Seyid Cəfər
Pişəvərinin tarix
yaratmaq missiyası
Bu
yaxınlarda Seyid Cəfər Pişəvərinin "Qızıl
səhifələr" kitabı
çapdan çıxıb.
Kitabın əsası
1946-cı ildə Təbrizin
"Elmiyyə" mətbəəsində
çap olunan ilk nəşrə söykənir.
Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsi
kitabı təxminən
80 ildən sonra yenidən nəşr edib.
Topluya Cənubi Azərbaycanda
Milli Hökumətin (1945-1946) yaranması və fəaliyyəti ilə bağlı sənədlər,
həmçinin həmin
dövrün siyasi xadimlərinin - başda Hökumət rəhbəri
S.C.Pişəvəri olmaqla - tarixi hadisələrin gedişini
əks etdirən məqalə və məktubları daxil edilib.
Hələ 2012-ci ildə cənublu
mühacirlərin www.achiq.info saytında kitabın latın qrafikasına çevrilmiş variantı
"Kitabdan seçilmiş
yazılar" adı
altında yerləşdirilmişdi.
"Hazırlayan: Açıqsöz"
qeydi ilə yayımlanan həmin versiyada müəlliflər
anonim qalaraq əsərin orijinalındakı
186 yazıdan təxminən
50-ni təqdim etmişdilər.
Oxuculara
təqdim olunan bu yeni nəşrdə isə əsərin tam variantı - orijinalda yer alan bütün
186 yazı öz əksini tapıb. Buna görə də kitab həm də "Qızıl səhifələr"in
(Azərbaycan xalqının
milli azadlıq yolunda mübarizəsi tarixindən)
mükəmməl elmi-bədii
nəşri kimi dəyərləndirilə bilər.
Nəşrin elmi redaktoru və layihə rəhbəri filologiya elmləri doktoru Rəhim Əliyevdir.
"Qızıl səhifələr"
təkcə sənədlər
toplusu deyil, həm də Milli Hökumətin tarixinə
dair sanballı ensiklopedik mənbədir. Sovet dövründə
milli hərəkatın arxiv
materialları uzun müddət məxfi saxlanıldığı üçün,
yalnız müstəqillik
illərində Azərbaycan
oxucuları bu tarixi gerçəkliklə
yaxından tanış
olmaq imkanı qazanıb.
Kitab Seyid Cəfər Pişəvərinin siyasi-publisistik
irsinin, belə demək caizsə, "daxildən yazılmış
xronikası"dır: həm
"Azərbaycan" qəzetindəki
yazılarının seçməsi,
həm də Azərbaycan Demokrat Firqəsinin (ADF) konsept sənədləri, nitqləri,
qərarları və
proqram bəndlərini
bir araya gətirən topludur. Əsərdə 1945-46-cı illərin
sənədləri, Pişəvərinin
və dövrün fəallarının məqalə
və məktubları
yer alır.
Toplunun yazıldığı zaman kəsiyi
də təsadüfi
deyildir. 1945-ci ilin sonlarından Təbrizdə
Milli Hökumət qurulmuş,
ADF siyasi səhnənin
ön planına çıxmışdı. Pişəvəri
bu mətnlə öz oxucusuna müraciət edərək
vurğulayır ki, yazdıqlarını
"şöhrət üçün
deyil, milli mübarizəyə
xidmət üçün"
qələmə alır.
Bu cümlə həm
müəllifin şəxsi
mövqeyini, həm də ümumi dövrün ruhunu göstərir: siyasi liderin qələmindən
çıxan sətirlər
həm ideoloji silah, həm də gələcək nəsillər üçün
tarixi mənbədir.
Pişəvəri mətnin başlanğıcında
"biz tarix yazmırıq,
tarix yaradırıq"
prinsipini əsas tutur. Onun fikrincə,
hadisələrin elmi-tarixi
yozumu müvərrixlərin
işi olsa da, milli qüvvələrin əsas
vəzifəsi dövləti
qurmaq, xalqın haqqını müdafiə
etməkdir. Bu yanaşma,
əslində, Azərbaycan
siyasi düşüncəsində
yeni mərhələ idi:
tarixi təhlildən çox tarixi yaratmaq missiyası.
XX əsrin ortalarında - II Dünya müharibəsinin
yaratdığı siyasi
burulğanlar, 1945-46-cı illərdə
Güney Azərbaycanda
qurulan Milli Hökumətin
ideoloji dayaqları fonunda yazılmış mətnlər, həm də tarixi sənəd, siyasi manifest rolunu oynamışdır.
Seyid Cəfər Pişəvərinin 1946-cı ilin
fevralından yazmağa
başladığı bu
əlyazma-kitab da bu qəbildən olan sənədlərdəndir. Bu mətn,
bir tərəfdən,
dövrün milli mübarizəsinin
ideoloji əsaslarını,
digər tərəfdən,
Azərbaycan xalqının
dil, kimlik və dövlətçilik
uğrunda apardığı
uzunmüddətli mübarizənin
konseptual təsvirini özündə əks etdirir.
Başlıq səhifəsi S.C.Pişəvərini ADF MK sədri və Azərbaycan Milli Hökumətinin
Baş naziri kimi təqdim edir. Bu fakt toplunun
rəsmi-siyasi hadisələrin
içindən, isti hadisələr zamanı hazırlanmış "canlı
sənəd" xarakterini
göstərir.
Pişəvəri "Müqəddimə"də açıqca etiraf edir ki, "gündəlik
ağır mübarizə
vaxtında tarix yazmaq müşküldür";
məqsədinin şöhrət
deyil, "Azərbaycan"ın
gündəlik mübarizəsini
mənalandırmaq olduğunu
vurğulayır.
Dövrün "isti hadisələrinin
içindən olan yazılar" mətnin içindən siyasi dilin necə formalaşdığını izləməyə
imkan verir.
S.C.Pişəvəri toplunun giriş məqaləsində
yazırdı: "Mən
bu sətirləri şöhrət və təzahür üçün
yazmıram. "Azərbaycan"
ruznaməsinin gündəlik
şümarələrini ürək
döyüntüsü ilə
təqib edib ona böyük ərziş qail olan dostlarımdan birisi dedi "yaz" (Seyid Cəfər burada Mirzə İbrahimovu nəzərdə tuturdu). Mən də böyük işlərdən
vaxt oğurlayıb yorğun və əzgin dəqiqələrdə
onun arzusunu əncam verdim. Məqsud millətimizin azadlığı yolunda apardığı mübarizələrdən
nümunələr göstərməkdir.
Onu olduğu kimi təsvir və tərsim etmək müvərrixlər,
ədib və şairlərimizə tapşırmaq
lazımdır. Bu, onların
milli və əxlaqi vəzifələridir.
Tarixi hadisələr barəsində
açıq və aydın nəzəriyyə
verib qabağa sürülən fikirləri
dəlil və sübut ilə əsaslandırmaq iş və vaxt istir".
Sonra o, yazısına davam
edir: "Qoy bizim vücuda gətirməkdə olduğumuz
milli dövlətin tarixini
müvərrixlər yazıb
kağız üzərinə
gətirsinlər. Biz o tarixi
yaratmağa daha diqqət etməliyik. Mən fəqət sadə bir dil
ilə başlayıb
deyə bilərəm
ki, Azərbaycan xalqı
özünün azadlıq
mübarizəsini çox
qədimdən başlamışdır.
Bu mübarizə zaman və
əsrlər təqazasına
görə müxtəlif
şəkillərdə zahir
olub, müxtəlif şüarlar ilə təqib edilmişdir. Ola bilər ki, Azərbaycanın
varlığını sübut
edən hadisə və mübarizənin qəhrəmanlarından çoxusu
aydın və açıq bir surətdə öz gördükləri işlərin
məna və əhəmiyyətini dərk
etməmişlər".
1945-ci ilin payızında ADF yarandı və qısa müddətdə
xalq hərəkatının
ideoloji rəhbərinə
çevrildi. Hərəkatın
manifest xarakterli ilk sənədi
- "Müraciətnamə" - "Qızıl səhifələr"
toplusunun da giriş hissəsində yer alır. Bu sənəd təkcə bir siyasi proqram deyil, həm də milli azadlıq ideologiyasının kodlaşdırılmış
formasıdır.
Müraciətnamə sadə, anlaşıqlı, lakin yüksək siyasi yüklü dildə yazılıb. Burada mürəkkəb nəzəri
izahlardan çox, xalqı birləşdirən
çağırış və şüarlar üstünlük təşkil
edir. Sənədin dili bir tərəfdən
xalq kütlələrinə,
digər tərəfdən
demokratik dövlətlərin
beynəlxalq auditoriyasına
yönəlib.
Müraciətnamə ilə Pişəvəri xalqın
bütün təbəqələrini
- kəndlini, şəhər
işçisini, ziyalını
- ümumi bir şüar altında toplamağa çalışdı.
Onun çağırışları
sırf siyasi elitaya deyil, gündəlik çətinliklər
içində yaşayan
geniş kütlələrə
ünvanlanmışdı. Məhz bu səbəbdən
sənədin dili
populist yox, xalqçı
və sosial-demokratik xarakter daşıyır.
Topluda ən mühüm mövzulardan biri ana dili məsələsidir.
"Ana dili" adlı
yazılar və qərarlarda Pişəvəri
açıq şəkildə
bildirirdi ki, xalqın mədəni və siyasi dirçəlişi
ancaq öz dilində mümkündür.
Məktəblərdə dərslərin
Azərbaycan türkcəsində
keçirilməsi, dövlət
idarələrində bu
dilin işlədilməsi,
eyni zamanda farscanın da öyrədilməsi
prinsipi irəli sürülürdü. Bu mövqe
Pişəvərinin sadəcə
milli romantizmindən deyil,
dil siyasətinin real idarəçilik ölçüsünə
çevrilməsindən xəbər
verir. O, dil məsələsini emosional
çağırış kimi yox, dövlət
proqramı kimi təqdim edir. Bu, Azərbaycan ədəbiyyatında
və mədəni tarixində yeni mərhələ
idi: dil yalnız poeziyanın mövzusu yox, ictimai-siyasi təşkilatlanmanın
mərkəzinə çevrilmişdi.
Müraciətnamədə və sonrakı qərarlarda məktəblərin xalqın
ana dilində açılması,
kəndlərdə ibtidai
təhsilin yayılması,
ali məktəb - darülfünun təsis edilməsi kimi maarif sahəsi geniş yer tutur: Pişəvəri maarifi cəmiyyətin modernləşmə dayağı
kimi dəyərləndirirdi.
O, təhsili sadəcə
savadlanma prosesi yox, həm də
milli şüurun formalaşma
vasitəsi sayırdı.
Bu baxımdan onun maarifçilik ideyaları
Mirzə Fətəli
Axundzadə və Cəlil Məmmədquluzadə
ənənəsinin davamı
idi, lakin fərq ondadır ki, Pişəvəri bunu siyasi proqram bəndinə çevirmişdi.
"Qızıl səhifələr"də
Pişəvəri dəfələrlə
milli mədəniyyətin, teatrın, mətbuatın,
ədəbiyyatın gücləndirilməsini
qeyd edir. O, yazırdı ki, xalqın
maariflənməsi təkcə
məktəblə bitmir,
teatr, qəzet, kitab və xalq ədəbiyyatı
da bu işdə mühüm rol oynayır. Ədəbiyyat
və mədəniyyətin
siyasi proqramda ayrıca yer tutması mühümdür.
Bu, Pişəvərinin estetikaya
yalnız sənət
baxımından yox, həm də siyasi güc kimi yanaşmasının göstəricisidir.
Topluda tez-tez xalqın qəhrəmanlıq tarixinə
istinadlar edilir. Səttarxan, Xiyabani kimi şəxsiyyətlərin
adı çəkilir,
onların mübarizəsi
nümunə kimi göstərilir. Pişəvəri
yazılarında xalqı
tarixi qəhrəmanların
davamçısı kimi
təqdim edir. Burada tarixi fakt
yalnız keçmişin
xatırlanması üçün
deyil, gələcəyin
proqramı üçün
ideoloji alət kimi işlədilir. Yəni Pişəvəri
üçün tarix
canlı gücdür,
"keçmişdən gələcəyə
körpü" rolunu
oynayır.
Müqəddimənin ən diqqətçəkən cəhətlərindən
biri Pişəvərinin
Azərbaycan dilinin qədimliyi və müstəqilliyini sübut
etməyə yönəlmiş
arqumentləridir. O, fars
şovinistlərinin iddialarına
cavab verərək dilin zorla xalqdan
alına bilməyəcəyini,
Azərbaycan türkcəsinin
minilliklərdən gələn
öz tarixi dərinliyi və ədəbi nüfuzunu qoruduğunu göstərir:
"Mütəəsib fars
yazıçı və
müvərrixləri ağızları
köpüklənmiş halda
dad və fəryad salıb bizim fars olduğumuzu, indi danışdığımız
dilin moğullar vasitəsilə bizə təhmil edildiyini isbat etmək istirlər. Biz moğullar və başqa fateh millətlər barəsində bəhs etmək istəsək, böyük bir kitab yazmağa məcbur olarıq. Burada fəqət bu qədər demək lazımdır ki, Azərbaycan
Moğul istilası zamanında mütərəqqi
və mütəməddin
bir millət olduğu üçün
qətən asanlıq
ilə vəhşi qəbilələrdən ibarət
olan o camaatın naqis dilini qəbul
etməzdi və az bir zamanda
yabançı bir dil bir millətin
içərisində elə
rişə sala bilməzdi ki, onun əfradından bir nəfər də olsa qədim dilə aşina olmasın və ya o dildən taza dildə heç bir əsər və əlamət görülməsin.
Ya zəlzələdən,
ya vəlvələdən
biləxrə Azərbaycanımızda
öz milli dilimizdən
başqa bir dil yoxdur. Farsların
bizə təhmil etmək istədikləri dil isə xoşbəxtanə
pişrəft edə bilməmişdir. Dilimizin nüfuzu daha əzim və rüşdi daha dərindir. Onun tarixi isə avamfərib və mütəəssib fars yazıçılarının puç iddialarının
xilafına olaraq çox da köhnə və qədimdir.
Əhməd Kəsrəvi kimi
boşboğazlar belə
farsçılıq təbliğatı
apardıqları halda
Azərbaycanın xüsusiyyətini
etiraf etmək məcburiyyətində qalıb
Azərbaycanda fars dilinin şaxəsi olan azəri dilinin mərsum olduğunu iddia etməkdədirlər...
Kəsrəvi və ya sair farsçılıq təbliğ edənlər
tək qazıya getmiş, ona görə iddialarını
həqiqət saymağa
adət etmişlər.
Vəli biz əsl həqiqəti açıb
xalqa göstərməliyik.
Əsl həqiqət isə budur ki, Azərbaycan heç vaxt fars dilini
ana dili kimi qəbul etməmiş, ondan ədəbiyyat və şeir sahəsində çox az istifadə etmişdir. Farslar bəzi Azərbaycan şairlərinin farsca yazdıqlarını bizim
fars olduğumuza dəlil göstərirlər.
Bu, gülünc və
kudəkanə bir işdir".
Bu arqumentlər bir tərəfdən dövrün
ideoloji mübarizəsinin
məhsuludur, digər
tərəfdən isə
Azərbaycan milli hərəkatının
özünüdərk prosesində
fundamental rol oynayıb.
Pişəvəri heç
bir elmi əsası olmayan Ə.Kəsrəvinin fiaskoya uğramış
"Azəri dili"
tezisini tənqid edərək belə bir mövqeyə gəlir: Azərbaycan heç vaxt fars dilini ana dili kimi qəbul
etməyib, yalnız ədəbiyyat və saray mədəniyyəti müstəvisində müəyyən
məhdud istifadələr
olub.
S.C.Pişəvəri sonra yazısına davam edir: "Əgər bu iddiani qəbul
etmiş olsaq, bütün iranlıların
ərəb olduğunu
qəbul etməliyik. Çünki ərəb istilasından sonra minlərcə fars ədib, şair və mütəfəkkirləri
öz əsərlərini
ərəb dilində
yazıb intişar vermişlər. Ötən
əsrimizin başlanğıcında
belə ərəbcə
yazıb oxuya bilməyən iranlı savadsız hesab olunardı. Və indi də fars
dili ərəb ədəbiyyatının və
ərəb nüfuzunun
əsarətində davam
etməkdədir. Bu həqiqəti
görə-görə beş-üç
Azərbaycan şairinin
farsca şeir yazmasını dəlil göstərib azərbaycanlıların
fars olduqlarını sübut etməyə çalışanlar həqiqətən
müğriz və cahil adamlardır".
Pişəvəri Nizami, Saib Təbrizi kimi klassiklərin farsca yazmalarını farslığa
dəlil saymağın
yanlışlığını sübut etmək üçün beynəlxalq
ədəbiyyat tarixindən
misallar gətirir. O, fransız, rus, alman və Osmanlı mədəniyyətindən nümunələrlə
göstərir ki, bir yazıçının başqa
dildə yazması onun milliyyətini dəyişdirib: "Nizaminin
fars dilində şeir yazmasın onun farslığına dəlil göstərənlər,
İbn Müqəffə, İbn Sina və sair
fars filsoflarının
ərəbcə yazdıqlarına
əcəba nə məna verə bilərlər? Osmanlı sultanlarının yazdıqları
fars şeirlərini kimin hesabına yazmaq lazımdır? Bu adamlar bir azca
gözlərini açıb
mövzuya diqqət ilə baxsalar, bu sözləri ağızlarına alıb
danışmağı belə
məsxərə hesab
edərlər. Ədəbiyyat
məxsusən şeir
heç vaxt milliyyət çərçivəsində
qalmaz".
Bu müqayisəli yanaşma,
həm elmi polemika, həm də milli ideologiyanın legitimləşdirilməsi baxımından
mühüm əhəmiyyət
daşıyır.
Beləliklə, "Qızıl səhifələr"
yalnız siyasi sənədlər toplusu deyil, həm də dil, maarif,
mədəniyyət, ədəbiyyat
və tarix sahələrində milli konsepsiyanın
bünövrəsini qoyan
manifestdir. "Qızıl
səhifələr" bir
tərəfdən 1945-1946 milli-demokratik hərəkatın
danışan mənbəyidir,
digər tərəfdən
Pişəvərinin siyasi
dilinin institutlaşmasını
- ana dili siyasətinin,
sosial-iqtisadi proqramın
və seçki-idarəçilik
modelinin kodlaşdırılmasını
- real sənədlərlə göstərir. Toplu, həm də, "xalq qayğı"sının
üstünlüyü kimi
tezisləri ideoloji romantikadan ayırıb idarəçilik səviyyəsinə
qaldırır. Bu səbəbdən
"Qızıl səhifələr"
yalnız tarixi maraq deyil, dil-siyasət,
hüquq-idarəetmə, ictimai
siyasət tədqiqatları
üçün də
birinci dərəcəli
qaynaqdır
Məmmədli, Pərvanə.
525-ci qəzet.- 2025.- 30 sentyabr (№176).-
S.12.