Şəmistan Nəzirlinin şərəfli
ölümü
O, RUHUNU ÖZ
MƏKKƏSİNDƏ HAQQA TƏSLİM ETDİ
Allah şahidimdir
ki, bu yazdıqlarımda
bir kəlmə də yanlış yoxdur. Bunu ona
görə vurğulayıram
ki, qulağıma bəzi
uydurma fikirlər gəlib çatır...
...20 sentyabr
2025-ci ildə Azərbaycanın
ən işıqlı
ziyalılarından biri
- ŞƏMİSTAN NƏZİRLİ özünün
Məkkəsi saydığı
Qazax Müəllimlər
Seminariyasında ruhunu
Allaha təslim etdi. Bilgili oxucularımıza
bəllidir ki, bu təhsil ocağı rəsmən ADA Universitetinin
Qazax Mərkəzidir.
1918-ci ildə Ulu Müəllim
Firidun bəy Köçərlinin (1863-1920) Qoridən
Qazaxa köçürdüyü
Darülmüəllimin (Müəllimlər
Seminariyası) sovet dönəmində Qazax Pedaqoji Məktəbi kimi 1959-cu ilədək çalışıb. Sonralar
onun binasında orta məktəb sinifləri, Qızıl Aypara Cəmiyyətinin
rayon şöbəsi və
Uşaq-Gənclər İdman
Mərkəzi kimi müəssisələr yerləşdirilib.
Ancaq bina uzun illər baxımsız vəziyyətdə
qalıb. 1980-ci illərin
sonlarından orada qaçqınlar yaşayıb.
Az qala yarımxaraba vəziyyətə düşmüş
binada ADA Universiteti köklü təmir-bərpa
işləri aparıb
və 2022-ci ilin oktyabrından orada ADA Universitetinin Qazax Mərkəzi fəaliyyətə
başlayıb. 2022-2023-cü dərs ilindən Qazax Mərkəzi artıq magistr və ixtisasartırma proqramları gerçəkləşdirməkdədir.
ADA Universitetində
rektor, professor Hafiz Paşayevin
təşəbbüsü və başçılığı
ilə 2021-ci ildə müxtəlif elm və tədris ocaqlarının
təmsilçilərindən ibarət mobil bir araşdırma mərkəzi yaradılıb.
Ona hərb tariximizin ən məşhur araşdırıcısı olan
jurnalist-yazıçı Şəmistan
Nəzirli, Bakı Dövlət Universitetinin şərqşünas professoru
Vüqar Qaradağlı,
AMEA Əlyazmalar İnstitutunun
baş eksperti Hacı Mustafa Əlizadə,
AR Prezidenti İşlər
İdarəsi İctimai-Siyasi
Sənədlər Arxivinin
bölmə müdiri
Şəhla Abdulla, jurnalist
professor Qulu Məhərrəmli,
F.b.Köçərli
adına Uşaq Kitabxanasının müdiri
Şəhla Qəmbərli
və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə daxildi. Bu mərkəzin təşəbbüsü
və iştirakı ilə ADA Universitetində
bir sıra klassik dərsliklərimizə
ikinci həyat verilib, Universitetdə bəzi maraqlı tədbirlər keçirilib.
Bərpa edilən Qazax Müəllimlər Seminariyasının bədii
tərtibatında və
orada keçirilən
bəzi elmi məclislərin təşkilində
də bu mərkəzin əməyi
var və o, Seminariyada
Universitetin gerçəkləşdirdiyi
demək olar ki, bütün önəmli tədbirlərin daimi iştirakçısıdır.
Bakıdan Qazaxa gedərkən.
19.09.2025
ADA Universitetinin Qazaxda keçirdiyi növbəti tədbir dahi bəstəkarımız
Üzeyir bəy Hacıbəylinin (1885-1949) 140 illik
yubileyinə həsr edilib. Universitetinin əla bərpa elətdirərək Seminariyanın
İncəsənət Mərkəzi
kimi istifadəyə verdiyi köhnə İsrafil ağa hamamında Üzeyir bəyin yubileyinə həsr olunmuş möhtəşəm sərgi
hazırlanmış, Seminariyanın
özündə isə
İncəsənət Mərkəzinin
rəsmi açılışı,
panel müzakirəsi, film nümayişi,
"Bir Müəllimin Manifesti"
proqramının məzun
günü, Niyazi adına Dövlət Simfonik Orkestrinin konsert proqramı nəzərdə tutulmuşdu.
19 sentyabrda Ş.Nəzirli, V.Qaradağlı, H.M.Əlizadə,
Ş.Abdulla, Ş.Qəmbərli
və bəndəniz
ADA Universitetinin dəvəti
ilə, bizə ayrılmış mikroavtobusla
Qazax şəhərinə
yola düşdük.
Qazağacan deyə-gülə
getdik. Maşında mən masa arxasında Şəmistan müəllimlə
üzbəüz oturmuşdum.
Həmişəki kimi
çox maraqlı söhbətlər edirdi.
İmam Mustafayevin Azərbaycan
KP MK-nın 1-ci katibliyindən
çıxarılandan sonra
Bakıda həbs olunmaqdan qaçaraq gecəykən təyyarə
ilə Daşkəndə,
oradan Moskvaya necə uçub Nikita Xruşşovla görüşməsindən,
Səməd Vurğunun
akademik Həsən Əliyevlə birgə elçiliyə getməsindən
və başqa əhvalatlardan danışdıqlarını
ilk dəfə eşidirdim.
Evdən tələsik
çıxdığına görə üzünü
qırxmağa macal tapmamışdı. Mən
onun söhbətini telefonla çəkmək
istəsəm də, üzütüklü olduğuna
görə çəkilişi
sabaha saxladım (Nə biləydim ki, bu, sonra mümkün
olmayacaq?!).
Şəmistan müəllim iki ay öncə açıq ürək əməliyyatı
keçirdiyini desə
də, xeyli gümrah görünürdü.
Deyib-gülməyindəydi. Axşam çatdığımız
"Qazax" otelinin restoranında yemək yeyərkən və ertəsi gün - 20 sentyabrda səhər yeməyi zamanı da kefi kökdü. Restoranda yanaşı oturmuşduq. Burada söhbətimizin başlıca
mövzusu Molla Pənah Vaqif oldu. "Vaqif" pyesinin tamaşasında İbrahimxəlil xanın
səhnəyə zəncirlə
çıxarıldığına görə artist Ağasadıq
Gəraybəylinin (o, Qacar
rolunu oynayırdı)
Səməd Vurğuna
irad tutmasından, Adil
İsgəndərovun da Gəraybəylini
dəstəkləməsindən, İbrahimxəlil xanın
qardaşı oğlu
Məhəmməd xan
Cavanşirin "Batmanqılınc"
adlandırılmasının yanlışlığından və
başqa maraqlı şeylərdən danışdı.
Vaqif haqqında öz araşdırmasının
yarımçıq qaldığını,
onu tamamlamaq istədiyini dedi.
Araşdırma mərkəzinin üzvləri
Qazax Müəllimlər
Seminariyası – ADA Universitetinin
Qazax Mərkəzi qarşısında. Soldan: Vüqar
Qaradağlı, Şəhla
Abdulla, Şəhla Qəmbərli,
Şəmistan Nəzirli,
Ədalət Tahirzadə,
Hacı Mustafa Əlizadə.
20.09.2025. Saat 09:54.Bizə
öncə bildirmişdilər
ki, Seminariyadakı tədbir
saat 11-dədir, ancaq sonra orada saat
10-da olmağımızı istədilər. Saat 10-a qalmış oteldən çıxdıq. Yolda Şəmistan müəllim
dedi ki, gecə, deyəsən, yastıq başımın altından
sürüşüb, indi
boynumu döndərə
bilmirəm, gərək
bütün bədənimlə
dönəm. Ancaq ağrıdan şikayətlənmirdi.
Nə yaxşı ki,
Seminariyaya vaxtından
yarım saat qabaq gəlmişdik, yoxsa o, maşındaca keçinəcəkdi. Allah-Təala
bunu ona rəva görmədi və ölümünü
şərəfli bir məqama saxladı.
...Tədbirə təşrif buyurmuş başqa dəvətlilərlə
birlikdə Müəllimlər
Seminariyasına bitişik,
bərpa edilmiş İsrafil ağa hamamında - yeni İncəsənət
Mərkəzində Üzeyir
bəy Hacıbəyliyə
həsr edilmiş sərgiyə baxmağa başladıq. Şəmistan
müəllim Seminariyanı
ürəkdən sevirdi,
ona "Qoridən gələn qatar" kitabını həsr etmişdi. İsrafil ağa hamamının ən yüksək səviyyədə bərpası
isə onu xeyli sevindirmişdi. Böyük coşqu ilə sərgidəki eksponatlar haqqında ətrafdakılara bilgi verirdi.
Sərgi ilə tanışlıqdan
sonra Seminariyanın içərisinə keçdik
və bizim heyət üçün öndə ayrılmış
yerlərdə yan-yana
oturduq. Şəmistan
müəllimin sağında
Vüqar Qaradağlı,
solunda Hacı Mustafa əyləşmişdi. Mən
də Hacı Mustafa ilə yanaşıydım.
Şəmistan müəllim
yenə danışır,
Hacı Mustafaya öz babasının şəklini göstərərək
deyirdi ki, babam kişi adam olub, İsrafil ağa vəfat edəndə ona mərsiyə yazıb. Bu sözləri deməsi ilə əlindəki kitabların və şəkillərin yerə
düşməsinin arası
heç yarım dəqiqə çəkmədi.
Yoldaşlarımız kitabları
və şəkilləri
yerdən götürmək
istəyərkən gördülər
ki, Şəmistan müəllimin
öncə baş tərəfi qaraldı, sonra sifəti göyərdi, üç
dəfə xırıltılı
nəfəs aldı. Yoldaşlar nəbzini yoxlayanda və işıq salıb bəbəklərinə baxanda
artıq başlarını
buladılar, ancaq tədbir iştirakçılarını
rahatsız etməmək
üçün səs-küy
qaldırmadılar. "Təcili
yardım" maşını
gələndə əslində
o, çoxdan keçinmişdi.
Bu qəfil ölüm ADA Universitetinin
rəhbər işçilərini
(rektor Hafiz Paşayev hələ gəlməmişdi),
özəlliklə bizim
heyəti sarsıtdı.
Orada bulunan Qazax rayon icra hakimiyyətinin başçısı
Rəcəb Babaşov
Şəhər Mərkəzi
Xəstəxanasına xəstə
ilə bağlı hər bir tədbiri
görməyi qəti
tapşırdı.
Proqramın başlamasına təxminən
beş dəqiqə qalmışdı. Biz əziz
dostumuzun belə qəfil ölümündən
elə sarsılmışdıq
ki, tədbirə qatılacaq
halda deyildik. ADA Universiteti rəhbərliyindən
üzr istəyərək
Seminariyanı tərk
etdik və Mərkəzi Xəstəxanaya
getdik. Sonradan öyrəndik ki, rektor
Hafiz Paşayev öncə
tədbiri dayandırmağı
təklif etsə də, sonradan bütün proqramın Şəmistan müəllimin
ruhunu şad edəcəyi düşünülərək
məclisin davam etdirilməsi məsləhət
görülüb və
orada öncə Şəmistan Nəzirlinin
xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, Hafiz müəllim
özünə əziz
saydığı və
daim qayğı göstərdiyi Şəmistan
müəllimin dəfni
ilə bağlı da
göstərişlər verib...
Şəmistan Nəzirli sərgidə.
20.09.2025. Saat 10.22.
...Qazax Şəhər Mərkəzi
Xəstəxanasında həkimlər
ölümü təsdiqlədilər.
Bu xəbərdən sonra
kitabxana müdiri Şəhla xanımın
halı pisləşdi.
Onu arxivşünas Şəhla xanımla birgə otelə yolladıq, Vüqar Qaradağlı, Hacı
Mustafa və mən xəstəxanada qaldıq.
Bu arada icra başçısının göstərişi
ilə Şəmistan
müəllimin qohumları
da tapılıb tez xəstəxanaya gətirildi.
Bir azdan icra başçısının özü
də əməkdaşları
ilə bərabər gəldi. O, mərhumun üstündə Quran oxutmaq
istədi. Molla çağırmaq təklif
edildikdə yoldaşlarımız
özləri oxuyacaqlarını
bildirdilər. Beləliklə,
görkəmli şərqşünaslar
Vüqar Qaradağlı
və Hacı Mustafa Əlizadə növbələşərək
mərhumun ruhu üçün "Yasin" oxudular.
görüləcəyini bildirdilər. Bundan sonra R.Babaşovun
göstərişi ilə
cənazə "Təcili
yardım" maşınında
Şəmistan müəllimin
qohumlarından birinin müşayiəti ilə
Bakıya yola salındı. Biz də xəstəxanadan ayrıldıq.
Qazaxa 6 nəfər gəlmişdik,
5 nəfər döndük...
Sonda bunu bildirmək istəyirəm ki, Şəmistan
Nəzirli Allahın ən sevimli bəndəsi imiş - o, özünün Məkkəsi
saydığı Qazaxda,
vurğunu olduğu Səməd Vurğunun torpağında və sonsuz məhəbbətlə
sevdiyi Firidun bəy və Badisəba Köçərlilərin
ruhunu yaşadan Qazax Müəllimlər Seminariyası kimi müqəddəs bir ocaqda özünün sevdiyi və onu sevən insanlar arasında ruhunu Allaha təslim
etdi, özü də ağrısız-acısız,
ağlı ən son anadək üstündə
olaraq. Allah bizi bura elə buna görə yarım saat tez gətiribmiş...
Allahın bu sevimli bəndəsinə
və əziz dostumuza özümün, eləcə də Vüqar Qaradağlı, Hacı Mustafa Əlizadə,
Şəhla Abdulla və
Şəhla Qəmbərlinin
adından rəhmət
diləyir, bütün
millətimizə və
mərhumun əzizlərinə
bu ağır itkiylə bağlı dərin hüznlə başsağlığı verirəm.
Ruhu şad, məkanı cənnət
olsun, inşallah.
Araşdırma mərkəzinin üzvləri
Seminariyada tədbir başlamazdan öncə. Saat 10:46-dır. Saat 10:51-də
isə Şəmistan
Nəzirlinin ruhu artıq Haqqın dərgahına uçmuşdu.
Ədalət
TAHİRZADƏ
525-ci qəzet.- 2025.- 25 sentyabr (№173).- S.10.