"Hekayələrin elçiləri" sərgilənib
“Nine Senses
Art Center” və gənc
rəssam Zeynəb Babayevanın birgə əməkdaşlığı ilə “Hekayələrin elçiləri” adlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, layihə
çərçivəsində satışdan əldə
edilən gəlirin bir hissəsi GWARP sığınacağının xilasetmə proqramlarına
və yardıma ehtiyacı olan heyvanların rifahına yönəldiləcək.
Tədbirdə çıxış edən
“Nine Senses”in direktoru Natalya Jukova sərginin təşkili barədə
danışarkən deyib:
“Bu gün biz həm heyvanlara
kömək etmək üçün vəsait
toplamaq məqsədilə
hərrac təşkil
edirik, həm də müasir incəsənət üçün
orijinal əsərlər
yaradan çox istedadlı gənc rəssamın sərgisini
keçiririk. Bu, saf sənətdir. Zeynəbin parlaq gələcəyi var”.
Xalq rəssamı,
professor Fuad Salayev diqqətə çatdırıb ki, müəllifin əsərlərində
hər heyvanın baxışını, xarakterini
sevgi ilə yaratdığını görmək
mümkündür. O, rəssamın
yaradıcılığına dəstək verməyə
hazır olduğunu qeyd edib.
“Azərxalça”nın
kreativ direktoru, sənətşünas Əsmər
Babayeva bildirib ki, müəllif əsərlərində heyvanların
daxili dünyasını
açır. Onun sözlərinə görə,
Zeynəb müasir yanaşmaya sahibdir və cəsarətlə müxtəlif alətlərdən
istifadə etməyi bacarır.
Sərginin müəllifi Zeynəb Babayeva AZƏRTAC-a açıqlamasında yaradıcı prosesdən danışıb: “Bu layihə uşaqlıqdan heyvanlara olan sevgimlə birbaşa bağlıdır. Həmişə itləri və pişikləri çox sevdiyim üçün böyüdükcə onlara yardım etməyi qarşıma məqsəd qoydum. Bu məqsədlə sərgi təşkil etdim ki, hazırladığım işləri sata bilim və gəlirin bir hissəsini heyvan sığınacaqlarına yönəldim. Bu vəsaitlə yemək alınacaq, müalicələr həyata keçiriləcək və ümumilikdə heyvanların rifahına dəstək veriləcək. Əsərlərimi əsasən özübərkiyən gil və polimer gillə hazırlayıram. Bundan başqa, xəz, müxtəlif parçalar və digər materiallardan da istifadə edirəm. Özübərkiyən gil 1–2 gün ərzində quruyur, polimer gil isə sobada təxminən otuz dəqiqəyə hazır olur. Adətən, özübərkiyən gili seçirəm, çünki daha praktikdir. Bir işin tam hazırlanması isə orta hesabla beş saat çəkir”.
525-ci qəzet. - 2025.- 20 sentyabr(¹170).-
S.13.