Asif Ata - insanlığa yetən yetirən

 

 

Ocaq günsırası ilə 25 Ata ayı, 47-ci il (25 sentyabr 2025-ci il) Mütləqə İnam Fəlsəfəsinin Yaradıcısı, Ruhsal Ocaq Atası, Dahi Azərbaycan Filosofu Asif Atanın (İnam Ata) 90-cı ildönümüdür/

 

 

 

Ürəyinizdə Ata Günəşi olsun!

 

O, sadəcə yaşamaq üçün doğulmamışdı. Onun ömrünün mənası Ulusunun vicdanı, bəşərin ruhsal səsi olmaq idi.

 

Qutsal Bitiqlərinin, Evladlarının - Ocağının Atası oldu. Sonralar Ulus da, bəşəriyyət ona Ata deyəcəkdi.

 

O, Asif Atadır (İnam Ata) - Gerçəkdən Peyğəmbərlik olayıdır; Aqibətini özü yaradıb, var olub. Var edib: ömürlər, talelər yaradıb.

 

lll

 

Uşaqlıq çağının faciəvi olaylarını yaşına uyuşmayan fitri müşahidəçiliklə keçdi. Gördüyü dəhşətləri "Ömrüm-günüm" əsərində bənzərsiz ifadə edib: 30-cu illər repressiyasının insanların taleyində yaratdığı bitməyən acılar, məhv olan ömürlər, müharibənin gətirdiyi faciələr - yoxsulluq, adam fürsətcilliyi, ölümün adiləşməsi, xəyanətlər...

 

Həmin faciəvi mənzərədən üstün, ancaq onun görə, ifadə edə bildiyi Çaykəndin ilahi təbiəti - günəşi, çayı, göyü, yolları, Səməd qayası, meşəsi, bulaqları deyirdi ki, dünya, həyat, insan təkcə görünən dəhşətlərdən ibarət deyil.

 

Kitab onun ilk dostu, qələm isə silahı oldu. Sovet qəlibləri ruhunu sıxmaq istəsə , o, həmin qəlibləri sındırmaq üçün doğulmuşdu.

 

lll

 

Gənc Asif soruşurdu:

 

- Niyə insan həm ucalır, həm alçalır? Niyə ulus (xalq) özünü itirir? Niyə bəşər yolunu azır? Niyə insan var ola bilmir?

 

Bu suallar onun ruhunu daim oyadıb, ömrü boyu axtarışda saxladı. Cavab tapmaq ümidilə o, təhsilini davam etdirmək üçün Moskvaya - Ədəbiyyat İnstitutuna üz tutdu. Ancaq orada da ürəyindəki sualların cavabını tapa bilmədi. İnstitutun müəllimləri ona istədiyini verə bilmirdilər.

 

Beləcə, gənc Asif özünü kitabxanada tapdı. Buranı evi sayırdı. Hər söz, hər sətir onu düşündürürdü. Tezliklə başa düşdü ki, həqiqi yol göstəricisi yalnız içinin səsidir. Burada da o, oxuduqlarının etkisinə düşmədi, onlardan üstün düşüncə yönü yaratdı.

 

Ata Vətənə qayıtdı, BDU-da, Slavyan Universitetində, Milli Konservatoriyada müəllimliyə başladı. Onun müəllimliyi insanları ümidləndirirdi, heç kəsin müəllimliyinə oxşamırdı. Tələbələri onun dərslərində yalnız bilik tapmır, həm ruhani enerjiyə qovuşur, müəllimlərini həm sevimli insan, dost olaraq qəbul edirdilər.

 

1975-77-ci illərdə BDU-da yaratdığı "Etik estetik tərbiyə klubu" minlərlə insanın ruhunu oyatdı. Ata yazır: "Mühazirəmə gəlirdilər: dalğa-dalğa, sel-sel! Görüşümə gəlirdilər: dalğa-dalğa, sel-sel! Yataqxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel! Kitabxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel!"

 

1979-cu ildə isə Ocağını qaladı. Təqiblər, qapanmalar, təhlükələr qarşısında geri çəkilmədi. Əsərlərinin çoxunu o dönəmdə yazdı: "Mütləqə İnam", "Mütləqləşmək var olmaq", "Mütləqilik", Bədiyyat", "Sədaqət"...

 

Ata düşüncələrin, mənəviyyatın, insan ruhunun yolgöstərən işığı idi.

 

lll

 

Asif Ata ömrünü Amalına həsr etdi. Məqsədi insanı xilas etmək idi.

 

İstədi ki, insanlar yaşasınlar, var olsunlar.

 

 

 

"İNSANLAŞMAQ

 

Zəmanə İnamını - İnamsızlıq saydım. İnam yaratdım.

 

Zəmanə İdrakını - İdraksızlıq saydım. İdrak yaratdım.

 

Zəmanə Mənəviyyatını - Mənəviyyatsızlıq saydım. Mənəviyyat yaratdım. Zəmanə İradəsini - İradəsizlik saydım. İradə yaratdım.

 

Zəmanə Amalını - Amalsızlıq saydım. Amal yaratdım.

 

Zəmanə Əməlini - Əməlsizlik saydım. Ocaq qaladım.

 

Təqiblərə yüksəldim. Ata çağırıldım. Bəşərin nicatı - İnsanlaşmaqdadır. İnsanlaşın - İnsanlaşdırın...

 

(Şölə Ayı, 7-ci il. Bakı (İyun, 1985-ci il)".

 

lll

 

ATA İDEYALARI

 

Mütləqə İnam - Əzəli, əbədi, sonsuz, kamil mənaya inam. Mütləq, dünyanın, həyatın, insanın daxilindəki özümlükdür.

 

Kamil İnsan - İnam, İdrak, Mənəviyyat İradə müstəqilliyinə yetən.

 

İnsan özündə mütləqilik, yəni əzəli, əbədi, sonsuz, kamil məna gəzdirir, bu səbəbdən mahiyyətcə şəraitdən, mühitdən, cəmiyyətdən üstündür. İnsan - Mütləqiliyə meyl edən mütləqləşməyə qadir ruhani varlıqdır.

 

lll

 

MÜSTƏQİL VƏTƏN

 

Asif Ata müstəqilliyi belə görür:

 

"Dünyadan asılı olmadığın dərəcədə müstəqilsən.

 

Dünyaya gərək olduğun dərəcədə müstəqilsən.

 

Özgədən asılı olmadığın dərəcədə müstəqilsən.

 

Təcridə qabil olduğun dərəcədə müstəqilsən.

 

Qəyyumlardan hakimlərdən azad olduğun dərəcədə müstəqilsən.

 

Təqliddən azad olduğun dərəcədə müstəqilsən.

 

Bəhrələnməyin bəhrələndirməyinə bərabər olduğu dərəcədə müstəqilsən.

 

Öyrənməyin öyrətməyinə bərabər olduğu dərəcədə müstəqilsən.

 

Özümləşdiyin dərəcədə müstəqilsən.

 

İnsanlaşdığın dərəcədə müstəqilsən".

 

lll

 

Ruhani Birlik (Cəmiyyət) - insanın insanı ucaltdığı məkan. Atanın fikrincə, Bəşər aşağıdakı dairələrdə ilişib qalıb:

 

Siyasi dairə - demokratiya totalitarizm dairəsi

 

İctimai dairə - kapitalizm sosializm dairəsi

 

Din-Ateizm dairəsi.

 

Asif Atanın Ruhani (İnsani) cəmiyyət idealında fərd ömrünün, taleyinin, iradəsinin yiyəsidir.

 

Özümlü Şərq ideyası Şərqi özünə - əzəli müəllimliyinə qaytarmağı hədəfləyir.

 

Ləyaqətli Bəşər - bəşərin ruhsuzluq, zorakılıq, əxlaqsızlıq maddiyyat hərisliyindən azad olması deməkdir.

 

lll

 

Ata üçün Türkçülük sadəcə milli ideya deyildi, bəşəri mənəviyyatın dirçəldici gücü idi. O, Türk ruhunu dünyanın itirdiyi ləyaqətin bərpası, insanlığı ucaldacaq mənəvi dayaqların özülü kimi görürdü.

 

Asif Ata hesab edir ki, Güney Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir. Onun fikrincə, Quzey Güney Azərbaycanın birləşməsi yalnız coğrafi siyasi inteqrasiya deyil, həm milli güc, ruhanilik döyüşkənlik ənənələrinin birləşməsidir. Vahid Azərbaycan ideyası milli iradəni gücləndirir beynəlxalq səviyyədə Azərbaycanın siyasi mövqeyini yüksəldir.

 

Atanın fikrincə, Ruhun dörd cəhəti var: İnamın özülü - Mütləqilikdir. İdrak - həqiqəti görmək gücüdür. Mənəviyyat - vicdançılıq, təmənnasızlıq, fədakarlıq deməkdir. İradənin özülü - Mənlikdir.

 

lll

 

Asif Ata deyir:

 

"İnsanlaşın, insanlaşdırın - bəşərin qurtuluşu insanlaşmaqdadır!"

 

Ata İnsanlaşmağa, İnsanlaşdırmağa çağırır. İnsani birlik öncə insanın içində qurulur.

 

İnam Atanın (Asif Atanın) ideyaları yaşayır, çünki bu ideyalar əbədiyyətin soraqçısıdır.

 

Atamız var olsun!

 

Düzgün ATALI

 

525-ci qəzet.- 2025.- 25 sentyabr (№173).- S.15.