"Qarabağ şikəstəsi"nə
vurğun sənətkar
Xanəndə Eynulla Cəbrayılovun
90 illiyi namam oldu 90 illiyi tamam oldu
...1950-ci illərin söhbətidir.
O vaxt Kürdəmirdə
kiçik bir mədəniyyət evi, yanında da sadə yay klubu vardı. Yerli sənətkarlar buraya yarızarafat "konservatoriya" deyirdilər.
Rayonun az-çox tanınmış aşıq
və xanəndələri,
tar-kaman ifaçıları
və başqaları
tez-tez bu məkanda toplaşar, məşq üçün
çalıb-oxuyardılar. Xanəndə Əliyusif Qəniyevi, aşıqlardan
Pirməmmədi, Şakiri,
Əhmədi, Mirzə
Bilalın oğlu Ağaları burada tez-tez görmək olardı.
Növbəti məşqlərdən birində görürlər
ki, yeniyetmə bir oğlan giriş qapısına söykənib
ifaçılara maraqla
tamaşa edir. Həmin oğlan aşıq Şakirin də diqqətini çəkir. Şakir oğlanı səsləyir:
- A bala, orada niyə dayanmısan, bir yaxın gəl, görək kimsən, nə istəyirsən? - Sonra da gülümsər
halda sözünə
əlavə edir. - Deyəsən, sənin də çalıb-oxumağa
həvəsin var, ona görə belə maraqla baxırsan...
Oğlan
Şakirin mehribanlığından
ürəklənib deyir:
- Bəli, həvəsim
var, mən də oxumaq istəyirəm.
Bu vaxt xanəndə Əliyusif Qəniyev tarçalan Ələddinə
üz tutub deyir: - Bir "Segah" çal. "Segah" muğamların anasıdır,
onu yaxşı oxuya bilsə, bu oğlandan xanəndə olacaq.
Ələddin başlayır çalmağa,
oğlan da oxumağa.
Səsi, oxumağı,
boğaz xırdalıqları
eşidənlərin xoşuna
gəlir. Adını
soruşurlar. Deyir, adım Eynulladı, özüm də Şüşün kəndindənəm...
Aşıq Şakir və sənət yoldaşları
Eynullaya məsləhət
görürlər ki, tez-tez
məşqlərə gəlsin,
oxuyub-çalanlara qaynayıb-qarışsın.
Belə də olur. Burada oxuyub
püxtələşən gənc Eynulla bir müddətdən sonra aşıq Şakirin dəstəsinə
qoşulur...
Beləliklə, o vaxtdan Eynulla Cəbrayılovun sənət
yolu başlanır. Əslində bu yol daha əvvəldən,
Eynullanın balaca yaşlarından başlamışdı.
Hələ uşaq ikən onun səsi kəndlərinin
lap yanından axıb
gedən Kür sahilindən, sahil boyunca uzanan bağ-bağatlardan, tut yediyi
ağacın budaqlarından
pərvazlanmışdı. Bu yerlərdə gəzib dolana-dolana oxuyan balaca Eynullanın zil səsi Kür
sularında əks-səda
verərək gedib kəndə çatırdı.
Eynullanı kənd məktəbinin
tədbirlərində, hətta
yeri gələndə,
kənd toylarında oxudub ifalarından həzz alırdılar.
Beləliklə, Eynulla kənd camaatının nəzərində
gələcəyin xanəndəsi
kimi böyüyürdü.
lll
...Eynulla Cəbrayılov
1935-ci ildə Kürdəmir
rayonunun Şüşün
kəndində dünyaya
gəlmişdi. Atasının
qəfil ölümündən
bir neçə ay sonra doğulan Eynullanın uşaqlıq
illəri çox ağır keçib. Bir tərəfdən müharibə,
o biri tərəfdən
də yetimlik onun həyatında ağır izlər qoymuşdu. Buna görə
də kənd məktəbində bir neçə sinfi oxumaqla kifayətlənmiş,
az yaşında çörək dalınca
getməyə, ailəni
dolandırmağa məcbur
olmuşdu. Bu yolda
Allah vergisi olan səsi, fitri istedadı onun dadına çatmış,
karına gəlmişdi.
Eynulla Cəbrayıov 1952-ci ildən
ömrünün sonuna
kimi Kürdəmir
rayon Mədəniyyət evində
çalışıb. Eyni
zamanda respublikanın muğam-musiqi həyatında
yaxından iştirak edib. 1956-57-ci illərdə
Azərbaycan gənclərinin
I və II yaradıcılıq
festivallarının iştirakçısı
olub. Bir müddət Azərbaycan Dövlət Filarmoniyasının Konsert-qastrol
Birliyində çalışıb.
90 yaşlı həmsöhbətim,
uzun illər Ağsu rayon Veteranlar Təşkilatının sədri
olmuş Cəmaləddin
kişi deyir:
- 1961-ci ildə radioda respublika üzrə bədii özfəaliyyət
kollektivlərinin konserti
təşkil olunmuşdu.
Həmin konsertdə Eynulla "Kimdən öyrəndin?" mahnısını
oxudu, çox gözəl də oxudu, Kürdəmir rayonunu layiqincə təmsil elədi. Elə o vaxtlardan istedadlı ifaçı kimi tanındı...
Cəmaləddin kişinın sözünə
qüvvət olaraq deyim ki, "Sevgilim, sən maral kimi" misrası ilə tanınmış həmin mahnını, mən bilən, ilk dəfə Eynulla oxuyub, daha doğrusu,
Eynulla yaradıb:
Sevgilim,
sən maral kimi
Süzməyi kimdən öyrəndin?
Ay qabağa siyah teli
Düzməyi kimdən öyrəndin?
Kəklik
kimi qayalarda,
Ceyran kimi səhralarda
Sona kimi dəryalarda
Üzməyi kimdən öyrəndin?
Bu mahnı 65 ildən çoxdur ki, radionun "Qızıl fond"unda saxlanılır. İndinin
özündə də
elə bir toy məclisi, el şənliyi yoxdur ki, Eynullanın bir vaxt sənət möhürü vurduğu
həmin mahnı orada səslənməsin.
Təkcə adını çəkdiyim
mahnı deyil, Eynullanın ifasında
"Qızıl fond"da
onlarla mahnı və təsnif, eləcə də üç muğam dəstgahı var.
Eynulla Cəbrayılov həm aşıq Şakirlə birlikdə və həm də ondan ayrılıqda Bakının, Abşeronun
bir çox kəndlərinin toylarında
xanəndə kimi iştirak etmişdi. O, ayrı-ayrı rayonlarda da
yaddaqalan toylar aparmışdı. Hətta
Orta Asiya respublikalarında, o cümlədən
Özbəkistanda, Türkmənistanda
toylarda olmuşdu.
Eynulla heç bir musiqi təhsili almamışdı. Özünün
dediyi kimi, yalnız böyük ustad Xan Şuşinskinin bənzərsiz səsindən
və ifalarından dərs alıb püxtələşmişdi. Ona "Qarabağ şikəstəsi"ni
də Xanın ifası sevdirmişdi. Elə buna görə idi ki, Eynulla toy məclislərində, el şənliklərində və
rayon tədbirlərində "Qarabağ şikəstəsi"ni
həmişə böyük
fəxrlə, xüsusi
şövqlə oxuyurdu.
Mən özüm dəfələrlə bunun
şahidi olmuşdum. Ömrü boyu muğama ürəkdən
bağlı olan bu sənətkar övladlarına da muğam
adları vermişdi:
Zabul, Mahur, Şahnaz...
lll
Bir gün aşıq Şakir haqqında Xalq artisti Arif
Babayevdən müsahibə
alırdım. Yeri gəlmişkən, Eynulla
haqqında da soruşdum.
Arif müəllim dedi ki, Eynulla güclü səsi olan xanəndə idi, Xanın yolu ilə oxuyurdu.
Həm də ansamblın müşayiəti
zamanı özünü
sərbəst aparırdı.
Çünki səsinə,
ifasına güvənirdi.
Xalq artisti Əlibaba Məmmədovun da Eynulla Cəbrayılov barədə
dəyərli fikirləri
var:
- Bir gün bir nəfər
məni toya aparmaq üçün bizə gəlmişdi. Soruşdum ki, hardansan? Dedi, Kürdəmirdən gəlmişəm. Kürdəmir
adını eşidəndə
dərhal Eynulla yadıma düşdü.
Dedim, incimə, gedə bilməyəcəm.
Ona görə ki, sən
Eynulla kimi xanəndəni orada qoyub, o qədər yolu durub gəlmisən
bura. Getmədim. Gələn adam səhvini başa düşdü və çıxıb getdi...
Xalq artisti tarzən Ağasəlim Abdullayev uzun
illər bir çox xanəndə ilə çalışmış
bir sənətkar kimi deyir ki, Eynulla Cəbrayılov öz gözəl ifaları ilə onun da diqqətini cəlb eləyib:
- Buna görə də rəhbərlik etdiyim ansamblın və eləcə də mənim müşayiətimlə
üç muğam dəstgahını lentə
yazdıq. O qədər
yaxşı oxudu ki, həmin dəstgahları köçürüb radionun
"Qızıl fondu"na
verdilər.
Xalq şairi Musa Yaqub deyirdi ki, Eynulla nə oxuyubsa, hamısına öz sənət möhürünü
vurub:
- Heç bir musiqi təhsili görməyən, ömrü
boyu mərkəzdən
xeyli uzaqda, sadə dillə desək, əyalətdə
yaşayan bu adam yalnız öz istedadının, sənətə ürəkdən
bağlanmasının hesabına
tanınıb şöhrətlənmiş,
layiqli sənətkarlar
sırasında öz
yerini tutmuş, öz sözünü demişdi...
lll
... Son vaxtlar çox az görünürdü.
Toylara, məclislərə
getməyə daha həvəsi qalmamışdı.
Xəstəlik bir tərəfdən, adlı-sanlı
xanəndələrimizin yurdu
olan Qarabağın işğalı da bir yandan onu tamam
ruhdan salmışdı.
Olduğu toyları, məclisləri "Qarabağ
şikəstəsi" ilə
başlayıb "Qarabağ
şikəstəsi" ilə
qurtaran Eynulla üçündə Qarabağ
itkisi çox böyük dərd olmuşdu.
1992-ci ilin sentyabrı idi. Həmişə deyib-gülən, necə deyərlər, musiqi dili ilə danışan,
şən zarafatları
ilə könül oxşayan Eynulla artıq yatağa düşmüşdü. Oğlu
Mahur o günləri belə xatırlayır:
- Ömrünün son günləri
idi. Bakıdan müğənni dostları
ona baş çəkməyə gəlmişdi.
Bir xeyli oturub söhbətləşdilər. Xudahafizləşib gedəndə
onlardan biri atamın üzünə baxıb dedi ki, ustad, bir ağız
"Qarabağ şikəstəsi"
oxuyarsanmı? "Çalışaram"
- dedi və oxudu. Bu, möcüzə idi: ağır xəstə ola-ola bu cür gözəl oxuyasan?! Bir neçə gündən sonra atam dünyasını dəyişdi. Ölümündən
əvvəl bizə
son sözü bu oldu: "Qarabağ şikəstəsi"ynən götürərsiz
məni..."
Biz atamızın vəsiyyətini
yerinə yetirdik. Onu son mənzilə öz ifasında lentə yazılmış
"Qarabağ şikəstəsi"
ilə yola saldıq...
Bu gün Eynulla Cəbrayılovun da, Qarabağ
nisgili ilə dünyadan gedən digər sənətkarların
da ruhu şaddır. Şükürlər olsun
ki, qədim və gözəl Qarabağ azadlığına qovuşub!
İnanırıq ki, başqa
xanəndələrimiz kimi,
Eynulla Cəbrayılovun
da ifasında "Qarabağ
şikəstəsi" o müqəddəs
torpaqlarımızda yeri
gəldikcə səslənəcək.
Tofiq ABDULLAYEV
525-ci qəzetş- 2025.- 27sentyabr (¹175).- S.23.