Yusif
Səmədoğlu təkrarsızlığı: "Qətl günü"ndən
əbədiyyətə qədər...
(Əvvəli ötən sayımızda)
1987-ci ildə "Ulduz" jurnalının ikinci nömrəsində Yusif Səmədoğlunun 20 il əvvəl, 1967-ci ildə qələmə aldığı "Bayatı-Şiraz" hekayəsi işıq üzü gördü. Bu bircə hekayə sübut etdi ki, Yusif Səmədoğlu bir nasir kimi elə
60-cı illərdə püxtələşmişdi.
Ancaq o zaman bu hekayə çap oluna bilməzdi. Hekayədə "Qlavlit"in
asanlıqla rədd edə biləcəyi situasiyalar, məqamlar az deyildi. Xatırladaq
ki, 60-cı illərdə Azərbaycan
nəsri yeni bir mərhələyə qədəm
qoymuşdu, cəmiyyətdə
yaranan müəyyən
liberalizm, cirə ilə də olsa verilən demokratiya ədəbiyyata
da təsirsiz qalmamışdı.
Ancaq ədəbiyyatda
sovet ideologiyası hələ sarsılmamışdı
və bu ideologiyaya azacıq müxalif səslənən
hər hansı bir ifadə, cümlə, yaxud geniş mənada Sistemin arzulamadığı
ədəbi qəhrəman,
Sistemin doğmalarına
toxunan məqamlar heç cür qəbul oluna bilməzdi.
Əsərin qəhrəmanı Səbzəli
dayı o dövrün
ədəbi qəhrəman
məramına heç
cür uyğun gəlmirdi. Bədbəxt bir insan - restoran
çalğıçısı, hər gün tavada bir yumurta
qayğanaq edib, öz mənasız çalğısıyla (kontrabasda)
yeyib-içənləri əyləndirən,
bəzən də gülüş hədəfinə
çevrilən bu qoca zavallı müharibə illərində
"Hitleri təriflədiyi"
üçün (bunu
zorla boynuna qoyurlar) üç-dörd
il qazamatda yatır. Belə bir insan ədəbi
qəhrəman ola bilərdimi?
Sovet ədəbiyyatının
ənənələri belə
bir qəhrəmanın
varlığını inkar
edirdi. Hekayənin finalı daha təsirlidir. İki pullu şəxs Səbzəli dayıdan kontrabasda "Bayatı-Şiraz"
çalmağı xahiş
edir və o... canını dişinə
tutub iki əlliliyin xətrinə belə bir biabırçılığa
gedir.
"Yüz manat - iki dənə
şax əllilik qoltuq cibində, almaq istədiyi ucuz televizorun xəyalı gözləri
qabağında Səbzəli
dayı yavaş-yavaş
yol gedirdi.
Az getdi, üz getdi, sevindiyindən birdən başını yuxarı
qaldırdı. Qaldırdı
ki, baxsın görsün
yuxarılarda nə
var, nə yox?
Uca binaların zil qara siluetləri
arasından parıltılı
ulduzlarını əhatəsində
süd yolunu gördü. Təəccüb
elədi. Çünki
əlli ildən yuxarı idi ki, süd yolunu görməmişdi. Dayanıb,
əlləri cibində
doyunca tamaşa etdi. Birdən Səbzəli dayını
ağlamaq tutdu. Ta ürəyi boşalanacan ağladı..."
Hekayə beləcə tragik bir sonluqla bitir.
Və hər sətrində yazıçının
Səbzəli dayıya
rəğbəti duyulan
hekayədə yaşadığımız
o dövrkü cəmiyyətin
bütün eybəcərlikləri
böyük ustalıqla
canlandırılıb. Daha
dəqiq, o cəmiyyətin
bütün mənəviyyatı
onun kiçik bir modelinə - o balaca restorana sığışdırılmışdı.
1987-ci ildən Yusif Səmədoğlu
"Azərbaycan" jurnalında
baş redaktor kimi fəaliyyətə başladı. Bu, mənim
gördüyüm üçüncü
baş redaktor idi. Öncə Əkrəm Əylislini görmüşdüm, onun
"Azərbaycan" jurnalında
sözün həqiqi
mənasında apardığı
ədəbi islahat çox keçmədən
öz barını verdi və bu
ədəbi islahat - jurnalda və ədəbi mühitdə
yaranan canlanma çox böyük müqavimətlə üz-üzə
gəldi. Mən deyərdim, bu ədəbi islahat o qədər vaxtında baş verdi ki, nəhayət, deyəsən,
biz cavanlar ədəbiyyatın
nə olduğunu dərk etməyə başladıq. Ancaq Ə.Əylisli kimi mübariz bir redaktor da qarşı tərəfin
aramsız hücumları
qarşısında tərki-jurnal
oldu.
Sonra Cabir müəllim gəldi. Təbiətən mülayim,
həmişə "barışdırıcı",
loyal mövqeyi ilə
seçilən Cabir müəllim də nəyəsə nail olmağa
çalışdı. Sonra Yusif Səmədoğlu gəldi. Düz 10 il baş redaktor... Yusif Səmədoğlu nə Ə.Əylisli
kimi "davakar", nə də Cabir Novruz kimi
mülayimdi. Yusif müəllim, əgər
belə demək mümkünsə, baş
redaktor kimi, ədəbiyyatda hər kəsin öz istedadı müqabilincə
nəyi varsa ortaya çıxarmağın
tərəfdarıydı. "Azərbaycan" jurnalı
Azərbaycan ədəbiyyatının
güzgüsüdürsə, yaşından və istedadının səviyyəsindən
asılı olmayaraq hamı burada çap olunmalıdır.
"Hamı" deyəndə
təbii ki, çoxluq,
ədəbi kütlə
yox, ədəbi zövqlərini qəbul etdiyi professionallar nəzərdə tutulur. Əlli ilin yazıçısı, ya
xalq şairi, lap elə müasir bədii idrakla ayaqlaşmasa da, niyə
professional sayılmasın? Ancaq təbii ki, ədəbiyyat heç vaxt istedad sarıdan
korluq çəkməyib
və Yusif Səmədoğlu da dönə-dönə
bizə tapşırardı
ki, jurnalda başlıca
diqqəti məhz bu istiqamətə yönəldək. Və beləliklə, bəzən
jurnalda çox qəribə bir mənzərə yaranardı:
qırx ilin professionalı və onun ardınca sanki onu inkar
edən cavanca bir şairin, ya nasirin təptəzə
yazıları... Qoy huşyar oxucu özü ağı qaradan seçsin!
Çox yaxşıca xatırlayıram:
1987-1994-cü illərdə Yusif Səmədoğlunun
kabineti qarşısında
həmişə bir canlanma görərdim. O illərin dərdli adamları, yerindən-yurdundan
didərgin düşənlər,
haqqı alınanlar Yusif qağadan nəsə umurdular. Nə idi bu?
Fikirləşirdim ki, ah, bu
insan nə qədər böyük yazıçı olsa da, bu qədər adama necə kömək edə bilər? Amma Yusif Səmədoğlu iynənin
ucu boyda bir güman yeri vardısa, köməyini, qayğısını
əsirgəmirdi.
O həyəcanlı
illərdə Yusif Səmədoğlu Azərbaycan
xalq hərəkatının
liderlərindən birinə
çevrildi. Mən heç bir siyasi hərəkatın iştirakçısı olmayan,
heç bir siyasi partiyaya rəğbət bəsləməyən
adi bir vətəndaş
kimi qətiyyətlə
deyirəm: əgər
Yusif Səmədoğlu
kimi üç-dörd
sözü ötən
ziyalı olmasaydı,
o zaman Azərbaycan xalq
hərəkatı bu qədər vüsət almazdı. Və yaxşı xatırlayıram:
Azərbaycan Xalq Cəbhəsi rəsmi dairədə bir təşkilat kimi qeydiyyatdan keçəndən
sonra Yusif Səmədoğlu televiziyada
müsahibələrinin birində
öz sevincini böyük bir vəcd ilə ifadə etdi. Amma sonra hərəkatın digər "lider"ləri
ilə Yusif Səmədoğlu arasında
bir anlaşılmazlıq,
soyuqluq yarandı.
"Qətl günü"ndə
insan psixologiyasının
alt qatlarını bədii
sözün işığına
çıxaran Yusif Səmədoğlu üçün
beş-üç "lider"in
hansı məzhəbə
qulluq eləməsi və hansı iddialarla yaşamasını
bilmək o qədər
də çətin deyildi. Ancaq Yusif Səmədoğlu siyasət meydanından çəkilmədi, Milli Məclisdə,
ali kürsülərdə
öz sözünü
dedi. Və sübut elədi ki, kəskin yazıçı
ağlı nəinki insanların, insanlararası,
dövlətlərarası münasibətlərin də
dərinliklərinə baş
vurmağa qadirdir. Yusif Səmədoğlunun
istedadı Milli Məclisdə
də güclü
persona olmağına yetdi.
Qayıdaq yenə "Qətl günü"nə. Düz
40 ildir bu romanı dönə-dönə
oxuyuram və hər dəfə də mənə elə gəlir ki, onu oxuyub qurtarsam
da, başa çatdıra
bilməyəcəyəm. Oxuyub
başa çatdıra
bilmədiyim üç
əsərdən biridir
"Qətl günü".
Birincisi ağlımın
və hissiyyatımın
tam yetə bilmədiyi
Füzuli qəzəlləridir.
İkincisi heyrətimin
tükənmədiyi "Hophopnamə"dir.
Üçüncüsü də "Qətl günü".
"Qətl günü", əgər
belə demək mümkünsə, sovet dövrü ədəbiyyatının
artıq öz magistralından xeyli kənara çıxdığı
dövrdə yazılıb
(1981-1984). Doğrudur, 60-80-ci illərdə sovet ideologiyası ötən onilliklərlə müqayisədə
öz başlıca funksiyasını - "qalib
sovet adamı"nın
obrazını yaratmaq
missiyasını əvvəlki
tərzdə reallaşdıra
bilmirdi. Azərbaycan nəsrinin göstərilən
dövrdə bir çox nümunələri
(İ.Şıxlının,
S.Əhmədlinin, İ.Hüseynovun,
Anarın, Ə.Əylislinin,
İ.Məlikzadənin, Elçinin
və başqalarının
əsərləri) heç
bir mənada "qalib sovet adamı"nın
stereotipinə sığmırdı.
Əgər belə demək caizsə, Azərbaycan nəsrində
Müstəqillik Bayrağı
dalğalanırdı. Bu fikri
həm nəsrin özünün qart ideologiyanın təsirindən
tədricən uzaqlaşıb,
müstəqil "status" qazanmasında (yəni artıq bu nəsr
çalınan havaya oynamırdı), həm də xalqın müstəqillik duyğularının
oyanışında izləmək
mümkündür.
"Qətl günü" məhz bu mənada Azərbaycan nəsrinin
1950-ci illərin sonlarından
başlanan müstəqillik
meyllərini (yenə hər iki mənanı
nəzərdə tuturam)
ifadə edən ən bariz ədəbi
nümunə oldu. Çox vaxt bu əsərdən söz açanda Q.Q.Markesin "Yüz ilin tənhalığı"
və Ç.Aytmatovun
"Edam kötüyü" romanlarını ortaya gətirirlər. Şübhəsiz,
hər üç əsərdə bir-birilə
səsləşən məqamlar
(tarixə, dünyaya
optimist fəlsəfi baxış,
milli bədii düşüncənin
ümumbəşəri səviyyədə
qavrayışı, bir
əsrin və bir xalqın tarixi faciələrinin bir obrazda təcəssümü)
diqqətdən yayınmır,
lakin "Qətl günü" sırf Azərbaycan romanıdır.
Ona görə ki, bu əsərdə Azərbaycanın
xalqının üç
əsrdə keçdiyi
tarixi yol bədii idrak işığıyla ümumiləşdirilir.
Və ona görə yox ki, romanda Şərq tipi daha üstündür (mifoloji ünsür romanın canına-qanına
hopub. Başlıcası,
o səbəbdən ki, bu
əsərdə milli dastançılıq
və romançılıq
ənənələri üzvi
şəkildə qaynayıb-qarışır.
Yəni "Qətl günü" əlahiddə
meydana çıxan, necə deyərlər, havadan yaranan əsər deyil. Ənənə üstünə
yaranan, ancaq ənənələri fövqəladə
dərəcədə, misilsiz
bədii ustalıqla novatorluq mislinə yüksəldən "Qətl
günü" məhz
buna görə səksəninci
illər Azərbaycan ədəbiyyatının ən
uğurlu ədəbi
hadisəsinə çevrildi.
Yusif Səmədoğlu mənim
və mənim kimi yüzlərin, minlərin, on minlərin sevdiyi, Azərbaycan və Səməd Vurğun sevgisiylə uca tutduğu, sözünü əzizlədiyi
böyük bir insan idi. Bu İnsan
dərk olunana qədər dərkolunmazdır.
Bizim tanıdığımız
Yusif Səmədoğlu
tanımadığımız, dərk etmədiyimiz Yusif Səmədoğlunun
üzdə görünən
hissəsidir.
Vəssalam... Yusif Səmədoğlu haqqında bu qədər və bir də Vaqif
Səmədoğludan bu
misralar:
Bir uşaq oynayır.
Oynayır özü kimi əlvan
otların, çiçəklərin arasında.
Günəş baxır göz qırpmadan
Yoxdur qocalıq yer üzündə, yoxdur!
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2025.- 24 sentyabr (¹172).-
S.11.