"Baş
Rejissor Mehriban Ələkbərzadənin quruluşunda
nümayiş olunmuş
"Baş" tamaşasının
premyerasından qeydlər
Bu günlərdə Azərbaycan
Dövlət Akademik
Milli Dram Teatrında "Baş"
tamaşasının premyerası
nümayiş olunub. Xalq yazıçısı
Elçinin eyniadlı
romanı əsasında
səhnələşdirilən tamaşanın premyerası
Elçinin xatirəsinə
ithaf edilib. Tamaşanın quruluşçu
rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar
incəsənət xadimi,
Dövlət mükafatı
laureatı Mehriban Ələkbərzadədir.
Əslində bu,
tamaşaya ikinci baxışım idi, çünki iyun ayında baş tutan ictimai baxışında
iştirak etmişdim.
Premyera ictimai baxış zamanı beynimdə sual kimi qalan bəzi
məqamlara da aydınlıq
gətirmiş oldu və məhz bu gün öz
təəssüratımı bölüşmək istəyi
yaratdı.
Şəxsi baxış
bucağımdan doğan
mülahizələrimə keçməzdən əvvəl
xüsusi vurğulamaq
istəyirəm ki, teatr
biliciləri, necə deyərlər, "qüsurlarıma
baxmasınlar". Bu, sıradan
bir tamaşaçı
baxışı, tamaşaçı
təəssüratıdır - heç bir halda bu sahədə
söz sahibi olmaq göstəricisi deyil...
Səhnə əsərində
təkcə tarixi hadisələr deyil, həm də metafizik müstəvi ön plana çıxarıldığı
üçün janr olaraq "Baş" tamaşası tarixi-metafizik
dram janrındadır.
Bir məsələni vurğulamaq istərdim, səhnə əsəri tamaşaçısından müəyyən
hazırlıq - ən
azı, tarixi hadisələrin xronologiyası,
obrazların tarixdəki
kimlikəri barədə
minimum biliyə sahib olmağı
tələb edir. Rejissorun ötürmək
istədiyi mesajların
heç bir fon biliyi olmayan
tamaşaçı üçün
nə dərəcədə
effektiv ola biləcəyi
haqqında fikir söyləmək bir qədər çətindir.
Məsələn, tamaşanın
iyun ayında baş tutan ictimai baxışından
sonra, rejissorun hadisələrə baxış
bucağı, proseslərə
yanaşması məcbur
etdi ki, verilən mesajları tam qavramaq üçün həm də əsərin özünü oxuyum, həm də bəzi tarixi hadisələrə göz
gəzdirim.
Yazının sonda
deməli olduğum nəticələrindən birini
əvvələ gətirməli
olsam, deyə bilərəm ki, əsərin
əsas ana xətti olan Qafqazın rus imperiyası tərəfindən işğalı
dövrünü, gürcüəsilli
rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş
komandanı olan Sisianovun Bakıya yürüşü və
ondan sonra baş verən faciəvi hadisələrlə
yanaşı, Azərbaycan
insanının tarixi yaddaşı, milli kimlik və işğal qarşısında davranışlarını
tamaşaçıya çatdırmaq
üçün M.Ələkbərzadənin
bütün imkanlarını
səfərbər etməyə
çalışdığı diqqətdən yayınmır.
"Baş"ın süjet xətti Bakıda Sisianovun başının kəsilib
Fətəli şah Qacara göndərilməsi
və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr
fonunda qurulub.
Gəncəli Cavad
xanın Sisianovla qarşılaşması zamanı
aralarında keçən
dialoq, Cavad xanın və qarabağlı İbrahim xanın
öldürülmə səhnələri,
Sisianovun kəsilmiş
başının Qacarın
sarayına gətirilməsi
kimi səhnələr
tamaşanın ən
təsirli səhnələrindən
hesab oluna bilər.
Tamaşanın mahiyyətinə
vardıqca aydın olur ki, rejissorun əsas məqsədi yalnız mövcud tarixi hadisələri səhnədə canlandırmaq
deyil, həm də "insan - hakimiyyət - işğalçı"
münasibətlərini simvolik
planda tamaşaçıya
çatdırmaqdır. Bu mənada
tamaşa həm tarixi, həm də fəlsəfi məna daşımış
olur.
Zənnimcə, rejissorun
əsərə bu cür üçlü prizmada yanaşmasını,
onun daim qabartmağa çalışdığı
milli kimlik və bundan sonra "hakimiyyət - insan - tarix" üçbucağının
səhnədə inikası
kimi də səciyyələndirmək olar.
Ümumilikdə, M.Ələkbərzadənin quruluş verdiyi tamaşaları izləyən,
yaradıcılığı ilə yaxından tanış olan hər kəs onun hadisələrə yanaşmada özünəməxsus
dəst-xəttinin olduğunun
fərqindədir. O, bir
növ klassikanı
modern interpretasiya etməyi,
tamaşaçını komfort
zonasından çıxarmağı
və səhnədə
baş verən hadisələrin mərkəzinə
gətirməyi, düşünməyə
vadar etməyi sevən rejissorlardan hesab olunur.
Məsələn, qısa
bir haşiyə çıxaraq deyim ki, onun Hüseyn Cavidin "İblis" əsəri
əsasında hazırladığı
"İblis və..." tamaşasındakı
dekonstruktiv yanaşma,
metaforik vizuallıq və dinamik mizanlı səhnələr
tamaşaçının özünü
bir növ hadisələrin mərkəzində
hiss etməyə və
düşünməyə vadar edir - əslində
kimdir, nədir İblis?..
Bənzər rejissor
yanaşması "Baş"
tamaşasında da müşahidə
olunur desəm, yəqin ki, səhv etmiş olmaram.
Real tarixi obrazların
gerçəkliyi, metafizik
səhnə elementləri,
vizual baxımdan səhnədə işıqların
quruluşu, dekorasiya və geyim vasitəsilə
dövrün estetik atmosferinin yaradılması,
nəhayət hakimiyyətin
zorakılığı və
fərdin faciəsi arasında dramatik toqquşmalardan doğan psixoloji gərginlik "Baş" tamaşasında
da tamaşaçını rejissorun ünvanladığı
"Əgər baş
yoxdursa, bədən
hara gedə bilər?"
və ya "Biz kimik - baş, yoxsa bədən?" kimi ritorik suallar
ətrafında düşünməyə
vadar edir.
Bəlkə də
bu səbəbdən M.Ələkbərzadə səhnədə yer alan aktyor ansamblından
sadəcə tarixi hadisələrin təqdimat
vasitəsi olan obrazlar toplusu kimi deyil, həm
də bir rejissor kimi çatdırmaq
istədiyi fəlsəfi
ideyanın canlı daşıyıcıları kimi
istifadə edib.
Səhnədə yer
alan 30 nəfərə
yaxın aktyorun hər birinin öz obrazlarını daha dolğun canlandırması - psixoloji
gərginlik, daxili parçalanmalar, qərarsızlıq,
gərginlik və həyəcan tamaşaçıya
yüksək peşəkarlıqla
təqdim olunur. Heç bir aktyor tamaşaçı gözündən yayınmır.
Maraqlıdır ki, səhnədə
baş rol, ikinci, üçüncü
dərəcəli, epizodik
rol anlayışı
yoxdur - sanki səhnənin ən ön planında olanından, ən son planında olanına kimi hamı baş roldadır.
Baş verən
hadisələr fonunda
bəzən elə təəssürat yaranır
ki, rejissor səhnədə
yer alan bu qədər aktyorla yanaşı, bəstəkarı da, işıqçını
da, rəssamı da, hətta
bəzi məqamlarda tamaşaçı ilə
göz təması zamanı səhnədə
yaranan sükutu da danışdıra bilib.
Səhnədə sərgilənən
özünəməxsus aktyor
oyunu ilə yanaşı kostyumlar, işıq, dekorasiya, musiqi və bütün digər elementlər tamaşaçını
tarixi hadisələrin
mərkəzinə aparmağa,
səhnənin emosional
yükünün daha
da gücləndirilməsinə xidmət edir ki, bu da tamaşanın repertuarda uzun müddət xüsusi yer tutacağına şübhə doğurmur.
Əlbəttə ki, hər
bir tamaşanın uğuru həm də aktyor seçiminə bağlı
bir məsələdir
ki, "Baş"da da bu
seçim, el dilində desək, obrazların boyuna biçilmiş şəkildədir.
Yeri gəlmişkən,
M.Ələkbərzadə
həm də aktyor seçimində olduqca prinsipial yanaşma sərgiləyən
rejissor kimi tanınır. Hətta bununla bağlı müsahibələrinin birində
belə bir fikir səsləndirmişdi:
"Mən hətta şəxsən danışmadığım
aktyoru belə baş rola dəvət
etmişəm. Münasibətim
yaxşı olmasa da, istedadlıdırsa, aktyoru
istedadına görə
qiymətləndirmişəm. Mən bu prosesdə
öz şəxsi prinsiplərimdən keçərəm,
tamaşamın uğursuz
olmasını keçmərəm.
Mən tamaşa naminə hər şey edərəm. Tamaşa mənim üçün ən ali nəticədir".
Görünür, bu
ali prinsip "Baş" tamaşasında
da öz sözünü
deyə bilib. Belə ki, 30 nəfərlik
aktyor ansamblında yer alanlar - Xalq
artistləri Rafiq Əzimov,
Hacı İsmayılov,
Kazım Abdullayev, Əməkdar
artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov,
Rövşən Kərimduxt,
Kazım Həsənquliyev,
Elxan Quliyev, Elşən Rüstəmov,
Mətləb Abdullayev, Ayşad
Məmmədov və digərləridir.
Nizam pozulmasın və
diqqətdən kənarda
qaldıqlarını zənn
etməsinlər deyə,
tamaşanın uğurlu
alınmasında əməyi
keçən quruluşçu
rəssam, Əməkdar
mədəniyyət işçisi
İlham Elxanoğlu, geyim
üzrə rəssam Vüsal Rəhim, işıq üzrə rəssam Rafael Vaqifoğlu,
bəstəkar Azər
Hacıəsgərli, rejissor
assistentləri Ceyran Başaran və Nərmin Həsənovanın
da adlarını xüsusi
vurğulamaq istəyirəm.
İnanıram ki, "AzDrama"nın
153-cü teatr mövsümündə
ilk premyerası olan
"Baş" tamaşası
uzun müddət repertuardakı ən çox izlənilən tamaşalar siyahısında
yer alacaq.
Bu gün anşlaqla
keçən premyera və susmaq bilməyən tamaşaçı
alqışı da dediklərimə
əyani sübut ola bilər.
Siz həmişə
yaradın, əziz adamlar! Siz yaradanda
çox MÖHTƏŞƏM OLURSUNUZ!
Əzizə İSMAYILOVA
525-ci qəzet .- 2025.- 30 sentyabr (№176).-
S.11.