Həqiqi həyat ölüm anından başlanır...
Reyhan Mirzəzadənin fikridir:
"Dil - yalnız dünənimiz və bu günümüz deyil, həm də sabahımız və əbədiyyətimizdir..."
Böyük şəxsiyyətlərdən
biri isə vaxtilə demişdi: "Ədəbiyyat əbədiyyəti
bir anlığa çevirir, anı isə əbədiyyətə..."
Bu sözlər Reyhan Mirzəzadənin kitablarını
və məqalələrini
oxuyarkən istər-istəməz
yada düşür. O, müxtəlif
xalqların və ölkələrin ədəbiyyatı
haqqında yüzlərlə
elmi əsərin müəllifi, yazıçı,
publisist, politoloq kimi tanınır.
Çoxsaylı kitablarının təqdimatlarından
birində: "Sizi yaradıcılığa nə
ruhlandırır?" sualına
Reyhan xanım səmimi bir istiliklə cavab vermişdi: "Uşaqlıqdan
ədəbiyyatı sevmişəm
və bu sevgi ömrümün sonuna qədər mənimlə olacaq. Qardaşlığa, sülhə
və bərabərliyə
səsləyən hər
bir ədəbiyyat mənə doğmadır.
Mən müxtəlif
xalqların - ərəb
mədəniyyətindən tutmuş yəhudi ədəbiyyatına qədər
- yazıçı və
şairləri haqqında
yazmışam və bu dəyərləri gələcək nəsillərə
çatdırmağı öz
borcum hesab edirəm".
XX əsrin görkəmli yazıçısı və
ədəbiyyatşünas alimi, professor Mir Cəlal Paşayevin yaradıcılığına
həsr olunmuş
fundamental məqaləsində Reyhan Mirzəzadə onun şəxsiyyətini,
prinsiplərini və dəyərlərini açan
maraqlı fikirlərə
və sitatlara yer verir - həm
ədəbiyyatçılardan, alimlərdən, həm də yazıçının
övladlarından. Bu baxımdan
Xalq yazıçısı,
Əməkdar incəsənət
xadimi Qılman İlkinin fikirləri xüsusilə diqqətəlayiqdir:
"İnsanlıq fəlsəfəsi"
kitabını oxuyarkən
yazıçının 1937-ci ildə dediyi sözləri xatırladım:
"İnsanlıq ayrıca
bir fənn kimi məktəblərdə
tədris olunmalıdır".
Onun əsərlərində
insanlıq mövzusu və bu fəlsəfə
daim qırmızı
xətt kimi keçib.
M.C.Paşayevin oğlu
akademik Arif Paşayev atasının həyatına dair çox dərin və obyektiv bir fikir söyləyib:
"Mir Cəlal bir deyil, bir neçə
həyat yaşamışdır".
O qeyd edir ki, atası, bir tərəfdən, roman və
hekayə müəllifi
kimi bütün varlığını bədii
yaradıcılığa həsr
etmişdi. Digər tərəfdən isə,
yorulmaz bir ədəbiyyatşünas alim idi,
klassiklərimizin yaradıcılığına
dəqiq və elmi təhlil verirdi. Üçüncü
olaraq, Mir Cəlal müdrik bir pedaqoq idi, bir
çox görkəmli
alim və ədəbiyyat
xidmətçilərini yetişdirmişdi.
Bu üç həyat
bir-birini tamamlayır,
ayrılmaz şəkildə
birləşərək Mir Cəlalın bütöv,
ahəngdar və parlaq obrazını yaradırdı.
Yazıçının digər oğlu - ADA Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Hafiz Paşayev atasını
xatırlayaraq vurğulayırdı
ki, Mir Cəlal öz ailəsini ən gözəl əsəri hesab edir və
ailə dəyərlərini
uca tuturdu. Çünki o, əmin idi: möhkəm ailə sağlam cəmiyyətin təməlidir.
Reyhan Mirzəzadə isə Mir Cəlal Paşayevə olan səmimi sevgisini onun böyüklüyü,
saflığı və
sadəliyi ilə izah edir: "Onun əsərlərini, yəqin ki, on dəfə oxumuşam və hər dəfə oxuyarkən sanki onunla söhbət edirdim. Danışığımız
zamanı özümü
daha sakit hiss edirdim, həyata inamım artırdı, yaşamaq və yaratmaq arzusu yenidən doğulurdu. Onu tanıyan və onun yetirməsi
olan ziyalılarla ünsiyyətdə o gözəl
insanın nur saçan obrazı yaddaşımda canlanırdı".
Mir Cəlal Paşayevin ana dilinə olan sevgi və sədaqətindən
danışan Reyhan xanım onun haqqında yazmağı özünə şərəf
sayır. Çünki
görkəmli alim M.C.Paşayev Azərbaycan
dilinin saflığının
qorunması üçün
ciddi töhfələr
vermiş, böyük
zəhmət sərf etmişdi. Yazıçı
dilimizin müqəddəsliyini
və fikirlərin sadəliyini yalnız öz əsərlərində
yüksək qiymətləndirməklə
kifayətlənməyib, bunu
öz tələbə
və yetirmələrinə
də tövsiyə edib. Elmi və
nəzəri məzmunla
yanaşı, o, dil və üslub məsələlərinə xüsusi
diqqət yetirirdi. Reyhan xanım vurğulayır ki, Mir Cəlal
üçün məzmunun
dərinliyi ilə yanaşı, dilin və üslubun aydınlığı yaradıcılığın
əsas şərti idi. O, şişirdilmiş,
dolaşıq və çətin əsərləri
sevməzdi, yazı qaydalarının sadə və müdrik olmasının tərəfdarı
idi. Bu üslubun ustası kimi tanınan Mir Cəlal, Azərbaycan dilinin təbii gözəlliyinə
daha da cazibə qatırdı və daim tələbələrini
bu yolla ruhlandırırdı.
Reyhan Mirzəzadə qeyd edir ki, Mir Cəlal sovet dövrü əsərlərində azərbaycançılıq
ideologiyası naminə
əlindən gələni
edirdi. Dilində və üslubunda Azərbaycan dilinin bütün incəliklərini
və özəlliklərini
qoruyaraq, o, yalnız xalqın mənəviyyatı
ilə yaşamırdı,
həm də Mirzə Cəlil və Mirzə Ələkbər Sabir ənənələrinə
sədaqətini nümayiş
etdirirdi. Çünki
hər bir xalqın kökü və mədəniyyəti
ana laylasından, torpağa
bağlılıqdan və
ana dilinə məhəbbətdən
başlayır. Dilin şərəfini qorumaq -
milli mədəniyyətin və
tarixin keşiyində
durmaq deməkdir. Yazıçı vurğulayır:
dil - yalnız dünənimiz və bu günümüz deyil, həm də sabahımız və Əbədiyyətimizdir.
XIX əsr gürcü klassik ədəbiyyatının
görkəmli nümayəndəsi,
şair və yazıçı Vaça
Pşavela haqlı olaraq demişdi: "Dil xalqın anasıdır". Reyhan xanım ona "min dəfə təşəkkür!"
deyir və fəxrlə qeyd edir ki, qonşu və dost gürcülər
dünyada ilk xalq olmuşlar ki, 1984-cü ildə
Tbilisinin mərkəzində
ana dilinə abidə ucaldıblar. Hər il sentyabr ayında məktəblilər dərs
ilinə ana dilinə və Vətənə sədaqət andı içərək başlayırlar.
Bu ənənənin bizim
ölkəmizdə də
həyata keçirilməsi
nə qədər gözəl olardı...
Reyhan Mirzəzadə Mir Cəlal
Paşayevin yaradıcılığının
dil və üslubunu təhlil edərək vurğulayır
ki, ədəbi dil xalq dilinin zəminində
formalaşır. Xalq dilinin dəqiqliyini, şirinliyini və səmimiliyini hiss etdikcə,
düşüncə və
ifadə tərzi, əsərə və onu yaradan yazıçıya
olan sevgi daha da güclənir. Çünki söz - fikrin ifadə vasitəsidir və onun mənası, elə fikrin özü kimi, sonsuzdur. Söz müxtəlif rənglərdə
və tərəflərdə
görünə bilər,
lakin onun mənasına doğru pillə-pillə yüksəlmək,
hər tərəfdən
baxmaq və mahiyyətini tam açmaq
- qələm sahibi üçün böyük
istedad və dərin zəka tələb edir.
Təsadüfi deyil ki, müəllif
qeyd edir: artıq 50 ildən çoxdur ki, XX əsr Azərbaycan ədəbiyyatının
öyrənilməsi və
tədrisi Mir Cəlal
Paşayevin elmi və pedaqoji fəaliyyətinə əsaslanır.
Yazıçının danılmaz xidmətlərindən biri
də odur ki, Mir Cəlal Paşayev Füzulinin yaradıcılığı
haqqında ilk monoqrafiyalardan
birini yazmışdı.
1940-cı ildə qələmə
alınan "Füzulinin
poetik xüsusiyyətləri"
adlı kitab müəllifin
doktorluq dissertasiyası
olmuşdu. Bu tədqiqatda
Füzulinin bədii dünyagörüşü, poetik
dili, xalq dilindən istifadə tərzi, təsvir və ifadə vasitələri, lirik məzmunu və poetikası geniş şəkildə təhlil
edilir. Sonradan Mir Cəlal bu monoqrafiyanı
yenidən işləyərək
1958-ci ildə "Füzuli
yaradıcılığı" adı ilə nəşr etdirib.
Mir Cəlal Paşayevi Azərbaycan ədəbiyyatşünaslığında
xüsusi mövqeyə
yüksəldən əsərlərdən
biri də 1947-ci ildə yazdığı
"Azərbaycan ədəbiyyatında
ədəbi məktəblər
(1905-1917)" adlı monoqrafiyadır.
Bu dövrün ədəbiyyat
mənzərəsini hərtərəfli
əks etdirən bu maraqlı tədqiqat müəllifə
filologiya elmləri doktoru elmi dərəcəsini
qazandırmışdı. XX əsrin əvvəllərindəki
ədəbi hərəkatın
inkişaf istiqamətlərini
və yaradıcılıq
problemlərini araşdıran
elə bir alim yoxdur ki, bu monoqrafiyadan
faydalanmasın. Reyhan xanım yazır ki, bu fikri XX əsrin
nüfuzlu tədqiqatçılarından
Məmməd Cəfər
Cəfərov, Əziz
Mirəhmədov, Kamal Talıbzadə
və başqalarının
əsərlərində Mir Cəlalın sitatlarına
rast gəlmək də təsdiqləyir. Elə buna görə də o dövrdə elmi dairələrdə belə bir deyim
yayılmışdı: "Hər kəs Mir Cəlalın əsərlərindən
bir qaşıq götürüb".
Mir Cəlal Paşayev heç zaman yüksək
titullara, elmi adlara can atmayıb, belə davranışlardan
uzaq olub. Onun yetişdirdiyi böyük alim ordusu - bu insanın elmi inkişaf səviyyəsinin ən parlaq göstəricisidir.
Mir Cəlalın bir əsərində belə
bir epiqraf yer alır: "Bəzi ulduzlar kiçik görünür,
çünki onlar çox yüksəkdədir..."
Mir Cəlalın hər işi, hər addımı yalnız həqiqət, ədalət
və humanizm ölçüləri ilə
qiymətləndirilirdi. Elə
buna görə də
onun yetirməsi olmuş istənilən alimlə söhbət zamanı, hamı eyni məntiqə əsaslanaraq, eyni faktlarla onu xatırlayır
və öz müəllimindən sevgi
ilə danışır.
Elmi əsərlərin müəllifi
əslində xüsusi
bir həyat məktəbi yaratmışdı
- ailə məktəbi.
Çünki Mir Cəlal
ailə dəyərlərini
öz varlığının
müqəddəs sütunu
kimi uca tuturdu. O, övladlarını
yaşadığı dövr
üçün deyil,
onların yaşayacağı
gələcək zaman üçün
tərbiyə edirdi.
Bu isə onun pedaqoq və tərbiyəçi kimi böyük uzaqgörənliyinin
təzahürü idi.
Mir Cəlal öz gözəl ailəsinin böyük rəhbəri
idi - ailə adlı kiçik bir dövlətin başçısı. Amma o zaman özü də bilmirdi ki, bu kiçik dövlətin içində artıq gələcək böyük
dövlət üçün
yetişən görkəmli
alimlər, siyasətçilər,
diplomatlar və ictimai xadimlər böyüyür.
O, övladları üçün
həm gerçək
mənada, həm də mənəvi baxımdan ata idi. Onun övladları
onu ailə başçısı, dost və
dərin düşüncəli
alim kimi uca və ülvi bir sevgi ilə
sevirdilər. Onların
yaddaşında sevimli
ataları ilə bağlı tarix və nəsillər üçün dəyərli,
maraqlı və qiymətli xatirələr
qorunub saxlanılmışdır
- bu xatirələri oxumaq isə ayrı bir zövq
verir!
Reyhan Mirzəzadənin Mir Cəlal
Paşayevin şəxsiyyəti
və yaradıcılıq
xüsusiyyətləri haqqında
yazdığı möhtəşəm
məqalə yazıçının
sevimli qızı Ədibə xanımın
xatirələri ilə
tamamlanır. Ədibə
xanımın xarakterində
atasının böyüklüyünü
xatırladan cizgilər
vardı: "Tez-tez soruşurlar, görəsən,
Mir Cəlal müəllim
vəsiyyət qoyubmu...
Onun bütün həyatı vəsiyyət idi. Çünki o, bircə yanlış addım belə atmadı və elə yaşadı ki, ona baxmaq, ondan öyrənmək
və dərs götürmək kifayət
edirdi!"
Fransız yazıçısı Lüsien Arrea deyib ki, böyük insanların həyatı onların ölümündən
sonra başlayır.
Mir Cəlalın əsl
həyatı da məhz
o andan başladı -
28 sentyabr 1978-ci il, saat
01:50-dən...
Afət İslam
525-ci qəzet.- 2025.- 26
sentyabr (¹174).- S.10.