Tofiq Bakıxanov,
Dmitri Şostakoviç, Frank Martin eyni layihədə
Sentyabrın 21-də Cenevrənin “Salle Frank
Martin” konsert
zalında “Piano Trio Areal” ansamblı
klassik Azərbaycan və dünya musiqisini birləşdirən
debüt albomunu təqdim edib.
Layihə
Avropada Azərbaycan mədəni irsinin təbliğiatçısı kimi tanınan “Heritage Association”ın dəstəyi və yenilikçi musiqi layihələrini dəstəkləyən
“Odradek Records”la əməkdaşlıq sayəsində
gerçəkləşib.
Xüsusi
diqqətəlayiq məqam
albomda görkəmli bəstəkar Tofiq Bakıxanovun III Fortepiano Triosunun dünya üzrə ilk səsyazmasının
yer almasıdır. Əsər Azərbaycan musiqi irsinin zənginliyini əks etdirir, musiqidə Şərq və Qərb ənənələrini birləşdirən
ritmik, melodik bağlar yaradır. Yeni albom T.Bakıxanov
musiqisinin müxtəlif
beynəlxalq festivallarda,
böyük konsert salonlarında ifa olunmasına, bununla da onun yaradıcılığının
daha geniş auditoriyaya yayılmasına
təkan verir.
Albom İtaliyanın Peskara-Montesilvano
şəhərindəki müasir
“The Spheres” studiyasında yazılıb.
Layihənin təqdimatı
münasibətilə təşkil
edilmiş proqramda
Frank Martinin “İrlandiya
Xalq Nəğmələri
üzərində Trio”, Dmitri Şostakoviçin mi-minor, Op. 67 II Piano Triosu və Tofiq Bakıxanovun III Piano Triosu səsləndirilib.
Trio üzvləri skripkaçı
Cəmilə Qarayusifli,
violonçel ifaçısı
Sandro Mezaros və pianoçu Darya Korotkova gənc, beynəlxalq səviyyədə tanınmış
istedadlı musiqiçilərdir.
Onların dərin emosional və təsirli ifası Cenevrə tamaşaçıları
tərəfindən böyük
rəğbətlə qarşılanıb, ansamblın
musiqi vasitəsilə
mədəniyyətləri birləşdirmək missiyasını
bir daha nümayiş etdirib.
Frank Martinin adını daşıyan və klassik musiqi konsertlərinin keçirildiyi
ən nüfuzlu məkanlardan sayılan
“Salle Frank Martin” zalında baş
tutan təqdimata fəxri qonaq qismində məşhur bəstəkarın nəvəsi
Denis Martin də dəvət
edilib. Tədbirin təşkilatçılarının fikrincə, “Piano Trio Areal”ın debüt albomu yalnız ansamblın yüksək ifaçılıq məharətini
nümayiş etdirmir,
həm də klassik musiqi ilə mədəni ifadə arasındakı dərin bağları vurğulayır. Fərqli
ənənələri birləşdirmək
bacarığı sayəsində
ansambl musiqi vasitəsilə güclü
hekayə yaradır və həm incəsənətin, həm
də mədəni irsin elçilərinə
çevrilir. Bu albomun
işıq üzü
görməsi T.Bakıxanovun musiqisinin
beynəlxalq festivallarda
və böyük konsert səhnələrində
ifasına şərait
yaradaraq, onun yaradıcılığının daha geniş auditoriyalara çatmasına
mühüm töhfə
verir.
Müxtəlif ölkələri təmsil
edən dinləyicilərin,
peşəkar musiqiçilərin
rəyinə görə,
bu cür layihələr mədəniyyətlərarası
mübadiləyə güclü
impuls verir, eyni zamanda Azərbaycanın
zəngin irsinin gələcək nəsillərə
ötürülməsində mühüm rol oynayır.
Layihənin təşəbbüskarı
“Heritage Association” Cenevrədə yerləşən, Avropada
Azərbaycan ənənələrini,
incəsənətini və
musiqisini təbliğ
edən təşkilatdır.
Assosiasiya mədəniyyətlərarası
dialoqu təşviq edən, Azərbaycan mədəni irsini gələcək nəsillər
üçün qoruyan
layihələri dəstəkləyir
və daha öncə də bir sıra mədəni
təşəbbüslər reallaşdırıb. Bunlara
İsveçrədə Azərbaycan
milli mətbəxinin təqdim
olunduğu böyük
kulinariya festivalında
iştirak, tarixçi
Fuad Axundovun Cenevrədə
mühazirələri, Bakı
Marionet Teatrının Üzeyir
Hacıbəyovun “Arşın
mal alan” tamaşasının
nümayişi və
“Leyli və Məcnun” tamaşasının
kuklalarının “Les Salons” teatrında sərgisi, eləcə də məşhur caz pianoçusu Elçin Şirinovun Cenevrədəki
konserti daxildir.
“Heritage Association”ın yeni layihəsi olan “Trio Areal” allbomunu isə Spotify, Apple
Music kimi əsas platformalarda, eləcə də ansamblın rəsmi kanalları vasitəsilə dinləmək
olar.
Lalə
525-ci qəzet.-
2025.- 23 sentyabr (¹171).- S.10.