"Özümü daim
sevgilərin qoynunda
hiss edirəm"
FƏRİD HÜSEYN: "İNDİ
ƏDƏBİYYATLA MƏŞĞUL OLMAQ, TALEYİNİ
SÖZƏ BAĞLAMAQ ÇOXLARINA ABSURD İŞ
KİMİ GÖRÜNÜR"
Bu günlərdə tanınmış
şair, Azərbaycan Yazıçılar Birliyinin
Gənclər Şurasının
sədri Fərid Hüseynin Şimali Makedoniyada nəşr olunan "Yuxu kimi" ("Kako con")
adlı şeirlər
kitabının təqdimat
mərasimi keçirilib.
Şimali Makedoniyanın
"PNV Publikaüii" nəşriyyatında
çap olunan kitaba gənc şairin 30 şeiri daxil edilib.
Kitab təqdimatı Ohrid şəhərinin "Shilla"
Mərkəzində baş
tutub. Təqdimatda Makedoniyanın tanınmış
ziyalıları, qələm
adamları, oxucular, o cümlədən dünyanın
müxtəlif ölkələrindən
Velestova Poeziya Festivalına qatılan şairlər iştirak ediblər. Festivalın direktoru, kitabın tərcüməçisi, şairə
Juliana Veliçkovskaya Fərid
Hüseynlə ədəbi
söhbət edib. Həmin ədəbi söhbət Makedoniyanın
trn.mk saytında makedon
dilində yayımlanıb.
Müsahibəni təqdim
edirik:
(https://trn.mk/avtorkata-i-preveduvachka-%d1%98uli%d1%98ana-velichkovska-vo-razgovor-so-poetot-farid-husen-od-azerbe%d1%98%d1%9fan/?fbclid=IwY2xjawMutEJleHRuA2FlbQIxMQABHlQaD0bSI0suugkCkK-hpo_-tot6RsyQ79fk-YRFrh2EYUmz82tbNej6-w33_aem_APkKD55SSUUrjoDepv8Wzg)
- Əziz Fərid, şeirlərinizi makedon dilinə tərcümə
edərkən məndə
belə bir təəssürat yarandı
ki, poetik əsərlərinizdə
əsasən şəxsi
taleyinizlə yaşadığınız
tarixin kəsişməsində
mövcud olan bir obrazın düşüncələrini canlandırırsınız.
Yazarkən daha çox şəxsi dünyagörüşünüzü, yoxsa kollektiv şüurun qənaətlərini
ifadə edirsiniz?
- Şüurlu həyatında
Makedoniyalı İsgəndər
savaşsız keçinirdimi,
Xorxe Luis Borxesin kitablarsız, mütaliəsiz
ömür-günü var idimi,
Nikola Teslanın güzəranını
kəşflərsiz təsəvvür
edə bilərikmi? Məncə, xeyr. Zamanla onların işləri - yaradıcılıqları
ilə həyatları
bir-birinə o qədər
qaynayıb-qarışıb ki, onları bir-birindən ayırd etmək, fərqləndirmək müşkülə
çevrilib. Özümü
qətiyyən o dahilərlə
müqayisə etmək
fikrində deyiləm,
amma bu da həqiqətdir ki, daha mənim də ədəbi həyatım
real yaşamımla sahil
və dəniz kimi iç-içədir.
Dəniz çəkiləndə
sahil yeni mənzil qazanır, həmçinin
dəniz suları aşıb-daşanda da sahilin
məkanı dəyişir.
Bu proses dəniz quruyub
yox olana qədər davam edir.
Keçək sualın ikinci hissəsinə: Taleyimdə
sevdiyim insanlar öz gözəllikləri
ilə, yaxud səhvləri ilə birgə özəl tarixə çevriliblər,
yaşadığım hadisələrin
ruhumdakı, beynimdəki
təsirləri mənim
özünəməxsus dünyagörüşümü
formalaşdırıblar. İndi mən bu vaxta
qədər mənəvi
dünyamda cəmlədiklərimdən
kənarda özümü
ifadə edə bilmirəm, ona görə də kollektiv şüuru kənara qoyaraq şəxsi şüurumla,
mənə məxsus düşüncələrimi özümdən
uzaqlaşdıraraq kollektiv
dərketməylə, demək
olar, heç nəyə münasibət
bildirə bilmirəm.
İstər-istəməz yaşadıqlarıma,
oxuduqlarımla birgəyəm.
Düşüncələrim, yaşantılarım az qala irsiyyətim qədər dəyişməzdir.
- Şimali Makedoniyada çap olunan poetik toplunuzun adı olan "Yuxu kimi" şeirinizdə "Dünya
bir pəncərə imiş, / Baxdım, səni gördüm, /Hansı evə köçdümsə, sənə
baxan pəncərəni
də / özümlə
götürdüm" yazırsınız.
Bu poetik nümunənin
ruhundan hiss etdim ki, şeirlərinizin əksəriyyətində
dünyada mövcud olan, eyni zamanda
iştirakçı və
müşahidəçi kimi
əsasən lirik bir mövzudan bəhs edirsiniz. Bəzən dünyaya sanki eynəklə baxırıq, - bir şüşə arxasından,
yaxud başqa bir yerdən. Sanki dünyada daha çox görmək istədiklərimizi görürük.
Və ya həyatımızda az sayda əhəmiyyətli insanlarımız, şəxsi
dəyərlərimiz var ki, onlar bizə mənəvən rəhbərlik
edir, yaxud dünyaya baxış istiqamətimizi dəyişir.
Əgər baxdığımız
həyat pəncərələri
başqalarının düşüncələri
ilə formalaşırsa,
bu məntiqlə şair yazdığı şeirdə nə qədər özü ola
bilər?
- Şopenhauer yolla gedəndə gözəl
bir baxçada zərif güllər görür. Əyilib güllərdən birini iyləyərkən onu kənardan görən bağban elə bilir ki, o qoxladığı
gülü dərəcək.
Ona görə də bağban qəfildən qışqırır: "Sən
kimsən?" Şopenhauer
bu sualdan yerindəcə quruyub qalır, sonra özünə gəlib həmin bağbana deyir ki, mən bütün ömrü boyu bu sualın
cavabını düşünmüşəm:
"Mən kiməm?"
Yəni həyatda adi sual olan
"sən kimsən?"
sualı fəlsəfədə
cavabı çox ağır, qətiyyətlə
fikir yürüdülməsi
çətin sualdır.
Mən "mən kiməm" sualını
həm həyat nöqteyi-nəzərindən, həm
fəlsəfi cəhətdən
özümə verirəm,
ayrı-ayrı cavablar
alınır, ancaq o cavablar kənardan baxanda bir-birinə zidd, əslində isə, bir-birinə uyğun, bir-birini tamamalayan cavablardır. Adətlərimiz, düşüncələrimiz,
biz bilmədən, təftiş
etmədən, araşdırmadan
özümüzə cavab
verməli olduğumuz
məqamlar bizi əsl həqiqətlərdən
uzaqlaşdırır, amma
özümüzü, kimliyimizi,
fərdiyyətimizi xüsusi
bir həqiqətə
çevirir. İnsanlar
o həqiqəti qəbul
da edə bilərlər,
inkar da.
Özümüzə, mənəvi aləmimizə sadiqlik bizi çox zaman obyektivlikdən məhrum edir, amma şairlər
bir çox hallarda xoşbəxtlikdən
şeirlərində öz
subyektivzmini obyektivizm kimi qəbul etdirə bilirlər.
- Daim dəyişən dünyamızda nəyəsə,
yaxud kiməsə aid olmaq sizin üçün
hansı mənanı
daşıyır?
- Dəyişən dünyada
nələrəsə aid olmaq
çox çətin
məsələdir. Belə
bir sufi pritçası var: Bir gün
bir nəfər cavan gəlib qocaman sufiyə deyir ki, mən də sənin kimi hər şeydən
uzaqlaşıb dərvişlik
etmək istəyirəm.
Onlar yola düzəlirlər, bir qədər gedəndən
sonra, cavan deyir ki, heybəm evdə qalıb, məni gözlə, gedib onu gətirim.
Müdrik sufi söyləyir ki, get, ancaq
geri qayıtma, çünki əgər bir heybə səni tutduğun yoldan geri göndərəcəksə,
sən bu uzun yolu mənimlə
bərabər gedə
bilməzsən. İndiki
dünyada insanın azadlığını onun
heç kəsə və heç nəyə aid olmaması kimi təqdim edirlər, bu, həddən artıq insafsız yanaşmadır
və bu sayaq rəhmsiz münasibət həyatımızın
çox məqamında
özünü büruzə
verməkdədir. Fəqət
unutmayaq ki, aid olduğumuz
gözəl dəyərlər
də çoxdur.
İndi ədəbiyyatla məşğul
olmaq, taleyini sözə bağlamaq çoxlarına absurd görünür.
Bəs yeni dünyanın
bizə daşıdığımız
dəyərlərin əvəzində
təntənəylə təqdim
etdiyi alternativ nədir? Qoyun deyim: Alternativ tam mənasız, kökündən
puç, daha məyusedici.
- Sizin poeziyanızda məhəbbət çoxqatlıdır
- Vətənə, qadına,
həm də tarixi və ədəbi şəxsiyyətlərə.
Bu müxtəlif sevgilər
misralarınızda necə
birlə bilirlər?
- Təəssüf ki, indiki
dünyada sanki iki insanın bir-birinə aid olması dövrü, deyəsən,
başa çatır.
Kimlərsə buna daha
çox daxili məcburiyyət, adət-ənənə
və könülsüz
sadiqliklə nail olurlar.
Ürəyi sanki özündən kənarda
yaşayan çox saxta, süni insanlar görmüşəm,
onlara görə daim Allaha üsyan
etməyim gəlib. Bəzən çox doğma insanların sevgisiz ailə həyatlarına, birgə
yaşamalarına baxaraq
dözə bilmədiyim
anlar da olub. Dünyada sevdiyi insanı tapmaq çox böyük şansdır: Təsəvvür
edin ki, milyardlarla seçim imkanı arasında
doğrunu tapırsan və o seçim bir ömür özünü hər nəfəsdə təsdiqləyir.
Səhv seçim də bir ömür
özünü hər
məqamda göstərir.
Yevgeni Yevtuşenkonun məşhur
bir misrası var:
"Məhəbbət həmişə
təhlükəlidir". Şərqlə Qərbin
çağdaş sevgisi
arasında belə bir ziddiyyət var. Şərqdə insanlar bir-birini yaxşı tanıyandan sonra boşanırlar, Qərbdə
isə evlənirlər.
Mənim
Vətənə, insana,
dünyaya, tarixi şəxsiyyətlərə sevgim,
doğrudan da, bir-birinə
qarışaraq birləşiblər.
Vətənə, dünyana,
insanlara sevgim tükənməzdir. Özümü
daim ruhumdakı sevgilərin qoynunda hiss edirəm. Ona görə də onlar çox
təbii surətdə
birləşə bilirlər.
- Yazmaq sizin üçün
mənəvi boşluğu
aradan qaldırmağın
yollarından biridirmi?
- Bəzən fikir verirəm ki, insanlar dəhşət ağır
hadisələr yaşayırlar,
yaxud gözəl duyğular dadırlar, ancaq onların çoxu ədəbiyyatdan
kənar insanlardılar
deyə taleləri
"hamı kimi olmaq" bəxtsizliyinin içində sanki itib-batır. Şair isə daim həyatı
mənalandıran, onu
ruhuyla müşayiət
edən biridir. Bu mənada mən xoşbəxtəm ki, öz
taleyimi, yaşadıqlarımı
orta əsrlərdə
şahların yanında
baş verənlərin
hər anını salnaməyə çevirən
katiblər kimi qələmə ala bilirəm.
Yazmaq isə boşluqları doldurmaqdan
daha çox onları mənalandırmaqdır
deyərdim.
- Şeirləriniz ifadəlilik
baxımından sadə
olsa da, obrazlılıq
sarıdan güclüdür.
Bir şeirinizdə "Mən
sənə şeirlər
yazmıram, tənhalığımı
kağıza köçürürəm"
- deyirsiniz. Bu cür sadəlik şeirilərinizdə
təbii olaraq öz ifadəsini tapır, yoxsa bu düşünülmüş
poetik intizamın nəticəsidir?
- Mən şeir yazmağa başlayanda tamam başqalaşıram:
həmin anlarda adamlar arasında olanda istəyirəm qəfil - onlarla sağollaşmadan sürətlə
tənha qala biləcəyim bir yerə qaçıb könlümdən keçənləri
yazım. O anda insanlara baxıram, amma sanki onları
görmürəm, eşidirəm,
lakin dinləmirəm.
Bu rəmzi korluq və karlıq, əslində, mənim dünya duyumumu daha da qüvvətləndirir.
Və onda heç zaman yanaşı
işlətmədiyim sözlər
gəlib bir-birinin yanında sıralanırlar.
Görkəmli Azərbaycan
şairi Vaqif Bayatlı Odər deyir ki, "insanlar bir-birinin yanında durmaq istəyib-istəmədikləri
kimi, gərək sözlər də bir-birinin yanında dayanmaq istəsinlər".
Mən bir-birinin yanında dayanmaq istəyən sözləri seçimində
daxili demokratiyamı heç zaman pozmuram. Ona görə də təvazökralıqdan uzaq
olsa da, deyim ki, şeirlərimdə fərqli
düşüncələr, münasibətlər, fikirlər
ortaya çıxır.
- Şimali Makedoniyada şeirlər kitabınızın
çap olunması sizin üçün nə deməkdir? Velestovo Poeziya Festivalını, Velestovonun
özünü və
Ohrid şəhərini
necə qiymətləndirirsiniz
və özünüzlə
Bakıya hansı hissləri, xatirələri
aparacaqsınız?
- Mən Şimali Makedoniyanı Avropadakı
mənəviyyat adalarından
biri kimi qiymətləndirirəm. Nəşr
olunan kitabımla artıq şeirlərim burada makedonca yaşamaq haqqı qazandılar. Poetik düşüncələrim daha
Şimali Makedoniya peotik saat qurşağına
daxil oldular. Bu festivalda iştirak etmək mənim üçün çox böyük şərəf
idi. Mən buradan şeirlərimi maraqla dinləyən insanların gözlərindəki
parıltını, ürəklərindəki
hərarəti, makedoncaya
çevrilmiş duyğularımın
xoş təəssüratlarını
özümlə aparıram
və onlar mənim üçün bir ömür əziz və doğma olaraq qalacaq. Velestova poeziya festivalı, eləcə də gözəl Ohrid şəhəri yaddaşıma
əbədilik həkk
olundu.
Azərbaycan qədim tarixə
malik gözəl, bəşəri
dəyərlərə yüksək
qiymət verən bir ölkədir. Şərqin qədim ənənələrini yaşadan,
müasirliyə açıq,
dünyəvi mədəniyyətə
sahib bir yurddur. Bildiyiniz kimi, biz haqq savaşında qələbə qazanıb
öz ərazi bütövlüyümüz təmin
etmişik və bugünsə dünyada sülhün yüksəlişinə
töhfələr veririk.
Mədəniyyətimiz və
ədəbiyyatımız da öz növbəsində
cahanın çağdaş
ədəbi nizamına
uyğun şəkildə
inkişaf edir, xüsusən poeziyamız
dünyanın ən bənzərsiz və seçkin poeziyalarından
biridir.
Azərbaycan ədəbiyyatının Şimali Makedoniyada tanıdılmasına ciddi
ehtiyac var, eyni zamanda əksinə. Mən Ohrid şəhərində keçirilən
bu festivalda iştirak etməyimlə,
eyni zamanda şeirlərimi makedonca təqdim edilməsi timsalında Azərbaycan ədəbiyyatının Şimali
Makedoniya ədəbiyyatına
doğru uzanan əliyəm, siz - Juliana Veliçkovskaya isə şeirlərimi öz ana dilinə çevirməklə
Şimali Makedoniya ədəbiyyatının Azərbaycan
ədəbiyyatına uzanan
əlisiniz. Əminəm
ki, bir-birinə uzanan bu iki əl
heç zaman havadan asılı qalmayacaq, biz möhtəşəm ədəbiyyatlarımızın
qarşılıqlı şəkildə
tanıdılmasına bundan
sonra da nail olacağıq,
eləcə də bizdən sonrakı ədəbi nəsillər...
Tərcümə edən:
ELCAN
SALMANQIZI
525-ci qəzet.- 2025.- 27
sentyabr (¹175).- S. 19.