"Qarabağın
bərpasında iştirak Özbəkistan üçün
qardaşlıq borcudur"
Bahrom Aşrafxanov: "Bu il əsas prioritetlərimizi
müttəfiqliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın
genişləndirilməsi, mədəni-humanitar əlaqələrin
dərinləşdirilməsi təşkil edəcək"
Azərbaycan ilə Özbəkistan arasında
münasibətlər qədim tarixə malikdir. İki
qardaş ölkəni ortaq tarix, din, oxşar adət-ənənələr,
mədəniyyət birləşdirir. Azərbaycan və
Özbəkistan dövlət müstəqilliklərini əldə
etdikdən sonra tarixi bağlara əsaslanan münasibətlər
yeni müstəviyə qədəm qoymaqla inkişaf etməyə
başladı. Bu gün artıq əməkdaşlıq
geniş spektri əhatə edir və əməkdaşlığı
daha da gücləndirmək üçün böyük
potensial mövcuddur.
Özbəkistanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Bahrom Aşrafxanov "525-ci
qəzet"ə müsahibəsində iki ölkənin
müxtəlif sahələrdəki münasibətlərini dəyərləndirib,
yeni əməkdaşlıq sahələri və digər
mövzulardan danışıb.
- Cənab səfir, siz 2020-ci ildə Azərbaycanda
diplomatik fəaliyyətə başlamısınız. Məhz
həmin dövrdən başlayaraq Azərbaycan-Özbəkistan
münasibətləri yeni mərhələyə qədəm
qoydu, dostluq, tərəfdaşlıq münasibətləri
daha da gücləndi, ölkələrimiz müttəfiq
oldular. Təbii ki, səfir kimi burda sizin də mühüm
xidmətləriniz var. İstərdim ötən 4 ildə
münasibətlərimizdə baş verən
inkişafları sizdən eşidək...
- Mən əməkdaşlığımızın
yüksək dinamikasından çox razıyam. Bildiyiniz kimi,
bu gün Azərbaycan və Özbəkistan birgə Cənubi
Qafqaz və Mərkəzi Asiya regionlarında siyasi və
iqtisadi transformasiya üçün yeni tempi müəyyən
edirlər. Əminliklə deyə bilərəm ki, bu,
böyük ölçüdə Azərbaycanın və
Özbəkistanın hörmətli prezidentləri İlham
Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi sayəsində
baş verir. 2020-ci ildən 2022-ci ilə qədər pandemiya
dövrünü nəzərə almasaq, Azərbaycan və Özbəkistan
prezidentlərinin 2023-2024-cü illər üçün
qarşılıqlı səfərləri cədvəlinə
sadə bir nəzər salmaq bunu aydın şəkildə təsdiqləyir
- İlham Əliyevin Özbəkistana beş səfəri,
Şavkat Mirziyoyevin Azərbaycana eyni sayda səfəri bunun ən
yaxşı göstəricisidir. Bu, əla nəticələrə
gətirib çıxarır ki, onlardan da ən önəmlisi
2023-cü ildə Özbəkistan Respublikası ilə Azərbaycan
Respublikası arasında Ali Dövlətlərarası
Şuranın yaradılması haqqında tarixi Sazişin
imzalanmasını vurğulayardım.
Artıq 2024-cü ilin avqustunda Ali Dövlətlərarası
Şuranın ilk iclası keçirildi və burada kulminasiya
nöqtəsi iki ölkə arasında münasibətlərin
yeni siyasi formatı olan "Özbəkistan Respublikası ilə
Azərbaycan Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında Müqavilə"nin imzalanması
oldu. Bu da təkcə Cənubi Qafqazda və Mərkəzi
Asiyada deyil, bütövlükdə Avrasiyada proseslərin
dinamikasına təsir edəcək. Bundan əlavə, Azərbaycan
və Özbəkistan BMT, Qoşulmama Hərəkatı,
Türk Dövlətləri Təşkilatı, Müstəqil
Dövlətlər Birliyi və İqtisadi Əməkdaşlıq
Təşkilatı kimi mötəbər platformalarda da fəal
qarşılıqlı dəstək göstərirlər.
Eyni zamanda, Özbəkistan BMT Baş Assambleyası
çərçivəsində ölkəmizin təşəbbüsü
ilə qəbul edilmiş bir sıra qətnamələrin həmmüəllifləri
sırasında Azərbaycanın olmasını yüksək
qiymətləndirir.
- Siz Vətən
müharibəsi günlərində də burada idiniz. Azad
edilmiş ərazilərin əvvəlki vəziyyətini
görmüsünüz, bərpa prosesi ilə də
tanışsınız. Sizi ən çox təsirləndirən
nələr oldu?
- Bildiyiniz kimi, bu günlərdə Azərbaycan Prezidenti
İlham Əliyev 2025-ci ilin Azərbaycan Respublikasında
"Konstitusiya və Suverenlik İli" elan edilməsi
haqqında sərəncam imzalayıb.
Bu baxımdan, Özbəkistanın bu illər ərzində
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək
üçün ardıcıl və dəyişməz
mövqeyindən, Qarabağ münaqişəsinin sülh yolu
ilə həllinə çağırışlardan, Azərbaycanın
suverenliyinə xələl gətirməyə yönəlmiş
istənilən hərəkətləri qınamasından
danışmaq yerinə düşərdi. Belə ədalətli
mövqe ölkələrimiz və xalqlarımız
arasında dostluq, qardaşlıq və indi artıq müttəfiqlik
münasibətlərinin ruhuna uyğundur.
Məsələn, 2023-cü ilin sentyabrında Özbəkistanın
Xarici İşlər Nazirliyi "Dağlıq
Qarabağda" qondarma "prezident seçkiləri"nin
keçirilməsini pisləyərək, Azərbaycanın
suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini
və bu seçkiləri tanınmadığını
vurğulayıb. Azərbaycanın Vətən müharibəsindəki
qələbəsindən sonra Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev azərbaycanlı həmkarı İlham
Əliyevin Qarabağda qələbəsinin ədaləti bərpa
etdiyini qeyd edib. Qarabağın işğaldan azad edilmiş ərazilərində
olarkən mən özüm də çox müxtəlif
hisslər yaşadım. Onilliklər boyu davam edən
işğalın törətdiyi dağıntıların
miqyası insanı şoka salır. Bununla belə, Azərbaycanın
bu əraziləri dirçəltmək üçün
göstərdiyi səyləri heç də az təsiredici
deyil. Özbəkistan üçün Qarabağın bərpasında
iştirak təkcə siyasi və iqtisadi əməkdaşlıq
deyil, həm də qardaşlıq borcudur. Ona görə də
biz bütün çətinliklərə baxmayaraq, Azərbaycanın
ərazi bütövlüyü və ədalətin bərpasında
əldə etdiyi nailiyyətlərdən, sözsüz ki, məmnunuq.
Əminəm ki, Azərbaycan tezliklə Qarabağı
dünyanın ən gözəl guşələrindən
birinə çevirəcək və dünyanın hər
yerindən gələn qonaqları qəbul edəcək ki,
onlar da onun gözəlliyindən zövq alsınlar.
- Özbəkistan Mərkəzi Asiya regionunun
aparıcı dövləti, türk dünyasının
ayrılmaz bir parçasıdır. Bizim münasibətlərimiz
hər iki məqam nəzərə alınmaqla inkişaf edir.
Türk dünyası ölkələri ilə əlaqələrin
möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin
əsas prioritetlərindən biridir. Türk Dövlətləri
Təşkilatı da (TDT) bu istiqamətdə mühüm rol
oynayır. TDT-nin gələcəyini necə
görürsünüz?
- Türk Dövlətləri Təşkilatı (TDT)
bu gün ilk növbədə regional əməkdaşlıq
üçün mühüm mexanizmdir, o, türk
dünyası ölkələrinin konsolidasiyası
üçün əsas platformaya çevrilir. Özbəkistan
Azərbaycanın qlobal siyasətdə TDT-nın rolunun
gücləndirilməsinə yönəlmiş təşəbbüslərini
fəal şəkildə dəstəkləyir. Təşkilat
iqtisadi, mədəni və siyasi qarşılıqlı əlaqələri
fəal şəkildə inkişaf etdirir ki, bu da onun beynəlxalq
aləmdə rolunu gücləndirir. Ümumiyyətlə, TDT
aparıcı regional strukturlardan birinə çevrilmək
üçün əhəmiyyətli potensiala malikdir.
Sevindirici haldır ki, Azərbaycan və Özbəkistan
arasında TDT-nın gələcəyinə baxış
üst-üstə düşür. Bu, ümumi xarici siyasətin
inkişafı üçün qarşılıqlı fəaliyyətin
gücləndirilməsi, birgə layihələr vasitəsilə
iqtisadi inteqrasiyanın sürətləndirilməsi, kollektiv təhlükəsizliyin
gücləndirilməsi, təhsil mübadiləsi
proqramlarının genişləndirilməsi, türk dilinin
regionda rolunun gücləndirilməsidir. Nəticə
etibarı ilə, 2030-cu ilə qədər TDT-nın Avrasiyada
güclü iqtisadi və siyasi təsir mərkəzinə
çevriləcəyini gözləyirəm.
- Cənab səfir, Azərbaycan ilə Özbəkistan
arasında iqtisadi əlaqələr son illər inkişaf edir.
Ümumiyyətlə, iqtisadi əməkdaşlığın
əsas istiqamətləri hansılardır?
- Həqiqətən də, son illər iqtisadi əməkdaşlıq
öz fəallığının pik nöqtəsindədir.
Lakin hörmətli prezidentimiz Şavkat Miromonoviçin dediyi
kimi, bizim hələ istifadə olunmamış böyük
potensialımız var. Yaxın illərdə biz ticarət
dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindəyik. Azərbaycanın möhtərəm
Prezidenti cənab İlham Əliyevin ötən il avqust
ayında Özbəkistana səfəri zamanı "Özbəkistan
və Azərbaycan arasında əməkdaşlığın
20 prioritet istiqaməti"nin inkişafı üzrə
iqtisadi plan təsdiq edilib. İstiqamətlərdən biri
Özbəkistanın tekstil klasterləri sisteminin tətbiqidir.
Özbəkistan müəssisələri Azərbaycanda, o
cümlədən işğaldan azad edilmiş Qarabağ ərazilərində
qabaqcıl təcrübə və texnologiyanın tətbiqi
ilə trikotaj geyim və digər hazır toxuculuq məmulatlarının
istehsalı sahəsini qururlar. Məsələn, sənaye
kooperasiyasının genişləndirilməsi çərçivəsində
Azərbaycanın Yevlax və İmişli rayonlarında
pambıq-tekstil klasterlərinin təşkili üzrə iki
birgə layihə həyata keçirilir. Bu gün məişət
texnikası, alüminium radiatorlar, liftlər, transformatorlar və
kabel-məftil məhsullarının istehsalı üzrə
yeni layihələrin həyata keçirilməsi üzərində
iş aparılır. Biz, həmçinin avtomobil sənayesi,
dağ-mədən metallurgiyası, tikinti materialları, əczaçılıq
və s. sahələrdə fəal əməkdaşlıq
edirik. Gördüyünüz kimi, uğurlu nümunələr
çoxdur. Əsas odur ki, bizim liderlərimiz tərəfindən
müəyyən edilmiş konkret istiqamətimiz və
aydın baxışımız var.
- Nəqliyyat və logistika sahəsində əməkdaşlıq
haqqında nə deyə bilərsiniz?
- Məlum olduğu kimi, Azərbaycan Prezidentinin Özbəkistana
dövlət səfəri çərçivəsində Azərbaycan
və Özbəkistan Ali Dövlətlərarası
Şurasının ilk iclası keçirildi. Bu çərçivədə
möhtərəm Prezidentimiz Şavkat Mirziyoyev hava və
yerüstü daşımalarla bağlı prosedurların
maksimum dərəcədə sadələşdirilməsinin,
habelə tərəflər arasında birbaşa
uçuşların sayının artırılmasının
zəruriliyini xüsusi qeyd etdi. Coğrafi xüsusiyyətləri
baxımından həm Azərbaycan, həm də Özbəkistan
hərtərəfli nəqliyyat və logistika dəhlizi
sisteminin yaradılmasını hədəfləyiblər. Biz
qarşılıqlı yükdaşımaların həcmini
artırmağa, eyni zamanda, təkcə Özbəkistan və
Azərbaycanın deyil, həm də öz
regionlarımızın tranzit potensialını
artırmağa çalışırıq.
Biz, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun
inkişafında və bu dəmir yolu əlaqəsi ilə
yük daşımalarının artırılmasında
maraqlıyıq. Bu nəqliyyat marşrutunun hərtərəfli
modernləşdirilməsinin bu yaxınlarda başa
çatmasını və ötürücülük qabiliyyətinin
ildə 5 milyon tona qədər genişləndirilməsini nəzərə
alaraq, tədarükün artırılmasını gözləyirik.
Özbəkistan və Azərbaycan arasında nəqliyyat və
tranzit yükdaşımaları üzrə Birgə
İşçi Qrupunun iclasları mütəmadi olaraq davam
edir.
Hazırda hökumət strukturlarımız Transxəzər
Beynəlxalq Nəqliyyat Dəhlizi və 6 ölkənin (Azərbaycan,
Gürcüstan, Qırğızıstan, Türkmənistan,
Türkiyə və Özbəkistan) dəmir yolu
strukturlarının iştirakı ilə yaradılmış
CASCA+ multimodal nəqliyyat dəhlizi ilə
yükdaşımaların həcminin artırılması
üzrə məsələləri müzakirə edirlər.
Bu baxımdan Azərbaycan Avropa ilə Asiya arasında strateji əhəmiyyətli
coğrafi mövqeyə malikdir ki, bu da onu cəlbedici edir. Biz
Özbəkistan mallarını Avropa bazarlarına
çatdırmaq üçün Azərbaycanın dəniz
limanlarından və dəmir yolu marşrutlarından istifadə
edə bilərik. Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı vasitəsilə yükdaşımaların
artırılması perspektivli görünür. Özbəkistan
Bakı limanının ərazisində anbar infrastrukturunun
yaradılmasını nəzərdən keçirir.
Hazırda gəmiqayırma və
daşımaçılıq sahəsində birgə layihələrin
həyata keçirilməsi üçün
danışıqlar aparılır.
Asiyadan Avropaya ən qısa quru yolunun təmin edilməsi
məqsədlərinə nail olmaq baxımından Özbəkistan
və Azərbaycan öz tranzit potensialından
qarşılıqlı surətdə səmərəli
istifadə etməyi hədəfləyir. Öz növbəsində
Bakı da Azərbaycanı Çin və Cənubi Asiya regionu
ilə birləşdirəcək
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu
xəttinin Xəzər dənizinə qədər
uzadılmasında maraqlıdır. Ümumiyyətlə,
Özbəkistan və Azərbaycan geniş nəqliyyat-logistika
dəhlizləri sisteminin formalaşdırılması məsələsində
eyni fikirdədirlər. Ölkələrimiz bu məsləyə
öz iqtisadiyyatlarının yüksəlişində
mühüm amil kimi baxırlar.
- Yaşıl enerji sahəsi Azərbaycan və Özbəkistan
arasında əməkdaşlığın yeni istiqamətidir.
Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri
ötən ilin noyabrında Bakıda "Azərbaycan
Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan
Respublikası hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş"
imzalayıblar. Bu sahədə əməkdaşlıq
imkanlarını necə dəyərləndirirsiniz?
- Həqiqətən də, Bakının ev sahibliyi
etdiyi COP29 dünya iqlim sammiti çərçivəsində
Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında
yaşıl enerjinin istehsalı və ötürülməsi
sahəsində strateji tərəfdaşlığa dair
saziş imzalanıb. Bu, Mərkəzi Asiya və Cənubi
Qafqaz regionlarının inkişafı istiqamətində
üçtərəfli əməkdaşlığın
mühüm mərhələsidir. Bu saziş dövlətlərimizin
enerji sistemlərinin inteqrasiyası, o cümlədən Avropa
və digər bazarlara təmiz enerjinin
çatdırılması üçün etibarlı dəhlizlərin
yaradılması üçün yeni imkanlar
açır. Praktiki nəticələr,
həmçinin üç ölkənin
iqtisadiyyatlarını birləşdirən "yaşıl
körpü" kimi Orta Dəhlizin inkişafına öz
töhfəsini verəcək. Bu, mühüm sahədə
sıx əməkdaşlıq təcrübə və
qabaqcıl texnologiyaların mübadiləsini gücləndirəcək
və enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək.
Hörmətli Şavkat Miromonoviçin qeyd etdiyi kimi,
"Nəql ediləcək enerji külək və günəş
enerjisidir ki, bu da iqlimə təsiri azaltmağa kömək edəcək.
Bununla biz Paris Sazişi çərçivəsində iqlimin
qorunması üzrə birgə səyləri və
Dayanıqlı İnkişaf Məqsədlərinə nail
olmağı dəstəkləyirik".
- Özbəkistandan danışarkən, əlbəttə
ki, turizm sahəsinə də toxunmaq mütləqdir.
Çünki Özbəkistan cəlbedici turizm istiqamətlərindən
biridir. Bəs iki ölkə arasında bu sahədə əlaqələrin
dinamikası, turist mübadiləsi sizi qane edirmi?
- Ölkələrimiz arasında turizmin
inkişafı xalqlarımızın çoxəsrlik
dostluğuna, tarixi və mədəni əlaqələrinə
əsaslanan səmərəli ikitərəfli əməkdaşlığın
bariz nümunəsidir. Özbəkistan və Azərbaycan nadir
memarlıq abidələri, tarixi görməli yerləri və
mədəni ənənələri ilə zəngindir. Azərbaycandan
turistlər Böyük İpək Yolunun rəmzləri olan
Daşkənd, Səmərqənd, Buxara və Xivəyə fəal
şəkildə səfərlər edirlər. Öz növbəsində
Özbəkistan vətəndaşları Bakı, Gəncə,
Şəki, Naftalan və Azərbaycanın təbiət
gözəlliklərinə maraq göstərirlər. Bu
gün iki ölkə arasında turizm sabit artım
nümayiş etdirir, bunu rəqəmlər də sübut
edir. 2023-cü ildə Özbəkistandan
Azərbaycana 40 minə yaxın, Azərbaycandan Özbəkistana
isə 15 minə yaxın turist səfər edib. 2024-cü ildə
də müsbət tendensiya müşahidə olunub. Turizmin
inkişafı vəziyyətini daha çox iki ölkə
prezidentlərinin - Şavkat
Mirziyoyev və İlham Əliyevin təşəbbüsləri
sayəsində möhkəmlənən müttəfiqlik və
strateji tərəfdaşlıqlar müəyyən edir.
İki liderin şəxsi marağı sayəsində Özbəkistan
və Azərbaycan arasında turizm möhkəm əsaslar
üzərində inkişaf edir ki, bu da turist
axınının artmasına töhfə verməklə yanaşı,
həm də xalqlarımız arasında dostluq əlaqələrini
möhkəmləndirir. Dövlət başçıları
mədəni mübadilənin və turizmin inkişafı
üçün birgə səylərin vacibliyini
vurğulayırlar. Onlar tarixi və mədəni irsin təbliğinə
yönəlmiş festivallar, qastronomik həftələr və
sərgilər kimi mədəni tədbirləri fəal dəstəkləyirlər.
Liderlərin siyasi iradəsi sayəsində
uçuşların tezliyi və coğrafiyası
artırılıb. Bu da ölkələrin turistlər
üçün əlçatanlığını xeyli
artırıb. Turizm sahəsində əməkdaşlığa
dair ən yüksək səviyyədə sazişlər
imzalanıb ki, bu da birgə layihələrin həyata
keçirilməsi üçün hüquqi baza yaradıb.
Nəhayət, "turist mübadiləsinin
dinamikasından razıyıqmı?" sualınıza cavab
olaraq deyə bilərəm ki, bəli, razıyam. Bununla belə,
biz mövcud durumla kifayətlənməyib, turizm infrastrukturuna
birgə investisiyalar, o cümlədən mehmanxanaların
tikintisi, tematik parkların yaradılması,
üçüncü ölkələrdən turistləri cəlb
etmək üçün birləşmiş turizm paketlərinin
təşviqi kimi perspektivlər barədə
düşünməliyik. Bu, regionun dünya arenasında
populyarlaşması istiqamətində mühüm
addımdır. Ekoturizmin inkişafına da xüsusi diqqət
yetirməliyik. Çünki Özbəkistanın və Azərbaycanın
unikal təbiəti ekoturizm marşrutları üçün
geniş imkanlar yaradır. Gördüyünüz kimi, Özbəkistanla
Azərbaycan arasında turizmin böyük potensialı var və
bu, fəal şəkildə həyata keçiriləcək.
Əminik ki, nəzərdə tutulan təşəbbüslərin
reallaşdırılması turist mübadiləsini
artırmaqla yanaşı, xalqlarımız arasında
dostluğun və qarşılıqlı anlaşmanın
möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
- Cənab səfir, maraqlıdır
özünüzün Azərbaycanda sevdiyiniz məkanlar
hansılardır?
- Azərbaycan həm tarix, həm də müasirlik
baxımından çox gözəl yerlər təklif edir. Məsələn,
paytaxtın özündə və onun ətrafında,
Bakının dar küçələri ilə tarixi ürəyi
olan İçərişəhər, Qız Qalası və
Şirvanşahlar Sarayı, Qobustan Milli Parkı, YUNESKO-nun
obyektləri siyahısına daxil edilmiş daş təsvirlər,
palçıq vulkanları və s.
Xizək kurortları, şəlalələri və
tarixi abidələri ilə məşhur olan Qəbələ
kimi dağ rayonları, zəngin mədəni irsə malik
Şəki, o cümlədən vitrajları ilə məşhur
olan Şəki Xan Sarayı xüsusilə diqqətəlayiqdir.
Öz sənətkarlığı və bənzərsiz
memarlığı ilə məşhur olan ənənəvi
dağ kəndi Lahıc, yer üzündə əbədi təbii
alovu olan Yanardağ və Azərbaycanın mədəni və
təbii müxtəlifliyini əks etdirən bir çox
başqa yerlər onu cəlbedici səyahət məkanına
çevirir.
- Ədəbiyyatla
maraqlandığınızı bilirəm. Hansı Azərbaycan
yazıçılarını oxumusunuz və hansı əsəri
daha çox bəyənirsiniz?
- Azərbaycan ədəbiyyatının, fikrimcə, qədim
dövrlərə gedib çıxan zəngin tarixi var. Klassik
ədəbiyyatdan Nizami Gəncəviyə, xüsusilə məşhur
"Leyli və Məcnun", "Yeddi gözəl",
"İskəndərnamə", "Xosrov və
Şirin", "Sirlər xəzinəsi"nin daxil
olduğu "Xəmsə"yə üstünlük verirəm.
divanları, "Leyli və Məcnun" poemasındakı
Füzuli poeziyasını çox bəyənirəm.
Çağdaş müəlliflər arasında milli
spesifikliklə müasirlik arasında tarazlığı
qoruyub saxlaya bilmiş az sayda insanlardan biri olan görkəmli
Azərbaycan yazıçısı, dramaturqu və ssenaristi
Elçin Əfəndiyevi xüsusi qeyd edərdim. Elçin
Əfəndiyevin "Qatar. Pikasso. Latour. 1968" əsəri
oxucunu yaradıcılıq, sənət və zaman haqqında
incə düşüncələr ab-havasına qərq edir.
Elçinin "Qurdlar" hekayəsi çoxqatlı
olması, simvolizminə görə dərin təəssürat
yaradır. Sadə, lakin metaforik hekayə vasitəsilə
müəllif əxlaq, insan mahiyyəti və təbii instinktlərin
sivilizasiya ilə toqquşması kimi əbədi
mövzuları qaldırır. Azərbaycanın ləyaqətli
oğullarının bu siyahısını sonsuzadək uzatmaq
olar. Ona görə də deyə bilərəm ki, Azərbaycan
ədəbiyyatı zəngin və çoxşaxəlidir, o,
əsrlər boyu regionun fəlsəfi, sosial və mədəni
dəyişikliklərini özündə əks etdirir.
- Cənab səfir, istərdim ki, 2025-ci il
üçün ölkələrimizin əməkdaşlığıında
əsas prioritetləri açıqlayasınız. Sizcə,
hansı yeni əməkdaşlıq sahələri
mövcuddur?
- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Prezidenti
İlham Əliyevin sərəncamı ilə 2025-ci il Azərbaycan
Respublikasında "Konstitusiya və Suverenlik İli" elan
edilib. Bu baxımdan əmin olduğumu bildirirəm ki, 2025-ci
ildə Azərbaycan-Özbəkistan münasibətlərinin əsas
prioritetləri müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə,
iqtisadi əməkdaşlığın genişləndirilməsinə
və mədəni-humanitar əlaqələrin dərinləşdirilməsinə
yönəldiləcəkdir. Xüsusilə iqtisadi əməkdaşlıq
sahəsində ölkələrimiz kənd təsərrüfatı,
tekstil, neft-kimya və maşınqayırma kimi əsas sektorlarda
ixrac və idxalı inkişaf etdirərək
qarşılıqlı ticarətin həcmində yeni
rekordlara nail olmağa çalışacaqlar. İnvestisiya
layihələri çərçivəsində istehsal, enerji
və infrastruktur, nəqliyyat və logistika, o cümlədən
enerji resurslarının nəqli üçün tranzit marşrutlarının
inkişafı sahəsində əməkdaşlıq dərinləşməkdə
davam edəcək. Mədəni-humanitar əməkdaşlıq,
təhsil və turizm də fəal inkişaf edəcəkdir.
Eyni zamanda, regional və beynəlxalq siyasətin əsas məsələlərinə
dair ümumi mövqelərin təşviq edilməsi
üçün ölkələrimiz arasında beynəlxalq əməkdaşlıq
gücləndiriləcəkdir. Bu və digər əməkdaşlıq
sahələri Azərbaycan və Özbəkistana regional və
dünya siyasətində öz mövqelərini möhkəmləndirməyə
imkan verəcək, uzunmüddətli dayanıqlı əməkdaşlığa
şərait yaradacaqdır.
- Bu il həm də Azərbaycanla Özbəkistan
arasında diplomatik münasibətlərin qurulmasının
30-cu ili tamam olur. 2025-ci il yəqin ki, ölkələrimiz
üçün həm də bu yubileylə əlamətdar
olacaq...
- Özbəkistan və Azərbaycan arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi sadəcə
təqvimdə mühüm tarix deyil, bu, taleyi ortaq tarixi
köklərlə, mədəni ənənələrə
bağlı olan iki xalq arasında dostluğun,
qardaşlığın və qarşılıqlı
hörmətin parlaq simvoludur. Üç onillik ərzində
qət etdiyimiz birgə yol iki ölkənin qəlblərini və
arzularını birləşdirən möhkəm
körpüyə çevrildi.
Bu yubiley təkcə təntənəli hadisə
deyil, həm də Özbəkistan-Azərbaycan əlaqələrinin
rəngarəngliyini və dərinliyini əks etdirəcək
parlaq bayrama çevriləcək. Böyük mədəniyyət
festivallarının, sərgilərin, biznes forumların və
konsertlərin keçirilməsi nəzərdə tutulur ki, bu
da təkcə siyasi və iqtisadi əməkdaşlığı
deyil, həm də xalqlarımızın mənəvi
qohumluğunu ön plana çıxaracaq. Bu yubiley təkcə
keçilən yola ehtiram deyil, həm də dostluq və
etimadın böyük nailiyyətlərin əsasını təşkil
edəcəyi əməkdaşlığın yeni
üfüqlərinin başlanğıcıdır.
- Cənab səfir, vaxt ayırıb
suallarımızı ətraflı
cavablandırdığınız üçün sizə təşəkkür
edirəm.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 7 yanvar(№1).- S.8-9.