Ruhum, gözlərini yum... - (Romandan parça)
Sənin
"Ruhum, gözlərini
yum..." misran indi daha
ülvi məna kəsb edir, ustad Nazim Hikmət. Çünki bəşəriyyət
gözlərini açdıqca,
ruhunu qaranlığa qərq edir. Ona görə də, ruh bəzən işığını itirməmək
üçün gözlərini
yumsa, yaxşıdır...
İndi süni zəka
və elm insanı ucaltmaqdansa, daha da uzaqlaşdırır - Allahdan,
insandan, ailə ocağından, sevgidən...
Bəlkə də bu çağda bəşəriyyətin sürətlə
faciəvi sonuna doğru yüyürməsini, özünü
məhv etmək yolunda çabalamasını,
özündən getməsini görməmək
üçün ruhun
gözlərini yumması,
indilik ən yaxşı çıxış
yoludur... Ən azından bəşəriyyət
özünə gələnə
kimi...
(İkinci fəsil)
Malikanənin pəncərələrindən ay işığı süzülürdü.
Həyətdəki güllərin
ətri açıq pəncərədən içəri
dolurdu, okeandan gələn yüngül külək pərdələri
asta-asta tərpədirdi.
Elora yatağın solunda uzanmışdı, dirsəklənib
ərinə baxdı.
Leonun qətiyyətlə
sərtləşmiş çöhrəsi
elə bil ay işığında yumşalmışdı.
Onun gərgin alın xətlərinə,
sanki düşüncələrdən
sərtləşmiş yanaqlarına
ayın işığı
xəfifcə sığal
çəkirdi.
Elora yavaşca əlini uzadıb Leonun sinəsinə qoydu. Əri dərin nəfəs aldı, sonra gözlərini açmadan onun əlini sıxdı. Elora
bütün ürəyi
ilə hiss etdi ki, Leon
indiki halda səmimidir, hələ də ruhən onun yanındadır.
Qadın
yavaşca ərinin üstünə əyildi,
saçları Leonun üzünə toxundu. Arvadının ilıq nəfəsini boyun-boğazında
hiss edən Leon diksindi,
amma onu itələmədi. Əksinə,
qollarını açıb
Eloranı özünə
çəkdi. Onların
bədənləri bir-birinə
toxundu, ay işığı
altında sanki iki kölgə birləşdi.
Elora yataqdan qalxdı, əynindəki qara penüarın nazik bağlarını çiyinlərindən
sürüşdürdü. Nazik, incə alt paltarı yavaşca Eloranın zərif, cazibəli bədənindən
sürüşdü və
əndamı ay işığında
gümüş kimi parıldadı. Qadının
yarımqaranlıqdakı silueti
incə bir ilahəni xatırladırdı.
Dolğun döşlərinin
giləsi, mütənasib
baldrılarının gözəlliyi,
incə belinin gözəlimli xətləri ay işığında daha
cazibəli görünürdü.
Bunu görən Leon özünü saxlaya bilmədi, tez yataqdan qalxıb Eloranı qucaqladı, sol əliylə incə belini qucaqlayıb, sağ əliylə səbirsizliklə arvadının
əynindəki nazik
alt paltarını çəkib
çıxardı.
- Leon -
Elora pıçıldadı, - biz niyə bir-birimizdən bu qədər uzaqlaşırıq? Mən
hələ də sənin Eloranam və həmişə də elə qalacağam...
Leon qaranlıqda onun üzünə baxdı. Üzündə yuva salmış sərtliyi itmişdi, dodaqlarını
arvadının dodaqlarına
yaxınlaşdırdı. Öpüşləri dərinləşdi.
Elora gözlərini yumdu,
Leonun nəfəsi ilə qarışan nəfəsində uzun illərin istiliyini tapdı.
Otaqda səssizlik vardı, yalnız ürəklərinin
döyüntüsü eşidilirdi.
Elora barmaqları ilə
Leonun saçlarını
oxşayır, Leon isə
onun belindən möhkəm-möhkəm qucaqlayırdı.
Hər ikisi bilirdi: bu yaxınlıq
sabahdan başqa bir məna daşıyacaq.
Elora göz yaşlarını
gizlətmək istəsə
də, Leon onun yanağında yaş damlalarını hiss etdi. Əlini qadının üzünə qoyub pıçıldadı:
- Niyə ağlayırsan? Mən buradayam. Həmişəlik çıxıb
getməyəcəyəm ki... Vaxtaşırı gələcəyəm,
avtomobillə cəmi bir saatlıq yoldur.. Ürəyini sıxma, mən yaxınınızda
olacağam həmişə…
- Sabahdan başlayaraq bizimlə bir yerdə olmayacaqsan - Eloranın səsi titrədi, - Sən bizdən getmək istəyirsən. Mən səni qucaqlayarkən hiss
edirəm ki, ürəyin
o cansız robotların
yanındadır…
Leon susdu, qadının saçlarına sığal
çəkdi. Bir tərəfdən
onun yaxınlığından
güc alırdı, digər tərəfdən
isə içindəki
səs onu çəkib Sinlandın dərinliklərinə aparırdı.
- Elora, sən mənim həyatımın parlaq
işığısan, - dedi
Leon, - Darin mənim qanımdır,
nəfəsimdir. Amma içimdə
başqa bir istək də var. Mən onu boğa
bilmirəm. Mənim beynim daim yeni bir şey yaratmaq
istəyir. Elmin yenilikləri, yeni nələrsə
kəşf etmək ehtirası məni hər gün daha dərinə çəkir, bunsuz yaşaya bilmirəm. İnsanlığın bilmədiyi
yeni şeylər ixtira
etmək ehtirası məni bir dəqiqə
də rahat buraxmır, sən bunun nə demək
olduğunu anlayırsan?
Elora qollarını ərinin boynuna dolayıb ona baxdı:
- Elm üçün ailəni
qoyub getmək, Leon? Axı bu, sənin
arzun deyildi. Bu, sənin bəhanəndir. İnsan öz arzusu ilə ailəsindən ayrılmaz.
Leon dərindən nəfəs
aldı. Onların nəfəsi bir-birinə qarışmışdı. Əlləri
hələ də Eloranın belində idi. Amma arvadının sözlərindən sonra baxışlarında yenə
də o sərhəd yarandı - ailə sevgisi ilə sonsuz elmi istək
arasındakı sərhəd...
- Bilirsən, mənim üçün bu, sadəcə arzu olmaqdan da çıxıb
artıq, Elora. Bu, artıq bir məcburiyyətdir. Bilirsən
ki, artıq bu layihəyə dövlət
səviyyəsində diqqət
ayrılıb, bundan sonra geri çəkilmək
də mümkün deyil, həm də heç geri çəkilmək də istəmirəm. Bu layihə mənim varlığımdır. Əgər
mən bunu etməsəm, bundan imtina etsəm, özüm
olmayacağam, başqa
birinə çevriləcəyəm...
Elora başını onun sinəsinə söykədi.
Qadın onun ürək döyüntüsünü
dinlədi. Qəlbi bir tərəfdən qəzəb, digər tərəfdən sevgisi ilə çırpınırdı.
- Mən səni sevirəm, Leon. Mən sənə qadın kimi də, dost kimi də, oğlunun
anası kimi də bağlıyam. Amma sən elə danışırsan ki, sanki
biz sənə yükük...
Leon onun saçlarından öpdü, amma cavab vermədi.
Bir müddət onlar sadəcə susdular. Bədənləri bir-birinə
qısılmışdı. Elora bütün ürəyi ilə istəyirdi ki, bu gecə bitməsin,
sabah heç gəlməsin. Amma hər
keçən dəqiqə
sabahı yaxınlaşdırırdı.
Leon bir anlıq onun üzünə baxdı və dedi:
- Mən sabah gedəcəyəm. Amma sən
və Darin hər dəqiqə mənim qəlbimdə olacaqsınız...
Elora gözlərini yumub pıçıldadı:
- Mən sənin qəlbində olmaq istəmirəm, Leon. Mən
sənin yanında olmaq istəyirəm.
Onlar yenidən öpüşdülər.
Amma bu öpüşün
içində həm
sevgi, həm də ayrılıq vardı. Sanki hər ikisi anlayırdı: bu gecə onların
son səmimi gecəsi
ola bilər...
Səhərin alatoranında Sinland
sahillərindən əsən
yüngül meh özü
ilə hələ gecənin sərinliyini daşıyırdı.
Malikanənin həyəti obaşdan
adətən sakit və sərin olurdu - yalnız quşların səsi, okeanın uğultusu eşidilərdi. Amma bu gün səhərin sakitliyini iri, nəhəng maşınların
səsi yardı.
Həyətdə parlaq işıqlar
yandı, elə bil günəş hələ doğmamış,
haradansa süni günəş artıq özünü göstərmişdi.
İri, xüsusi təchizatlı yük maşınları bir-bir malikanənin həyətinə
daxil oldu. Onların üstlərində
robot qolvari kranlar, yanlarında pultlarla idarə olunan metal manipulyatorlar vardı. Maşınların gövdələri
gümüşü rəngdə
idi, üstlərində
isə incə mavi xətlər çəkilmişdi - bu xətlər işıq saçır, qəribə
bir parıltı yaradırdı.
Hər maşının içində
vibrasiyasız daşıma
üçün hazırlanmış
xüsusi kapsullar vardı. Bu kapsullar şəffaf şüşədən
idi, amma kənarları qalın, titrəməyə davamlı
çərçivələrlə bərkidilmişdi. Onların
içinə laboratoriyadan
çıxarılan ən
həssas avadanlıqlar
yerləşdiriləcəkdi.
Malikanənin həyəti bir
anda futuristik bir filmin çəkiliş
meydançasına çevrilmişdi.
Ağ geyimli texniki işçilərin
təlimatı ilə
dəmir robot manipulyatorlar
qollarını havada incəliklə hərəkət
etdirir, sanki canlı əllər kimi avadanlıqları qaldırıb ehtiyatla kapsullara yerləşdirirdi.
Bəzən onların
mexaniki oynaqları xışıltı ilə
tərpənirdi.
Laboratoriyadan çıxarılan ilk əşyalar şüşə
kapsullara yerləşdirilmiş
yarımçıq robot skeletləri
idi. Onların bəzilərinin yalnız
baş hissəsi vardı - göz çuxurları boş idi, üzləri ifadəsiz, donuq idi. Bəzilərinin yalnız qolları, yalnız ayaqları vardı. İşıqlar
altında bu skeletlər həyatla ölüm arasında dayanmış qəribə
varlıqlara bənzəyirdi.
Sonra iri server qüllələri
gətirildi. Onların
səthi güzgü kimi parıldayırdı,
amma işçilər
hər qülləni xüsusi amortizasiya örtüklərinə bükür,
vibrasiyadan qoruyurdular.
Bu serverlərin hərəsində
Leonun illərlə topladığı elmi araşdırmalar, süni
intellekt alqoritmləri,
robotların şüur
kodları saxlanılırdı.
Həyətin səssizliyi artıq
texnologiyanın ritmi ilə dolmuşdu: metalın xışıltısı,
robotların mexaniki səsi, uzaqdan gələn siqnallar, kapsulların bağlanma
"klik"ləri... Bütün
bunlar bir orkestr kimi səslənirdi.
Darin həyətin kənarında
dayanmışdı. Onun
iri, heyrətlə dolu gözləri bu səhnəni izləyirdi. O, öz dünyasında hər şeyi nağıl kimi görürdü.
Robot manipulyatorların hərəkətləri
onun gözünə böyük oyuncaqlar kimi gəlirdi. O, bəzən əlini yelləyib onlara salam verirdi. Bəzən də anasına baxırdı, soruşurdu:
"Ana, bu nədir? Niyə atamın oyuncaqlarını götürürlər?
Onları hara aparırlar?
Ana, olar gedim onlara əlimi vurum?"
Elora isə evin eyvanında
dayanmışdı, hərdən
də oğlunun ardı-arası kəsilməyən
suallarına nəsə
anlaşılmaz cavablar
verirdi. O, bütün
bu mənzərəni
bir tamaşaçı
kimi izləyirdi, amma onun üçün
bu tamaşa bir fəlakət idi. Gözləri dolmuşdu, amma ağlamırdı - sanki göz yaşlarını
saxlayırdı ki, oğlu
görməsin. Hər
dəfə laboratoriyadan
çıxarılan bir
əşyanı görəndə
ürəyi sızlayırdı:
bu, onun ərinin həyatının
bir parçası idi. Amma indi bu parça evdən, ailədən qoparılır, yad bir dünyaya aparılırdı.
Bəzən robot manipulyatorun parlaq
qolları pəncərənin
qarşısından keçəndə
Eloranın üzünə
qəribə işıq
düşürdü. Bu işıq
onun göz yaşlarında əks olunurdu. Elora anlayırdı:
Leon artıq bu evə məxsus deyil, onun ürəyi,
ruhu, zehni artıq Sinland adasının qaranlıq dərinliklərinə köçüb.
Bütün həyət ağır
texnologiyanın səsi
altında titrəyirdi.
Bu mənzərə sanki
başqa bir əsrdən gəlmişdi
- keçmişlə gələcəyin
sərhədində dayanmış
bir ev vardı.
Nəhayət, sonuncu kapsul da maşına yükləndi.
Robot manipulyatorların işıqları
zəiflədi, hərəkətlər
yavaşladı. Həyətdə
yenidən səssizlik
yarandı. Amma bu, artıq əvvəlki sükut deyildi - bu səssizlikdə boşluq vardı, bu evdən alınmış,
aparılmış doğmalıqların
izi vardı.
Darin hələ də həyətin ortasında dayanmışdı, gözləri
dolmuşdu, amma nə baş verdiyini tam anlaya bilmirdi. Elora isə eyvandan aşağı endi. O, artıq göz yaşlarını
gizlətmirdi - çünki
Leon da həyətə çıxmışdı
və bu, ayrılığın başlanğıcı
idi.
Nəhayət, bütün avadanlıqlar
yığıldı. Robot manipulyatorların işıqları
söndürülmüş, texniki laboratoriya işçiləri onların
özünü də
nəhəng maşınlara
yerləşdirmişdilər. Həyət bir anlıq qəribə səssizliyə qərq oldu - elə bil bu evin
ürəyi sökülüb
aparılırdı. Divarlar,
qapılar, pəncərələr
belə boşalmış
kimi görünürdü.
Leon həyətin ortasında dayanıb son dəfə ətrafa nəzər saldı. O, burda keçirdiyi illəri -
ilk dəfə bu malikanəyə köçdüyü
günü, Eloranın
gülüşünü, Darinin ilk dəfə həyətdə qaçaraq
"ata!" deyə səslənməsini xatırladı.
Amma xatirələr yalnız
bir anlıq qığılcım kimi
canlandı və dərhal Sinland adasının qaranlıq,
cazibəli çağırışı
ilə əvəz olundu. Onun baxışları
yenidən sərtləşdi.
Elora Darini qucağına alıb Leona yaxınlaşdı.
Hər ikisinin gözləri yaşla dolmuşdu. Elora göz yaşını gizləməyə
çalışdı, amma
bu dəfə bacarmadı - göz yaşı yanaqlarından
süzüldü, Darinin
saçlarına damladı.
Darin atasını görən
kimi anasının qucağından sıyrılıb
çıxdı, atasının
üstünə yüyürdü,
cingiltili, məlahətli,
saf səsiylə səsləndi:
- Atacan, sən hara gedirsən?
Leon donub qaldı. Oğlunun səsi okeanın uğultusunu, maşınların səsini,
hətta öz qəlbinin döyüntüsünü
belə susdurdu. Diz çökərək
balaca oğlunu qucağına aldı. Darinin iri, günahsız
gözləri atasının
üzündə cavab
axtarırdı.
Leonun baxışları bir anlıq yumşaldı. O,
oğlunun balaca əllərini tutub sinəsinə sıxdı.
İçində gizli
bir ağrı vardı - bu evdən gedərkən ən çox nəyini itirdiyini sanki dərk edirdi. Amma dərhal yenə də özünü toparladı.
Onun siması yenidən sərtləşdi.
Səsi titrədi, amma gizlətməyə çalışdı:
- Mən böyük işlər görməyə
gedirəm, oğlum.
Darin, sən hələ
balacasan, anlamırsan.
Bir gün böyüyəndə
məni yaxşı başa düşəcəksən.
Darin yenidən cingiltili səslə dedi:
- Yox, ata, bax,
mən böyümüşəm,
gör nə boydayam, - deyib balaca əlini başından yuxarı qaldırdı.
Uşaq
təbiəti ilə atasının boynuna sarıldı, getməməsi
üçün möhkəm
yapışdı. Onun
kiçik barmaqları
atasının paltarına
sıx-sıx ilişmişdi.
Elora yanlarına yaxınlaşdı.
O, səsi titrəyə-titrəyə,
amma çox incə bir ahənglə
dedi:
- Leon, əzizim, getmə, ürəyimə çox
pis şeylər gəlir, elə bilirəm ki, getsən,
bir də görüşməyəcəyik...
Onun sözləri havada asılı qaldı. Elora
danışdıqca səsi
gücdən düşür,
sanki qəlbinin qapısı bir az da qapanırdı.
Leon əvvəlcə heç
nə demədi. Bir anlıq gözləri Eloranın gözlərinə
tuş gəldi. O gözlərdə həm sevgi, həm qınaq, həm də ümidsizlik vardı. Amma Leon gözü
ilə Darinə işarə edərək Eloraya sözlərinə diqqət yetiməsinə işarə verdi.
Sonra yavaşca oğlunun hər iki yanağından
öpüb öz qucağından arvadına
doğru uzatdı. Darinin barmaqları atasının paltarından
sürüşüb boşluğa
düşdü.
Elora oğlunu qucağına aldı, balacanın üzü atasına tərəf çevrilmişdi
- gözlərində anlaşılmaz
bir kədər vardı. Leon Eloranın saşlarından öpüb
onu yavaşca qucaqlayıb xudahafizləşdi,
"gələcəyəm" deyib ən son model elektromobilinə doğru yönəldi.
Onun addımları həyətdəki
daş cığırda
sərt səslə əks-səda verdi. Bu səs elə bil vidalaşmanın təsdiqi idi...
Maşının qapısı açıldı,
içəridə soyuq
neon işıqlar yandı.
Leon son dəfə arxaya çevrilib baxdı. Elora oğlunu sinəsinə sıxmış,
göz yaşları ilə islanmış yanaqlarını gizlətməyə
çalışırdı. Darin isə hələ də atasının ardınca baxırdı, sanki atasının bircə işarəsi ilə onun yanına
qaçmaq istəyirdi.
Amma artıq gec idi. Leon maşına mindi. Qapı bağlandı. Malikanənin
geniş darvazaları
açıldı, öndə
Leonun avtomobili, ardınca laboratoriyanın
yük maşınları
küçəyə doğru
istiqamətləndi, həyət
yenidən ağır
səssizliyə qərq
oldu...
...Sinland adasının ortasında sıx meşələrin kölgəliyində,
kənardan sadəcə
təpə kimi görünən qəribə
bir relyef vardı. Amma bu təpənin altı, əslində, dünyanın
ən gizli qapılarından birinə
aparırdı.
Giriş
elə ustalıqla gizlədilmişdi ki, ilk baxışda
təbiətin bir parçası zənn edərdin: yosun basmış qayalıqlar,
üstü mamırla
örtülmüş daşlar,
sanki əsrlərlə
orada dayanmışdı.
Amma yaxınlaşanda orada
sanki son dərəcə
yüksək texnologiyanın
gizli nəfəsi duyulurdu. Qayanın ortasında, demək olar ki, görünməyən
bir xətt açıldı və içəridən nəhəng
metal qapılar süzülərək
yanlara çəkildi.
Qapının səthində
lazer xətləri qaçışdı, biometrik
kodları oxudu və vahiməli bir uğultu ilə yeni, yeraltı dünyaya yol açıldı.
Maşınlar sırayla içəri
daxil oldu. Leonun gözləri parlayırdı - bura artıq onun yeni evi, min bir ümidlə
gəldiyi təzə
"sığınacağı" idi.
Kompleksin
içərilərinə doğru
irəlilədikcə dəmir
divarların arasındakı
son dərəcə geniş
tunel maşınların
işıqları altında
parıldadı. Tunelin
sonunda nəhəng
lift vardı. Hər biri onlarla ton avadanlıq daşıya biləcək bu lift, şüşə divarlarla
əhatələnmişdi. Yük maşınları
liftə daxil oldu, qapılar bağlandı və aşağı eniş başladı.
Eniş
sanki başqa bir dünyaya düşmək idi. Şüşə divarlardan
aşağıda uzanan
dəhlizlər, işıqlar,
paralel borular görünürdü. Liftin hər
metr enişi ilə yeni bir səviyyə açılırdı
- elə bil bir qalaktikanın qatı kimi...
Yaşayış bloku - lift əvvəlcə
buranı göstərdi.
Burada insanı təəccübləndirən lüks vardı: geniş salonlar, şüşə pəncərələrdə
süni panoramalar,
virtual günəş işığı
ilə işıqlandırılan
bağlar. Divarlarda texnologiya ilə yaradılmış rəsm
əsərləri, süni
göy üzündə
uçan quşların
illüziyası vardı.
Yerin altında olmağı hiss etdirməyən
bir "saray" idi.
Sonra lift laboratoriya blokuna endi. Burada isə
texnologiyanın hökmranlığı
açıqca görünürdü:
yüzlərlə kvadratmetrlik
zalda nəhəng kvant serverləri yan-yana düzülmüşdü,
işıqları titrəyir,
sanki minlərlə beyin eyni anda
düşünürdü. Hər serverdən çıxan borular, kabellər parıltı ilə döşəmədən
keçərək digər
bölmələrə uzanırdı.
Robot istehsalı üçün
ayrılmış sexdə
isə möhtəşəm,
amma eyni zamanda vahiməli bir mənzərə vardı: qırmızı
işıqlar altında
insan cildinə bənzər silikon üzlər şüşə
çərçivələrdə sırayla düzülmüşdü.
Hər üz fərqli idi - kimisi gülümsəyir,
kimisi qəzəbli idi.
Bu mənzərəni görəndə
Leonun ürəyi daha da sürətlə döyündü. Bu, onun xəyallarının gerçəkləşmiş
forması idi - insanla texnologiyanın kəsişdiyi məqam idi.
Maşınlardan avadanlıqlar endiriləndə
Leonu qarşılamağa
kompleksin idarəçilərindən
biri yaxınlaşdı.
Yanında gənc və zərif bir qadın vardı. Onu təqdim edərkən səsi gur səsləndi:
- Professor
Varrek, bu xanım sizin yeni köməkçinizdir - Liora
Venn.
Liora irəli addımladı. Onun qara saçları
tarım şəkildə
arxaya yığılmışdı,
gözlərində dərin
bir zəka işıldayırdı - həm
elmə vurğun bir alimin baxışları,
həm də sətiraltı bir hiyləgər parıltı.
Əyninə kişisayağı
kostyum geyinmişdi, amma bu belə
onun zərifliyinə xələl gətirə bilmirdi.
O, Leonun qarşısında incə əlini uzatdı:
- Sizinlə işləmək
mənim üçün
şərəfdir, Leon... Haqqınızda
çox oxumuşam, elmi araşdırmalarınızı
jurnallardan izləyirəm.
Sizin rəhbərliyiniz
altında bu önəmli layihədə
birgə işləyəcəyim
haqqında mənə
xəbər veriləndə
çox sevindim.
Leon onun əlini sıxdı. Bu sadə toxunuşun içində
izaholunmaz bir enerji vardı. Bir anlıq baxışları
qadının baxışlarına
ilişib qaldı, Lioranın qəribə və diqqətçəkən
göz rəngini müəyyənləşdirməyə çalışdı, amma
sonra dərhal baxışını çevirdi.
İlk söhbətləri sırf işgüzar mövzularda oldu - layihənin mərhələləri,
süni intellektin keçdiyi səviyyə,
robot istehsalının detalları...
Amma cümlələrin arasında
sanki başqa bir cazibə dolaşmağa başlamışdı...
Söhbətləşdikdən sonra xudahafizləşib hər
kəs kompleksdə ona ayrılmış şəxsi lüks rezidansına doğru yönəldi, yaxşıca
istirahət edib ertəsi gündən ardıcıl çalışmalara
başlamalı idilər.
Liora ayrılıb gedəndə çevrilib
Leona baxdı. Bu zaman Leonun
da dönüb onun arxasınca baxdığını
gördü. Gülümsəyib
üzünü çevirdi,
yeraltı rezidansa aparan geniş liftə doğru yönəldi...
Leon üçün isə hələ yatmaq tez idi. Çünki
yaxın dostu yeraltı kompleksə - onun yanına gələcəkdi. Yeraltı
kompleksə yalnız Leonun şəxsi razılığına əsasən
girib-çıxmağa icazə
veriləcəkdi. Burada
bütün səlahiyyət
ona aid idi.
Leon xüsusi telefon vasitəsilə yaxın dostu, insan klonlaşdırılması
üzrə tanınmış
alim Drayk Solta zəng etdi.
Drayk qırxa yaxın yaşı olan, ömründə evlənməmiş,
heç evlənməyə
niyyəti də olmayan ağıllı, hündür və yaraşıqlı adam idi. Ölkədə onun da şöhrəti heç Leonun şöhrətindən geri
qalmırdı.
Bir saatdan sonra Drayk
addımlarından qətiyyət,
baxışlarından soyuq
bir əzm yağa-yağa yeraltı elmi kompleksin lifti ilə aşağı - dostu Leonun yanına enirdi...
Onlar laboratoriyanın əsas zalında görüşdülər.
Kvant serverlərinin uğultusu fonunda Drayk Leonun çiynindən
tutdu, gülümsədi:
- Leon! Əziz dostum, səni təbrik edirəm! Bu, möhtəşəm
addımdır. Sən
artıq yalnız bir alim deyilsən, dünyanın gələcəyinin
memarısan!
Leon gülümsəməyə çalışdı:
- Amma bəziləri deyir ki, mən bu iş
üçün, elm üçün
ailəmi qurban verirəm...
Draykın üzündə sərt
ifadə yarandı:
- Qurban olmadan böyük kəşf yoxdur. Dünya yalnız qətiyyətlilərin
əlində dəyişir.
Hisslər? Duyğular?
Onlar gözəldir, amma onlar səni
şöhrətin, gücün,
iqtidarın zirvəsinə
çıxmaqdan saxlayırsa,
onlardan da imtina etməyi bacarmalısan! Duyğular böyük uğura gedən yolda maneəyə çevrilirsə, onlardan vaz keçməlisən! Sənin yolun elm yoludur. Sənin missiyan var - bütün dünyada tanınmaq, insanlığın tarixində
əbədi iz qoymaq, ona görə
də heç kimin düşüncələrinə
əhəmiyyət vermə!
Leon dərindən nəfəs
aldı. Bu sözlər
ona həm təsəlli verdi, həm də ürəkləndirdi. Draykla
ordan-burdan etdikləri
söhbət düz gecəyarısınacan uzandı...
...Həmin vaxt malikanədə Elora oğlunun
otağında onu qucaqlayıb uzanmışdı.
Dili Darinə nağıl
söyləsə də,
fikri haradasa bilinməyən uzaqlarda dolanırdı. Darin tezliklə
yuxuya getdi, Eloranın gözləri boş-boş oğlunun otağının mavi naxışlı divarlarına
zillənib qalmışdı.
Malikanədə səssizlik
hökm sürürdü,
yardımçılar da çoxdan
öz otaqlarına çəkilmişdilər.
Elora yavaşca ayağa qalxıb oğlunun üzündən öpdü,
işığı söndürüb
öz yataq otağına yönəldi.
Otağa girəndə
orada Leonun izləri gözünə
sataşdı. Yatağın
yanındakı qızılı
rəngli tumbanın üzərində onun nə vaxtsa oxuduğu kvant fizikası haqqında bir kitab atılıb qalmışdı, yanında
unudulmuş qələmlər...
Bəzək güzgüsünün
qarşısında Leonun
ətir şüşəsi
vardı. Elora güzgüyə
yaxınlaşıb tünd
göy rəngli flakonu alıb qapağını açdı,
burnuna yaxınlaşdırıb
ətri sinədolusu qoxladı, qeyri-iradi gözləri yumuldu. Birdən-birə ona elə gəldi ki, Leon lap yanındadır, indicə
onu qucaqlayıb öpəcək. Gözünün
açanda isə yenə yataq otağında tək olduğunu daha dərindən dərk etdi, kədərləndi, gözləri doldu... Bu malikanədə hər şey var idi, bircə sevgidən savayı... Darin elə bu gün neçə
dəfə soruşmuşdu:
- Ana, atam nə vaxt
gələcək?
Elora isə oğluna necə cavab verəcəyini bilmirdi. Onun boğazı qəhərdən düyünlənir,
gözləri yaşla
dolurdu, amma oğlunun qarşısında
güclü görünməyə
çalışırdı...
Yerinə
uzanıb yorğanı
üstünə çəkdi,
bundan sonra bu geniş yataqda
da, bu böyük malikanədə də oğlu ilə bərabər yalqız yaşayacaqdı... Buna öyrəşmək
Elora üçün çox
çətin olacaqdı...
...Gecəyarısı Drayk gedəndən sonra Leon məxsusi liftlə Sinland kompleksinin lap üst qatına qalxdı. Qapılar aralandı və o, meşənin sərin qoxusu ilə dolu havaya çıxdı.
Qaranlıq səmanın
qoynunda parlaq, əbədi, əlçatmaz
olan milyonlarla ulduz yanırdı...
Leon bir siqaret yandırdı.
Alov onun sifətində anlıq parıltı yaratdı. Tüstünü havaya buraxaraq düşündü:
"İnsanlıq min illər
boyu özünü təbiətin əsiri hesab etdi. Əllə
torpaq şumladı, sonra maşınlar icad etdi, indi
isə beynini texnologiyaya köçürür.
Süni intellekt - bu, sadəcə bir alət deyil.
O, bəşəriyyətin ikinci nəfəsidir. Bir gün, bəlkə də, bu ulduzların
arasında ilk addımı
atan məhz o olacaq... Bəlkə də süni intellektlə bəşəriyyət
tamamilə yeni mərhələyə
addım atacaq, bütün kainatın sirrini də çözəcək, kim
bilir? Mənim qurduğum laboratoriya, mənim yaratdıqlarım
sadəcə mexanika deyil. Onlar insanın
davamıdır. Əgər
süni intellekt insanı tamamlayırsa, bəlkə də gələcəyin əsl
varisi artıq doğulub. İnsan ölümlüdür, amma
süni zəka sonsuz ola bilər. Bəlkə də bununla həm də ölümsüzlüyün
sirri açılacaq?
Mən süni intellektlə təchiz olunan humanoid robota yalnız kodlar öyrətmirəm, gün
gələcək mən
ona iradə, seçim azadlığını
da yükləyəcəyəm, onun üçün elə kodlar yaradacağam ki, insan kimi ruha, cana
sahib olacaq. Bu, insanlıq
tarixində böyük
çevriliş olacaq...
Mən bunu edəcəyəm!"
Leon siqaretin kötüyünü
yerə atdı, ani qığılcım otların
arasında söndü.
O, dərindən nəfəs
aldı və içində qəribə
bir rahatlıq hiss etdi. Düşüncələrini
reallaşdıracağına əmin idi... Ulduzlar milyard illik sükut içərisində yanıb-sönərək
elə bil onun düşüncələrini
oxuyurdular və bu düşüncələr
qarşısında sayrışaraq
sanki sirli bir kinayə ilə bir-birilərinə
göz vururdular...
Hüseynbala MİRƏLƏMOV yazıçı-publisist
525-ci qəzet.-
2025.- 27 sentyabr (¹175).- S. 20-21.