27 sentyabr - müasir
qəhrəmanlıq ədəbiyyatının
başlanğıcı
Azərbaycan ədəbiyyatı tarix boyu qəhrəmanlıq mövzusu ilə zəngin olub. "Kitabi-Dədə Qorqud"
dastanının igidləri,
Xətainin qılınc
və qələm birliyində ucaltdığı
qəhrəman surətləri,
Səməd Vurğunun
"Vaqif"indəki Vətən
sevdalı obrazlar, Bəxtiyar Vahabzadənin
"Gülüstan"ında bölünmüş torpaq
ağrısı - hamısı
milli yaddaşımızda qəhrəmanlıq
təfəkkürünü bütün dövrlər
boyunca diri saxladı. Ancaq bu qəhrəmanlıq daha çox tarixə, keçmişə
yönəlmişdi. 2020-ci ilin 27 sentyabrından isə tarix ədəbiyyata yaxın keçmişin canlı nəfəsi ilə daxil oldu. Həmin
gün başlayan Vətən müharibəsi
təkcə torpaqlarımızı
30 illik işğaldan
azad etmədi, həm də ədəbiyyatımıza yeni istiqamət
- müasir qəhrəmanlıq
ədəbiyyatını bəxş
etdi. Bu gün artıq hekayələrdə,
romanlarda, şeirlərdə
müharibənin izi, şəhidlərin nəfəsi,
əsgərlərin addım
səsi var.
Əlbəttə, ədəbiyyat öz həssaslığı, emosionallığı
ilə yaşanan hadisələrə, xüsusən
müharibə kimi böyük olaylara zamanla cavab verir.
Hələ Vətən
müharibəsindən keçən
beş il ərzində
ədəbiyyatımızdan, ədəbiyyatçılarımızdan cild-cild əsərlər,
qalın-qalın romanlar
gözləmək sadəlövhlük
olardı. Axı yaşanan hisslər hələ çox təzə, hələ çox yenidir. Bununla belə, o emosionallıqla yazılan əsərlər də az deyil. Xüsusən,
Vətən müharibəsi
poeziyamızın daha
çox mövzu dairəsindədir.
Bu gün yazılan hekayələrdə, romanlarda,
şeirlərdə artıq
dastan qəhrəmanları deyil, yanımızda yaşamış, eyni küçədə addımlamış,
eyni məktəbdə
oxumuş gənclər
qəhrəman surətinə
çevrilir. Qəhrəmanlıq
ideal bir sima deyil, adı, soyadı, taleyi olan bir
insan obrazıdır.
Qısa hekayələr bu dövrün ilk bədii əks-sədası oldu. Müharibədən sonra qələmə alınan
hekayələrdə qəhrəmanlıq
böyük pafosla deyil, kiçik məişət detalları
ilə təsvir edilir. Müharibədən
qayıtmayan gənclərin
həyatından bəhs
edən yazılarda qəhrəmanlar sadə məişət detalları
ilə xatırlanır:
bir uşağın atasının qoxusunu oyuncağında axtarması,
bir qızın qardaşının əsgər
çantasını saxlaması,
bir ananın ocaqda közə çevrilmiş çörəyi
kimi gündəlik məqamlar qəhrəmanlıq
dastanına çevrilir.
Bu hekayələrdə qəhrəmanlıq
mütləq döyüş
səhnəsi ilə deyil, adi insanın
içindəki böyük
vətən sevgisi ilə təqdim olunur.
Romanlarda qəhrəman yalnız silah tutan əsgər
deyil, həm də onun ailəsidir,
gözləyən anadır,
məktub yazan sevgilidir. Bu, klassik qəhrəmanlıqdan fərqli
bir yanaşmadır. Əvvəllər qəhrəmanlar
daha çox idealizə olunmuşdu.
İndi isə yazıçılar
qəhrəmanı zəiflikləri,
qorxuları, arzuları
ilə təqdim edirlər. Onu insani tərəfləri ilə göstərirlər.
Bu, qəhrəman obrazını
oxucuya daha yaxın edir.
Şairlər Vətən müharibəsinə
ən emosional reaksiya verən sənətkarlar oldu. Şairlər üçün
Vətən müharibəsi
böyük bir mövzu oldu. Çox qısa müddətdə yüzlərlə
şeir yazıldı.
Bu şeirlərdə qəhrəmanlıq
torpaq, bayraq, şəhid sözləri
ilə yanaşı çəkildi. Amma poetik güc təkcə emosional pafosda deyil, həm də səmimiyyətdədir.
Bir əsgərin son məktubunu
bədii dillə təsvir edən şeir oxucunun qəlbində qəhrəmanlıqla
yanaşı, dərin
kədər də oyadır.
Qulu Ağsəsin,
Rəşad Məcidin,
gənc şairlərdən
Elşad Baratın, Vüsalə Vətənxanın
və başqalarının
müharibəyə həsr
etdiyi şeirlərdə
azadlığa qovuşan
torpaqlarımızın vüsal
sevinci bölüşülür,
şəhidlərin adı
çəkilir, onların
doğulduğu kənd,
oxuduğu məktəb,
sevdiyi qız misralara köçür.
Şair Qulu Ağsəs Ağdamın azadlıq sevincini misralara köçürərkən onun
qəhrəmanlarını da unutmur:
Yuxarı başına keçən
kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı
atların vətəni,
seyid cəddinə
içilən andların
vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid
oldun...
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şair Rəşad Məcid ən böyük həsrətinə - Şuşaya
qovuşmağın yaşatdığı
xoşbəxtliyi yenə
də ordu ilə, qoşunla, əsgərlə bölüşür.
Bu vüsala səbəb
olan əsgərini unutmur:
Ciyərdə nəfəsdir, damarda qandır,
Ruha qanad
verən sirli məkandır,
Bilib eşidəndir,
güc artırandır,
Qoşundur, əsgərdir, ordudur Şuşa.
Ənənəvi qəhrəmanlıq poeziyasında
qəhrəman ümumiləşdirilmiş
obraz idi. Müasir poeziyada isə konkret insan - real adı, taleyi olan şəxsiyyət
ön plana çıxır.
Poeziyada şəhidlərin
adlarının çəkilməsi,
onların doğulduğu
kəndin, sevdiyi qızın, oxuduğu məktəbin misralara düşməsi müasir
qəhrəmanlıq ədəbiyyatını
klassik qəhrəmanlıq
dastanlarından fərqləndirir.
Burada qəhrəman bir simvol yox,
konkret insan, qonşumuz, dostumuz, ailə üzvümüzdür.
Şair Elxan Yurdoğlunun da dediyi kimi, şəhidlər dilimizin əzbəri, könlümüzün ən
əziz insanıdır:
Şəhidlər qoymadı ensin bu bayraq,
Hər dalğası bir şəhidin ruhudu.
Vətən iman yerim, Vətən
inancım,
Bu Vətən savaşı
- xalqın ruhudu.
Şuşa baş tacımız, sizsə Şuşanın
Tacını bəzəyən qızıl,
zərsiniz.
İki min yeddi yüz səksən üç şəhid,
Bu xalqın dilində ta əzbərsiniz.
Ədəbiyyatımızda qəhrəman obrazı
dəyişdi. Əvvəllər
qəhrəman daha çox mistik, idealizə olunmuş fiqur idi. İndi isə o, hər yerdə qarşımıza
çıxır - müəllimdir,
tələbədir, kənd
sakini, könüllüdür.
Onun qəhrəmanlığı
məişətdən başlayır,
döyüş meydanında
zirvələnir. İndi şəhid
anaları, şəhid
övladları da bizim
üçün yad deyil.
Biz onları çox yaxşı tanıyır,
çox yaxşı anlayırıq. Çünki
hər birimizin ətrafında, yaxınında,
uzağında qəlbi
bala dərdli şəhid anası, ata sığalına möhtac şəhid balası var. Ona görə
də onların obrazlarının şeirdəki
əksi bu gün daha səmimi,
daha içdəndir:
Salam, şəhid anası!
Mən də sənin bir balan.
Olmasam da qəhrəman
Şuşa, Kəlbəcər alan.
Sənin oğlun tapşırıb,
Səni mənə yol aldı.
Məhz onun sayəsində
Ordumuz zəfər çaldı.
(Amir
Mustafa)
Müharibədən sonra yaranan ədəbiyyatda qəhrəman
obrazı köklü
dəyişiklik yaşadı.
Klassik qəhrəmanlıq
dastanlarında qəhrəman
çox zaman mistik gücə malik idi. Amma müasir qəhrəman sadə insandır. O, kənddə doğulub, şəhərdə oxuyub,
bəzən müəllim,
bəzən tələbə,
bəzən isə könüllü döyüşçüdür.
Onun qəhrəmanlığı
sadəlikdən başlayır.
Döyüş meydanında
zirvələnir, amma gündəlik həyatında
da qəhrəman olaraq
qalır. Bir məktəbdə
müəllim işləyən,
sonra könüllü
gedib şəhid olan gəncin obrazı müasir qəhrəmanlıq ədəbiyyatının
əsas simvoluna çevrilib.
Bu mənada şair Elşad Baratın ayrı-ayrı şəhidlərimizə
həsr etdiyi şeirlər əlamətdardır.
O, bu şeirlərində
şəhidin əlçatmaz,
möcüzəvi, ideal obrazını
deyil, real qəhrəmanlıq
salnaməsini yaradıb.
Bu o şəhidlərdir ki, onlar da bizim kimi gündəlik həyatlarında işlə,
təhsillə məşğul
olub, sevib, sevilib, övlad sahibi olub, bəlkə
nə zamansa səhv edib, nə zamansa hansısa yolda büdrəyib. Amma bütün
bunlarla yanaşı, yenə də Vətənin dar günündə düşmənlə
üz-üzə mübarizədən
çəkinməyib.
E.Barat şəhid analarını,
şəhid övladlarını,
şəhid yarlarını
da öz poeziyasının
qəhrəmanına çevirib.
Onun şəhid qızına həsr etdiyi şeir nə qədər ürək ağrıdıcı
olsa da, biz o şəhid
qızlarını, şəhid
övladlarını öz
ətrafımızdan yaxşı
tanıyırıq artıq:
O da atasıyla yatır hər gecə,
Nə olsun, danışmır şəkil atası.
Hər gün qucaqlayır çərçivəsini,
Yatır, yuxusuna gəlir atası.
Görüşüb yuxuda söhbət
edirlər:
"Çatmayır ümidim,
xəyalım sənə".
Az qalır kövrələ
şəhid balası,
Ata dillənir ki, nə alım sənə?
Heç nə istəmirəm, atacan, heç nə,
Təkcə sarıldığım "rəsmdi"
mənim.
Bircə saatlığa olsa da olar,
Sən elə özün gəl, bəsimdi mənim.
Bu obrazlar həm hekayələrdə, həm
romanlarda, həm də poeziyada birləşərək müasir
qəhrəmanlıq ədəbiyyatının
ümumi çərçivəsini
yaradır. Onlar həm tarixi sənəd, həm də emosional yaddaşdır.
Müasir qəhrəmanlıq ədəbiyyatı
yalnız bir bədii istiqamət deyil, həm də cəmiyyət üçün mənəvi
dayaqdır. Bu əsərlər
gənclərdə vətənpərvərlik
hissini gücləndirir,
milli yaddaşı diri
saxlayır, gələcək
nəsillərə "bu
torpaq necə azad edildi" sualının cavabını
verir. Ədəbiyyat,
əslində, şəhidlərin
susqun səsini danışdırır.
27 sentyabr təkcə Anım Günü deyil. Bu tarix həm də müasir ədəbiyyatımızın
dönüş nöqtəsidir.
Qəhrəmanlıq mövzusu
əsrlər boyu ədəbiyyatımızda olub,
amma 2020-ci ildən sonra bu mövzu
yeni nəfəs aldı
- real insan taleləri,
canlı hekayələr,
şəhidlərin xatirələri
ilə zənginləşdi.
Əgər əvvəllər
qəhrəmanlıq mövzusu
daha çox keçmişdən gələn
dastanlarda, tarixi romanlarda idisə, indi çağdaş yazıçılar və
şairlər onu canlı insan taleləri ilə yazırlar.
Müasir qəhrəmanlıq ədəbiyyatı
hələ də yazılır və yazılacaq. Çünki
hər bir şəhidin hekayəsi bir şeir, hər bir döyüş
xatirəsi bir roman, hər bir göz
yaşı bir hekayədir. 27 sentyabr isə bütün bunların başlanğıc
nöqtəsidir - yaddaşın,
qürurun və ədəbiyyatın kəsişdiyi
tarix.
Şahanə Müşfiq
525-ci qəzet
.- 2025.- 27 sentyabr (№175).-S.11.