ÜZEYİR BƏYİN HƏLƏ
GÖRƏCƏYİ İŞLƏR
Hər xalqın saysız nəğmələri olur və
o mahnılardan hansılarısa kimlərinsə qəlbinə daha yaxın gəlir.
Amma hər
ölkənin bir ortaq nəğməsi də olur ki, hamıya əziz gəlir və o Vətən Şərqisi
bütün xalqı ayaq üstə qaldırır, millətin
hər nəfəri o
nəğməni əlini
ürəyinin üstünə
qoyaraq, məhəbbətlə,
ehtiramla oxuyur. Yurdun həmin müştərək nəğməsi
milli himndir.
Və artıq ikinci əsrdir ki, azərbaycanlıların
hamısını qovuşduran,
yalnız yurddakı deyil, Vətəndən uzaqlardakı soydaşların
da Baş və Ortaq Millət Nəğməsinə dönən
himnimizin müəllifi
Üzeyir Hacıbəylidir.
Əslində bu qovuşduruculuq da bir ayrı rəmzdir. Üzeyir bəy varlığıyla, düşüncələriylə,
duyğularıyla, doğurduqlarıyla
millətimizin varlığına
qarışmış şəxsiyyətdir.
Bütün millətinki
olan nəğməni
yaratmaq da elə onun haqqı imiş. Üzeyir bəy ilk Milli marşımızı
bəstələyəndə hələ Azərbaycan müstəqil deyildi. Həmin Milli marş çarlıq dönəmində
yaranmışdı. Ancaq
1918-ci ildə Azərbaycan
istiqlalını elan edəndən
lap azacıq sonra Üzeyir bəy müstəqil dövlətimizin
ilk milli marşını - Azərbaycanın himnini yaratdı. Üzeyir bəy bütün çalışmalarıyla o istiqlalı
gətirənlərin ən
fəallarından biri
idi. Vur-tut iki ilə yaxın
- 23 ay davam edən müstəqillikdən sonra
70 il sürən istiqlal
həsrəti gəldi.
Ancaq bu 70 il boyunca sözdə olsa da, hər halda respublikaydıq və onun da himni vardı.
Və bu da tarixin yaratdığı
nadir və xoşbəxt
fürsətdir ki, həmin
dövrdəki himnimizin
müəllifi də Üzeyir bəy idi. Zəmanənin siyasi məntiqi ilə əslində belə olmamalı idi.
Bolşevizm qatı düşməni
elan edərək Cümhuriyyətlə
bağlı olmuşların
hamısının axırına
çıxdı. Kimisini
həbsə alıb güllələdi, kimisini
terrorla məhv etdi, kimisini nəsillikcə Sibirlərə
sürgünlərə ürcah
etdi, mühacirətlə
canını qurtaranları
da əbədi Vətən
tamarzısına döndərdi.
Sovetin düşmənçilik
meyarlarına görə,
Üzeyir bəy ilk növbədə gedənlərdən
olmalı, siyasi repressiya girdabları onu da udmalı idi.
Görünür, yalnız yarı-ayrı
adamların yox, millətin də anasının namaz üstə olması varmış ki, Üzeyir bəy salamat qaldı. Çərlədilə-çərlədilə
yaşasa da, hər halda sağ idi, azadlıqda idi, fəaliyyət göstərirdi, millətəxeyir
işlərini də yerinə yetirirdi.
Həbs
edilməməsi, sağ
qalması, musiqiçi
və müəllim kimi yolunu davam
etdirməsi, tutalım
ki, hansısa açıq
və örtülü
səbəblərə görə
mümkünləşə bilərdi. Ancaq Azərbaycan Cümhuriyyəti
himnini yazmış, o
Cümhuriyyətin qəzetinin
redaktoru olmuş bir şəxsə Sovet Azərbaycanı himninin yazılmasının
etibar edilməsi heç bir məntiqlə uyğun gəlmir. Əlbəttə,
sadə insan məntiqi ilə olar, lap yaxşı da olar. Ən istedadlı,
ən sevilən, ən yaxşısını
bəstələyə biləcək
məhz Üzeyir bəy idisə, niyə də olmasın?! Ancaq sovetin məntiqi adi insan məntiqindən
fərqli idi axı! Şər, şeytançılıq, məkr
qarışıq o məntiqsiz
məntiq lazım biləndə ağı qara, qaranı ağ elan etməyin pərgarı idi.
Nə qədər nüfuz sahibi olsa da, başqa bəstəkarlarımızla
yanaşı, Azərbaycanın
sovet dövründəki
himni üçün
elan edilmiş müsabiqəyə
qatılan Üzeyir bəy özünün və sovetin kimliyindən, dövlətin
siyasi nəbzinin necə döyünməsindən
hər kəsdən yaxşı xəbərdar
olduğundan, bərk narahatmış, bolşevik
məntiqinin özünəməxsusluqlarını
düşünərək əsərinin keçəcəyinə
dəaz ümidliymiş.
Hətta bu narahatlığını ailəvi
yaxın münasibətlərdə
olduğu, kiçik bacısı kimi baxdığı, qardaşı
Hacıbala Zamanovla Qori seminariyasında birgə oxuduğu unudulmaz müğənnimiz
Yavər xanım Kələntərliyədə açıbmış.
Yavər
xanım himn üçün müsabiqə
elan edilmiş çağlarda
Üzeyir bəyin hansı sözəsığmaz
nigaranlıq içərisində
olduğunu yada salanda həmişə dərindən
köks ötürər,
qəhərlənərdi.
Artıq
yaşlaşmış, tənha
yaşayan Yavər xanımın hayanı divardan asılı, səhər-axşam daimi səslənən radio idi.
Söyləyirdi ki, gecə
saat 12-də verilişlər
qurtarıb himn səslənəndə axıradək
qulaq asa bilmirəm, yarımçıq
söndürürəm, çünki
hər himn səslənəndə Üzeyir
bəyin o dövrdə
nələr çəkdiyi
bir-bir gəlib durur gözümün qabağında.
(Yavər xanımın bu söhbətini hələ tələbə
ikən 1975-ci ildə
lentə almışdım,
amma hazırladığım
verilişdə "himn
səslənəndə radionu
yarımçıq söndürürəm"
sözlərini kəsib
çıxarmışdım. Çünki saxlasaydım
da, senzor çıxaracaqdı
ki, burda siyasi məna var. Necə yəni dövlət himni verilərkən onu axıradək dinləməyib yarımçıq
kəsirsən.
Amma radionun səs xəzinəsində həmin
söhbətin əl dəyilməmiş, ixtisar
edilməmiş ilkin yazılışı da qalmaqdadır).
XX əsrin bitəcəyində
tarix millətimiz üçün məsud bir pəncərə açdı. İstiqlalımız
qayıtdı, müstəqilliyimiz
bərpa olundu və yenə Vaxtın Ədalətiylə
Üzeyir bəyin Cümhuriyyət dönəmindəki
himni Azərbaycan xalqıyladır.
Və Üzeyir bəyin bu şah nəğməsinin
daim millətimizlə
birgə olmasında bir başqa rəmziliyi himn çalınanda, himn oxunanda hamımızın
ayaq üstə durmağımız, hamımızın
əllərimizin ürəyimizin
başında olmasıdır.
Üzeyir bəy bu millətin elə zirvəsi, elə əziz balasıdır ki, onun adı çəkiləndə,
onun yaratdıqları
səslənəndə, oxunanda,
seyr ediləndə elə gərək həmişə sayğı
duruşuna qalxasan, gərək həmişə
əlin ürəyinin
başında ola!
Üzeyir
bəyin əsərləri
çox, hərəsinin
də öz taleyi, öz hekayəti. Lakinhimn çəkisi, fəlsəfəsi,
ciddiyyəti və əhatəsi ilə onun bütün başqa əsərlərindən
seçildiyindən və
həm də mühüm siyasi mahiyyətli olduğundan bu bəstənin taleyindən keçən
hadisələr, sərgüzəştlər,
cəlbedici tarixçələr
də daha boldur. Yalnız Üzeyir bəyin deyil, bütün millətin tarixinə dəxli olan himnimizin ona nə şəkildəsə
aidiyyəti olmuş hər kəsin də həyatında ömür boyu unuda bilmədiyi izləri qalıb.
Bəstəkar Şəfiqə Axundova
(1924-2013) Üzeyir bəyin
tələbələrindən idi və həmin
himnlə əlaqədar
belə maraqlı bir söhbət edirdi ki, "Üzeyir bəyin mənim oxumağımdan xoşu gəlirdi. 1943-cü ildə
isə Azərbaycan himninin yaradılması üçün müsabiqə
elan ediləndə Üzeyir
bəyin yazdığı
musiqi bəyənilərək
təsdiq olunmuşdu və əsər ifa ediləcək, baxış keçiriləcəkdi.
1944-cü ildə filarmoniyada
keçirilən hökumət
baxışına respublika
rəhbərliyi toplaşmışdı.
Üzeyir bəy, təbii ki, özü də ordaydı və mənim səsimdən xoşu gəldiyindən, hərdən
dərslərdə müəyyən
parçaları mənə
oxutdurardı. Himni də hökumət baxışında hansısa
peşəkar müğənninin
deyil, mənim ifa etməyimi istəmişdi".
Şəfiqə xanım çıxır
filarmoniya səhnəsinə
və Üzeyir bəyin himnini oxuyur. Şəfiqə xanım ömrünün
axırınacan bunu həmişə iftixarla söyləyirdi ki, həyatı
boyu çox səhnələrdə olub,
çox çıxışlar
edib, çox alqışlar eşidib. Ancaq ogünkü çıxışı, ogünkü
alqışlar bunların
arasında ən əzizidir. Çünki
o, müəllimi, ustadı
Üzeyir bəyin yaratdığı yeni Azərbaycan
himninin ilk ifaçısı
olmuşdu.
...Üzeyir bəy millətini hərarətli
məhəbbətlə sevirdi
və ürəkdəki
od olmasaydı, belə əsərləri
də yarada bilməzdi. Yəqin, elə həmin səbəbdəndir ki, o, xalqın
hər balasına öz övladı kimi baxırdı (Əməlləri və ömürləri ilə
"millət atası"
adlana biləcək bir neçə nəcib azərbaycanlının
digər xeyirxahlıqları
ilə bərabər tanıdığı-tanımadığı
Vətən uşaqlarına
göstərdiyi qayğılar,
nəvazişlər haqda
eşidib-bildiklərim məndə
bu keyfiyyətin də fitrətdən gələn istedad olduğu qənaətini yaradıb, eyni məziyyət Üzeyir bəydə də varmış).
O Azərbaycan və azərbaycanlılar eşqi
ki qan olub Üzeyir bəyin damarlarından axırdı,
əsərlərinə də
çöküb. Millətin
hər nəfərini
sevirdisə, təbii
ki, daha yaxında olanlar, öz tələbələri onun
üçün daha
da əzizdi. Ayrı-ayrı
illərdə Üzeyir
bəyin tələbəsi
olmuş insanlar mənə çox xatirələrini söyləyiblər.
Azərbaycanın sonraların
şöhrətli ilk qadın
bəstəkarlarının hamısı onun yetirməsidir: Şəfiqə
Axundova da, Ağabacı
Rzayeva (1912-1975) da, Hökumə
Nəcəfova (1915-2002) da, Ədilə Hüseynzadə
(1916-2005) də.
Bircə
Ağabacı Rzayeva ilə təmaslarımız
olmadı - o, 1975-ci ildə
həyatdan gedəndə
mən hələ tələbə idim. Hərçənd Ağabacı
xanımın bacısı
Ruqiyyə xanımla
(1916-2010) tez-tez görüşərdik,
xatirələrini yazıb
gətirərdi, radioda
- "Axşam görüşləri"
verilişində çıxışlarına
mütəmadi yer ayırardım. Amma Şəfiqə
xanım Axundova da, Ədilə xanım Hüseynzadə də, Hökumə xanım Nəcəfova da illərcə
sayını itirdiyim görüşlərimizdə mənə
Üzeyir bəyli çox xatirələrini
söyləyiblər.
Bildiklərini səxavətlə yetirmələrinə
ötürməsi öz
yerində, Üzeyir bəy onların hər birinə bəlkə atadan da artıq qayğıyla yanaşırmış. Birinin
evinə musiqi aləti alıb göndərirmiş, birinin
geyim-kecimi ilə maraqlanırmış, birinin
güzəranını daha
təminatlı etmək
üçün yardımlarını
əsirgəmirmiş. Elə
Şəfiqə xanım
Axundova danışırdı
ki, Zaqafqaziya incəsənəti
ongünlüyünə yola
düşməli idik.
Artıq soyuqlar düşürdü. Bu dekadailin
soyuq aylarına təsadüf eləyirdi. Üzeyir bəy görəndə ki, əynim
nazikdir, tezliklə mənə təzə palto aldırdı. Bir neçə gün sonra isə növbəti dərsindən
sonra məni kabinetinə dəvət etdi. Gördüm ki, konservatoriyanın müəllimi,
böyük müğənni
Şövkət Məmmədova
da ordadır. Üzeyir
bəy zarafata salaraq dedi ki, Şövkət Məmmədova
hələ gənc yaşında gedib dünyanın o başını
görüb gəlib
- İtaliyada olub, zövqü yaxşıdır.
Dekadaya gedirsən, gərək geyimin də gözəl ola.Dərzinin yanına Şövkət
xanım da səninlə
gedər, fasonu qoy o,təklif eləsin, sonra məsləhətləşib bir
qərara gələrsiniz.
Ruqiyyə xanımın - bacısının
söylədiklərindən bilirəm ki, Ağabacı
Rzayevaya da Üzeyir bəy doğması kimi münasibət bəsləmişdi.
Ruqiyyə Rzayeva özü
də musiqiçi olmuşdu, kamança çalırmış. O da 1938-ci ildə Azərbaycanın Moskvada keçirilən Ədəbiyyat və incəsənət ongünlüyündə
iştirak edənlərdən
idi. Söyləyirdi
ki, Üzeyir bəyin babamız tarzən Mirzə Fərəclə
(1847-1927) sıx əlaqələri
olub, hərdən konservatoriyadakı dərslər
əsnasında Ağabacıya
deyərmiş ki, biz Mirzə
Fərəcdən çox
öyrənmişik, müasir
muğam tədrisini quranda, muğamların, onların şöbələrinin
təsnifatını dəqiqləşdirəndə
onun muğam biliklərindən xeyli yararlanmışıq. Deyərmiş
ki, sən sənətdə
ad qoymuş babanın nəvəsisən,
gərək elə çalışasan ki, sən
də bəstəkarlıqda
ad çıxarasan.
Və Üzeyir bəyin tələbəsi olmuş
bəstəkarların hamısı,
xüsusən bu qızlar sonradan Azərbaycan musiqisində işıqları bu gün də səngiməyən ulduzlara
çevrildilər. Hökumə
Nəcəfovanın da, Ağabacı
Rzayevanın da, Ədilə
Hüseynzadənin də,
Şəfiqə Axundovanın
da yaratdıqlarının heç
biri köhnəlmir. Çünki təməl
möhkəmdir, çünki
məktəb sağlamdır,
çünki Allahın
verdiyi istedaddan əlavə onların Üzeyir bəy təki kamil ustadı olub.
Üzeyir
bəyin bütün tələbələrinə, illahdaki,
qızlara havadarlıqla
yanaşmasının bir
hekayətini də mənə görkəmli
bəstəkarımız, Üzeyir
bəyin həyatda olan və maşallah
ki, yaddaşı da tam dəqiqliyi
ilə sözünə
baxan görkəmli bəstəkarımız Tofiq
Bakıxanov lap bu günlərdə nağıl
edib. Tofiq müəllim danışır
ki, indi önündə
Üzeyir bəyin abidəsi ucalan keçmiş Dövlət
Konservatoriyasının - hazırkı
Bakı Musiqi Akademiyasının qarşısında,
yolun o tərəfində
1940-cı illərdə bazar idi. Təbii ki, bazara hər cür adam gedib-gəlirdi.
O bazarla konservatoriyanın
arası yaşıllıqlı,
ağaclı-kölgəli yermiş. Bazardakı qəlyanaltıxanalarda yeyib-içib
xumarlanan bir para əhlikef adamlar adətən konservatoriya ilə bazarın arasındakı kölgəlikdə
əyləşər, hərdən
də dərsdən çıxan qızlara söz atarmışlar. Bununla bağlı konservatoriya dəhlizlərində
qızların gileylənməsi
Üzeyir bəyin qulağına çatır.
Dərhal telefonun dəstəyini qaldırıb
respublikanın oçağkı
rəhbəri Mircəfər
Bağırova zəng
vurur. Deyir, hal-qəziyyə belə. Söyləyir ki, o qızların
hər biri mənim balamdır, onların namusu mənim namusumdur, onlar Azərbaycanın gələcəyi olan insanlardır.
Hiss edirəm Tofiq müəllim artıq bunu o çağlarda Üzeyir bəyin sözünün hansı
gücdə olmasıyla
fəxr edərək deyir ki, "həmin zəngdən sonra heç bir həftə çəkmədi,
bazarı yox elədilər, oralar oldu bir düzənlik,
ağaclar əkdilər,
bağ saldılar.
Ancaq Üzeyir bəy yalnız bilavasitə dərs dediyi tələbələrinə münasibətdə
belə qayğıkeş,
bunca həssas deyildi, bu elə
onun şakəri imiş.
Milli radiomuzun başlanğıc
dövründən 1970-1980-ci illərə mikrofon qarşısında gəlib
çatan bənzərsiz
diktorumuz, Əməkdar
artist Soltan Nəcəfov
(1911-1981) 1941-də, müharibə başlananda əsgər aparılmış, sevimli
işinə bir də 1945-də cəbhədən
dönəndən sonra
qayıtmışdı. Onun
diktorluq tərzi,məxməri
səsi də Üzeyir bəyin ürəyinə yatırmış,
1930-cu illərdə radioya
gəlişlərində bunu
bir-iki dəfə Soltanın özünə
də deyərək onu qanadlandırıbmış.
Üzeyir
bəy bir gün küçədə
İkinci Dünya müharibəsindəki qələbədən
sonra Bakıya dönüncə təzədən
radioda işə götürülmüş, amma
əsgər libasında
olan Soltan Nəcəfovla rastlaşır.
Soruşur ki, axı səsini radiodan neçə aylardır eşidirəm, xeyli var əsgərlikdən qayıtmısan,
bəsniyə bu paltarı çıxarmamısan?
Qayıdır ki, Üzeyir
bəy, evdə geyim-kecimim vardı. Amma cəbhədən gələndən
sonra gördüm ki, bu 5 ildə bədənimin ölçüsü
dəyişib, köhnə
paltarlarımın heç
biri əynimə olmur, indi gözləyirəm
hər dəfə maaşımı aldıqca
biraz-biraz yığım,
özümə fərli
bir kostyum alım. Üzeyir bəy qımışır:
- Ölçün neçə
idi, indi neçə olub?
- Üzeyir bəy, gedəndə 46 idim, indi 48 olmuşam.
- Ay bərəkallah, qoçaq,
əsgərlik sənə
düşüb, kişiləşmisən.
Üzeyir
bəy radiostudiyada işlərin necə getdiyini də soruşub ayrılır.
Amma ertəsi günü Soltan Nəcəfovu Üzeyir bəyin həyat yoldaşı Məlikə xanım axtarır, "bizə gəl" deyir və niyə çağırdığını da söyləmir.
Soltan Nəcəfov yollanır Üzeyir bəygilə. Məlikə xanım ona bir bükülü
verib "evdə açarsan, davadan sağ-salamat qayıtmağına
hədiyyəmizdir", - deyir.
Soltan müəllim kövrələrək
xatırlayırdı ki, evə
gəldim, bükülünü
açdım, gördüm
təzə kostyumdur.
Üzeyir
bəy belə Üzeyir bəy imiş. Qələmindən
çıxan hər sözdə, qəlbindən
qopan hər notda olduğu kimi, bütün davranışlarında da qayğıkeşlik,
mərhəmət, insanlıq
örnəyi!
Vaxtilə xorda oxuyan bir müğənnimiz olmuşdu - Bikə Səmədzadə. Onunla
1978-ci ildə görüşdük,
söhbətlərini yazdım.
Öz ömrünü
danışırdı, hər
iki cümləsindən
biri Üzeyir bəy haqqında idi. Üzeyir bəyin 1936-cı ildə
xoru necə, hansı əziyyətlərlə
yaratmasından danışırdı.
Söyləyirdi ki, Üzeyir
bəy xorda oxumağa qızlar toplamaqçün düşmüşdü
Bakı kəndlərinə,
ev-ev gəzirdi. Bu işi icra etməyi
başqalarına ona görə tapşırmamışdı
ki, ayrı adamlar getsəydi, heç kəs qızını xoşluqla xorda oxumağa verəsi deyildi. Ancaq Üzeyir bəy kimin qapısını açsa, o adam özünü bəxtəvər
sayırdı, Üzeyir
bəyin sözünün
qabağında söz
deyə bilmirdi.
...Azərbaycanın bütün
tarixi boyu bizim vergili, el içində sayılan, sözü qan kəsən şəxsiyyətlərimiz də,
ağsaqqallarımız da az
olmayıb. Elə Üzeyir bəyin dövründə də onun yanında-yörəsində
bir-birindən qüvvətli
və hörmətli aydınlarımız həyatını
sürməkdə idi.
Ancaq nə keçmiş əsrdə
yaşamışları, nə
də Üzeyir bəyin müasirlərini
onunla eyni tərəziyə, eyni mərtəbəyə qoymaq
olur.
Üzeyir
bəydən bir də olmaz. Bu, məlum həqiqət. Belə dahilər tək gəlir, tək gedir, adları da insanlarla həmişəlik qalır.
Ancaq onun bu xalqa miras
qoyduğu bütün
dəyərlərlə yanaşı
məhz özünün
meyarlığı - ÜZEYİRLİKdir.
Üzeyir sənəti
onun özü gedəndən sonra da yaşayır, diriliyini hifz edə bilir.
Çətin olan Üzeyirliyi qoruyub saxlamaqdır və heyiflər ki, ildən-ilə
bu qıtlıq daha artıq duyulur.
...Üzeyir bəyin ürəyi necə idisə, evinin qapısı da o cür - qonaq-qara üzünə açıqdı. Onun yalnız iş otağı deyil, elə mənzili də daimi müzakirələr
məskəni idi. Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin,
Azərbaycan ziyalılığının
həyatında baş
verən ən mühüm hadisələrin
əksərinin müzakirələri
mütləq o mənzildə
gedirdi. İstər cavanlar, tələbələri,
istərsə də məsləkdaşları Üzeyir
bəyin hüzuruna ziyarətə yollanan kimi gəlirdilər. Azərbaycanın ictimai-siyasi,
mənəvi həyatında
da baş verən istənilən irəliləyişə
də ən həssas münasibət ilkin olaraq Üzeyir
bəydən gəlirdi.
1926-cı
ilin noyabrında Azərbaycanın cəmiyyət
həyatında tamam
yeni hadisə olan Radiomuz ilk qədəmlərini
atdığı vaxtlardan
Üzeyir bəy onunla idi. 1920-1930-cu illərdə Azərbaycan
Radiosunda verilən müxtəlif konsertlərdə,
hazırlanan ayrı-ayrı
verilişlərdə Üzeyir
bəyin günün hadisələrinə, vaxtın
çağırışlarına həsr olunan yeni nəğmələri səslənərmiş.
Bir çoxunun sözləri
həmin vaxtın tələblərinə uyğun
olduğundan o mahnılar
onillərdir ki, yada düşmür,
əksəri unudulub. Ancaq arxivlərin hafizəsi insan yaddaşından daha etibarlıdır və həmin nəğmələrin
indi vecə gəlməyən sözlərini
də, heç bir zaman köhnəlməyəcək
musiqisinin not yazılarını
da saxlayıb.
Biz Fridrix Engelsin (1820-1895) Georq Vilhelm Hegel (1770-1831) dialektikasını tənqid
edən Lüdviq Feyerbaxın (1804-1872) haqqında
dediyi kimi,"tasdakı kirli su ilə bərabər
uşağı da" atmışıq.
Üzeyir bəydən
qalan hər musiqi sətrinin ali mənası var. Bundan belə ondan yaxşısını
kim yazacaq?! Həmin dövriyyədən
çıxmış bəstələrə
yaraşan söz yazsan, nəğmələr
ətə-qana dolacaq,
təzədən dirilib
günümüzə qayıdacaq
və hər biri müasir insanlara Üzeyir bəyin Cənnətdən
göndərdiyi yeni məktub
kimi olacaq.
Və Üzeyir bəyin qayıdan əsərləri
ilə mədəniyyətimiz,
musiqimiz və biz özümüz - mənəviyyatımız
nə qədər zənginləşəcək.
...Üzeyir bəy 1920-1930-cu
illərdə Radioya vaxtaşırı gedib-gələrmiş
və bura onun sevdiyi məkanlardanmış.
Radionun qocaman əməkdaşlarının
bir vaxtlar mənə söylədiyi
bu əhvalatlar gerçək lətifələrdi.
Başlanğıcda verilişləri
ilə birgə keçmiş "İsmailiyyə",
indiki Elmlər Akademiyası Rəyasət
Heyəti binasındakı
balaca bir otağa sığan Azərbaycan Radiosu yavaş-yavaş qanadlarını
geniş açır,
şəraiti də yaxşılaşır, dalğaları
da daha uzaqlara yetişir.
1930-cu illərin ortalarından isə artıq ara-sıra canlı yayımlara başlayırlar.
O dövrdə bakılıların
sevimli istirahət guşələrindən olan
"Rote-Fane" (sonrakı Nizami) parkındakı səhnədə tanınmış
xeyli ifaçının
iştirak etdiyi növbəti konsert gedir, bu da Radio ilə birbaşa verilirmiş. Konsertin təşkilatçısı və
idarə edəni Səid Rüstəmovmuş.
Radioda həmin konserti dinləyən Üzeyir bəy ertəsi gün Səid Rüstəmovla qarşılaşanda onu təbrik edir ki, yaxşı konsert verdiniz, amma konsertdən daha çox məni valeh edən alqışlar oldu. Çünki Radio konserti birbaşa translyasiya edirdi, həmin dəqiqələrdə də
şəhərdə şıdırğı
yağış tökürdü.
O tamaşaçılar ki orda
yağışın altında
dayanıb qulaq asır, üstəlik əl də çalıblar, onların
özlərini alqışlamaq
lazım idi. Səid Rüstəmov da qayıdır ki, ay Üzeyir
bəy, nə tamaşaçı? Əvvəl
konserti elan eləmişdik,
xeyli tamaşaçı
da gəlmişdi. Ancaq
gördülər ki, çisəkləyir,
hamısı dağılışmağa
başladı. Yeddi-səkkiz
nəfər qalmışdı,
yağış şiddətlənəndə
onlar da qaçıb getdilər. Ancaq konsert radioda canlı yayımla getdiyindən hər nömrədən sonra biz
özümüz - radionun
işçiləri mikrofon
qarşısına toplaşaraq
gur əl çalırdıq ki, tamaşaçıların
alqışı kimi qəbul olunsun.
Həmin
radio dövründən bir
başqa dodaqqaçıran
əhvalatı da Yavər
xanım Kələntərli
söyləyirdi. Danışırdı
ki, Üzeyir bəyin xeyli iri, həm
də o səbəbdən
kobud görünən
qol saatı vardı. Radiodakı konsertlər gedişində
onun rəhbərlik etdiyi orkestr hər çalmağa başlayanda qolunu qaldırıb həmin saata baxardı. Neçə dəfə yalvardım ki, ay Üzeyir
bəy, nolar, bu təzə çıxan qəşəng
saatlardan birini al, tax qoluna, nə yapışmısan o qocafəndi
saatdan? Razılaşmırdı
ki, olmaz, bu saat mənə atamdan qalıb. Sözünün keçmədiyini
görən Yavər xanım başqa tədbirə əl atır. Deyirdi ki, mən adətən çiynimə ipək örpək salardım.
Bir gün yenə radioda konsertimizdi, çıxdım ansamblın
qarşısına, mikrofona
doğru bir neçə addım atdım. Boynumdan yekə bir zəngli
saat asmışdım,
üstünü də
örpəyimlə örtmüşdüm.
Üzeyir bəy də şüşənin
o tayından bizi görür. Mikrofonun qabağına gəlincə
oxumağa başlamazdan
əvvəl örpəyi
yana çəkdim, zəngli saatı qaldırıb nümayişkaranə
şəkildə zənlə
baxdım. Gördüm
ki, Üzeyir bəy o tərəfdə gülməkdən
axdı getdi. Oxuyub qurtardım, gəldim Üzeyir bəyin yanına, gülə-gülə soruşdu
ki, o nə saatdır,
bu boydasını hardan tapmısan? Qayıtdım ki, bu da mənə babamdan qalıb. Üstündən
ikicə gün keçmiş Üzeyir bəyin qolunda təzə saat gördük...
...Üzeyir bəy nə yaradıbsa, ondan bizə nə izlər qalıbsa, onların hamısı XX əsrin birinci yarısına aiddir. Üzeyir bəyin indi onun ev-muzeyi olan mənzilində masa üstündə haçansa
hər gün qoluna taxdığı saat qoyulub, divardan
da həmin otaqda bir başqa irisi asılıb. Həmin saatlar onillərdir ki, dayanıb.
Zaman keçib, nəsillər
dəyişib. Ancaq dünənlərdə olduğu
kimi, bu gün də, onillər sonra da, bəlkə əsrlər sovuşanda da Azərbaycan
insanı həmişə
mənəviyyatını, ruhunu Üzeyir bəyə baxaraq nizamlayacaq, ruhunun saatını Üzeyir bəyin saatı ilə tən edəcək.
...Üzeyir bəy indi İstiqlaliyyət küçəsi ilə Azərbaycan küçəsinin
kəsişəcəyində yerləşən, xalq arasında "Monolit"
deyilən axırıncı
mənzilinəköçənəcən
uzun müddət -
1915-1942-ci illər arası
indiki Şamil Əzizbəyov, keçmiş
Verxnyaya priyutskaya küçəsində, hazırda
ev muzeyi yerləşən binada yaşamışdı.
Hər dəfə yolum Üzeyir bəyin ruhu dolaşan o ünvana düşəndə
yataq otağındakı
qoşa çarpayının
yanında istər-istəməz
ayaq saxlayıram. Fikrimdən keçir ki, o
dövrdə çoxlarının
qibtə edəcəyi,
hər mənzildə
olmayan bu rahat çarpayıda Üzeyir bəyin nə qədər gecələri olub ki, ağır xəyallar əlindən yatağında
qıvrıla-qıvrıla qalıb, yuxusu ərşə çəkilib,
səhəri dirigözlü
açıb.
Çarpayının yanında bir neft lampası
da qalır. Bu mənzildə
ötən 27 il ərzində,
yəqin, axşamlarda
işıqların keçməsi
çox olub. İşıqlar sönəndə
qaldırarlarmış həmin
neft lampasını, yandırarlarmış.
O lampaya əlimi sehrli çırağa sürtən kimi çəkirəm. Düşünürəm
ki, günlər varmış,
Üzeyir bəy də,elə indi mən edən
kimi, bu lampanı əlində tuturmuş, kibrit çəkib yandırırmış...
Çıraq o vaxtdan sönəndir.
Ha təzə neft tök, ha kibrit çəkib yandır. Sahibi ondan əvvəl
sönübsə, daha
həmin çıraq
heç vaxto əyyamlarda yandığı
sayaq yanmaz.
1949-cu il avqust ayının 13-də
həmin neft lampası artıq 9 ay idi ki, Üzeyir bəyçün biryolluq
sönmüşdü. Ancaq
həmin gün Qafqaz Hərbi Dairəsinin Siyasi idarəsindən Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinə
bir məktub daxil olur. O məktub
Mərkəzi Komitənin
ideoloji katibi Həsən Həsənova
ünvanlanmışdı. Bildirilirdi ki, 1949-cu il may ayının
5-də Türkiyədə "Ulus" qəzetində Üzeyir Hacıbəyliyə həsr
edilmiş bir məqalə çıxıb.
Orada Üzeyir Hacıbəylinin dünyagörüşü,
fəlsəfəsi, sovet
siyasətinə münasibəti
təhrif edilir, buna təcili cavab hazırlamaq lazımdır.
Və tutarlı cavab yazılmasını tələb edən Moskva idi.
Türkiyə o zamanlar sovet dövlətinin qatı düşmənlərindən sayılırdı
və dərc edilmiş məqalədə
də Üzeyir Hacıbəylinin istiqlalçı
düşüncələri şərh olunur, onun Azərbaycan Cümhuriyyəti ilə bağlılığından bəhs
edilirdi. M.Ə.Yalvacoğlu
imzalı müəllifin
məqaləsində bu
da vurğulanırdı ki, sovet dövrü, onun amansız siyasəti olmasaydı, belə təkrarsız istedad sahibi özünü daha artıq ifadə edə bilərdi.
İctimai-siyasi sənədlər arxivində
Kremli hürkütmüş
həmin məqalə
və onunla əlaqədar materiallardan
ibarət açılmış
qovluqda o yazı da bütöv şəkildə
qalmaqdadır.
Həyat
çırağı çoxdan
sönmüşdüsə də, Üzeyir bəy bəstəkarlığından
əlavə sərhədin
o tayında da, bu üzdə də gedişata təsir edə bilən siyasi sima olaraq qalmaqdaydı.
M.Ə.Yalvacoğlu belə
yazırdı: "Hacıbəyli
Üzeyirin əsərləri
təsir baxımından
gerçəkdən heyrətvericidir.
Azərbaycanda onun yazdığı və yaydığı melodiyaları
tərənnüm etməyən
tək bir azəri yoxdur. Azərbaycan səhnəsinin
ən sevimli pyesləri onun əsərləridir. Yalnız
Azərbaycan deyil, Qafqazın digər səhnələrində də
Üzeyir populyar bir simadır. Əsərləri gürcücə,
ermənicədə eyni
zövq və hərarətlə seyr edilməkdədir. "Arşın
mal alan"ın farscası
Tehranda dəfələrlə
oynanmışdır, Türkiyədə
isə Üzeyirin operettaları rəğbətlə
təkrar olunur. "Arşın mal alan"
Balkan səhnələrində dəfələrlə oynanmışdır,
Sovetlər Birliyinə
daxil bütün cümhuriyyətlərdə, bilxassə,
Türk cinsindən Türkistan və sairə kimi cümhuriyyətlərdə başda
Üzeyir bəyin əsərləri olmaq üzrə Azərbaycan
opera pyeslərinin məqbulluğu
ümumidir. Onun əsərləri rusca olduğu kimi, bəzi Avropa dillərinə də tərcümə edilmişdir.
Kəndi sənəti
ilə o, Azərbaycana
cahan ölçüsündə
bir şöhrət qazandırmışdır".
Belə
təqdimedici və tərifli gəzişmələrdən
sonra məqaləni yazan gəlir xatalı mətləblər
üzərinə. Elə
məqamlara toxunur ki, Üzeyir bəyi vəsf edən bu məqalə 1 il əvvəl, onun ölüm ayağında,
xəstə yatağında
olduğu vaxt dərc edilsəydi, ifrat dərəcədə
narahat olardı, hətta başı qeyl ü qaldan aralı olsun deyə təkzib də imzalayardı.
"1919-cu
ildə Bakıda Milli
Azərbaycan Cümhuriyyətinin
İstiqlal elanının
birinci ildönümü
münasibətilə yayımlanan
yarırəsmi "Azərbaycan"
qəzetində basılan
bir yazısında Üzeyirin bu fikirlərini tapırıq:
"Azərbaycan Cümhuriyyəti
sağlam bir milliyyət fikri - türklük şüuru
üzərinə qurulmuşdur.
İslam məzhəbləri arasındakı ziddiyyət
ilk dəfə olaraq burada tədilə uğramış, müsəlmanların
təsaüdü fikrinə
qiymət verilmişdir.
Eyni zamanda, Azərbaycan çağdaş
bir cəmiyyət qurmağa, avropalı bir zehniyyətlə çalışmağa əzm
etmişdir. Bayrağındakı
üç rəng - mavi, qırmızı, yaşıl - bu üç ümdənin timsalıdır. Üzeyir
Hacıbəyli eyni ildönümü münasibətilə
basılan digər bir dərgidə ("İstiqlal", Bakı,
1919) Azərbaycan musiqisi
haqqında verdiyi elmi və tarixi
məlumatı xülasə
etdikdən sonra sözü 1907-ci ildə yazdığı "Leyli
və Məcnun"a götürərək təvazöhlə
yazır: "Xalqın
hüsn-rəğbət və
təvəccöhünə məzhər olan "Leyli və Məcnun"işin
bu yolda davamı üçün
biz acizləri həvəsləndirir".
Üzeyirə görə, bu iş "musiqimizin tərəqqisi uğrunda atılan ilk addımdır.
Bundan sonra isə ikinci, üçüncü və
ilaxır addımlar atılacaq, əsl məqsədə getmək
üçün daimi
irəli gediləcəkdir".
Sənətkar "əsir
olaraq yaşadığımız
bir dövrdə göstərilən bu tərəqqi qabiliyyətini"
istiqlal həyatına
yetdikdən sonra daha ziyadə irəlilədə biləcəyi
qənaətindədir: "Hürr millətin hürr sənəti bütün gözəlliyi
ilə meydana çıxacaq və millətimizə mədəni
millətlər ailəsinə
daxil olmaq, bu ailənin bərabərhüquqlu bir
üzvü kimi bütün hüquq və səlahiyyətlərindən
istifadə etmək üçün ən mötəbər amillərdən
birinə çevriləcəkdir".
Başda
bir həvəskar olaraq işə başlayan Hacıbəyli
sonra özü özünü yetişdirmiş,
musiqi təhsilini tamamlamış, nəticədə,
sözün avropalı
mənasıyla, nüfuzunu
hər kəsə tanıdan bir kompozitor olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını
da kəndi diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün
sümürə bildikcə
sümürmüş, verdiyi
bir takım rəsmi və siyasi vəzifə və ünvanlarla onu "mənimsəmişdir".
Fəqət bihudə.
"Dəmir pərdə"nin
arxasında kəndisinə
süni marşlar yazdırılsa da, Moskvada omuzu diktatorun əli ilə oxşanılsa da, tabutu başında
Azərbaycan mənəviyyatı
ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən
və azəri-türk
tarixindən kimsə ayıramaz. O, milli Azərbaycan varlığının
dayanaqları arasında
qalacaq ayrılmaz böyük bir dəyərdir. Qızıl
totalitarizmin istibdadı
altında və mədəniyyət dünyasından
təcrid edilmiş bir halda yaşamaq
çəkilməz faciədir.
Bu şərtlər altında yaratmaq isə faciələr faciəsidir.
...Başımızda qardaş millətin qardaş sənətkarlarını
görmək və ya bir heyət
halında buraya müsafirliklərini cəlb
etmək qətiyyən
mümkün deyildir.
"Dəmir pərdə"
arxasıyla kültür
münasibətinə müsaidə
yoxdur. Biz oraya gedəməyiz, buraxmazlar, onlar da buraya gələməzlər,
çünki göndərməzlər.
Çünki "hürriyyəti
seçəcəklərindən" qorxurlar. Bir fürsətini bulsa idi, hürriyyəti seçməkdə böyük
kompozitor da tərəddüd etməzdi
deyə düşünürük.
Ən qüvvətli dayanağımız onun ümidlər saçan, milli ruha tərcüman
olan böyük sənətidir. Bu sənətin nə kimi bir dəyər
ərz etdiyini "dəmir pərdə"nin
ortadan qalxdığı
gün Azərbaycanla bərabər, bütün
dünya ilə eyni sırada Türk və İslam dünyası haqqıyla görmək və təqdir etmək imkanı bulacaq, sənətkarın
böyük ruhunu minnətlə anacaqdır".
Üzeyir bəy
həyatda yox idi, ancaq cavab
onun dilindən olan kimi verilməli
idi. Vəzifə də bu cür
qoyulmuşdu ki, axtarın, Hacıbəylinin
sovet dövləti və siyasəti haqqında söylədiyi
müsbət fikirləri
tapın, onların əsasında bir məqalə-arayış hazırlayın.
Bu işin
icrası Mirzə İbrahimova tapşırılır
və mahir yazıçılığı qədər də incə duyumlu siyasətçi olan Mirzə İbrahimov Mərkəzi sakitləşdirəcək
yazını qələmə
alır. Üzeyir bəy həyatdan getmişdisə də, onun ömrü boyu bağlı olduğu istiqlal idealları yenə ortadaydı. Qardaşı
Ceyhun Hacıbəyli Parisdə siyasi mühacirətdə istiqlal
yolunda mübarizələrini
qaibanə, Vətəndən
aralı da olsa, davam etdirməkdəydi,
istiqlalın qayıdışı
diləyi ürəklərdə
yaşamaqdaydı və
mərkəzi xoflandıran
da məhz bu idi.
Üzeyir bəyə
və belə millət işıqlarına
qarşı dünyanın
hər yerində və bütün zamanlarda həmişə əksgedənlər, badalaq
gəlmək üçün
vurnuxan həşəratlar
tapılıb. Ancaq zamanın da sabit, dəyişməz, əbədi hökm və qanunu var: zülmət heç vaxt işığa qalib gələ bilməz!
...Şuşa Qarabağın tacı, rəmzi paytaxtı olsa da, hər
halda başlanan XX yüzildə əyalət
idi və gənc Üzeyirin ürəyində Bakı
artıq yeniyetməlik
çağlarında, hələ
Qori seminariyasına gedib çatanadək də vardı. Könlündəki o vaxt gizlin, tək özünə bəlli arzularda, sonradan qələmə alıb hər kəsə əyan etdiklərindən
bəlli olur ki, hökmən Bakıya gəlməyi, buraları fəth etmək də olmasa, hər halda indiyəcən edilməmiş nələrəsə
nail olmaqla heyrətləndirmək niyyəti
də varmış.
Əyalətdən gəldi, oxudu, öyrəndi, çalışdı,
yazıb-yaratdı ki,
milləti və yurdu əyalətçi düşünməsin, yüksəlsin,
inkişaf etsin, çağdaş dünyayla
ayaqlaşsın.
Elə yaşadı,
elə işlər gördü ki, Vətəni və xalqı həm də bu əməllərə
və izlərə görə daha artıq tanındı və şöhrətləndi,
onun sayəsində qapalı sərhədlər
hüdudunda ömür
sürən Azərbaycanın
sədası dünyanın
dörd bucağına
çatdı.
Onun varlığıyla
millətin ruhu, çöhrəsi, təbiəti
dəyişərək daha
gözəl oldu və Üzeyir bəy xalqını büsbütün yeni və daha müasir
bir səslənişə
köklədi.
...Hər bir
azərbaycanlının Üzeyir
bəylə bağlı
öz şəxsi və əziz xatirəsi var - onu ən azı
ömründə bir dəfə görmüşlərin
də, Dahini sadəcə əsərlərindən,
haqqında yazılanlardan
tanıyıb bilənlərin
də. Bu surət o qədər məhrəmdir ki, hər duyğulu azərbaycanlının qəlbində
ən istəkli doğması kimi yaşamaqdadır.
Mir Cəlal
yadigarı professor Hafiz Paşayev yada salır 1948-ci ilin qəmli 23 noyabrını. Deyir ki, 7 yaşında idim, təzə "Moskviç"imiz vardı.
Sabir bağının
qarşısında, Üzeyir
bəyin evinin tuşunda atam maşından düşdü,
məni qabaqda oturtdu, özü izdihama qarışdı.
Üzeyir bəyin
Vətən torpağı
üstündəki son
saatlarından bir an - o üzüntülü
ayrılıq günü
bəstəkarın əllərdə
gedən portreti, çiyinlərdəki tabutu,
neçəsini tez-tez
evlərində gördüyü
tanınmış şəxsiyyətlərin
qüssəli çöhrələri
Hafiz müəllimin uşaqlıq yaddaşına
əbədilik həkk
olunub, bu gün də hər an onunladır.
Yaddaşınızın, ürəyinizin dərinlərinə
dalın - hökmən
hər biriniz orda tək sizin
olan bir Üzeyir lövhəsi tapacaqsınız...
...Qori seminariyasını
bitirəndən sonra ikisi də Azərbaycanın
müxtəlif yerlərindəki
məktəblərdə dərs
verməyə başlamışdı
və məsləkdaşı,
silahdaşı, ruhdaşı
Müslüm Maqomayev
1911-ci ildə Lənkərandan
gəlib Bakının
Sabunçu kəndində
müəllimliyini davam
etdirəndə o, musiqi
savadını artırıb
təkmilləşdirməkçün əvvəlcə Moskvaya getmiş, sonralar ordan da Leninqrada
(indi Sankt-Peterburq) yollanmışdı.
Müntəzəm yazışırdılar və
bir neçə il sonra Müslüm
bəyin Üzeyir bəyə göndərdiyi
məktublardan brində
belə sətir də vardı ki, "tez qayıt
gəl, görüləsi
işlərimiz çoxdur".
Çoxlu və
çox faydalı işlər gördülər,
onların etdikləriylə
yurd da, xalq da ucaldı
və 52-cə il yaşamış Müslüm
bəy də, 63 il ömür sürmüş Üzeyir
bəy də əslində yenə həyatlarını davam etdirməkdə, həminmillətəxeyir
əməllərin ardıncadır.
Həm də yalnız vaxtilə etmiş olduqlarının
dalğası ilə deyil, yeni həyat
verilib təzədən
qayıdan, yeni nəsillərə ilk dəfə eşidilən
unudulmuş əsərləriylə
Böyük İşlərini
Görməkdədirlər.
Ancaq Müslüm
bəyin sözləri
o vaxt, XX yüzil yeni başlananda olduğu kimi, indi, təzə əsr və üçüncü minillikdə
sabahları düşünərkən
də həminki gücündədir.
Millət daha
üstün, daha güclü, daha zövqlü olmaq yolu ilə irəlilədikcə
Üzeyir bəyin də, onun ölməz
amal və məslək qardaşlarının
da görüləsi işləri hələ çox olacaq!
Bir şərtlə
ki, Üzeyir bəyi incitməyək. Onsuz da zavallını
sağlığında açıq-gizlin
neştərləyənlər də, əl altından və aşkarca xırda-xırda,
amma mütəmadi zəhərləyənlər də,
könlünü qıranlar
da az olmayıb.
Bu gün
Üzeyir bəyi incitməmək nə deməkdir?
Əsərlərinin aqibəti ilə bağlı Üzeyir bəyin kədər və nigaranlıq qarışıq bu sözləri də qalıb. Əsərləri
ilə istənilən
özbaşına rəftara,
kiminsə guya öz aləmində onun yazdığı nəyisə daha yaxşı etmək cəhdlərinə, yaratdıqlarına
ən xırda dəyişiklik və artırmalara da son dərəcə qısqanc yanaşan dahimiz bir dəfə
ağrılı-ağrılı şikayətlənib ki, mənim övladım yoxdur, əsərlərim mənim balalarımdır,
qoymaram onları kimsə şikəst eləsin. Biz də qoymayaq və qıymayaq ki, Üzeyir bəyin olmadığı
çağlarda bu, baş versin. Bizə mənəvi ata timsalında olan o BÖYÜYÜMÜZün
RUHU qarşısında bu,
vicdan və qeyrət borcumuzdur.
Üzeyir bəyi
bizim günlərdə
incitməmək odur ki, nəhayət, əsərlərinin külliyyatını
bütöv halda, lüzumsuz ixtisarlar və qondarma dəyişikliklərə uğratmadan
nəşr edək.
Üzeyir bəyi
bizim dövrümüzdə
incitməmək odur ki, əsərlərini səhnəyə çıxaranda
bunu Üzeyir bəyə ağıl öyrətmək sevdasına
düşən cılız
iddialılara deyil, dahimizi duyan, anlayan, hər sözünün və səsinin qədrini bilən səviyyəli, səriştəli, canıyanan
və təəssübkeş
peşəkarlara tapşıraq
ki, vaxtın sınağından keçmiş
incilərə çaş
görən eynəyiylə
baxaraq onları tümük arşınıyla
ölçməsin, müəllifin
ruhunu naşı əlavələrlə, kəmsavad
müdaxilələrlə, bəsit yanaşmalarla diksindirməsin.
Üzeyir bəyi
incitməmək odur ki, adını və xatirəsini yalanlardan, böhtanlardan, saxtakarlıqlardan, xəbisliklərdən,
araqarışdıranlardan hamılıqla mühafizə
edək, belə namərdlik edənlərin
dərhal ağzından
vuraq.
Üzeyir bəyi
incitməmək odur ki, onun yaratdığı
məktəbin, açdığı
yolun, millətə yadigar qoyduğu yüksək sənət vərdişləri və
ənənələrinin soyumasına,
qırılmasına, heysizləşib
parlaqlığını itirməsinə
imkan verməyək.
Edə bilsək,
savaba batacaq, bacarmasaq, günah yiyəsi olacağıq!
18 sentyabr 2025
525-ci qəzet. - 2025.- 20 sentyabr(№170).-
S.14-15; 17.