İmran Qasımov: əsərləri də yaşayır, xatirəsi də
Azərbaycanın Xalq yazıçısı
və Əməkdar incəsənət xadimi
İmran Qasımov Sovet
dövrü ədəbiyyatımızda
seçilən imzalardan
biridir. Təlatümlü
1918-ci ildə dünyaya
göz açmış
İ.Qasımov ziyalı ailənin nümayəndəsi idi. Atası Haşım Qasımov Sankt-Peterburqda ali təhsil almış, anası Mələk xanım Azərbaycanın ilk mühəndis
qadınlarından olmuşdu.
Mələk xanım eyni zamanda ədəbiyyatı
çox sevmiş, oğlunun yazıçı
kimi yetişməsində
müstəsna rol oynamışdı. İ.Qasımov ömrünün
sonuna yaxın silsilə hekayələr yazacaq, bu hekayələri
anasının xatirəsinə
ithaf edəcəkdi.
O, əsərlərində bioqrafiyasının bu xoş məqamını xatırlayaraq yazır:
"İnşaatçılar nəslindənəm, ulu babam
da, babam da, atam da inşaatçı olublar".
Ancaq o, daşdan bina tikmədi, sözdən mülk tikdi. Onun "ilk ciddi ədəbi nailiyyəti"
1937-ci ildə yazdığı
"Yer altından gələn səslər"
ssenarisi oldu. Əslində, neft, Bakı fəhləsinin həyatı İ.Qasımovdan
əvvəl də bizim ədəbiyyatda geniş işıqlandırılmışdı.
Görkəmli yazıçılar
M.S.Ordubadi və M.Hüseyn bu mövzuda qiymətli sənət nümunələri yaratmış,
ədəbiyyatımızda Bakı fəhləsinə
heykəl ucaltmışdılar.
Hətta zarafatyana belə də demək olar ki, neft, fəhlə sinfi kapitalistlərdən,
burjuaziyadan da çox
yazıçılar tərəfindən
"istismar" edilib.
Mövzu günümüzdə
aktuallığını nəinki
qoruyur, Xəzərdəki
"Azəri-Çıraq-Günəşli"
adlı neft yatağı, dünyanın
məşhur neft şirkətləri ilə
bağlanmış "Əsrin
müqaviləsi" bu
ənənənin layiqli
davamını istəyir
və gözləyir.
Bakı fəhləsi,
onun nəsillər boyu davam edən
xronikası İ.Qasımov
yaradıcılığının leytmotividir. Akademik B.Nəbiyev haqlı
olaraq İ.Qasımovun
əsərlərini "müasir
Bakı fəhləsi,
onun nəsillərinin
estafeti haqqında dramatik salnamə" hesab edirdi.
İ.Qasımov dəniz
adlanan stixiyaya yaradıcılığı boyu
sadiq qalmış, onun fatehlərini vəsf etməkdən yorulmamışdı. Bu güc
onu "səhnə arxasından" idarə etmiş, sənətində
mühüm rol oynamış, "Xəzər
dənizində şəfəq",
"Mən Xəzər
dənizçisiyəm", "Xəzərdə möcüzə"
filmlərin ssenarisini yazdırmışdı.
Xəzər, yenə də Xəzər... Onu bəzən akvarium da adlandırırlar. Öz gücünü hara verəcəyini
bilməyən depressiv
su hövzəsi də deyirlər. Lakin kim hansı tərəfdən baxır
və necə görür... İndi ona bir də İ.Qasımovun gözləri
ilə baxaq! Xəzər mövzusu bitmir, qurtarmır, isim kimi hallanır,
gedib yenə qayıdılır. Xəzər
dənizi İ.Qasımov
üçün əbədi
ilham mənbəyi, sevincdə həmsöhbəti,
kədərdə üz
tutduğu təsəlli
yeri idi. "Xəzər dənizçiləri
haqqında dastan", "Dənizi
fəth edənlər"
filmlərinin ssenarisini
həmkarı R.Karmenlə birgə yazmışdı. Həmin
dilogiya Xəzər neftçilərini dünyada
tanıdan ilk ekran əsəri oldu. İ.Qasımov müstəqil və müştərək 45 filmə
ssenari yazmışdı.
Üç ən məşhur filmi müharibə
mövzusundadır: "Onun
böyük ürəyi",
"Bizim küçə",
"Uzaq sahillərdə".
"Bizim küçə"
lirik-psixoloji dram olub
II Dünya müharibəsində
anasından ayrı düşmüş Sara adlı
azərbaycanlı qız
haqqındadır. İ.Qasımovun Mehdi Hüseynzadə
şəxsiyyətinə sevgisi
o qədər böyük
idi ki, epizodik də olsa, öz
sevimli Mixaylosunu "Bizim küçə"yə
gətirib həmin vaxt Triyestdə ofisiant işləyən
Sara ilə görüşdürmüşdü.
Mehdinin həyatını
xilas edən bu qız elə
Sara Gözəlova ola bilərdi.
Sara uzun axtarışdan
sonra evinə dönür, onların küçəsində əsl
bayram olur. Filmi seyr edərkən özünü tamaşaçı
qismində deyil, hadisələrin mərkəzində
hiss edirsən ki, bu da
ideya ilə sənətkarlıq vəhdətinin
bariz nümunəsidir.
Müharibənin dəhşətlərindən
ayrılmaq istəyən,
ilıqlaşma dövrünə
qədəm qoyan sovet adamı ekranda yalnız real hadisələri görmək
istəmirdi, həm də, əylənmək,
gələcəyə köklənmək
arzusunda idi. "Bizim küçə"nin
süjet dinamikasının
fərqliliyi tamaşaçıya
bu ovqatı verirdi. İ.Qasımovun
mövzunu təqdimetmə
istedadını da xüsusi
qeyd etmək lazımdır. Film tənqidçi
M.Hüseyn tərəfindən yüksək
qiymətləndirilmişdi: "Bizim küçə"
filminin adı ilə məzmunu arasında gözəl və üzvi vəhdət vardır. Bizim küçə həm uzun, həm də genişdir. Bizim küçənin qızğın
həyatı ilə müasir dünya arasında mənalı və dərin bir əlaqə vardır".
"Onun böyük ürəyi" kinopovestində
I və II Dünya müharibələri, sonrakı
dinc quruculuq illəri əks olunub. Bu ümumi sinopsisdən əlavə,
filmin süjet xəttini Səmayənin asan olmayan taleyi
təşkil edir.
İ.Qasımovun əsərlərinə
verdiyi adlar o qədər obrazlıdır
ki, onun özü haqqında film çəkən
rejissorlar ad axtarmaqda özlərini çətinə salmamış,
hazır adlardan məmnuniyyətlə istifadə
etmişlər. İ.Qasımovun həyat
və yaradıcılığına
həsr edilmiş sənədli filmin adı elə özünə məxsus olub "Onun böyük ürəyi"
adlanır.
İ.Qasımovun ən şanslı əsərlərindən
olan "İnsan məskən salır"
əsasında həm
"Azərbaycanfilm"də kino çəkilmiş, həm
də Moskvanın məşhur "Malı"
Teatrında tamaşası
oynanılmışdı. Dəniz
çörək verəndir,
sərvətini əsirgəməyəndir.
Lakin eyni zamanda da üzüdönükdür, zarafatı
sevmir, bir anda qarşısında nə var qabağına qatıb dağıda bilər. Neft daşlarında işləyən
Cavad qasırğada estakadanın aşması
nəticəsində həlak
olur. 1957-ci il 21 noyabrda
Xəzərdə yüz
ildə bir dəfə olan güclü və davamlı fırtına qopmuş, buruq aşması nəticəsində
22 nəfərdən ibarət
briqada dənizin dibinə getmişdi. "İnsan məskən salır" əsəri
"bədii ədəbiyyat
real hadisələrin usta
qələmlə əksinin
məcmusudur" fikrini
bir daha yadımıza salır.
"Ömür elə qısadır ki..." romantik
komediyası da, İ.Qasımovun başqa
əsərləri kimi,
o da xoşbəxt taleli
olmuş, ədəbiyyat
və teatr tənqidçiləri tərəfindən
yüksək qiymətləndirilmişdi.
Yazıçının içindəki
insan sevgisi ağ-qara deyil, ona verdiyi əbədi
dəyər təbiətin
7 rəngi ilə süslənmişdi. Bu sevgi
sonralar onunla bərabər addımlayıb
yaradıcılığının təməl daşına çevrilir. İ.Qasımovun
xatirəsinə həsr
edilən sənədli
film də "Ömür
elə qısadır
ki..." adlanır. Bu film də
onun öz əsərinin adını
daşıyır.
1972-ci ildə İ.Qasımov
"Nağıl başlananda"
pyesini yazır. Əsər Akademik Dram Teatrında T.Kazımovun
quruluşunda səhnəyə
qoyulur və
1972-73-cü il teatr mövsümünün
aparıcı tamaşalarından
birinə çevrilir.
"Pyesin əşxası
cəmi üç nəfərdən ibarətdir,
üçü də
konfliktin müsbət
qütbündə dayanmışdır"
(Arif Səfiyev) və əsərdə bu surətlərə müxalif personaj yoxdur. Eyni tələblərlə,
lakin məhdud iştirakçı ilə
pyes yazmaq çətindir, amma eksperimentlər də mümkündür. "Nağıl
başlananda" adı
qədər gözəl
kiçik pyesdir. Bu əsər də göstərdi ki, yazıçının
dramaturgiyasında insan
amili, onun mündəricəsi əsas
konsepsiya kimi götürülür.
Çingiz Aytmatov İ.Qasımovun səhnə
yaradıcılığını yüksək qiymətləndirmiş,
onu "Azərbaycan teatrının adası"
adlandırmışdı. İ.Qasımovu hər mənada "öz dövrünün vətəndaşı" hesab
edərək hər
zaman onun "bəşəri
ədəbiyyat və
incəsənət haqqındakı
düşüncələrinə heyranlıqla" yanaşmışdı.
Oğlanlarının İ.Qasımovu kumir kimi gördüyünü,
bu avtoritetin sarsılmazlığını yazdığı məktublarda
qeyd etməklə, dostunun şəxsiyyətinə
necə dəyər verdiyini bir daha
bildirmişdi. Xalq yazıçısı Anar
da İ.Qasımovun yaradıcılığına yüksək
qiymət verib, əsərlərində təbliğ
etdiyi humanizmi, insan sevgisini xüsusilə vurğulayıb:
"İmran Qasımov istedadlı
sənətkar idi, amma onun ən
böyük istedadı,
məncə, insanlıq
istedadı idi". Və bu ali
statusu İ.Qasımov
bütün şüurlu
həyatı boyu şərəflə daşımışdır.
"İmran müəllimi erkən itirməyin böyük bədbəxtlik"
olduğunu deyən Anar, onu "mürəkkəb situasiyalardan
böyük insanlıq
istedadını saxlayaraq,
ləyaqətini və
mənliyini qoruyaraq keçə bildi"yi üçün ehtiram və rəhmətlə anır. Dövrümüzün
daha bir Xalq yazıçısı
Elçin vxtilə İ.Qasımov qədər "insanlara kömək edən, onların qulluğunda duran" ikinci bir adam tanımadığını
söyləmişdi. O qədər
ki, "Ümummilli liderimiz
Heydər Əliyevlə
dost münasibətindən həmişə ədəbiyyat
adamlarının xeyrinə
bir iş görməyə çalışardı".
İmran Qasımov "İllər
keçir" romanını,
"Dəniz cəsurları
sevir", "Sən
nə üçün
yaşayırsan" pyeslərini,
"Uzaq sahillərdə"
povestini H.Seyidbəyli
ilə həmmüəllif
olaraq işləmişdi.
Belə uğurlu
tandem nümunələri dünya
ədəbiyyatında bəs
qədərdir: Qrimm qardaşları, Vayner qardaşları, İlf və Petrov, Arkadi və Boris Struqaskilər və başqaları. İ.Qasımov və H.Seyidbəyli imzaları bu sıranı ən layiqli şəkildə artırır. Bu işin öz çətinlikləri
olsa da, onlar bir-birini tamamlayıb təkmilləşdirdilər, üslub,
dil və sair fərqi hiss olunmadı. Dediklərimizin
bariz nümunəsi isə hər ikisinin şah əsəri olan "Uzaq sahillərdə" povestidir. Bu əsər Azərbaycan xalqının
igid oğlu M.Hüseynzadənin İtaliya və Yuqoslaviyada alman-faşistlərinə
qarşı apardığı
partizan müharibəsinə
həsr edilmişdi. İ.Qasımov və H.Seyidbəyli "Uzaq sahillərdə" povesti ilə 26 yaşında həlak olan qəhrəmanın adını əbədiləşdirmiş,
Mehdini tanımayana da tanıtmışdılar. Əsər
xəfiyyə janrına
bənzəyən tərzdə
başlayıb, "indi
bitər" həyəcanı
ilə davam edir və əsl
qəhrəmanlıq povesti
kimi sona çatır. "Uzaq sahillərdə" sovet məkanına meteor kimi daxil oldu. Filmin
gecə çəkilişləri
zamanı camaat Bakıda səhərə
qədər yatmırdı.
Onun şöhrətini
başqa bir əsərimiz təkrar edibmi, demək çətindir. Evə yazdığı məktubunda
peyğəmbərcəsinə "mənim barəmdə eşidərsiniz" deyən
Mehdinin şərəfli
adını duymayan qalmadı. Bu film dünyanın
100-dən çox ölkəsində
nümayiş etdirildi.
Əlbəttə, kinematoqrafın
"qolları" uzun,
imkanları qat-qat genişdir.
Yazıçı təxəyyülündə
xüsusi effektlərə
məhdudiyyət də
qoyulmur. Kino dili sürətlidir, yolu kəsmə, əks-sədası
böyükdür. Hərbi-macəra
janrı da marağı
artırırdı. "Azərbaycanfilm"dən
sonra SSRİ-də kəşfiyyatçılar haqqında
ssenarilər yazılmağa,
hətta, çoxseriyalı
filmlər çəkilməyə
başlandı (Məsələn,
"Baharın on yeddi
anı"). "Uzaq
sahillərdə" SSRİ-də kəşfiyyatçı
haqqında çəkilən
ikinci film, partizan Mixaylo da ilk qaranquşlardan
idi. Qəhrəmanın
bacısı oğlu,
dayısının şərəfinə
adlandırılmış Mehdi Əzizbəyov danışırdı
ki, anam və xalam heç vaxt "Uzaq sahillərdə" filminin
sonuna baxa bilmirdilər. Film cümlə-cümlə,
sözbəsöz məişətimizdə
yer alıb. "Uzaq sahillərdə"
1950-ci illərdə lentə
alınmış ilk və
yeganə ekran əsəridir ki, filmdə
ümumiyyətlə Sovet
İttifaqının adı
çəkilmir" (K.Qasımov). Mehdi məhz
azərbaycanlı oğlu,
Azərbaycan qəhrəmanı
kimi təqdim edilir.
(Ardı var)
Dilarə ADİLGİL
525-ci qəzet.-2025.-
25 sentyabr (№173).- S.13.