Yusif Səmədoğlu təkrarsızlığı: "Qətl günü"ndən
əbədiyyətə qədər...
1998-ci ilin 18 avqustunda Fəxri xiyabana daha bir axın, izdiham baş
aldı.
"Dərd
də, azar kimi, gələndə batmanla gəlir".
Böyük Azərbaycan yazıçısı Yusif
Səmədoğlu əbədiyyət
adlı bir mənzilə yol alırdı və o mənzildən heç bir möcüzə bir daha onu
bu dünyaya qaytarmayacaqdı. Səməd
Vurğun ocağının
ağbirçəyi Xavər
xanımın ağlar
ana görkəmi artıq
bu ocaqda bir çat yarandığından xəbər
verirdi. Ancaq insanın hər gün gördüyü, ünsiyyətdə olduğu,
illər boyu doğmalaşdığı həmcinsindən
əli üzüləndə
bir istək də onu tərk
eləmir - lap mövhumi
də olsa, özünü belə bir fikrə inandırır ki, möcüzə
baş verəcək.
Vaqif Səmədoğlunun
bir şeirində deyildiyi kimi:
Bir gün səslənəcək
və ölüm qədər yaxın,
doğma
bir səs eşidəcəm.
Ömrün səslərində bir
boşluq səslənəcək,
və mənə gərəksiz
olacaq
yer üzünün bütün
özgə səsləri.
Və o
an
nə sayrışan ulduzların
xışıltısı,
nə uşaq gülüşünün
parıltısı
daha lazım olmayacaq mənə.
Ölüm qədər yaxın
doğma
bir səs eşidəcəm...
Amma o doğma səsi
heç bir möcüzə bizə qaytara bilməz. "Yuxunuz şirin olsun, dirilər!"
Yusif Səmədoğlu deyəndə
öncə Səməd
Vurğun yada düşür.
Onların şəkillərini
yanaşı qoyun, görəcəksiniz ki, natura etibarilə
atasına ən çox oxşayan Yusifdir. Təkcə görünüş və
natura etibarilə yox, həm də daxilən, ruhən... Təbii ki, biz - qırxıncı
illərin sonlarında,
əllinci illərdə
dünyaya gələnlər
Səməd Vurğunu
görə bilməzdik.
Səməd Vurğunu
biz yalnız dilimizin əzbərinə çevrilən
şeirlərindən, bu
şeirlərin təsiri
ilə Azərbaycanı
sevən bu torpaqda doğulduğu üçün böyük
qürur hissi keçirən atalarımızın,
analarımızın, yaşca
bizdən irəli bacı və qardaşlarımızın məhəbbətindən
sevmişik. Bəli, məhəbbətindən! Çünki
uşaq olmağıma
baxmayaraq, bunu - bu qeyri-adi məhəbbəti
hiss etməmək mümkün
deyildi. Bizim evdə iki dəfə
böyük ağlaşmanın
şahidi olmuşam.
1953-cü ildə (onda
mənim beş yaşım vardı) -
mart ayında "ellər
atası" Stalin öldü.
İlk ağlaşma onda
oldu. 1956-cı ilin mayında Səməd Vurğun öldü və onda da gördüm ki, necə böyük bir müsibət baş verib. Amma tezliklə Stalin şəxsiyyətinə pərəstişə
qarşı bir kampaniya keçdi, "ellər atası" fəxri zirvədən aşağı yumbalandı,
vaxtilə onun ölümünə ağlayanlar
heykəllərini yıxdılar.
Amma Səməd Vurğun
unudulmadı. Çünki
Səməd Vurğunu
unutmaq azərbaycanlı
olduğunu unutmaq demək idi.
Bir haşiyə: 1960-cı ildə
25 yaşlı Yusif Səmədoğlunun ilk hekayələr
kitabı çapdan çıxır: "220 ¹-li otaq".
Cavan yazıçı
kitabın birinci səhifəsində yazmışdı:
"Atam Səməd Vurğunun əziz xatirəsinə ithaf edirəm".
Əlbəttə, etiraf edək
ki, bu kitab ədəbi
aləmdə elə xüsusi səs-səda doğurmadı. Müqayisə
edib deyə bilərik ki, on üç
il sonra cəmi beş hekayədən ibarət ikinci kitab - "Qalaktika" daha sanballı idi. Burada Yusif Səmədoğlu
artıq bir hekayəçi kimi püxtələşmişdi. Ancaq
söhbət "220 ¹-li otaq"dan
gedir və mən burada "Atam Səməd Vurğunun əziz xatirəsinə ithaf edirəm" sözlərinin
kitabdakı hekayələrlə
nə dərəcədə
səsləşdiyinə işarə
etmək istəyirəm.
Bunun üçün həmin kitabdakı iki hekayəyə üz tuturam. "Gözlər"
hekayəsi Səməd
Vurğunla bağlı
(hekayədə adı
çəkilməsə də,
Şair odur), reallığına - olmuşluğuna
qətiyyən şübhə
doğurmayan bir hadisədən söz açır. Ovçu dostları ilə birgə Q. kəndinə gedir. Sabah sübhdən yenə ova çıxacaqdılar.
Şairin kəndə
gəlməsini eşidən
camaat klubun qabağına toplaşır.
Şair görünən
kimi hamı ilə hal-əhval tutur.
Və bu zaman... "Cavanların
qabağında, on yeddi-on
səkkiz yaşlarında
ucaboy bir qız başını aşağı salıb dayanmışdı. Qızın
alnına tökülmüş
qıvrım teli arabir əsən mehdən tərpəşir,
qalın çatma qaşlarını sığallayırdı.
Həyəcanlandığından, yorulduğundanmı qız
ağır nəfəs
alır, qabarıq sinəsi qalxıb enirdi.
...Şair ağır addımlarla qıza yanaşıb bir an durdu, adəti üzrə yenə əlini saçlarına aparıb qaşlarını
çatdı. Bir az dumanlı görünən
gözlərində gəncliyə,
təbiətin qüdrətinə
təşəkkür ifadə
edən bir qığılcım yandı.
Şairin qıza maraqlandığını görən
camaat danışığını
kəsdi. Şair mənalı nəzərlərlə
bir qızı, bir də dağları
süzdü, sönmüş
papirosunu yerə tullayıb dedi:
- Qızım, get mənə
bir atlama qayır gətir. Gözlərinə şeir
yazacağam.
Qız
son dərəcə ağır
bir hərəkətlə
başını qaldırdı.
Gözlərinin ikisinə
də ağ gəlmişdi. Sanki Şairdən
və təbiətdən
aman istəyirdi. İşin belə olacağını heç
kəs gözləmirdi.
Hamı pərişan
halda nəzərlərini
Şairə dikdi. Şair isə...
Şairsə sarsılmışdı. Bənizi qaralmış, dodaqları titrəyirdi.
...Şair qıza yanaşdı, onu qucaqlayıb başını
bağrına basdı.
Titrək səslə:
- Qızım, bağışla,
- dedi, - görmədim,
qızım, bağışla,
görmədim!"
Son dərəcə həssas
olan, ürəyi kövrəkdən kövrək
şair klubda çox qalmır, bu ağır səhnə onu sarsıtdığından şəhərə
tələsir.
Və illər keçir, qəlbini sındırdığına
görə o qız yadından çıxmır.
Və bir gün, həkimlərin
ciddi səyi ilə sağalan o qız şairin yanına gəlir.
Bu hekayədə Yusif Səmədoğlu böyük
bir məhəbbətlə
xalqın sevimli şairinin - atası Səməd Vurğunun obrazını yaratmışdı.
Məncə, Yusif Səmədoğlunun
Səməd Vurğuna
münasibətini - oğulun
Ataya məhəbbətini
açıqlamaq üçün
"Gözlər" hekayəsindən
daha gözəl mənbə tapmaq çətindir.
O ki qaldı "220 ¹-li otaq"
hekayəsinə, bu hekayə Yusif Səmədoğlunun Səməd
Vurğun ideallarına
nə dərəcədə
sadiq qaldığını
göstərən səciyyəvi
ədəbi nümunədir.
İllər keçdikcə, Səməd
Vurğun yaradıcılığına
dönə-dönə müraciət
etdikcə bir daha aydın olur ki, o, təpədən-dırnağa
azərbaycançı, milliyyətçi,
vətənçi şair
idi, hətta "Zəncinin arzuları"nda
da, "Zamanın bayraqdarı"nda
da Səməd Vurğun
Azərbaycan ruhundan bir addım belə geri çəkilməmişdi.
"220
¹-li otaq" hekayəsinin
qəhrəmanı da başdan-ayağa
patriotdur, bütün
varlığı ilə
Azərbaycana bağlıdır.
Moskvada təhsil alan dostunun birdən-birə
dəyişməsi (adət-ənənələrimizə
dodaq büzməsi, tarı yox, saksafonu və trubanı sevməsi, rus qızlarına "məftun" olması) onun mənliyinə toxunur, ironiya ilə "Bizdən Azərbaycana salam!" deyən dostlarından əbədi ayrılır.
"Komendantdan pasportunu geri alanda o qoca
kişi diqqətlə
üzümə baxdı
və soruşdu:
- Orada heç kim qalmadı? Yoxsa gecdir, yatmaq
vaxtıdır.
Mən nə etdiyimi bilmirdim. Yazıq qocanın üstünə
qışqırdım:
- Xeyr, qaldı! Bir fahişə qaldı, bir də o fahişəyə
oxşayan iki oğraş!.."
Ancaq Yusif Səmədoğlu ruhən, necə deyərlər, kökünə
və qan qrupuna görə Səməd Vurğuna nə qədər oxşasa da, öz taleyini yaşadı. Onlar XX əsrin bir-birindən fərqli iki zaman qütbündə
yaşamışlar. 1956-cı ildə 50 yaşını
yenicə adlamış
Səməd Vurğun
illər
boyu çəkdiyi mənəvi əzablardan,
açıq və gizli təqiblərdən,
"qazandığı" xərçəngdən vəfat
etdi.
Bu zaman Yusif Səmədoğlunun
21 yaşı vardı.
Səməd Yusif oğlu həyatında çox müsibətlərlə
üzləşmişdi, o, böyük şöhrət
pyedestalına bu müsibətlərdən keçə-keçə
yüksəlmişdi. Uşaqkən
anasını, sonra atasını itirmişdi.
Yoxsulluq və ehtiyacla üz-üzə qalmışdı. Bəy
oğlu idi, amma yeni quruluş ona bəy kimi
yaşamağa heç
fürsət vermədi,
əlinə silah götürüb komsomollarla
bir sırada bəylərə qarşı
mübarizəyə qalxdı.
İlk sevgisi uğursuz
oldu. Şeir aləmində çox tez parladı, ancaq heç vaxt başından qeylü qal əskik olmadı. Böyük şair kimi etiraf olunsa
da, Mircəfər Bağırovun
açıq və gizli təqibləri, qəzet və jurnal səhifələrində
ünvanına yağdırılan
hücumlar həmişə
yoluna çıxdı.
Cavid, Müşfiq, Əhməd Cavad - onlarla gözəl ziyalımız sürgünlərdə
məhv oldu, güllələndi. Səməd
Vurğun isə yaşaya-yaşaya bu sürgünlərdən keçdi.
Ancaq bütün bu görünən və görünməyən
tərcümeyi-halı ilə
Səməd Vurğun
elə sağlığında
xalqın ürəyində
öz möhtəşəm
heykəlini ucaltdı.
1956-cı
ildə Səməd Vurğun vəfat edəndə dövr, zamanə artıq mülayimləşmişdi, ölkədə
Stalin şəxsiyyətinə pərəstiş bir nömrəli tənqid hədəfinə çevrilmişdi,
xalq, deyəsən, rahat nəfəs almağa başlayırdı.
Moskvada, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda
təhsil alan Yusif Səmədoğlu sonuncu kursu Bakıda
- ADU-nun filologiya fakültəsində
başa çatdırdı.
Sonra isə qəzet və jurnal redaksiyaları ilə əməkdaşlıq etməyə
başladı.
Gərək həqiqəti olduğu
kimi söyləyək.
Altmışıncı illərdə
Yusif Səmədoğlu
artıq bir kitabın və bu kitaba düşməyən
bir neçə hekayənin müəllifi
olsa da, öz yaşıdları arasında
seçilmədi. Mənim
fikrimcə, bunun iki səbəbi vardı. Birincisi, Yusif Səmədoğlunun
yazıçı təbiətiylə
bağlıdır. Bütün
ömrü boyu o, çap olunmağa tələsmirdi, əgər
belə demək mümkünsə, Yusif Səmədoğlu görünməməyə
çalışırdı. Görünənlər - Yusif
yaşlılar hər
3-4 ildən bir öz ədəbi məhsullarını kitab kimi
çap etdirirdilər,
başqa dillərə
əsərləri tərcümə
olunurdu, təbii ki,
buna layiq idilər. Ancaq nə etmək
ki, Yusif az yazırdı, belə
"məhsuldarlığı" yox idi. Mən
deyərdim, o, Azərbaycan
ədəbiyyatında bir
bəy - bir kübar həyatı keçirirdi. İstəyəndə
yazırdı, istəməyində
yazmırdı. Amma elə
dövrdə - yazmadığı
illərdə də heç kəs onun istedadına qətiyyən şübhə
etmirdi.
İkincisi, Yusif Səmədoğlu
az yazsa da, bəzi yazılarını
çapa verəndə
də bunları "Qlavlit" geri qaytarırdı. Yaxşıca
xatırlayıram ki, burada
adını çəkəcəyim
bir hekayə düz üç dəfə müəllifin
özünə qaytarılıb.
(Ardı var)
Vaqif YUSİFLİ
525-ci qəzet.-2025.- 23 sentyabr (¹171).- S.15.