İŞIQ
ELƏ HƏMİŞƏ ORDAN GƏLƏCƏK
Böyüklüyü və parlaqlığı hamının
indi görüb təsəvvür etdiyindən
də qat-qat artıq olan misilsiz Cəfər
Cabbarlı bir azərbaycanlı balası
idi, şərqli idi. Ancaq sadə
azərbaycanlı, sadə
şərqli deyildi. Şərqli Cəfər Cabbarlı həm də şərqşünas
idi, Gündoğarın
tarixi və çöhrəsinin bir çox özünəməxsusluqlarını
bilməsi ilə yanaşı, özünün
də içərisində
yaşadığı gerçəklikdə
müsəlman Şərqi
və buralarda ömür sürənlərin
çağdaş vəziyyətindən
də çox təfərrüatlarıyla agah
idi.
Yaxın-Orta Şərqə, onun
bir parçası olan Azərbaycana yalnız eynəkli gözləriylə deyil, dərin və iti zəkasının, hərarətli və coşqulu könlünün
nəzərləri ilə
də baxırdı, dünya gedişindəki Şərq məmləkətlərinin
çəkisini və
gerçək məqamını
müşahidələrinin süzgəcindən və
qəlbinin ağrılarından
keçirirdi.
Və gəldiyi qənaətlər
pərişan edirdi, onu daxildən kükrədirdi ki, hələ
böyük yaradıcı
mühitə yenicə
qatıldığı çağlarda
belə həyəcanlı
və etirazçı
duyğuları qələmə
gətirirdi:
Ey Şərq, sənin üstündə
cahan çarpışıyorkən,
Aləm
səni bölməkdə
səadət
bölüşürkən
Hala da sükut etmədəsən,
ey evi bərbad,
Kimdən,
əcəba, ummadasan
kəndinə imdad?
Cəfər Cabbarlı böyük
gücünü bildiyi
Şərqin sükuta
dalmamasını, ətrafında
cərəyan eləyən
hadisələri biganə
və süst seyr etməməsini, gücünü toplayaraq layiq olduğu haqqa çatması yolunda mübarizələrə
qalxmasını arzulayırdı.
1924-27-ci illərdə Azərbaycan
Dövlət Universitetində
təhsil alarkən başqa bir fakültəni deyil, məhz şərqşünaslıq
ixtisasını seçməsi
də onun bu elm və yaradıcılıq istiqamətinə
ruhən və fikrən dərin bağlılığından deyirdi.
Yəni bu, hisslərin yönəltməsi
ilə, universitetdəki
başqa humanitar ixtisaslara nisbətən bu səmtin daha cazibəli görünməsi səbəbindən
deyildi. Onun məqsədli istəyi bu idi ki, Yaxın-Orta
Şərqin keçmişini
də peşəkarcasına
və mükəmməl
öyrənsin.
Artıq
XX əsrin ilk onilliklərindən
Cəfərin vətəni
Azərbaycan da Yaxın-Orta
Şərqin, müsəlman
coğrafiyasının bir
növ mərkəzinə
çevrilirdi - şair
sözündə yox,
əməldə, gerçəkdə!
1920-ci ilin sentyabrında böyük Nəriman Nərimanovun təşəbbüsü
ilə Bakıda Şərq xalqlarının
Birinci qurultayının
keçirilməsi həm
Azərbaycanın, həm
də bütöv Şərqin həyatında
o zaman üçün son dərəcə
əlamətdar, Azərbaycanı
bir neçə qat ucaldıb dünyanın görəcəyi yüksəklikdə
göstərə bilmək
hadisəsi (və hünəri!) idi.
Bu tarix dəyişən qurultaydan az ötəcək, Şərqə
və həm də Şərqin tərkib hissəsi olan Azərbaycanın dünəninə artan maraqların bəhrəsi
olaraq gənc respublikada yeni təsisat fəaliyyətə başlayacaq
- Azərbaycanı Tədqiq
və Tətəbbö
Cəmiyyəti. Orda çağın azman şərqşünas alimləri
və üstün aydınları toplaşacaq,
aralarında Azərbaycana
kənardan dəvət
edilmiş bir bölük məşhur araşdırıcılar da olacaq.
Görkəmli şərqşünas
alimlər də Azərbaycana ona görə dəvət edilmişdilər ki, başlanan
yeni zaman içərisində Azərbaycanı yeni baxışla,
təzə təfəkkürlə
Şərq kontekstində
tədqiq etsinlər, bizdə də peşəkar şərqşünaslıq
məktəbinin yaranmasına
şəxsi nümunələri
və ötürəcəkləri
təcrübələrlə təkan versinlər, bununla da Azərbaycanda Şərqi öyrənməyin
yeni zamana uyğun akademik xətti başlansın. "Akademik"
yazmışkən, əslində
Azərbaycan Milli Elmlər
Akademiyasının tarixinin
yanlış və qüsurlu yanaşma olaraq SSRİ Elmlər Akademiyası ilə bağlanaraq 1945-ci ildən
hesablanmasından imtina
edilməli, bu tarix elə Azərbaycanı Tədqiq
və Tətəbbö
Cəmiyyətinin yaradıldığı
gündən götürülməlidir.
1926-cı
ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsi
də elə həmin dalğanın davamı idi. 1920-ci illərin başlanğıcında
Azərbaycan artıq yaxın coğrafiyada şərqşünaslığın əsas mərkəzlərindən
birinə çevrilirdi.
1919-cu ildə milli dövlətimizin
- Azərbaycan Cümhuriyyətinin
həyatında millət
yaddaşında və
tarixdə əziz gün kimi qalacaq
və bütün gələcək boyu müsbət əks-sədasını
hər bir azərbaycanlının duyacağı
fərəhli hadisə
baş verdi: Azərbaycan Darülfünunu
- Azərbaycan Dövlət
Universiteti yaradıldı.
Bu ilk və indiyədək də baş ali təhsil ocağımız auditoriyalarını
tələbə üzünə
açdığı ilk dövrlərdən
orda artıq şərqşünaslıq araşdırmaları
və tədrisi vardı: tarix-filologiya fakültəsinin nəzdində
Şərq bölməsi
də qurulmuşdu və həmin bölmənin xətti ilə ərəb və fars dilləri
öyrədilirdi.
Lakin bu, sadəcə ilk addım, bir növ sabahkı müstəqil şərqşünaslıq
fakültəsinə çatmaqçün
tədarüklərdi, niyyətlərsə
bəs deyincə idi və o sırada
darülfünunda şərqşünaslığın
tədrisini mükəmməl
şəkildə qurmaq
da başlıca hədəflər
sırasında idi.
1920-ci ildə Azərbaycana artıq imzası elmi dairələrdə yetərincə tanınmış
bir şərqşünas
köçüb gəlir
- Panteleymon Juze.
O, əslən bir xristian ərəb idi, 1870-ci ildə Yerusəlimdə doğulmuşdu.
Başlanğıcda Fələstində,
Livanda pravoslav rahiblərdən dərs almış, ərəbcəni
də, fransızcanı
da uşaqlıq illərindən
mənimsəmişdi. Xeyli
illər sonra o, Rusiyaya gəlib çıxdı, Peterburqda,
Kazandakı fəaliyyətləri
yaxşı bildiyi dillər sırasına ruscanı da artırdı.
O, taleyini buralarla birdəfəlik bağlamağı
qət etdiyindən Rusiya təbəəliyini
də qəbul etmişdi.
1920-ci ildə isə Panteleymon Juzeni Azərbaycana dəvət edirlər.
Onun adı rəsmi sənədlərdə Panteleymon
Krestoviç Juze kimi getsə də, əsl ismi də, atasının
adı da, soyadı da
başqaydı - o, Bəndəli
ibn Səlib əl-Cauzi
idi. Lakin bu sonradangötürmə ad-soyad
əslində elə dədə-babadan ona qismət adın, ata adının və soyadın eynisi idi. O, sadəcə, adını
da, soyadını da Avropa
səslənişinə uyğunlaşdırmış,
atasının adını
da tərcümə edərək
yaşadığı yeni coğrafiyaya
uyğunlaşdırmışdı: ərəbcədəki "əs-səlib"
elə "krest",
"xaçlı" deməkdir.
1920-ci ildə Panteleymon Juze qiymətini çox onillər ötəndən sonra da hifz edəcək tədqiqlərini ararmaqla bərabər Azərbaycan
Darulfünunundakı Tarix-filologiya
şöbəsinin Şərq
bölməsində çalışmaqdaydı
və quruculuq, gördüyü işə
əhatəli yanaşmaq
keyfiyyəti canında
olduğundan işlədiyi
bölməni universitetdə
daha sanballı mövqeyə çatdırmaq
barədə ciddi düşünürdü və
şərqşünaslığın, sadəcə, tarix-filologiya
fakültəsinin tərkibində
bir bölmə olmasını bu elm və tədris sahəsi üçün
dar hesab edirdi. Rəhbərliyin də universitetdə daxili şaxələnməni,
genişlənmə və
dərinləşməni artırmaq
məqsədləri ilə
Juzenin təklifləri
üst-üstə düşdüyündən
təşəbbüsünü dilə gətirincə bunu tutarlı bir layihə kimi təqdim etməsi istənilir. O da ləngimədən təqdimat
yazır, elmi şəkildə əsaslandırır
ki, Azərbaycan ali təhsil şəbəkəsində
bu gün şərqşünaslıq müstəqil
bir istiqamət olmalı, hazırkı bölmə fakültəyə
çevrilməlidir.
Və bu vicdanlı, inadkar alimin səyləri çox keçmədən bəhrəsini
verir: 1922-ci ilin iyulunda Azərbaycan Dövlət Universitetində
Şərqşünaslıq fakültəsi yaranır.
Həmin fakültənin
birinci dekanı isə elə təşəbbüskarın özü
təyin edilir - Panteleymon Juze!
O nurlu şəxsiyyəti həmişə minnətdarlıqla
xatırlamalıyıq. Juze
yalnız Azərbaycanda
Şərqşünaslıq təhsilinin qurucularından
olmadı. Azərbaycanda
şərqşünaslıq elmi məktəbinin də banisinə çevrildi. Silsilə sanballı araşdırmalarının,
tərcümələrinin bir qismi elə
özünün sağlığında
işıq üzü
gördü, ancaq ərəbcədən etdiyi
çox dəqiq, kamil elmi şərhlərlə
müşayiət edilən
və nəşr edilmədən arxivlərdə
əlyazma halında qalan xeyli tərcümələri
də vardı ki,
1920-30-cu illərdə yerinə
yetirilmiş həmin işlərin əks-sədası
1970-80-ci illərdə üzə
çıxmağa başladı.
Amma heç də həmişə öz imzasıyla yox. Başqa bir sıra məşhur alimlər də "dərə xəlvət, tülkü bəy" arxayınlığı ilə
onun əsərlərini,
çevirmələrini mənimsədilər,
öz adlarından ortaya çıxartdılar.
Ancaq ömür yolu ilə, keçdiyi yolla, mənəvi aləmi ilə, baxışları ilə
yaxından tanış
olandan, onu bir alim və insan kimi dərindən
tanıyandan sonra məndə belə qənaət yaranır ki,
Panteleymon Juze sağ olsaydı və görsəydi onun etdiyi hansısa
tərcüməsinin üstündə
özünün deyil,
bir başqasının
adı yazılıb,
nə qeyzlənər,
nə inciyərdi. Onun məhz belə bir insan
olduğunu mənə
unudulmaz alimimiz, özü də bilik və şəfqətlə
dolu akademik Əbdülkərim Əlizadə
söyləmişdi.
Juzedən ötrü mühüm
olan Şərqin gizlində qalan, yeni zamanda bilinməsi vacib dəyərli irsinin ortaya çıxarılması idi.
Hələ cavanlığında magistr işini yazmış, ardınca doktorluq dissertasiyasının
müdafiəsi üçün
bir-birindən qüvvətli
ağsaçlı alimlərdən
ibarət mötəbər
elmi şuranın qarşısına çıxmışdı.
Əsərini mötəzililərə
həsr etmişdi. Müzakirə əsnasında
Juzenin mövqeyi ilə razılaşmayaraq
ona irad tuturlar ki, dissertasiyada islah edilməli qüsurlar var, müəllif
əsərdə İslama
tənqidi baxışı
əks etdirməyib. Qarşısındakı nüfuzlu
alimlərin mövqeyi
ilə barışmayan
gənc araşdırıcı
sübutlarla, dəlillərlə
öz qənaətlərini
müdafiə edərək
bildirir ki, bu, elmdir, tarix necə
varsa, o cür də yazılıb təqdim edilməlidir. Mən tarixi həqiqətləri hansısa
siyasi, dini, fərdi baxışlara görə dəyişə,
təhrif edə bilmərəm. Dissertasiya müdafiə edirdi, o gün alacağı son qiymət onu dinləyənlərin yekun
rəyindən asılı
idi, bəlkə də cavabını daha yumşaq, daha diplomatik verməsi o gedişatda daha məsləhətli olardı. Ancaq elmi heysiyyəti və alim mərdliyi onu düşündüyünü,
inandığını həmin
anın məxsusi həssaslığına bənd
olmayaraq açıq ifadə etməyə çağırmışdı. Ömrünün axırınacan
da bu əqidəsinə
sadiq oldu.
Orta çağın milli tariximizlə
bağlı çox qaranlıqları aydınladan
"Əl-Kamil fit-Tarix"i
- İbn Əsirin o məşhur
salnaməsini azərbaycanlılar
tanıdılarsa, keçmişimizin
bir para həlledici səhifələri və
hekayətlərindən həmin
mənbənin soraqları
vasitəsilə xəbər
tutdularsa, səbəbkar
həmin Panteleymon Juze idi.
Elə Cəfər Cabbarlının
içərisində də
Şərqə və
Şərqin keçmişinə
sevginin daha da alovlanmasının səbəbkarlarından
ilkini müəllimi Panteleymon Juze olmuşdu.
Juze yaxşı müəllim,
yorulmaz təhsil qurucusu və təşkilatçısı olsa
da, bundan daha əvvəl alim idi. Bu məziyyəti çox keçmədən onun Azərbaycan Dövlət Universitetindəki sirayətedici
fəaliyyətlərində təzahür edir. Dekanı olduğu şərqşünaslıq fakültəsini
tezliklə öyrədici
məkan olmaq çərçivəsindən qırağa çıxarır,
tədricən buranı
yalnız Azərbaycanda
şərqşünaslıq tədrisinin deyil, şərqşünaslıq elminin
də mərkəzinə
döndərir.
Bu da rəhmətlik Panteleymon Juzenin Azərbaycan tədris və elm tarixindəki daha bir unudulmamalı xidmətidir.
1942-ci ildə artıq Panteleymon Juze yaşlı bir insan idi. Gecələrdən
birində 1870-ci il təvəllüdlü,
səksəninə doğru
irəliləməkdə olan
ixtiyar alimin qapısı döyülür.
Onun ardınca NKVD-nin qara maşını gəlmişdi. Panteleymon Juzenu casusluqda ittiham edərək aparırlar, aylarla dindirirlər, işgəncələrə,
təhqirlərə məruz
qoyurlar.
Casus kimə deyirlər? O şəxsə ki, burdan ora söz aparar,
ordan bura xəbər çatdırar.
Bəli, Panteleymon Juze casus idi. Fəqət onun casusluğu xəfiyyələrin
şpion saydıqlarınkılardan
deyildi. Juze tarixin keçmişlərindən,
əsrlərin uzaqlarından
yeni günə xəbər
gətirən idi. Amma
zavallı qocanı siyasi casusluqda, Sovet İttifaqının və onun ideologiyasının
əleyhinə işləməkdə
suçlayırdılar.
Yolunun başlanğıcındansa Panteleymon
Juze - Bəndəli əl-Cauzi yalnız o işlərlə məşğul
olmuşdu ki, onlar Sovetin meydana gəlməsindən əsrlər
öncə baş vermişdi. O, əski tarix, orta çağ
mədəniyyəti üzrə
bilgin mütəxəssis
idi və əməklərinin bəhrəsi
həm bizim xalqa, həm də bütövlükdə
insanlığa gərəkdi.
Nə qədər dindirsələr
də, əziyyət versələr də, istintaq bu imam təbiətli saf adamda yapışılası
bir əngəl tapa bilmir və Panteleymon Juzenin günahsızlığı təsdiqlənir,
onu azad buraxırlar. Lakin NKVD zirzəmilərində
keçirdiyi həftələr,
aylar gedib Cəhənnəmi görüb
qayıtmaq qədər
müdhiş idi və həmin qara zolaq Juzenin
səhhətini bərk
laxlatmışdı.
Azadlığa buraxılsa da, növbəti
ilə adlamağa taqəti çatmır - elə 1942-ci ildəcə
həyatdan gedir.
Bu müstəsna şəxsiyyət
elə şərəfli
elm və həyat yolu keçib, elə dəyərdəndüşməz
əsərlər yaradıb,
Azərbaycan üçün
şərqşünaslığın bir elm və tədris sahəsi kimi elə etibarlı
bünövrəsini qoyub
ki, adına və xatirəsinə xalqımızın
əbədi sayğı
və şükranlığını
halal haqqı olaraq qazanıb.
...1950-1960-1970-ci
illərdə buraxılmış
bir sıra kitablar var ki, indi də təkrar-təkrar nəşr olunur, insanlar alırlar, oxuyurlar, zənginləşirlər
və çox zaman fərqində olmurlar ki, onlarla şirin ana dilində danışan bu inci kitabların
hər səhifəsinin
ardında nə zəhmətlər durur. Kitabın əvvəlində
bircə yerdə xırdaca hərflərlə
yazılmış tərcüməçi
adı onların çoxuna heç nə demir. İlk dəfə nəşr edilib əl-əl gəzdiyi vaxtlarda isə o kitabların xalqa çatmasının
əsas səbəbkarları
olan bir neçə alim və ədibi şəxsən olmasa da, uzaqdan-uzağa hamı tanıyır, qaibanə ehtiram bəsləyirdi.
Onların hər biri Azərbaycanın elm, mədəniyyət,
ədəbiyyat tarixində
silinməz izlər qoymuş insanlardı. Onlar müəllimlər idilər, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində
dərs deyirdilər, həm də elmlə məşğuldular.
Ancaq hər biri alimlikləri və müəllimliklərinin
fövqündə şəxsiyyət
kimi nəhəng idi. Onlar həyatlarını
bağladıqları, talelərinin
və ömürlərinin
ayrılmaz parçası
olan şərqşünaslıq
fakültəsinin, əməkdaşı
olduqları universitetin
çərçivəsinə sığmayan insanlar idilər - Ələsgər
Məmmədov, Mübariz
Əlizadə, Rəhim
Sultanov, Yusif Ziya Şirvani, Əhməd Şəfai...
Hərəsinin həyatı bir
ayrı dastan idi. Onları o cür bənzərsiz və yenilməz, millətpərvər
və dürüst edən həm də yaşamış olduqları qətiyyən
sadə olmayan ömürləri idi. Onlar elə yollardan keçmişdilər
ki, hərəsinin həyatı
bir neçə cildə sığacaq, dramatizmlə daşan roman
kimi idi. Ancaq ömürlərindən
əsib keçmiş
acı yellər, talelərini silkələmiş
qasırğalar bu insanları büdrədə,
həvəsini azalda, onları daxilən kobudlaşdıra bilməmişdi.
Onlar elmə, mədəniyyətə, maarifə,
xalqa xidməti son nəfəslərinə qədər
həyatlarının başlıca
mənası, ömür
amalı saydılar.
Onların hər birinin dərsi sadəcə dərs deyildi, bir tamaşa idi və ən
vacibi, onlar yalnız bu zəngdən o zəngə
qədər auditoriyada
dərsini deməklə
işini tamamlayan müəllimlər zümrəsinə
aid deyildilər. Onlar təpədən-dırnağa,
iliklərinəcən əsl
müəllim olduqlarından
dərslərini fasiləsiz
davam etdirirdilər.
Adi söhbətləri də,
insanlarla təmasları
da, gündəlik həyatları
da, elə adicə oturuşları-duruşları da dərs idi.
Onlar şərqşünas alimlər
idilər və söz yox, indiki
yaşlı nəsil yaxşı xatırlayır
ki, 1960-70-ci illərdə Azərbaycanda
Şərqə, onun böyük şəxsiyyətlərini
tanımağa maraq da
artmışdı. Bu ehtiyacı
qarşılamağa körpü
olacaq kitablar da bir-birinin ardınca işıq üzü görürdü və Azərbaycan boyu hamının evində olmasını umduğu, hökmən oxumaq istədiyi məşhur kitabların izi gəlib şərqşünaslıq
fakültəsinə çıxırdı.
"Qabusnamə", Sədinin
"Gülüstan"ı, "Bustan"ı, Caminin
"Baharistan"ı, "Yusif və Züleyxa"sı,
"Kəlilə və
Dimnə"...
Buna və bir də
tələbələrinin elə
təhsil aldığı
müddətdə 1-2 illiyə
xaricə işləməyə
göndərilməsi (bu
isə sovet dönəmində, sərhədlərin
qapalı əyyamlarında
qeyri-adi fürsət idi. Gedib işləyirdin,
həm dünyanı görürdün, həm
sovetdəkindən neçə-neçə
qat artıq məvacibin
olurdu, həm SSRİ-də şəxsi avtomobil əldə etməyin müşküldən-müşkül
olduğu, lap nə yollasa istəyinə çatsan da, "bunu hansı vəsaitlə almısan" kimi ittihamedici sualların səni qarabaqara izləyəcəyi şübhəcil
vaxtlarda zəhmətinlə
qazandığın qanuni
pula qorxusuz-hürküsüz maşın ala bilirdin) ucbatından o dövrdə
şərqşünaslıq fakültəsi Azərbaycanın
təhsil şəbəkəsində
hər bir gəncin röyası idi.
Rəhim
Sultanov, Mübariz Əlizadə, Ələsgər
Məmmədov, İsmayıl
Şəms, Əhməd
Şəfai, Həsən
Əlizadə, Nəyyar
Zaman Hatəmi bu fakültənin aparıcı
müəllimləri və
şərqşünaslıq elminin yalnız Azərbaycanda yox, respublikadan kənarlarda da tanınıb yüksək
dəyərləndirilən simaları idilər. Fakültədəki cavan müəllimlər də
onların yetirmələri
idi və sabah elə müəllimləri kimi böyük şöhrət
qazanacaq Malik Mahmudov, Vasim Məmmədəliyev,
Aida İmanquliyeva ustadları
ilə çiyin-çiyinə
tükənməz həvəs
və qaynarlıqla çalışırdılar.
Onlar dərsliklər yaradırdılar,
elmi əsərlər
yazırdılar, mətbuatda,
radioda, televiziyada, ən müxtəlif mərasimlərdə, tədbirlərdə
çıxışlar edirdilər,
ziyalı mühitimizin
işığını artırırdılar,
şərqşünaslıq elmimizi və məktəbimizi irəlilədirdilər.
Ancaq, eyni zamanda, onlar
həm də yaxşı nasirlər, şairlər, tərcüməçilər
idilər. Onlara yazıçı və şair olaraq "yaxşı" sözü
yaraşırsa da, bədii
tərcümə ustaları
kimi bu təyin
onların böyüklüyü
müqabilində, sən
deyən, yerinə düşmür. Onları
"çox yaxşı"
adlandırmaq da insafsızlıq
olardı - fövqəladə
idilər. Elələrinin
bir daha olmasını nə qədər arzulasaq da, bu, gerçəkləşməsi
adama mümkünsüz
kimi gələn diləkdir.
Əhməd Şəfai İranda
peşəkar hərbçi
olmuşdu, polkovnik rütbəsinədək ucalmışdı,
ancaq ona tam layiq olduğu general rütbəsinə yetişməyə
tale maneçilik törətmişdi
- şahlıq rejiminə
qarşı silahlı
etirazçı dəstəyə
rəhbərlik edən
polkovnik edam təhlükəsi
ilə qarşı-qarşıya
olanda mühacirət məcburiyyətində qalmışdı,
Sovet Azərbaycanına
keçmişdi, hərbçilikdən
biryolluq ayrılaraq müəllimliyə başlamış,
ömrünün qalan
hissəsini Bakıda sürməyə qərar
vermişdi. Hərbi sahədən ayrılsa
da, hərbçi intizamı
və dəqiqliyi onunla həmişəlik qalmışdı, yüksək
səriştəlilik və
şövqlə elmə,
tədrisə bağlanmış,
tezilklə bu istiqamətlərdə də
mahirliyini əyan etmişdi.
Professor Əhməd Şəfai Azərbaycan şərqşünaslığına
uğurlar gətirən,
bu məktəbi daha da gücləndirib irəli aparanlardan oldu. O həm də bişkin qələmli şair idi və yadigar
qoyduğu daha bir qiymətli iş də bu idi ki, Sabirin
"Hop-hopnamə"sini farscaya
çevirdi. Elə məharətlə ki, oxuyan
zənn edər Mirzə Ələkbər
bu şeirləri məhz farsca qələmə alıbmış.
...Ələsgər Məmmədov
Azərbaycan şərqşünaslığındakı
zirvə, bütün
ərəbşünasların özünə müəllim
saydığı professorlardan
idi.
O, uzaq 1937-1941-ci illərdə
Bakıda Pedaqoji İnstitutun Xarici dillər fakültəsində
alman dili ixtisasına yiyələnmişdi. Amma ardınca
1941-1944-cü illərdə Moskvada Hərbi Xarici Dillər İnstitutunun Şərqşünaslıq
fakültəsinin Ərəb
dili fakültəsində
də dərs almışdı. Ora gedib
çıxmaq təsadüfi
olmurdu. Demək, o,
SSRİ Müdafiə Nazirliyi
Baş Kəşfiyyat
İdarəsinin maraq dairəsinə düşmüşdü
ki, yolunu beləcə
açmışdılar. İkinci
Dünya müharibəsinin
şiddətli vaxtında
əsgərlik yaşında
olan bir gəncin cəbhəyə
göndərilməyərək, hərbi tərcüməçi
kimi təhsil almasına imkan verilməsini başqa cür izah etmək
mümkün deyil. Təbii, bu, onda qabiliyyət, istedad sezmiş dövlətin seçimi idi. Hərdən Ələsgər müəllim
özü zarafatla deyərdi ki, mən üç "de"yəm:
desant, diplomat, dilmanc.
...Ələsgər Məmmədovun
məhz xüsusi seçimlə hərbi istiqamətli təhsilə
cəlb edilməsinin bir sübutu da odur ki, 1946-cı ildə
o, Nürnberq Beynəlxalq
Hərbi Tribunalında
işə cəlb edilmiş, alman dili tərcüməçilərindən biri olmuşdu.
Zabitəli, tələbkar, sərt,
amma belə olduğu qədər də mülayim, şux olan Ələsgər
Məmmədov söyləyirdi
ki, Moskvadan qayıdıb
Azərbaycan Dövlət
Universitetində ərəb
dili dərsi deməyə başladığı
vaxtlarda və tədrisə öz yenilikçi üsullarını
gətirməyə çalışdığı
dövrlərdə köhnə
düşünən bəziləri
ona irad da tutur, inamsız da baxırlarmış ki, bu
nə məktəb görüb ki, onun dərs aldığı yerdə özləri ərəbcəni necə
bilirlər ki, buna da öyrədələr?
Amma Ələsgər müəllim
ustadı Xarlampi Karpoviç Baranovu
(1892-1980) minnətdarlıqla xatırlayır, artıq qocaman yaşlarında olduğu çağlarda
da "onun çörəyini
yeyirəm" deyirdi.
XX yüzilin ilk onillərində
parlamış və imzası dünya şərqşünaslığına düşən professor Baranov məşhur
Moskva Lazerev Şərqşünaslıq
İnstitutunun Ərəb,
fars, türk şöbəsini bitirmişdi
və üç dilin üçünü
də mükəmməl
bilirdi. Onun yaratdığı lüğətlər
sonralar bu qəbil çox ikidilli lüğətlər
tərtib edilsə də, bu gün
də, əvvəlki kimi, ən çox
inanılan masaüstü
kitablar cərgəsindədir.
Ancaq Baranov kimi seçkin bir şərqşünas ustaddan
dərs almış Ələsgər Məmmədov
böyük müəllimindən
öyrəndiyi ilə
kifayətlənmədi, özü
təzə bir yol yaratdı, müasir Azərbaycan ərəbşünaslığının təməlini qoydu, Azərbaycan ərəbşünas
alimlərinin yeni nəslini
yaratdı. Onun doğurduğu ərəb
dili dərslikləri yenilikçiliyi ilə bütün əvvəlkilərdən
seçilirdi və heç vaxt da köhnəlməyəcək.
Onun verdiyi dərslər ustacasına bilikötürməylə
artistizmin vəhdəti
idi. Həmin dərslərdə yorulmaq
mümkünsüz idi.
O dərslərdən bilik
almadan ayrılmaq olmazdı. Öyrənənin
səviyyəsindən asılı
olmayaraq, hansısa tələbə Ələsgər
müəllimin qarşısında
dayanmışdısa, 45 dəqiqə,
bir qoşa saat sonra həmin
sinif otağından mütləq nəsə öyrənərək çıxacaqdı.
Başqalarının sözü
ilə demirəm, özüm şahidəm:
1970-ci illərdə şərqşünaslıq
fakültəsinin tələbəsiykən
fars bölməsində
oxusam da, hərdən
cədvəlimiz imkan verəndə Ələsgər
müəllimdən xahiş
edərək sadəcə
dinləməkçün onun
dərslərində oturardım.
Görünən bu idi ki, hər növbəti dərsdə tələbənin
hətta ərəb dili bilgisində hansısa irəliləyiş
olmasa belə, o, həyat elmindən hökmən yeni və gərəkli olan nəyisə mənimsəyəcəkdi.
Axı bu, Ələsgər müəllim
idi!
...Şərqşünaslıq fakültəsinin
gözəl çağlarının
xoşbəxt tələbələri
idik, Ələsgər
Məmmədov hər
gün ünsiyyətdə
olduğumuz insanlardan biri idi. Zahirən
hansısa əlamətləri
ilə ətrafdakılardan
xüsusən seçilməyən
bu insanı əvvəlcədən tanımayanın
elə sıradan olan bir kəs
kimi qəbul etməsi də istisna deyildi. Amma qısaca təmasdan sonra, hətta onunla kəlmə kəsmədən belə
elə iki-üç
dəqiqə dinləyincə
qənaət dəyişirdi.
Tələbəlik illərində Mirzə
Fətəli Kitabxanasında
İkinci Dünya müharibəsinin bitməsindən
az sonra keçirilmiş, müharibə
cinayətkarlarına qurulan
gərgin məhkəmə
iclaslarını əks
etdirən stenoqramları
oxuyurdum. Nürnberq prosesindəki gedişatı
canlandıran bu kitablarda tərcüməçilərdən
biri "A.Mamedov"
kimi göstərilirdi.
Dərhal məndə
bu tərcüməçinin
azərbaycanlı olması
ilə bağlı maraq oyandı ki, görəsən, o, kimmiş,
ora necə gedib çıxıbmış,
sonrakı taleyi necə olub?
Elə yüngülvari axtarışa
başlayınca, bir-iki
nəfər məlumatlı
adamdan soruşunca bəlli oldu ki, bu "A.Mamedov"
yazılan əslində
hamımızın tanıdığı
ərəbşünas Ələsgər
Məmmədovmuş. Əlbəttə,
fəxr etdim ki, bir azərbaycanlı belə məsuliyyətli,
tarixi mənası olan məhkəmədə
təmsil olunurmuş və bir də
daha çox ona görə iftixar etdim ki, həmin dövrdə və ondan sonrakı
bir neçə onil ərzində də Azərbaycandan farsca, ərəbcə, ümumiyyətlə, Şərq
dilləri sahəsində
mükəmməl tərcüməçilər
çıxmışdısa da, Avropa dillərindən - ingiliscə, fransızca, almanca, italyanca, ispanca üzrə tanınmış mütərcimlərimiz
yox kimi idi. Ancaq görün
Ələsgər Məmmədov
hansı səviyyənin
sahibi imiş, almancası da, ruscası
da necə rəvanmış
ki, onu Nürnberq prosesi kimi son dərəcə həssas
və siyasi siqlətli mərasimdə
iştiraka cəlb ediblərmiş. Ancaq o stenoqrafik hesabatları diqqətlə oxuyarkən
bəzi uyğunsuzluqlara
da rast gəldim. "A.Mamedov" adı çox iclaslarda tərcüməçi
kimi qeyd edilirdi. Stenoqramların əvvəlində hər
iclasın günü
və saatı da nişan verilirdi, lakin görürdüm ki,
hərdən uyğunsuzluq
kimi qəbul edilə biləsi hallar var: eyni gündə, təxminən
eyni saatlarda paralel məhkəmə iclasları gedib, di gəl orda da, burda da tərcüməçi
"A.Mamedov"dur. Heyrətləndim ki, bu, necə ola bilər, bir adam eyni
saatlarda fərqli salonlarda tərcüməçilik
edirmiş. Mənim üçün bir müəmmaya çevrilən
bu sualın cavabını o vaxt Ələsgər müəllimin
özündən soruşmuşdum
və bunu da xəbər almışdım
ki, stenoqramlardan birində
məhbus guya tərcüməçinin onun
fikrini düz çevirmədiyindən şikayətlənir,
nəyi yanlış çatdırmışdınız?
Güldü, dedi ki, bəli,
tamamilə doğrudur,
o vaxt Nürnberq prosesində "Mamedov" soyadlı
tərcüməçinin iki yerdə olması qanunauyğundur. Çünki, həqiqətən,
həmin məhkəmədə
müxtəlif zallarda
Azərbaycandan olan iki nəfər Məmmədov soyadlı tərcüməçi vardı.
Biri Ələsgər Məmmədov,
digəri Ənvər
Məmmədov.
İclaslar vaxtı müttəhimlərin
ara-sıra tərcüməçilərə
irad tutmasınısa Ələsgər müəllim,
sadəcə, diqqətyayındırma,
daha sərt ittihamlardan yayınma fəndi adlandırdı, belə halların o qəbil məhkəmə
prosesləri üçün
səciyyəvi olduğunu
söylədi: "Elə
yerlərə hər tərcüməçini onlarla
yaxşı mütərcimlərin
arasından, yüz ölçüb-bir biçərək
seçirdilər".
Həmin
ikinci "A.Mamedov"
- Ənvər Məmmədov
sonralar SSRİ televiziyasının
rəhbərlərindən birinə çevrildi və 1960-70-ci illərdə
Sovet televiziyasının
həyatında baş
verən əksər diqqətəlayiq və demokratik yeniliklərin müəllifi məhz Ənvər Məmmədov
idi.
1980-ci illərdə SSRİ televiziyasının
aparıcı əməkdaşları
ilə görüşlərimizdə
onlar etiraf edirdilər ki, Mərkəzi
televiziya Ənvər Məmmədovun çiyinlərində
gedir. Əlbəttə,
belə azərbaycanlılarla
həmişə qürur
duymalıyıq.
...Ələsgər Məmmədov
nadir bağban idi. O, Azərbaycanın yeni, güclü
ərəbşünaslar nəslini
yetişdirdi. Həm də məqsəd ondan ibarət deyildi ki, bunlar yalnız ərəb dilçiliyi ilə məşğul olsunlar.
Bu müdrik insan yaxşı bilirdi ki, Azərbaycanın orta əsrlərdə ərəb
dilində yaradılmış
və əsl xəzinə olan intəhasız irsi var, həmin miras ərəbdilli alim və şairlərimiz, ərəbcə
qələmə alınmış
və dünya əlyazma xəzinələrinə
səpilmiş saysız-hesabsız
elmi, ədəbi, tarixi kitablarımızdır,
bunları üzə çıxarmaq, tərcümə
etmək, elmi-ədəbi-mədəni
dövriyyəyə qatmaq,
gələcək nəsillərə
ötürmək bir vəzifə və borcdur
Araşdırıcılarını gözləyən
bu mövzular ona görə uzun müddət açıq qalmışdı
ki, həmin işləri
görəcək kifayət
qədər peşəkar,
səriştəli mütəxəssislərimiz
olmamışdı. Kitaba
bağlılıq, qələmə
sədaqət, axtarıcılığa
aludəlik bu sözün birbaşa anlamında axıracan (!) Ələsgər Məmmədovla
qaldı.
Bunu mənə ustadın qızı söyləyib
ki, Ələsgər Məmmədov
həyatının axır
parçasında, xəstəxanada
ikən ömrünün
əsas bəhrələrindən
olan "Ərəb dili" dərsliyini yeni redaksiyada çapa hazırlayırmış. Artıq
korrekturalar ortadaymış,
həkimlər qadağan
ediblərmiş ki, nəinki
çox işləməsin,
heç yerli-dibli yazı-pozuyla məşğul
olmasın.
Ələsgər müəllimi fikrindən
döndərməkmi olardı?
Qızı yada salır ki, ata
tələb edirdi korrekturaları mütləq
gətirsinlər. Müayinələr,
iynələr, dərmanlar
arasındakı fasilələrdə
yatağında oturaraq
həmin qalaq-qalaq kağızları qoyurmuş
dizinin üstünə,
təshihlərini aparırmış,
üstəlik təkid
edirmiş ki, düzəlişdən
sonra gətirsinlər,
bir də nəzərdən keçirsin.
O son kitabını görmək,
əlində tutmaq Ələsgər müəllimə
qismət olmadı. Ancaq onun həyatdan
köçməsindən ötən
onillər ərzində
başqa müəlliflərimizin
ərəb dilçiliyinə
və ərəb tarixinə, ərəbdilli
elmi və bədii söz yatırımıza aid bolluca
kitabları nəşr
edilib. Yalnız müəlliflər deyil, redaktorlar, rəyçilər
də yeni nəsil şərqşünaslardır. Amma həmin kitabların hər birində yazıda görünməsə
də, hər halda Ələsgər Məmmədovun danılmaz
payı var. Çünki
Ələsgər Məmmədov
olmasaydı, onun yaratdığı ərəbşünaslıq
məktəbi davam etməsəydi, yetirmələri
ustadın qoyduğu təməllər üzərində
dikəlməsəydilər, nə o sıraları ildən-ilə sıxlaşan
kitablar yazılardı,
nə onları doğuran alimlər. Buna görə də Ələsgər Məmmədovun
adı Azərbaycan ərəbşünaslığının dünənindən də
bəhs eləyəndə
həmişə iftixarla
çəkildiyi kimi,
gələcəyindən də
hər dəfə söz açılanda bu şərəfli ad mütləq yada düşəcək.
...O, mənim ən sevimli müəllimlərimdən
biri olub. Yalnız mənim yox ki! Şərqşünaslıq
fakültəsində kim
ki Rəhim Sultanovdan dərs alıb, ömrünün axırınacan
o böyük insanı
unutmayacaq.
Bütün ədaları və
davranışları, hər
deyişi ilə əsl ağsaqqal olan o mülayim, o qayğıkeş insan hər bir tələbəsinə
öz doğma övladı kimi baxırdı.
Rəhim
Sultanov Azərbaycan Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin
başlıca dayaqlarından,
fakültənin siması
olan barmaqla sayılacaq qədər azlardan idi.
Əslində mən onu üzünü görmədən
məktəb illərimdən
tanıyırdım.
Dayım
evdə təzə çıxmış "Qabusnamə"ni,
"Kəlilə və
Dimnə"dən parçaları
ucadan oxuyardı ki, hamımız dinləyək
və həmin əbədi abidələrin
xalqa çatmasının
səbəbkarının Rəhim
Sultanov olduğunu bilirdim. O kitablar daim yadda saxlanmalı, əməl edilməli öyüdlərlə dolu
idi və sən demə, Rəhim Sultanovun mənə müəllimliyi
əslində elə onun məhəbbətlə
araya-ərsəyə gətirdiyi
kitablarla hələ
1960-cı illərdə başlayıbmış.
Amma tale üzümə güldü,
1970-ci illərdə şərqşünaslıq
fakültəsində təhsil
almağa başlarkən
Rəhim Sultanov artıq mənə bilavasitə dərs deməyə başladı.
O, qədim fars dilini də incəlikləri və bütün gizlinləriylə
bilir və öyrədir, müasir farscaya dair də
araşdırmalar aparır,
vəsaitlər yazır,
ən çağdaş
elmi tələblər
səviyyəsində tədris
edirdi. Amma o, elə dilçiliyi qədər həm də incə zövqlü və bəsirətli ədəbiyyatşünas idi,
əski ədəbiyyatı
dərindən bilirdi və çox istəyirdi ki, o möhtəşəm
ədəbiyyat bugünün
insanına daha yaxın olsun, onu içəridən böyütsün, kamilləşdirsin,
tərbiyə etsin, işıqlandırsın.
Rəhim
Sultanov əslən Ərdəbildən idi. Bunu da özü nağıl edirdi ki, nə mən, nə qardaşlarım heç vaxt düşünməzdik ki, taleyimiz
belə dəyişəcək.
Hamımız elmlə
bağlanacağıq.
Həqiqətən də, hər ikisi sonralar şərqşünaslıqda ad-san qazanacaq Rəhim
və Məmmədağa
Sultanovların hər
biri ömürlərini
Bakıda davam etdirməyə başlayandan
sonra ədəbiyyata,
dilçiliyə, zərif
sənətlərə dəxli
olmayan ayrı istiqamətlərdə irəliləyirdilər.
Məmmədağa Bakı
ətrafının neft
mədənlərində çalışırdı,
Rəhim kimyaçı
idi. Ancaq zaman onları şərqşünaslığın
füsunkar cazibəli
aləminə doğru
çəkdi. Rəhim
Sultanov cavan çağlarından ömrünün
sonunadək şərqşünaslıq
fakültəsində buranın
dayaqlarından sayılan
kafedranın müdiri
oldu və çoxsaylı gənc alimlər nəslinin yetişdiricisinə çevrildi.
Elə məni də hələ ikinci kursda ikən kafedraya dəvət edərək elm yoluna bağlayan, həyatı və irsi gərəyincə
tədqiq edilməmiş
XI əsrin təsəvvüf
şairi və alimi Baba Tahir Üryanı
araşdırmağımı tövsiyə edən Rəhim Sultanov oldu.
Həmin
ilin yayında dərslərimizi və imtahanlarımızı başa
vurandan sonra Leninqrada (indi Sankt-Peterburq) yola düşərək orda arxivlərdə işləmək
istədiyimi bildirəndə
Rəhim müəllim
sadəcə sevinmədi
- kövrəldi. "Sabah yanıma
gəl" dedi. Ertəsi gün mənə o vaxtlar Leninqradda yaşayıb-işləyən
bir neçə nəfərə yazdığı
məktubları verdi.
Həmin məktubların
ünvanlandığı alimlərin
sırasında azərbaycanlılar
da vardı, tanınmış
rus şərqşünasları
da. Rəhim müəllim
onların hər birindən rica edirdi ki, mənə köməklərini əsirgəməsinlər.
Həm də məktublarda yazırdı
ki, aspirantımdır. Qayıtdım
ki, ay Rəhim müəllim,
axı aspirant deyiləm,
elə üzümə
baxan kimi görəcəklər yaşım
azdır, tələbəyəm.
Dərhal dilləndi
ki, sən də onlarla elə ağıllı danış,
elə məsələlərdən
söhbət et ki, səni
tələbə yox,
aspirant kimi qavrasınlar.
Leninqraddakı axtarışlarımın nəticələri - orta əsr mənbələrindən
tapdığım naməlum
Baba Tahir dübeytiləri haqda
məqaləm növbəti
ildə Moskvada
SSRİ Elmlər Akademiyası
Şərqşünaslıq İnstitutunun nəşr etdiyi və tanınmış alimlərin
yazılarından ibarət
məqalələr məcmuəsində
sonralar elmi rəhbərim olacaq unudulmaz alimimiz Qəzənfər Əliyevin
köməyi və zəmanəti ilə yer alanda, həmin
toplunun əlimə çatan ilk nüsxəsini
Rəhim müəllimə
təqdim edəndə
yenidən duyğulandı:
"Görürsən, mən
deyən düz çıxdı, səni
azı aspirant kimi qəbul etməsəydilər,
belə nüfuzlu bir nəşrdə məqalənə yer verərdilərmi?"
Rəhim
Sultanovdan Azərbaycan
xalqına elə yadigarlar qalıb ki, həmin kitablar həmişə nəsil-nəsil
insanımızın masası
üstündə olacaq.
Tərcümə etmək,
xalqa çatdırmaqçün
hansı əsərləri
seçməsinin özü
də Rəhim Sultanovun nəcibliyindən,
xeyirxahlığından, kübarlığından
deyir. Bunlar elə abidələrdir
ki, dünyanın hansı
dilinə çevrilsə,
oxucuya yetişincə
həmin xalqın doğmasına çevrilər.
"Qabusnamə"ni yazan
Qabus ibn Vəşmgir
şərqli idi, kitabını ən əvvəl öz övladı Gilanşaha uzaq 1082-ci ildə bir vəsiyyətnamə, öyüdnamə kimi, eləcə də oxşar dünyagörüşü,
ovqat və yaşayış meyarlarına
alışqan ətrafdakılara
nəsihətlər toplusu
kimi nəzərdə
tutaraq yazmışdı.
Ancaq bu ibrətli hekayətlər
toplusu doqquz əsrdən artıq müddətdə Hindistandan
Mavərənnəhrə, Orta
Asiyaya qədər, Orta Asiyadan Qafqaza,
Qafqazdan İrana, Əfqanıstanacan əl-əl
gəzib, sevilib. Amma
XX yüzilin ikinci yarısında görkəmli
rus alimi Yevgeni Bertels həmin kitabı ruscaya çevirdi. Artıq bu kitab büsbütün başqa düşüncə,
zövq, fərqli yaşayış biçimləri
olan auditoriya ilə görüşürdü.
Amma aradan bu qədər zaman keçsə
də, indi kitabın təşrif gətirdiyi məkan tamam başqa idisə də, "Qabusnamə"ni slavyan oxucu da, Sovet İttifaqı boyunca çeşidli xalqların
onu mütaliə edən tam fərqli xarakterli və milli mentalitetli oxucuları da doğma qəbul etdilər, bəhs edilən mətləblər
onlara məhrəm göründü.
Demək,
başlanğıcda bir
nəfərə - doğma
övlada ünvanlanmış
bir kitab əslində
bütün insanlığın
işinə yarayacaq və qəlbinə yatacaq sərvət imiş.
Rəhim
Sultanov sərrafcasına
seçə bilirdi ki,
məhz "Kəlilə
və Dimnə",
İbn Sinanın "Daneşnamə"si,
Nəsirəddin Tusinin
"Əxlaq-i Naseri"si,
Sədinin "Gülüstan"ı,
Caminin "Baharistan"ı
daim insanlara qalmağa qadir və layiqdir. Nə qədər insan var, bu çəkidə,
bu dərinlikdə olan kitablara ehtiyac duyulacaq. Məsələnin çox
mühüm olan bir başqa tərəfi də var: klassik abidələr necə, hansı səviyyədə tərcümə
edilir. Çevrilən
mənbənin dilini yaxşı bilmək azdır. Çevirərsən,
məna olduğu kimi qorunar, ancaq
başqa dilin cildinə girəndən sonra onu orijinalda
oxuyarkən aldığın
ləzzəti hiss etməzsən.
Bu baxımdan da Rəhim
Sultanov bənzərsiz
idi. O həm yaxşı nasir, həm də rəvan təbli şair idi. Azərbaycan dilinin plastikasını, ifadə
gözəlliyini bütün
lətafəti ilə
tərcümələrində nümayiş etdirməyi bacarırdı. Universal zəkalılığı,
orta əsrlər tarixi, mədəniyyəti,
nəsri və poetikasına vaqifliyi bir tərəfdən tərcümələrin keyfiyyətini
yüksəldirdisə, digər
yandan həmin əsərlərə yazdığı
önsözlərin, şərhlərin
elə müstəqil
elmi araşdırmalar
kimi sanbalını təmin edirdi.
Ancaq Rəhim Sultanovun kamil alimliyi və qabil tərcüməçiliyinin
üstündə dayanan
məziyyəti, onun qəlbinə də daha yaxın olan məşğuliyyəti
onun müəllimliyi idi. Müəllimlik ona fitrətən nəsib olmuş bir istedad idi.
Ələsgər Məmmədov ərəbşünaslığımızın
yeni, sağlam bir nəslini yetişdirdiyi kimi, Rəhim Sultanov da iranşünaslıq
və farsdilli irsimizi araşdırmaq səmtində çalışan
səviyyəli tədqiqatçılardan
ibarət iri bir cavan alimlər
zümrəsinə həyat
vəsiqəsi verdi.
1960-70-ci illərdə ovaxtkı Sovet İttifaqında şərqşünaslıq çox
irəli getmiş, bu elm sahəsi üzrə dünyanın
aparıcı mərkəzlərindən
birinə çevrilmişdi.
Ancaq SSRİ şərqşünaslığının
ön cərgəsində
gedən ən aparıcı alimlərin də bir çoxu
azərbaycanlılar idi.
Azərbaycan şərqşünaslığının
qida mənbəyi, mütəmadi qan təzələyən və
gücverici qaynağı
isə Azərbaycan Dövlət Universitetindəki
Şərqşünaslıq fakültəsi idi. XX yüzilliyin ikinci yarısının onillərində
isə fakültənin
özəyi, ənənələrinin
yaşadılıb davam
etdirilməsinin təminatçısı
üç güclü
şərqşünas alim idi.
O üçlük bir orduya bərabər idi: Ələsgər Məmmədov, Rəhim Sultanov, Mübariz Əlizadə. Onları Azərbaycandan kənarlarda,
Sovet İttifaqının
əsas şərqşünaslıq
mərkəzləri sayılan
Moskvada da, Leninqradda
da, Kiyevdə də, Tbilisidə də, Orta Asiya respublikalarında
da, həmçinin, İranda,
Əfqanıstanda, Türkiyədə,
ərəb ölkələrində,
Avropada tanıyırdılar,
etiraf edirdilər, yalnız qüvvətli alimlər kimi deyil, rəyinə bel bağladıqları münsiflər
kimi qəbul edirdilər.
Mübariz adına tam tən
gələn bir şəxsiyyət idi. O, əqidə adamı idi. İlk gəncliyindən
İranda inqilabi hərəkata qoşulmuşdu,
günlərin birində
ölüm təhlükələri
ilə üzbəüz
qalarkən nicatı sərhədi aşaraq bu taya gəlməkdə
tapmışdı. Yolsa
yenə davam etmişdi, daim mübarizələrdə olmaq
və qətiyyəti
ilə, dəmir məntiqi ilə, dönməzliyi, ardıcıllığı
ilə qalib çıxmaq üstünlüyü
onu ixtiyar çağlarınadək tərk
etmədi.
Mübariz Əlizadə İran ədəbiyyatının, həm
də bütövlükdə
farsdilli ədəbiyyatın
örnək mütəxəssislərindən
idi. Ancaq bundan daha vacib
özəlliyi farsdilli
klassik şeir tərcüməçiliyindəki ustalığı idi. XII yüzildə dahi Nizami qəsidələrindən
birində təsdiqləyirdi
ki, elmi əsərləri
tərcümə eləmək
məqbuldur, çünki
elmi əsərdə əsas mənadır və mətləb hansı dilə tərcümə olunsa da,
itməz. Şeirdə
isə məzmundan əlavə həmin mənanı tamamlayan zahiri gözəllik də var. Heç bir mütərcim o zahiri gözəlliyi zədələmədən başqa
bir dil libasına
geyindirə bilməz.
Ona görə Nizami tövsiyə edirdi ki, elmi əsərləri tərcümə edin, şeirə toxunaraq onun ilkinliyinə, bakirə təmizliyinə
zədə vurmayın.
Mübariz Əlizadənin tərcüməçiliyi
isə bir möcüzə idi. Fars dilindən bədii tərcüməçiliyin keçmişinə
bu irsin hər yönü ilə aşina idi və özü
də yaxşı şairdi. 1920-1930-cu illərdə
mətbuatda sıra-sıra
şeirləri dərc
edilmişdisə də,
sonralar istedadını
tərcüməçiliyə həsr etmişdi. Onun çevirmələrində
Füzulinin fars dilində yazdığı
qəzəllər ana dilində
yazdıqlarından seçilmirdi,
onun tərcümələrində
Xaqani misraları elə əvvəldən türkcə yazılıbmış
gözəllikdə parlayırdı,
Mücirəddin Beyləqani
"Divan"ını elə
farsca bağlayıbmış
kimi təəssüratı
oyadırdı.
Mübariz Əlizadə şeirə,
əski ədəbiyyata
vurğun idi, amma onun müəllimlik
sənətinə olan
münasibəti artıq
sadəcə aludəlik,
məftunluq yox, aşiqlik mərtəbəsində
idi.
O qüdrətli üçlüyün
- Ələsgər Məmmədovun
da, Rəhim Sultanovun
da, Mübariz Əlizadənin
də bir-birlərinə
tam bənzər olduqları
nöqtə də elə onların müəllimliyi idi və elm aləmində nə qədər hünərləri vardısa
da, tərcüməçilikdə nə qədər genişmiqyaslı işlər
görmüşdülərsə də, həmişə məhz müəllimlikləri
ilə daha çox fəxr edərdilər. Onlar üçün müəllimlik
həyatlarının mənası
idi.
Xatırlayıram - ilk dissertasiyamı müdafiə
edirdim. Həmin müdafiədəki müzakirələrdə
Mübariz Əlizadə
də çıxış
elədi. Dedi ki, bəzən bizə irad tuturlar ki, niyə kitablarınız azdır. Bizim kitablarımız yazıb
nəşr etdirə bildiklərimizdən ona görə azdır ki, ömrümüzü tədrisə,
yaxşı tələbələr
yetişdirməyə həsr
etmişik.
Və əlavə elədi ki, bu gün mənim
tələbələrimdən biri dissertasiya müdafiə edir. Bu, əslində elə mənim daha bir əsərim, daha bir kitabım
deməkdir.
...Onlar yetirmələrinin uğurları ilə iftixar etməyi bacaran, bildiklərini səxavətlə yetirmələrinə
ötürməyə hər
an hazır olan geniş qəlbli insanlar idilər. Belə insanlarınsa rəhmət və məhəbbətlər, bitməz
minnətdarlıqlar daimi
yoldaşıdır.
İllərcə şərqşünaslıq fakültəsinə rəhbərlik
etmiş professor Həsən
Mahmudov bir dəfə söylədi
ki, indi burda dərs deyən müəllimlərin, demək
olar ki, hamısı həm də elmlə məşğuldur.
Dilin, ayrı-ayrı ədəbi abidələrin,
şəxsiyyətlərin tarixini araşdıran əsərlər üzərində
işləyirlər. Ancaq
onlar özləri hamısı birlikdə şanlı tarixdirlər.
Gün gələcək,
bu tarixin özünü də iftixarla öyrənəcəklər.
Məgər düz demirdimi?
O məşhur zərbülməsəl
hər kəsin yadındadır: "İşıq
Şərqdən gəlir".
İşığın Şərqdən
gəlməsi həqiqəti
dünyanın dörd
bucağında bəllidir.
Hərçənd Avropanın
məşhur yazarlarından
olan Kiplinq vaxtilə demişdi ki, Şərq Şərqdir,
Qərb Qərb, onlar heç vaxt kəsişməyəcək.
O mənada ki, Şərqlə
Qərbin maraqları,
ruhları heç vaxt sonacan üst-üstə
düşməyəcək. Tarix Şərqlə Qərbin dönə-dönə
toqquşmalarına az
şahid olmayıb. Ancaq orası da var ki, Qərb həmişə Şərqə maildir. Yalnız qəsb eləmək, qamarlamaq, onu təsiri altında saxlamaq nöqteyi-nəzərindən yox.
XVIII-XIX əsrlərdə Avropanın
böyük şərqşünaslıq
məktəbləri yaranıb.
Onlar Şərqi şərqlidən də artıq sevərək öyrəndilər.
Və
biz öz şərqşünaslığımızı
yaradarkən həmin sevgidən də, təcrübələrdən də
çox yararlandıq.
Dünyanın bəxtiyar, avand
gələcəyi yalnız
bu qəliblə gerçəkləşə bilər:
Şərqlə Qərb
gərək bir-biriylə
əl-ələ ola. Gərək
Şərqdən gələn
gur işığı
Qərb də və hər bir insan da qəlbinin
bütün səmimiyyəti
və açıqlığı
ilə qəbul edə. Onda insanların da nuru artacaq, dünyanın da işığı çoxalacaq.
Bir əsr bitdi, artıq ikinci əsr başlanıb ki, Bakı Dövlət Universitetində - bizim baş təhsil ocağımızda şərqşünaslıq
fakültəsi var. Şərqşünaslıq
fakültəsi özlüyündə
bir yol, solmaz ənənələr
daşıyıcısıdır. Böyük Müəllimlərin
xətti, üslubu, vərdişləri orda indi də hər
gün var olmaqdadır.
Bu gün də o dəhlizlərdəki divarlardan
bizə həmin insanların, unudulmaz müəllimlərin şəfqətli
surətləri baxır.
Dərslər qurtarır,
son zəng vurulur, hamı gedir evinə-eşiyinə. Onların
ruhlarısa həmişə
ordadır. Çünki
məktəb yaratmış,
yol yaratmış şəxsiyyətlər adətən
həmişə yadigar
qoyduqları məktəbin,
sabaha ərməğan
etdikləri yolun gələcəyindən nigaran
qalırlar, qayğılanırlar
ki, həmin yolu gedənlər büdrəməsin,
ənənələri yaşadaraq
daha da yüksəltsinlər.
Məşhur zərbülməsəl "İşıq Şərqdən
gəlir" söyləmişdi.
Bu gün o parlaq işıq təməllərini
azman alimlərimiz və müəllimlərimizin,
ustadların qoyduğu
Azərbaycan şərqşünaslıq
imarətinin ucalarından
bərq vurmaqdadır.
Rafael HÜSEYNOV
525-ci qəzet.-2025.- 27 sentyabr
(¹175).- S. 16-17;24.