Onun böyük ürəyi
Kinorejissor, ssenarist Əjdər İbrahimovla
tanışlığım 80-ci illərin ortalarında
Moskvada oldu. Sonralar bir neçə dəfə kinofestivallarda
da görüşdük. Ünsiyyətcil, sadə,
xoşqılıq adam idi. Şirin danışığı
vardı. Jurnalist Altay Zahidovu, şair Tahir Aslanlını və
məni bir yerdə görəndə dostlarından
ayrılıb bizə yaxınlaşır, eloğlu kimi diqqət
göstərirdi. Tahir Aslanlını zarafatla "TAS"
çağırmağımızdan kefi durulur, o da bizə
qoşulur, zarafatından qalmırdı. Maraqlı müsahib
idi, duzlu söhbətlərini dinlədikcə dinləmək
istəyirdin. Öz yaradıcılığından
danışmaqda isə, necə deyərlər, xəsislik eləyirdi,
baxmayaraq ki, mənalı bir həyat yaşamış,
maraqlı sənət yolu keçmişdi. Ondan yadigar qalan
neçə-neçə ekran əsəri, yazdığı
kitablar, aldığı mükafatlardır. Əjdər
İbrahimovun yaradıcılığı həmişə
yüksək qiymətləndirilib. O, SSRİ-nin və Azərbaycanın
Xalq artisti adına layiq görülüb. Bir böyük
mükafat da dostlarının ona olan münasibəti,
sevgisiydi. Tədbirlərdə Əjdər müəllimi daim
kino elitasının əhatəsində görmək olurdu,
böyük hörməti vardı.
Əjdər İbrahimov 1919-cu ildə Aşqabad şəhərində
doğulub, texnikumu bitirdikdən sonra dram teatrında aktyor kimi
işə başlayıb. Kinoya gəlişindən
danışaraq, dedi ki, müharibə illərində bir
çox filmlərin çəkilişi cəbhədən
uzaqlarda aparılırdı. O vaxtlar Aşqabada ezamiyyətə
gəlmiş sənət adamlarıyla, o cümlədən məşhur
Mark Berneslə tanışlığım həyatımı
kökündən dəyişdirdi və onda bildim ki, mən
kinoya vurulmuşam...
Cəbhədən qayıdandan sonra təhsilini
Ümumittifaq Kinematoqrafiya İnstitutunda davam etdirməyi də
təsadüfi deyildi. Sergey Yutkeviç, Mixail Romm kimi
böyük sənətkarlardan dərs aldı. Vladimir
Çebotaryov, Tenqiz Abuladze, Qeorqi Çuxray, Vladimir Naumov, Rezo
Çxeidze və Vladimir Basov Əjdərlə bir qrupda oxuyub.
Aşqabadda çəkdiyi "Füruzə",
"Xəzər dənizinin Şərqində" sənədli
filmləriylə sənətdə ilk addımlarını
atdı. Əjdərin yaradıcılığı diqqət
çəkməyə başlamışdı. 1954-cü ildə
Bakıya, "Azərbaycanfilm" kinostudiyasına dəvət
edilməsi də məhz gənc rejissorun
yaradıcılığına olan inamdan irəli gəlirdi.
O vaxtlar kino sənəti yeni inkişaf yoluna qədəm
qoymuşdu, ekran fərqli, maraqlı əsərlər
axtarışındaydı. Məhz belə bir vaxtda Əjdər
İbrahimov da öz sözünü dedi, "Azərbaycanfilm"
kinostudiyasında İmran Qasımovun ssenarisi əsasında
"Onun böyük ürəyi" filmini çəkdi.
Əllinci illərdə müharibə mövzusu kinoda
aktual temaya çevrilmişdi. Bu mövzu Əjdər
İbrahimova da yaxın idi, o, müharibənin nə demək
olduğunu yaxşı bilirdi, cəbhədə
döyüşmüş, qan-qada görmüşdü.
Həmin dövrdə kinonun müharibə mövzusuna
çox müraciət etməsinin səbəbləri
vardı. Birincisi, xalqı davadan elə uzun bir zaman
ayırmırdı, yaralar təzə-təzə qaysaq
bağlayırdı, ana-bacılar doğmalarının
yasını saxlayırdılar. Atası, qardaşı
qayıtmayınca ailə qurmayan qız-gəlinlərin
gözü hələ də yollardaydı. Kino müharibə
mövzusunu ekrana gətirməklə həm də insanları
sərvaxt olmağa çağırırdı. "Bu
mövzu aktuallığını itirmir və itirməyəcək,
ta ki sonuncu top-tüfəng susmayınca" - deyirdi Əjdər
müəllim.
Əllinci illər kinosu həm də bununla
seçilirdi ki, sənətə iddialı, istedadlı gənclər
gəlməkdəydi. Onlar yeni ab-hava, yeni nəfəs gətirirdilər
kinoya. Gənc ssenaristlər, rejissorlar, aktyorlar yeni kino yaratmaq
eşqiylə yaşayıb-yaradırdılar və yeni kino
öz sözünü səylə deməkdəydi. Yeni kino
tamaşaçıda ekran sənətinə olan inamı
artırırdı. Bu baxımdan, o dövrün filmləri
bir çox məziyyətlərinə görə əvvəlkilərdən
seçilirdi. Həyat gerçəkliklərini əks etdirən,
realizm prinsiplərinə cavab verən ekran əsərləri
yaradılması günün, dövrün tələbiydi. Bu
mənada, yeni kinonun qarşısında, yeni vəzifələr
dururdu. Əjdər İbrahimov da yeni nəslin nümayəndəsi
idi.
Əjdər müəllimin kino sənətindən
danışanda, onun böyük türk şairi Nazim Hikmətlə
yaradıcılıq əlaqələrindən söhbət
açmamaq mümkün deyil. Baxırdım ki, bu, onun
özünün də ürəyindəndir. Dedi ki, Nazim Hikmətin
kifayət qədər kino təcrübəsi vardı, hələ
30-cu illərdə Türkiyədə bir neçə filmə
imzasını atmışdı. Şairin ürəyində
yaşatdığı arzuları çox idi. Bu mənada,
Moskva həyatı onun qarşısında geniş imkanlar
açdı, Türkiyədə deyə bilmədiklərini,
yazmadıqlarını burada yazıb-yaratdı.
Yazdıqlarının tərcümə və dərc edilməsində
tanınmış şərqşünas-alim Əkbər
Babayevin rolu əvəzsizdir.
Nazim Hikmətin Əjdərlə yaradıcılıq
əlaqəsi bir tərəfdən gənc rejissorun
istedadı, bacarığı ilə bağlı olsa da, digər
tərəfdən, heç şübhəsiz, din, dil
yaxınlığı da önəmli amil idi. Nazim Hikmət
sözünün qüdrətini, ürəyinin
çırpıntılarını türk əsilli sənətkar
yaxşı duya, anlaya bilərdi. Şair gənc Əjdərin
diplom işini - "Sülh uğrunda mübariz" adlı
filmini çox bəyənmiş, rejissorun istedadını
yüksək qiymətləndirmişdi, onların
tanışlığı, yaradıcılıq əlaqələri
də burdan başlamışdı. Nazim Hikmət "Bir məhəlləli
iki oğlan" ssenarisini də məhz Əjdər
üçün yazmışdı. Film 1957-ci ildə Qorki
adına kinostudiyada ekranlaşdırıldı. Mətbuatda çıxan
yazılarda bu ekran əsəri sovet kinosunda neorealizm nümunəsi
kimi təqdim edilirdi.
Əjdər müəllimin ömrünün bir
neçə ili vətəndən uzaqlarda - Vyetnamda
keçib. O ölkədə kino məktəbinin yaranması
məhz həmyerlimizin adıyla bağlıdır. Müharibə
vəziyyətində olan Vyetnam üçün kino hava, su
kimi gərək idi.
Vyetnamda keçən illər rejissora zəngin kino təcrübəsi
qazandırmaqla yanaşı, bir yazıçı kimi də
ona maraqlı mövzular verdi.
Müəllif gəzib gördüklərini, şahidi
olduğu hadisələri, qarşılaşdığı
insanların taleyini qələmə aldı. "Vyetnamda
gördüklərim", "Günəş
ağlayır", "Döyüşən Vyetnam",
"Tai qəbiləsindən olan qız" kitabları
işıq üzü gördü. Əjdər İbrahimov
çoxsaylı hekayələri, povestlərilə
özünü həm də istedadlı bir
yazıçı kimi təsdiqlədi. Bir neçə filmin
titrlərində onun adı ssenari müəllifi kimi də
keçir. Azərbaycan kinosunun incilərindən sayılan "Qayınana"
filminin ssenarisini də həyat yoldaşı Marqarita Maleyeva ilə
birlikdə yazıb.
Uzun aradan sonra, 1978-ci ildə Əjdər nüəllim
yenidən Nazim Hikmət yaradıcılığına
müraciət etdi. Türkiyənin "Tuğrafilm"
kinostudiyasının "Mosfilm"lə birgə çəkdiyi
"Məhəbbətim mənim, kədərim mənim"
filmi ekranlara çıxdı.
Filmdə oynamış aktyorlardan Türkan Şoray,
Yılmaz Duru, İrina Miroşniçenko ilə
görüşmək mənə nəsib olub. Sabah Duruyla da
bu ekran əsəri barədə çox söhbət eləmişəm.
Onu deyim ki, Nazim Hikmətin öz vətənində
"kommunist şair" ittihamıyla yasaqlandığı
bir vaxtda Sabah və Yılmaz Duru cütlüyünün belə
bir addım atması cəsarət, hünər istəyirdi.
Bu, həm də onların uzaqgörənliyindən xəbər
verirdi, inanırdılar ki, böyük sənətkarın
adı, ruhu gec-tez dönəcək doğma Türkiyəyə.
Əjdər İbrahimovun kino
yaradıcılığında xüsusi yeri olan iki ekran əsəri
haqqında da qısaca danışmaq istərdim -
"İyirmialtılar" və "Ulduzlar
sönmür" filmi. Bu filmlər həm hadisələrin bədiiliyi,
həm də tarixilik baxımından böyük əhəmiyyət
kəsb edir. Təbii ki, hadisələrə, necə deyərlər,
sosializm realizmi prinsipindən yanaşılması bir çox
hallarda tarixi faktların təhrifinə gətirib
çıxarırdı. Ciddi senzura məhdudiyyətlərinə,
qadağalarına baxmayaraq, Əjdər İbrahimov bədii
manevrlərlə filmin ideyasını açan tarixilikdən
başardıqca uzaqlaşmamağa
çalışmışdı. Bu gün
"İyirmialtılar" və "Ulduzlar
sönmür" filmlərinə yenidən baxmaq, o
mövzulara təkrar qayıtmaq söhbəti gedir. Əjdər
İbrahimov "Ulduzlar sönmür"də Azərbaycan
xalqının mütəfəkkir oğlu, həkim,
yazıçı, dövlət xadimi Nəriman Nərimanovun
obrazını, keçdiyi həyat yolunu kinoya gətirməklə
bu böyük insanın öz xalqı, vətəni
qarşısındakı xitmətlərini göstərmişdi.
Təəssüf ki, Nərimanovun həyatıyla bağlı
bir çox faktlara, o cümlədən onun müəmmalı
ölümünə o vaxtlar toxunmaq, sadəcə,
mümkün deyildi.
Sovet rejiminin yıxılması, arxivlərin
açılması uzun illər gizli qalmış tarixi
faktları üzə çıxarmağa və o faktlara,
hadisələrə yenidən dönməyə imkan verir.
Yaşasaydı, rejissor yəqin ki,
"İyirmialtılar" və "Ulduzlar sönmür"
filmlərini bu günün tələbləri
baxımından, yenidən çəkərdi.
Əllinci illər kinosunda İkinci Dünya müharibəsi
mövzusunda çəkilmiş filmlərdə daha çox
döyüş səhnələrinə, qanlı təsvirlərə,
epizodlara yer verilirdi. İllər ötdükcə, zaman
insanları o qanlı-qadalı tarixdən
uzaqlaşdırdıqca mövzuya münasibət də müəyyən
mənada dəyişməyə başlayırdı.
Tamaşaçı cəbhədəki əsgəri yalnız
döyüşçü kimi yox, bir qədər fərqli
şəkildə görürdü. Görürdü ki, bu
döyüşçülər anadan əsgər
doğulmayıblar, onların hər birinin arxasında insan
taleyi dayanır. Həyatın girdabına
düşmüş bu insanlara da qan tökmək, adam
öldürmək çətindir.
Yadımdadır, uşaq vaxtı axşamlar məktəbin
qorovulçusu Qiyas kişinin başına
yığışardıq. Odun peçinin
qırağında oturub, onun müharibə xatirələrini
dinləyərdik. Bu çəlimsiz, xoşqılıq
adamın danışdıqları davalı film qədər
maraqlı gəlirdi bizə. Sanki eşitdiklərimizin təsvirini
də görürdük. Deyirdi davada adam öldürməyə
əlim gəlmirdi, fikirləşirdim nemes olsa da, o da
adamdı, onu da ana doğub, gözü yollardadı...
Rejissor Əjdər İbrahimovun "Onun böyük
ürəyi" filmində müharibə dövrü, cəbhə
həyatı, döyüş səhnələri az yer tutsa
da, toxunulan ideya qlobaldır, yəni harda baş verməsindən
asılı olmayaraq, müharibə insanlığın faciəsidir,
insanların taleyindən əsən qarayeldir.
Əjdər müəllimlə hər
görüşdə söhbətimiz "Onun böyük
ürəyi" filmi üzərinə də gəlirdi. Bu dəfə
isə söhbətin belə səmtə yönəlməsinin
baiskarı məşhur gürcü kinorejissoru Georgi Daneliya
oldu. Əjdər müəllim dedi 58-ci ildə "Onun
böyük ürəyi"ndən sonra Rza Təhmasib
"Onu bağışlamaq olarmı" filminin çəkilişinə
başlamışdı. O filmə Keorgi Daneliyanın doğma
xalası Veriko Ancaparidze də çəkilib və buna
görə Daneliyadan maqarıc düşür. Daneliya da
zarafatından qalmadı, dedi çoxdanın hadisəsi olsa
da, amma bu, məni "İveriya"da qonaqlıq vermək məsuliyyətindən
qurtarmır...
Belə baxanda, "Onun böyük ürəyi"
böyük ürəkli insanların, sənətkarların
birgə əməyinin bəhrəsiydi. Filmin musiqisini Qara
Qarayev bəstələyib, operatoru isə Rasim Ocaqovdur. Rollarda
aktyorlardan Tamilla Ağamirova, Salman Dadaşov, Leyla Bədirbəyli,
Gündüz Abbasov, Nodar Şaşıqoğlu və
başqaları çəkilib. Bugünün gözüylə
baxanda, o ekran əsərində də müəyyən
qüsurlar olduğunu görürük. Hər halda, filmin
milli kinomuzda öz yeri var və indinin özündə də
maraqla baxılır.
Əsas rolların ifaçılarından Tamilla
Ağamirova və Salman Dadaşovdan söhbət saldım, bu
aktyorlar haqda mətbuatda az yazılmışdı. O vaxtlar sənət
adamlarının şəxsi həyatı isə pərdə
arxasında qalır, bu barədə söz
açılmırdı.
Əjdər müəllim dedi, Salman Dadaşovu Oqtay
roluna dəvət edəndə ondakı potensiala güvənirdim,
amma nədənsə o, kinoda yerini tapa bilmədi,
üç-dörd filmdə epizodik rollarda oynadı. Aktyor Məlik
Dadaşovun böyük qardaşıdır. Tamilla
Ağamirovaya gəldikdə, o da çox çəkilməsə
də, Azərbaycan kinosunda iz qoyub,
yaradıcılığı yüksək qiymətləndirilib.
Tamilla əllinci illərin əvvəllərində
Moskvadakı "Romen" qaraçı mahnı və rəqs
ansamblında çıxış edirdi. Ansamblın solisti və
rəhbəri Nikolay Sliçenkoyla ailə qurdu.
Maraqlıdır ki, Sliçenkonun birinci arvadı da azərbaycanlı
olub - Sitarə Kazımova. Tamilla çox gözəl və
istedadlı qadındır. Hərdən festivallarda, sənət
şənliklərində rastlaşırıq, ötən
illəri yada salırıq...
"Onun böyük ürəyi" filminin süjeti
müxtəlif zaman kəsiyini, müxtəlif dövrləri -
İkinci Dünya müharibəsindən əvvəlki
çağları, müharibə illərini və sonrakı
dövrü əhatə edir. Əsas hədəf isə
insandır, insan taleyidir. Mövzu konkretliyi hadisələrin o
vədə yeni salınmaqda olan Sumqayıt şəhəri və
onun fədakar sakinlərinin həyatını əks etdirsə
də, əslində, bu şəhəri ümumiləşdirilmiş bir
obraz kimi qəbul etmək doğru olardı. Sumqayıtla
yanaşı, Mingəçevir, Əlibayramlı təki
energetiklər şəhərləri də tikilməkdəydi.
Kişilərlə çiyin-çiyinə işləyən
qadınlar da əmək cəbhəsində xariqələr
yaradırdılar. Onlar yalnız elmdə, incəsənətdə
deyil, sənayenin müxtəlif sahələrində,
tikinti-quruculuq işlərində də əzmlə
çalışırdılar.
Səmayə namuslu, vicdanlı Azərbaycan
qadınının ümumiləşdirilmiş
obrazıdır. O yaxşı bilir ki, arxa cəbhədə fədakarlıq
göstərmək səngərdə düşmənlə
vuruşmaq qədər mühüm mahiyyət kəsb eləyir.
İnanır ki, faşizm üzərində qələbə
uzaqda deyil. Səmayə inşaatda işləyə-işləyə,
təhsil almaqdan da qalmır. Qızı Lalənin tərbiyəsilə
məşğul olur. Həyat onu nə kimi sınaqlara çəkmir...
Əri Oqtayı müharibədə ölmüş bilir. Amma
çox sonralar məlum olur ki, Oqtay sağdır, davadan salamat
qayıdıb, evlənib, oğul-uşaq sahibidir.
Filmdə müharibənin insanlara gətirdiyi bədbəxtliklər,
ağrılar-acılar təsirli səhnələrlə
verilir.
Əjdər müəllimlə söhbətdə
dedim ki, "Onun böyük ürəyi" filminin mənim
qəlbimdə öz yeri var. Uşaq vaxtı o filmə baxanda
ekrandakı personajların simasında rayonumuzun
insanlarını görürdüm. Onların arasında mənə
ibtidai sinifdə dərs demiş Həcər müəllimə
də vardı. Müharibənin qara nəfəsi
çoxları kimi onun da taleyindən əsmişdi, həyat
yoldaşı davada həlak olmuşdu. Həcər müəllimə
cavan yaşında tək qalmış, sonrakı həyatını
adar-madar oğlu Fazili böyütməyə həsr eləmişdi,
kinoda olduğu kimi. Rayonda ərini davada itirmiş qadınlar
az deyildi və onların övladlarını analarının
adıyla çağırırdılar...
Payızın ortalarınadək filmlər qəsəbədəki
yay kinoteatrında göstərilirdi. "Onun böyük
ürəyi" filminə baxmağa gələnlər
çox idi. Oturmağa yer tapmayan uşaqların çoxu
dırmaşıb ağacdan baxırdı. Ön sırada əyləşmiş
Buta xala, Gülzar arvad, Qədəm xala göz
yaşlarını tuta bilmirdilər. Film onların yaralı
yerinə toxunmuş, dərdlərini təzələmişdi.
Ərlərini müharibədə itirmiş bu qadınlar
ekranda özlərini görürdülər. Filmdəki Səmayə
ilə onların tale bənzərliyi vardı və sanki kinoya
yox, dünyaya açılan pəncərədən həyata
baxır, özlərini görürdülər. Diqqətimi
çəkən bir də o idi ki, eyni dərdli bu qadınlar
həmişə yanaşı, özü də ekrana yaxın
otururdılar. Bəlkə də elə bilirdilər ki,
döyüşən əsgərlər arasında öz həyat
yoldaşlarını tapacaq, ekrandan çıxarıb
aparacaqlar evlərinə. Kövrəlirdim və o anda elə
bilirdim ki, eyni vaxtda iki filmə baxıram - bir ekrandakına,
bir də yay kinoteatrının uzunsov zalında gördüklərimə...
Həmin payız axşamı kinodan çıxanda
gördüm ki, rus qızı Jenya kəhrizdə yenə
paltar durulayır. Bizdən dörd sinif yuxarıda oxuyurdu.
15-16 yaşlarındakı bu gözəl-göyçək,
sarışın qızı qış-yay belə halda-halətdə
görməyə alışmışdıq. Anası Vera
xala mehmanxananın xadiməsiydi, yuduğu mələfələri
axşamlar əl-ayaq yığışanda Jenya kəhrizdə
suya çəkirdi. Ay işığında su sonasını
xatırladırdı.
Nənəmdən eşitmişdim ki, gecələr kəhrizə
getməzlər, axar suyun qaramatı var, adamı vurğun
vurar. Zülmətə çulğanmış kəhriz
başında Jenyanı yalnız qoymaq istəmirdim, qorxurdum
ki, onu vurğun vurar. O, tənha olmadığını elə
bil duyur, amma başını qaldırıb baxmırdı. Hər
dəfə şimşək çaxanda biçimli, titrək
silueti anidən peyda olur, ağappaq çöhrəsi
nurlanır və tez də əriyib itirdi. Dizəcən suyun
içindəydi, əlindəki bəmbəyaz mələfələr
yelkən təki qabarırdı və mənə elə gəlirdi
ki, külək bu ağ əndamlı, ağyanız
qızı ağ yelkənə bürüyüb, harasa
uzaqlara aparacaq.
Bu qızla filmdəki Lalə arasında bir tale
oxşarlığı görürdüm. Jenyanı da
anası çətinliklə, ürəyinin
yağını əridib böyütmüşdü. O
vaxtlar Vera xalanı körpə qızıyla bizim yerlərə
gətirib çıxaran da müharibə olmuşdu. Davadan
sonra gəlmişdilər, Rusiyanın harasından gəldiklərini
isə bilən yox idi.
Qəsəbədə Jenyanı gözaltı eləyən,
ona könül vermək istəyən çox olsa da, amma
qızdan cavab alan olmamışdı. İsgəndərov Fətəli
elə ha gileylənir, deyirdi Allah anama insaf versin, kaş məni
dünyaya onca il gec gətirəydi. Baxmazdım bu qızın
dininə-məzhəbinə, rus olanda nolar, musurman kimi abırlı-həyalıdır...
Sarışın qızın məhəbbətini
ürəyində yaşadanlardan biri də Əkbər idi.
Ucaboy, yaraşıqlıydı, xasiyyətcə də
xoşqılıq, utancaq idi. Hamı gözləyirdi ki,
gözəl-göyçək qız Əkbərə
könül verəcək.
Jenya orta məktəbi bitirib Xarici Dillər
İnstitutuna qəbul olundu. Vera xalanın sevincdən
uçmağa qanadı yox idi. Jenya tətilə gələndə
qəsəbənin ab-havası dəyişir, axşamlar kəhriz
başında yenə su sonası peyda oludu... Anasının
yeganə ümid çırağıydı və bu
çırağın işığı qəfildən
qaraldı. Xəbər yayıldı ki, Jenya Bakıda avtomobil
qəzasında həlak olub. Qara xəbər hamını
sarsıtdı, biz uşaqlar da o gözəl, mehriban
qızın həyatda
yoxluğuna inana bilmirdik.
Jenyanı yamacdakı rus qəbiristanlığı
deyilən kiçik məzarlıqda - 30-cu illərdə
qaçaqlarla döyüşlərdə həlak olmuş sərhədçilərin
dəfn edildiyi kiçik məzarlıqda torpağa
tapşırdılar. Başdaşında qara hərflərlə
yazılmışdı: "Sokolova Yevgeniya Vasilyevna
1946-1966".
Axşamlar ay bədirlənib boylananda Əkbəri kəhriz
başında tək-tənha görmək olurdu. Susqun axan
sulardan gözünü çəkmirdi, elə bil
inanırdı ki, bax indicə, dupduru suların qoynundan su
sonası peyda olacaq...
Rejissor Əjdər İbrahimovun "Onun böyük
ürəyi" filminə hər dəfə baxanda nədənsə
o əhvalatı xatırlayıram, gözlərim önündən
nələr gəlib keçmir?.. Əslində, həyat
özü də bir kinodur: acısı-şiriniylə,
müxtəlif xarakterli, müxtəlif bəxtli-taleli
insanlarıyla. Fərq bundadır ki, "həyat" deyilən
o kinonun axırında yazılmır - "Filmin sonu".
Kamil ƏFSƏROĞLU
525-ci qəzet .- 2025.- 7 yanvar(№1).- S.12;13.