bu obrazın bəzi cizgiləri mövcud ədəbiyyatdan, filmlərdən
bizə tanış gəlsə də, o, bütövlükdə, romanın
üzvü tərkib hissəsi olmaqla yenidir, orijinaldır, Azərbaycan dövlətçiliyinin
hər cür daxili təxribata qarşı kəskin müqavimət immunitetinin
ifadəsidir.
Birinci romandan fərqli olaraq ikinci romanda
nə gizli Təşkilatdan, nə də onun ya
birbaşa, ya da dolayısı ilə xidmətində olan insanlardan söhbət gedir. Əsər iki gəncin məhəbbətindən və
bu məhəbbət qarşısına çıxan
elə maneələrdən
bəhs edir ki, hər biri Azərbaycan
məişətinin ya
çoxəsrlik ənənəsindən,
ya da müstəqillik
(daha doğrusu, hərc-mərclik) illərində
qazandığı "demokratiya
yeniliklər"indən irəli
gəlir.
"Cincilim"in süjeti hər nə qədər macərə romanları üçün
səciyyəvi olan bir şəkildə mürəkkəbləşdirilsə də, əslində, kifayət qədər sadədir. Və romanın sıradan bir oxucu tərəfindən
rahat qavranılması,
hadisələrin ən
azından əsas məzmunun, demək olar ki, bütün təfərrüatı ilə
yadda saxlanılması baxımından
bu, əlbəttə,
önəmlidir... Ailə
əxlaqının, adət-ənənələrin,
yalnız ata-ana deyil, hətta baba-nənə "kult"unun
qorunduğu bir mühitdə doğulmuş
yeniyetmə Bakıda yaşayan, yay tətillərində
kəndə gələn
əslən yerlisi qıza vurulur. Onun bu saf,
səmimi, həmçinin
atəşli sevgisi tədricən qıza da sirayət edir. Ancaq çox keçmədən məlum
olur ki, Ərəllə
Cincilimin (Cəmalənin)
bir-birinə qovuşması
qarşısında hələ
onlar dünyaya gəlməmişdən çox
ciddi bir maneə var: Cincilimin anası Ərəlin atasının nişanlısı
olub, onu ataraq Cincilimin atasına qoşulub qaçıb. Təbii ki,
bu maneə XX əsrin sonlarının Azərbaycanı üçün
elə keçilməz
sayıla bilməz. Ancaq həmin Azərbaycanın həmin
əsrin sonlarında yaşadığı bütün
inqilabi nailiyyətləri
ilə yanaşı, elə bir acınacaqlı
dövrü olmuşdur
ki, bəla bəlanın
arxasınca gəlmişdir.
Ağsaqqal-ağbirçəklərini
(baba-nənələrini) itirən
ailə, bir tərəfdən iqtisadi tənəzzülə uğramış,
digər tərəfdən,
"keçid dövrü"nün
sosial şərtləri
onu mənəvi baxımdan çökdürmüşdür.
Fitrətən bacarıqlı olan,
dəlicəsinə sevdiyi
qıza qovuşmaq üçün daha inamla çalışan, risklərdən çəkinməyən
Ərəl ağsaqqal-ağbirçəklərin
"tarixi funksiya"sını
öz üzərinə
götürüb ailəni
həm iqtisadi, həm də mənəvi fəlakətlərdən
xilas eləməyə
çalışsa da, bunu
bacarmır. Və
"ictimai" əleyhdarlarının
çoxaldığı bir
məqamda ortaya heç cür yola gəlməyən, nəinki rəqiblərini,
hətta yaxın dostlarını da ona xəyanətə məcbur
edən "fərdi"
əleyhdar - Cincilimin xalası qızı Könka (Könül) çıxır. Və
"ictimai" əleyhdarlar
(mühit!) nə qədər amansız olsalar da, iddiaları haradasa məhz ictimai xarakter daşıdıqlarına, cəmiyyət
tərəfindən qınandığına
görə Ərəl
onları öz həqiqətinə inandıra
bilir, Könka isə dərəcə fərdi (heyvani) ehtirasların təsiri altına düşdüyündən
heç cür ipə-sapa yatmır.
Macəra
romanları, bir qayda olaraq, hadisələrin
bir-biri ilə məntiqi bağlılığına
ona görə loyal yanaşır ki, həm həyatın özü gözlənilməyən və
ya heç bir məntiqə sığmayan olaylarla - təsadüflərlə zəngindir,
həm də macəraçılıq estetikası
süjet boyu hər dəfə yeni maraqlı bir əhvalatın gəlməsini
tələb edir.
"Cincilim" müəllifi
bu şərtlərə
riayət eləməklə
bərabər, təbii
bir sövq ilə məhz "hadisənin hadisədən
törəməsi" üsuluna
üstünlük verdiyindən
onun çəkdiyi
"həyat mənzərələri"
kifayət qədər
real, canlı və koloritlidir.
Ona görə də romanı oxuduqca hərdən hərflər,
sözlər, cümlələr
tədricən görüntüdən
silinir, onları qəribə bir plastika ilə kinofilmin kadrları əvəz edir. Və istedadlı bir rejissor, azacıq
bir maliyyə mənbəyi olsaydı, gözəl bədii film, yaxud serial alınardı.
Bəhruzun hər iki romanında sənədlilik
sadəcə kəmiyyət
göstəricisi deyil,
bədii mətnin keyfiyyətinə əhəmiyyətli
təsir göstərən
hadisədir ki, həmin
sənədlilik hər
yerdə - əhvalatlarda,
obrazlarda, mənzərələrdə,
surətlərin nitqində
də müşahidə
olunmaqdadır.
Məsələn, "Cincilim"də Azərbaycanın Arazqırağı
kəndlərindən birinin
məlum hərc-mərclik
illərindəki vəziyyətinin
təsviri çox səciyyəvidir:
"İranla ara açılmışdı. Oxuya
bilmədiyimiz əlifbada
yazısı olan saqqızlar, otuz saniyəyə yeyib qurtarmağa mərc gəldiyimiz "Bakuş"lar
və biskvitlər dəbə düşdü.
Qoxusundan dadlı şey olduğunu hiss edirdik. Bu cür şeylərlə yanaşı,
İrandan narkotik də gəlməyə başladı. Buradan isə İrana gizli yollarla araq daşınmasının
əsası qoyuldu. Türkiyədən geyim, musiqi kasetləri və porno-kasetlər ölkəmizə ayaq açdı. Rusiyadan ancaq pul gəlir,
Gürcüstandan heç
nə gəlmirdi. Ermənistan tərəfdən
isə ancaq qaçqınlar və şəhid cəsədləri..."
Həmin
illərdə kənd
yerlərində özünü
göstərən yeni ovqat,
əhval-ruhiyyə, düşüncə-xəyal
meylləri də baş qaldırmaqda idi:
"Elə bilirdilər ki, Bakıda yaşasalar, həyət-baca işlərindən
canları qurtaracaq. Bacım elə bilirdi, Bakıya çatan kimi hansısa oliqarxın oğlu Məcnun kimi vurulub bütün
həyatını onu
xoşbəxt etməyə
xərcləyəcək. Kəndin
gənc gəlinləri
Bakı havası ilə alışıb yanırdılar.
Örüş torpaqları zəbt
edildikcə kənddən
şəhərə axın
gücləndi. Bəzən
bütöv bir nəsil qəfil yoxa çıxırdı.
Evlərin darvazalarına
səliqəsiz şəkildə
"satılır" sözü
yazıldı. Bakı
sakinləri "tıxac"
sözünü ilk dəfə
həmin vaxtlar eşitməyə başladılar".
Bəhruz
portret ustasıdır,
onun hər iki əsərində saysız-hesabsız insan portretləri əks olunmuşdur: birinci romanda zindan qoruqçusu Ənəsin,
atılmış Selcana
analıq etmiş, körpələr evinin tərbiyəçisi Mədinə
xanımın; ikinci romanda Ərəlin ata-anasının, baba-nənəsinin,
Dıbışın evdə
qalmış bacılarının
portretləri; eləcə
də hər iki əsərin xanım qəhrəmanları
Selcanla Cincilimin müxtəlif "pozalı"
portretləri diqqəti
cəlb etməyə bilmir. Və o, çox hallarda insan mənzərəsinin
geniş panoramlı portretlərini yaradır. Məsələn, "Cincilim"də
Bakıdakı "28 May" metro vağzalı qarşısındakı
meydanın təsviri canlılığı, detal
və təfərrüatlarının
yerli-yerində olması
öz yerində, ictimai məzmunu, insan mənzərələri:
satanı, alanı, polisi ilə birlikdə mükəmməl
sənət əsəridir.
Bəhruz
Romançının təhkiyəsi
nə qədər həzin, romantik, hətta bəzən sentimentaldırsa, ideya-estetik
üslub maneraları
o qədər sərt,
israrlı, amansızdır:
qəhrəmanlarını məcbur edir ki, daxili aləmlərini, düşüncələrini, hisslərini
sona (tükənənə!)
qədər üzə
çıxarsınlar. "Günəşin kölgəsində"
Selcanın "ata"sı
Vüsalın "ailə"si
barədəki detallar,
oliqarx qızı Floranın itə baxan Azərə göstərdiyi "məhəbbət";
"Cincilim" də
Ərəlin Vaqiflə
(Cincilimin atası ilə) söhbəti, əsgərlik əhvalatları
və s. fövqəlinsani
səciyyə daşıyır
desək, görünür,
səhv etmərik.
İnsani
olanla qeyri-insani olan həyat hadisələri arasındakı
müqayisələrdə təsirli
məqamlardan biri bundan ibarətdir ki, Ərəl yeni ailə qurmuş bacısıgilə
qonaq gedir:
"Mosu evdə yox idi. Bacım
dedi:
- Ərəl, bunlar ləlöyün imiş.
Bundan sonra ürəkdən güldüm. Bacım da güldü. Gülə-gülə
dedim:
- Öl elə. Sənə bu da azdı. Sənin nə itin azmışdı
bu Azıx mağarasında?
- Bunlara baxanda Azıx mağarasında əməlli-başlı mədəniyyət
olub. İnan, yazıq Mosu günü iki "şirvan"a işləyir,
evə nəsə alıb gətirir, ərzağı evin giriş qapısında necə pardaqlayırlarsa, mənə gəlib çatmır".
Bəhruzun dil-üslub, təhkiyə
imkanları son dərəcə
zəngindir, o, hər
mühitin, hər şəraitin, hər zümrənin dilində danışmağı bildiyi
kimi, özünün
ümumən macəra
romançısı dilini
də yaratmağa ciddi cəhdlər göstərir. Ancaq həmişə uğur qazandığını da demək
doğru olmazdı. Bəzən vulqar sözlər, ifadələr
o qədər çoxalır
ki, üslubi təsirini
itirib "küçə
danışığı"na çevrilir.
Romanların qəhrəmanları, əsasən, yeniyetmələr,
gənclər, "qeyri-rəsmi
dünyanın" nümayəndələri
olduğundan burada jarqon leksikasının
"zənginliy"i gərək
etiraz doğurmasın,
bununla belə həddi aşmaq da əsərin ideya-estetik dəyərini zədələyir.
Obrazların dilində
işlənən rus mənşəli danışıq
dili sözlərinə
gəldikdə isə,
burada elə bir qüsur yoxdur, çünki bu sözlərin yerinə, müəllif dilində olduğu kimi, məsələn,
"kravat" əvəzində
"çarpayı" işlədilsə,
təbii ki, xarakterin bütövlüyünə xələl
gələcəkdir.
Bəhruz
Tağızadənin (Romançının)
hər iki romanında son dərəcə
güclü (və müasir!) xarakterlər yaradılıb. Və ilk növbədə həmin
xarakterlərin sayəsindədir
ki, süjet, əhvalatlar
nə qədər şaxələnirsə-şaxələnsin kompozisiya, əsərin ideya-məzmun sütunu öz möhkəmliyini qoruyub saxlayır..
Nizami CƏFƏROV
525-ci qəzet. - 2025.- 19 sentyabr(№169).-
S.12-13.