Məktəblərdəki
"Kiçik Akademiya"lar: gərəkli ideyalar, maraqlı
nəticələr
Bu yaxınlarda Yasamal rayonu ümumi təhsil müəssisələri
üzrə "Kiçik Akademiya"ların hesabat
konfransı keçirilib. Konfransda
yaradıcılıq və elmi-tədqiqat işlərinə
maraq göstərən, bu sahədə potensial imkanları ilə
fərqlənən istedadlı şagirdlər öz elmi-tədqiqat
işlərini təqdim ediblər. Paşa Nəzərov
adına 60 nömrəli tam orta məktəbin şagirdi də
öz proyektini konfrans iştirakçılarına təqdim
edib. Şagirdin proyekti konfrans iştirakçıları tərəfindən
böyük maraqla qarşılanıb. Demək olar ki, hər
il məktəbin şagirdləri sözügedən konfransda
öz layihələrini təqdim edirlər.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən
yaradıcılıq və elmi-tədqiqat işlərinə
meyl və maraq göstərən, bu sahədə potensial
imkanları ilə fərqlənən istedadlı şagirdlərin
üzə çıxarılması, mövcud
yaradıcılıq potensialları nəzərə
alınmaqla onların gələcək peşə istiqamətlərini
müəyyənləşdirmək, elmi yaradıcılığa
maraq yaratmaq, məktəblilərdə elmi
dünyagörüşün formalaşdırılması
istiqamətində sistemli iş apara bilmək məqsədilə
paytaxtın ümumi təhsil məktəblərində
"Kiçik Akademiya"lar yaradılıb və fəaliyyət
göstərir.
Paşa Nəzərov adına 60 nömrəli tam orta
məktəb "Kiçik Akademiya"sı kifayət qədər
aktiv olan məktəblər sırasındadır. Təhsil
müəssisəsində Akademiyanın fəaliyyəti
üçün məktəbin direktoru Yasəmən
Əliyeva tərəfindən bütün lazımi şərait
yaradılıb. Şagirdlərin Akademiya vasitəsilə
bacarıq və potensiallarının üzə
çıxarılması istiqamində müvafiq işlər
görülür.
Yasəmən Əliyeva bildirib ki, bu gün Azərbaycanda
təhsilin inkişafı dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir. Təhsil sahəsi daim
Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində
saxlanılır. Elmə, təhsilə, texnoloji inkişafa
çox böyük əhəmiyyət verilir. Təhsilin
maddi-texniki bazası möhkəmlənir, keyfiyyəti
yaxşılaşır, bu sahəyə investisiyalar qoyulur. Azərbaycan
Prezidentinin elm və təhsilin davamlı inkişaf
konsepsiyasının uğurla gerçəkləşdirilməsində
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti
xüsusi vurğulanmalıdır: "Ölkəmizdə
dövlət tərəfindən təhsilin inkişafı ilə
bağlı həyata keçirilən tədbirlər onu deməyə
əsas verir ki, Azərbaycan öz gələcəyini daha
etibarlı və inamlı görmək əzmindədir".
Direktorun sözlərinə görə, yüksək
elmi zirvələrə gedən yol məktəbdən
keçir. Məhz orta məktəbdə
qazanılan biliklər elm yolunu seçənlərin, eləcə
də ölkənin gələcəyi üçün
töhfələr verməyə hazır olanların gələcək
uğur salnaməsini müəyyən edir. Son illər məktəblilər
arasında elmi tədqiqatçılığın təşviq
olunması yolunda Elm və Təhsil Nazirliyi tərəfindən
görülən məqsədyönlü tədbirlər nəticəsində
öz düşüncələrini, zəkalarının məhsulunu
ortaya qoyan yeni istedadlı nəsil formalaşmaqdadır. Elm və
Təhsil Nazirliyi tərəfindən təşkil edilən
"Kiçik Akademiya"ların, elmi-tədqiqat fəaliyyətinə
meyli olan istedadlı şagirdlərin vaxtında aşkara
çıxarılmasında və onların fəaliyyətinin
stimullaşdırılmasında müsbət rolu var.
Məktəbdə fəaliyyət göstərən "Kiçik
Akademiya" bütün mövcud imkanlardan istifadə edərək,
şagirdləri yüksək səviyyədə maariflənməyə
və təhsil almağa çağırır.
"Kiçik Akademiya"ya üzv olan şagirdlərə
elmi konfranslara, olimpiadalara və
digər tədbirlərə qatılmaq, şagirdlər
arasında elmi bilikləri təbliğ etmək
üçün bütün imkanlar yaradılır. Akademiyaya
üzvlük könüllü olaraq qəbul edilir.
Marağı və istedadı olan bütün şagirdlər
məktəbdə fəaliyyət göstərən Akademiyaya
üzv ola bilərlər və bunun üçün
şagirdlərə bütün lazımi imkanlar
yaradılır.
2019-cu ildən məktəbdəki "Kiçik
Akademiya"ya Könül Abbasova rəhbərlik edir.
Könül Abbasova deyir ki, "Kiçik Akademiya"ya
üzv olan şagirdlərin elmi konfranslarda, olimpiadalarda və
"Kiçik Akademiya"nın digər tədbirlərində
iştirak etmək, şagirdlər arasında elmi bilikləri
təbliğ etmək və s. kimi vəzifələri var. Eyni
zamanda, seçdiyi fəaliyyət istiqamətində müstəqil
olaraq biliklərini artırır və ünsiyyət və
davranış qaydalarına riayət etməklə, digər
şagirdlərə bir nümunə göstərirlər.
"Kiçik Akademiya" üzvü olan şagirdlər
yaradıcılıq və elmi-tədqiqat işlərinə
maraq göstərir, tədqiqat sahəsində potensial
imkanları ilə fərqlənir, əldə etdikləri nəticələri
sərbəst şəkildə təqdim edirlər. Orta məktəblərdə
bu sahədə aparılan bütün işlər hərtərəfli
inkişaf etmiş şagirdlərin yetişdirilməsində
və onların əsl vətəndaş kimi
formalaşmasında böyük əhəmiyyət
daşıyır".
Könül Abbasovanın dediyinə görə,
mütəmadi olaraq Akademiyanın iclasları keçirilir.
Görülən işlər, həyata keçiriləcək
təbdirlər barədə müzakirələr
aparılır: "Məlumat üçün bildirim ki,
bugünədək "Kiçik Akademiya"ya üzv olan
şagirdlərimiz Elm və Təhsil Nazirliyi tərəfindən
təşkil olunan müxtəlif olimpiada və müsabiqələrdə
iştirak edib bürünc, gümüş və
qızıl medaıl qazanıblar: "Şagirdlərimiz
"Betonun kimyəvi xüsusiyyətlərinin tullantı
plastiklə dəyişdirilməsi", "Qarabağ
genofondunda nəsil dərəcəsinin təyini",
"Suni dəri", "Polimer hidrogellər dərman maddələrinin
daşıyıcısı kimi", "Görmə əngəlli
insanlar ucun ağıllı geyim" adlı proyektlər
hazırlanıb və təqdimatları keçirilib.
Sözügedən proyektlər hər kəs tərəfindən
böyük maraqla qarşılanıb. Hazırda da şagirdlərlə
bir neçə yeni proyektlər üzərində
çalışırıq.
Demək olar ki, hər həftə Akademiyanın
iclasları keçirilir. Planlar, hədəflər müzakirə
olunur, onların icrası istiqamətində görüləcək
işlər barədə danışılır".
Akademiya rəhbəri bildirib ki, "Kiçik
Akademiya" üzvü olan şagirdlər
yaradıcılıq və elmi-tədqiqat işlərinə
maraq göstərir. Onlar fikirlərini bizimlə
bölüşür, layihələr, proyektlər
hazırlayır və onları sərbəst şəkildə
təqdim edirlər.
Könül Abbasovanın sözlərinə əsasın,
elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı
şagirdləri vaxtında aşkara çıxarmaq və
onun yaradıcılıq potensialını nəzərə
alınmaqla onları gələcək peşə istiqamətlərini
müəyyənləşdirməkdə "Kiçik
Akademiya" ların çox böyük rolu var: "Biz
apardığımız iş və araşdırma sayəsində
məktəbimizdə təhsil alan neçə-neçə
şagirdin istedadını aşkar etmişik. Onlar çox
maraqlı layihələr, proyektlər hazırlayıb təqdim
ediblər. İstedadlı şagirdlərin təlim müvəffəqiyyəti
və istedadının inkişafı ilk növbədə
onun istiqamətinin düzgün müəyyənləşdirilməsindən
asılıdır. İstedadlı şagirdlərin yaş və
fərdi xüsusiyyətlərinin nəzərə
alınması və istiqamətləndirilməsi onun dinamik
inkişafını təmin edir. İstedadlı şagirdlərin
yaşıdları ilə qarşılıqlı münasibətləri
spesifik xüsusiyyət daşıdığından bu
münasibətlər düzgün qurulduqda onlarınm təlim
müvəffəqiyyəti də yüksəlir.
İstedadlı şagirdlərlə təlim-tərbiyə sahəsində
ailə və məktəbin əlbir işi istedadın
inkişafına yönəldikdə, onun şəxsiyyəti
düzgün formalaşır. Biz də Akademiya olaraq
işimizi sadalanan prinsiplər əsasında qururuq.
"Kiçik Akademiya"ya cəlb olunan şagirdlərlə
digər kontrol sinif şagirdlərinin qabiliyyətləri
müqayisə edilir. Məlum olur ki, "Kiçik
Akademiya" üzvlərinin istedadı, bilik və
bacarıqları daha qabarıq şəkildə
özünü büruzə verir. Alınan nəticələr
təlim prosesinin düzgün qurulduğunu və səmərəli
təşkil edildiyini sübut edir. İlkin və son nəticələrin
müqayisəli təhlili eksperimentə cəlb etdiyimiz siniflərdə
şagirdlərin ümumi səviyyələrinin xeyli yüksəlməsini
sübut edir. İstedadın vaxtında müəyyənləşdirilməməsi
və istedada müvafiq işin səmərəli şəkildə
qurulmaması senzitivlik dövrünün itirilməsi deməkdir.
Sonralar itirilmiş vaxt inkişafın ləngiməsi ilə nəticələnir,
bir sıra keyfiyyətləri kompensasiya etmək mümkün
olmur. Əlverişli şərait, düzgün təşkil
edilmiş iş istedadlar yetişdirməsə də, qabiliyyətlərin
yüksək inkişafını təmin edir. Bunu tədqiqatın
gedişində apardığımız müşahidələr,
nümunə kimi göstərdiyimiz məktəblərdə
şagirdlərin müvəffəqiyyət faizi də bir daha
təsdiq edir".
Akademiya rəhbəri vurğulayıb ki, bu gün əsas
məsələlərdən biri istedadlı uşaqların
bütün qabiliyyət və imkanlarının üzə
çıxarılması, inkişaf etdirilməsidir. Belə
uşaqların vaxtında aşkarlanması və onlarla
düzgün işin qurulması, onların dəstəklənməsi
və inkişaflarının təmin edilməsi prioritet məsələlərindən
biridir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 7 yanvar(№1).- S.15.