Tükənməz tədqiqatçı
fədakarlığı
Əməkdar elm xadimi, professor
Qəzənfər Paşayev
ədəbi-bədii, nəzəri-estetik
və mədəniyyətlərarası
əlaqələr sahəsində
son dərəcə böyük şövq və məsuliyyətlə
çalışan nüfuzlu
Azərbaycan alimlərindən
biridir. Onun çoxsaylı araşdırma
və tədqiqatları,
kitabları, əsərlərinin
çoxcildli külliyyatı,
eləcə də məqalələrinin əsas
istiqamətləri, təhlili
xüsusiyyətləri ilə
illərdir yaxından
tanışıq. Hörmətli
Qəzənfər müəllimi
yarım əsrdən
artıq bir müddətdir tanıdığımızdan,
onun ədəbiyyatlararası
əlaqələrə həsr
olunmuş əsərlərinin
bu sahədə milli mədəniyyət tariximiz üçün xüsusi elmi-tarixi və nəzəri-praktik əhəmiyyət kəsb
etdiyini də aydın şəkildə
müşahidə edirik.
Əgər hansısa
mədəniyyətin və
ya ədəbiyyatın
müxtəlif problemlərini
araşdıraraq elmi nəticələrə gəlmək
bir məsələdirsə,
bir ədəbiyyatla digər ədəbiyyatlar
arasında gedən prosesləri izləmək
tamamilə fərqli elmi fəaliyyət sahəsidir. Professor Qəzənfər Paşayevin
tədqiqatlarında mədəniyyətlərarası
əlaqələr həm
qardaş xalqların,
həm də fərqli mədəniyyətlərin
qarşılıqlı münasibətləri
çərçivəsində tədqiq olunur. O, bu tədqiqatlarla mədəni və regional kodlar arasındakı yaxınlıq
və fərqləri üzə çıxarmaqla
yanaşı, eyni zamanda həmin kodlarda baş verən dəyişiklikləri
göstərir, onların
formalaşma, inkişaf
və zənginləşmə
yollarını izləmək
imkanı yaradır.
Qəzənfər müəllimin bu dəfə mütəxəssislərə
və geniş oxucu kütləsinə nəfis bir hecada təqdim etdiyi "Azərbaycan-İraq
Türkman ədəbi
əlaqələri: Ayrılığın
sonu" (Bakı,
"Təhsil Nəşriyyat
Poliqrafiya" MMC, 2025, 264 s.) adlı kitabı, əslində, müəllifin
65 ilə yaxın müddətdir araşdırma
obyektinə çevirdiyi
Azərbaycan-İraq Türkman
ədəbi əlaqələrinin
maraqlı və zəngin mənzərəsini
canlandırır. Professor
Qəzənfər Paşayevin
qələmindən çıxan
yazıların ən
cəlbedici tərəfi
ondadır ki, o, oxucunu arzuladığı
dil, üslub və deyim tərzi
ilə özünə
çəkə bilir.
Müəllif, zövqlü
yazıçı-təhkiyəçi priyomlarından məharətlə
istifadə etməklə,
həm elmi dərinliyi, həm də bədii-estetik dəyəri olan bir mətn yaradır.
Əslində, Azərbaycan oxucusu Qəzənfər müəllimin
adını görəndə
artıq onu maraqlı hadisələr və sanballı məsələlərin yeni
bədii-estetik müstəvidə
təqdim olunacağı
bir əsər gözləyir. Bu səbəbdəndir ki, onun ərsəyə gətirdiyi əksər əsərlər indiyədək
oxucular tərəfindən
böyük maraqla qarşılanıb və
asanlıqla qavranılıb.
Elə "Azərbaycan-İraq
Türkman ədəbi
əlaqələri: Ayrılığın
sonu" kitabında təqdim olunan yazıların da mövzu, obyekt, ideya-estetik dəyərləri
və idraki-mənəvi
qavrayış səviyyəsi
ilə oxucuda yeni assosiasiyalar və emosional rənglər oyadacağı
şübhə doğurmur.
Kitabın ən təsirli və diqqətçəkən cəhətlərindən
biri də budur ki, müəllif
əsrlərin dərinliklərindən
gələn İraq türkmanlarının həsrət
dolu hiss və duyğularını
incə bir təhkiyə ilə qələmə almağı
bacarır. Bu yanaşma həm elmi, həm də bədii baxımdan oxucuya xüsusi emosional təsir bağışlayır.
Kitabda yer
alan bütün materiallar Qəzənfər
müəllimin idrak gücü və qələminin imkanları
ilə ərsəyə
gəldiyindən, burada
təqdim olunan "Dağlar zirvəsi ilə, xalqlar şəxsiyyətləri ilə
tanınır", "İraq-Türkman
ocağında", "Ağladır
adamı vətən həsrəti", "İraq
Türkman sevdası",
"Ortaq şairimiz Nəsimi haqqında tarixi həqiqətlər",
"Tarixin yaddaşına
işıq tutan məktublar", "Xatirə
kitabına yazılanlar",
"Musiqili Kərkük
gecəsi" və digər yığcam, maraqlı material və məqalələr müəllifin həm yazıçı, həm
də araşdırmaçı
olaraq ədəbi-estetik
fikrə nə dərəcədə bələd
və kompetent olduğunu aydın şəkildə nümayiş
etdirir.
Kitabı tamamlayan
Qəzənfər Paşayev,
"Son söz əvəzi və ya bu sevda
ölüncədi" adlı
yazısında, bu uzun yolçuluğun sonunda oxucu ilə
necə dərin hisslərlə vidalaşdığını
belə ifadə edir: "Gənclikdən aşinası olduğum
"Bilmirəm haralıyam,
torpağım-daşım qərib" - İraq türkmanları ilə tanış olduğum gündən bəri bir günüm yoxdur ki, xəyalən
onlarla oturub-durmayım"
(s. 260-261). Müəllif daha
sonra fikrini bu cür davam
etdirir:
"Türkmaneli yazarlarının əsərlərinə
nəzər salanda özüm üçün
kəşf edirəm:
"Bunların hamısı
dil birliyimiz, kök birliyimiz, milli kimliyimiz, eyni milli-mənəvi dəyərlərin daşıyıcısı
olduğumuzla bağlı
imiş... Nə kəsilən yollar, nə illər mənəvi ayrılığa
gətirib çıxara
bilməmiş, qismətimizə
düşən cismani
ayrılıq olmuşdur...
Sevinirəm ki, ayrılığa son qoyulur. Sevinirəm ki, arzularım yerinə yetir" (s. 261).
Bu sətirlər
müəllifin yalnız
elmi deyil, həm də dərin mənəvi bağlılığını, illərlə içində
daşıdığı türkman
sevdasını və
bu sevdanın əsərə necə sinə dolusu yansıdığını göz
önünə sərir.
Eyni zamanda
"Son söz əvəzi..." bölməsində
müəllifin diqqətimizi
cəlb edən başqa bir fikrini də sizinlə bölüşməyi
zəruri hesab edirik. Qəzənfər müəllim yazır:
"Kitabda yerinə düşməyən söz,
cümlə, fikir görsəniz, məni qınamayın. Nəzərə
alın ki, əsəri ömrünün
ixtiyar çağını
yaşayan, yaşı
az qala doxsanı
haqlayan bir qələm sahibi yazıb. Bu, elə bir çağdır
ki, sevinc kədərə qarışır"
(s. 261).
Zənnimizcə, Qəzənfər müəllimin
bu fikri ilk növbədə onun təvazökarlığının
ifadəsidir. Çünki
onun yaradıcılığına
50 ildən artıq, özü ilə isə şəxsi tanışlığımıza 40 ildən çox bir zaman kəsiyində
bələd olduğumuz
üçün əminliklə
deyə bilərik: Qəzənfər müəllimin
qələmindən çıxan
yazılarda heç vaxt deyim və
fikir baxımından naqisliyə rast gəlməmişik. Əksinə,
onun rəvan, səliqəli, qəlblərə
nüfuz edən üslubu oxucuya həm mənəvi zövq, həm də dərin düşüncə zənginliyi
bəxş edir.
Qəzənfər müəllim Azərbaycanda
Türkmanşünaslığın banisi, istiqamətvericisi və təkanverici qüvvəsi olmaqla yanaşı, yüksək
səviyyəli elmi əsərlər qələmə
almamışdan əvvəl
son dərəcə ciddi və sistemli
hazırlıqlara başlayır.
O, hər hansı bir kitab üzərində
işləməyə başlamazdan
əvvəl, ilk növbədə, əsərin
məqsəd və istiqamətlərini (ustanovkalarını),
ünvanlandığı auditoriyanın
maraq və gözləntilərini, eləcə
də zəruri elmi və mənbə
bazasını nəzərdən
keçirir.
Daha sonra,
o, əsərin strukturunu
və süjet xəttini formalaşdırır,
ona daxil ediləcək tarixi və müasir personajları diqqətlə
seçir, yazının
məzmununu parlaq metaforalar və gözlənilməz, düşündürücü
müqayisələrlə zənginləşdirəcəyini
də öncədən
götür-qoy edir. Bu mərhələlərin
hər biri Qəzənfər Paşayevin
yazı prosesinə yanaşmasında ciddi intellektual məsuliyyətin
və elmi-nəzəri
uzaqgörənliyin bariz
nümunəsidir.
Yalnız bu
cür əhatəli və əsaslandırılmış
hazırlıq işləri
başa çatdıqdan
sonra müəllif yeni əsərin işıq üzü görməsi barədə
qərar verir.
Qəzənfər müəllimin dəyərli
və səlis yazı üslubunun formalaşmasında Azərbaycan
bədii fikrinin aparıcı ustadlarının
dil və üslub ənənələri
xüsusi yer tutur. O, yazı manerasını əsasən
milli ədəbi düşüncənin klassik
hecası üzərində
qurur və hər hansı bir kitabın yaranışına möcüzə
kimi deyil, ciddi və sistemli
yaradıcılıq prosesi
kimi yanaşır.
Qəzənfər müəllim elə nitq fiqurlarından, bədii-estetik priyom və klişelərdən
istifadə edir ki, bu təqdimat
tərzi ilk növbədə oxucunun zövqünə və estetik gözləntilərinə
uyğun gəlir. Təhkiyənin axarında
dövrün ritmi, ideyalar, obrazlar və mükalimələr
bir-biri ilə üzvi şəkildə ünsiyyətə girir, ülfət yaradır. Bu da, təbii
ki, əsərin struktur-kompozisiya bütövlüyü
və mətnin vizual-estetik təqdimat üsulu ilə reallaşır.
Sözügedən kitabın mündəricatına
nəzər saldıqda
da bu fikrin
tam əsaslı olduğu aydın görünür. Təxminən
40-a yaxın rəngarəng
başlıqdan istifadə
edən Qəzənfər
müəllim bu bölmələri elə
bir ardıcıllıqla
təqdim edir ki, oxucu bir
başlıqdan digərinə
maraqla, daha doğrusu, spontan şəkildə keçid
edir və orada baş verəcək hadisələrin,
toxunulacaq mövzuların
intizarında qalır.
Bu cür quruluş oxucu ilə əsər arasında canlı və dinamik bir əlaqə yaradır.
Akademik İsa
Həbibbəylinin kitaba
yazdığı "Kərkükşünaslığın
lideri" adlı ön sözdə Qəzənfər Paşayev
haqlı olaraq genişmiqyaslı elmi və bədii yaradıcılığı ilə
fərqlənən alim
kimi səciyyələndirilir.
Bununla yanaşı, ön söz müəllifi, Kərkük
sevdası ilə yaşayan professorun artıq Kərkükdə
Azərbaycan sevgisinin rəmzi kimi qəbul olunduğunu da vurğulayır (s. 8).
Akademik İsa
Həbibbəylinin bu qənaətinə biz də tam şəkildə
qatılırıq. Həqiqətən
də, Qəzənfər
Paşayev bu sahədə elə bir əzmkarlıq və ardıcıllıq
nümayiş etdirir ki, onu Azərbaycanın
Əbdüllətif Bəndəroğlusu
və Əta Tərzibaşısı adlandırmaq
tamamilə əsaslıdır.
Əbdüllətif Bəndəroğlunun
Azərbaycan-Kərkük ədəbi-mədəni
əlaqələrinin inkişafı
yolunda atdığı
mühüm addımları,
həyata keçirdiyi
elmi-mədəni layihələri,
apardığı sistemli
tədqiqatları yorulmadan
davam etdirən Qəzənfər Paşayev,
eyni zamanda Əta Tərzibaşının
ayrılıqda bir elmi-tədqiqat institutunun fəaliyyətinə bərabər
olan araşdırmalarını
da təkbaşına
ardıcıl şəkildə
inkişaf etdirməkdədir
(s. 9).
Bu müqayisələr
təsadüfi deyil, çünki Qəzənfər
Paşayevin Kərkük
və ümumilikdə
türkman ədəbi-mədəni
irsinə yanaşmasında
həm ideya davamlılığı, həm
də yeni yanaşma metodları aydın şəkildə
görünür. O, yalnız
keçmişin izlərini
araşdırmır, eyni
zamanda bu əlaqələrin gələcəyə
daşınması üçün
elmi-nəzəri əsaslar
yaradır.
Sənət və ədəbiyyatda tez-tez işlədilən və xüsusi məna daşıyan bir ifadə var: "Yaradıcılıq
miqyası". Bu anlayışdan çıxış
edərək tam əminliklə demək olar ki, professor
Qəzənfər Paşayevin
yaradıcılıq miqyası
son dərəcə dərin, əhatəli və monumental xarakter daşıyır. Onun ədəbi-elmi fəaliyyəti təkcə
məzmun baxımından
deyil, həm də mühüm strateji əhəmiyyətinə
görə xüsusilə
diqqətəlayiqdir.
Müəllifin tədqiqat trayektoriyası
İraqdan başlayaraq,
Nəsimi və Füzulidən bu günümüzə qədər
uzanan, mədəniyyətimizin
ən dəyərli klassik örnəklərini
əhatə edən geniş bir sahəni əhatə edir. Bu əsərlər
sırasında folklor
nümunələri, lirik
nəğmələr, bayatılar,
xoyratlar, dastanlar və digər janrlarda yaradılmış
saysız-hesabsız ədəbi-bədii
və estetik-fəlsəfi
mətnlər yer alır ki, onların
bir hissəsi zamanın axarında unudulmağa üz tutmuşdu.
Əgər bu
zəngin irsin bir tərəfi Rəsul Rza, Həmid Araslı kimi böyük ədəbiyyat xadimlərinin
səyi ilə bizlərə çatdırılıbsa,
digər tərəfdən,
həmin mədəni
sərvətin xeyli hissəsinin bərpa olunaraq folklorumuzun, eposumuzun, ədəbiyyatımızın
və ədəbiyyatşünaslığımızın
bir hissəsinə çevrilməsi məhz Qəzənfər Paşayevin
uzun illər ərzində apardığı
dərin araşdırmaların,
elmi təhlil və tədqiqatlarının
nəticəsidir.
Bu baxımdan
Qəzənfər Paşayevin
yaradıcılığı yalnız elmi dəyəri ilə deyil, həm də milli-mənəvi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi
baxımından da strateji əhəmiyyət
daşıyır.
Bütün bu faktlar sübut
edir ki, Qəzənfər müəllimin
yaradıcılıq fəaliyyətinin
miqyası yalnız əhatəli deyil, həm də ədəbiyyatımızın, bədii düşüncəmizin
və elmi potensialımızın ən
qiymətli nümunələri
sırasında yer alır. Onun yaradıcılığının bu geniş miqyaslı
aspektləri əsərlərinin
qavranmasına müsbət
təsir göstərməklə,
oxucuda tamlıq, bütövlük, mühümlük
və zərurilik hissləri yaradır.
Qəzənfər müəllimin əsərlərinin
ən prinsipial xüsusiyyəti ondadır
ki, o, təhlil etdiyi obyekt və
predmetə həm sintetik, həm də fərdi baxış bucağından
yanaşır. Onun analitik araşdırma qabiliyyəti isə təhlil obyekti üzərində özünəməxsus
fərdi möhürünü
vurmağa imkan verir. Bu mənada,
Qəzənfər Paşayevin
elmi-bədii və nəzəri-estetik dəst-xətti
özünəməxsus fərdi
keyfiyyətlərlə seçilir.
Kərkük-İraq Türkman sevdalı, məsuliyyətli və yorulmaz alimimiz, hörmətli professor Qəzənfər Paşayevə gənclik ehtirası ilə dolu araşdırma ruhu, davamlı yaradıcılıq uğurları və fərəhli, sağlam ömür arzulayırıq.
Nizami TAĞISOY
525-ci qəzet.- 2025.- 25 sentyabr (№173).- S.12.