Niyazabad haradadır?
Daha çox liman şəhəri kimi tarixə
düşmüş Niyazabad haqqında nələri bilirik?
Qədim və orta əsr mənbələrində, əfsanə
və nağıllarda adı çəkilən, lakin
bugünədək yeri və dəqiq koordinatları bəlli
olmayan neçə-neçə qalalarımız,
yaşayış məntəqələrimiz, o cümlədən
Azərbaycanın iqtisadi və mədəni həyatında
xüsusi yer tutmuş şəhərlərimiz olub. Lap
yaxın keçmişimizədək elə qədim Qəbələ,
Beyləqan və Mehrəvan kimi iri şəhərlərimizin
də yeri və dəqiq koordinatları elm aləminə bəlli
deyildi. Elə İnstitutun özündə də dəqiq
yerini bilmədiyimiz neçə-neçə qədim və
orta əsr şəhərlərimiz var. Bir çox
yazılı qaynaqlarda adları çəkilən Yunan,
Paytakaran, Şirvan, Sədun, Quştəsfi, Mahmudabad şəhərləri
bu qəbildən olan Azərbaycan şəhərləridir. Dəqiq
yeri bilinməyən belə tarixi ünvanlardan birisi də
XVI-XIX əsrlərdə ölkənin iqtisadi və mədəni
həyatında, xüsusən də Xəzər dənizi
vasitəsilə həyata keçirilən beynəlxalq ticarət
əlaqələrində xüsusi yeri olan Niyazabaddır. Xəzər
dənizi sahilində olduğundan Niyazabad daha çox məhz
liman şəhəri kimi tarixə düşüb.
Orada açıq dənizdə hərəkət edən
gəmilərin yan alması üçün əlverişli
buxta var idi. Həştərxan və İrandan gələn gəmilər
oraya yan alır, gətirdikləri yükləri təhvil
verir, yeni yüklər qəbil edirdilər. Xatırladaq ki,
orta əsrlərində, daha dəqiq desək, XVI-XIX əsrlərdə
Xəzərin şimal-şərq sahillərində Niyazabaddan
başqa limanlar da olub. Bu sıradan Şabran və Vəlvələ
çaylarının məxsəbində gəmi Xəzərə
töküldüyü yerlərdə Şabran və Vəlvəl
limanları da fəaliyyət göstərib. Hansı ki, bir
sıra strateji yüklər at, dəvə, öküz və
ulaqlarla həmin limanlardan birbaşa Şamaxıya, yaxud da
Şamaxıdan oraya daşınırdı. Lakin bir-birindən
təqribən 10 km məsafədə olan həmin limanlar
Niyazabad qədər məşhurlaşa bilməyib.
Niyazabad barədə hələlik ancaq Avropa səyyahlarının
yol qeydləri, Rusiyada olan diplomat və hərb xadimlərinin tərtib
etmiş olduqları gündəliklər, onların rus
çarına, Səfəvi hökmdarına və
Şamaxı xanlığı rəsmilərinə olan
yazışmaları əsasında müəyyən fikirlər
söyləmək mümkündür.
Vaxtı ilə Almaniya və Danimarka ərazilərinin
bir hissəsini əhatə edən Holşteyn-Ottorp dövlətinin
hökmdarı III Fridrix (1616-1659) Avropada ipək ticarətinə
nəzarəti ələ keçirmək məqsədilə
Misir və Səfəvi dövlətlərinə elçilər
göndərir. Əslən Yuxarı Saksoniyadan olan Adam Oleari
isə səfirliyin katibi vəzifəsini icra edirdi. Adam
Olearinin yazdığına görə, 1635-ci ilin noyabrında
səfirlik əməkdaşlarını gətirən gəmi
Dərbənd yaxınlığında fırtınaya
düşür. Fırtınadan qurtulduqdan sonra onları Niyazabada
gətirirlər. Onları qarşılamaq məqsədilə
Şamaxıdan göndərilən tərcüməçi
və mehmandarlar gələnədək avropalı elçilər
5 həftə ərzində Niyazabadda qalmalı olublar.
Olearinin yazdığına görə, o vaxt Niyazabad
16-17 evdən ibarət bir yaşayış məntəqəsi
olub. Müskür mahalına aid olan bu evlərin damları
düzdür və orada ot bitir. Sakinlər bu evlərin
üstündə yemək yeyir və hətta orada yatırlar
da. Müskür kəndlərində əhali daha çox
camışçılıq təsərrüfatına
üstünlük verir, pendiri inək südündən deyil,
qoyun südündən tutur və daha çox əkinçiliklə
məşğul olurlar.
Beş həftə sonra səfirlik əməkdaşları
Şamaxı Xanın mehmandarlarının bələdçiliyi
ilə Olearinin "cənnətməkan"
adlandırıdığı Niyazabadı tərk edərək
Altıağac istiqamətində yola çıxırlar...
XVII əsrdə Azərbaycanda səyahətdə
olmuş türk səyyahı Övliyə Çələbi
yazır ki, Niyazabad Dağıstanla Şirvan
arasındadır. Qədim zamanların yadigarı olan bu şəhərin
binaları hələ də bir vaxtların ehtişamından
xəbər verir. Moğollar, sonra da dağıstanlı qumuq,
qaytaq və s. tayfalar buraya hücum edib təxrib etmişdirlər.
Evliyə Çələbinin yazdığına görə,
"Sultan III Muradın böyük komandanı Qara Fərhad
paşa bu şəhərdə qışlamış və
Niyazabad qalasını təmir etdirmişdi... Şəhərdə
qırx məhəllə, qırx minarə, cümə camesi,
karvansara, hamam və bazar var".
Evliyə Çələbinin qeydlərində
Niyazabadın hətta ayrıca sultanlıq olduğu, min nəfərə
qədər əsgəri və iki hakimi olduğu bildirilir.
Şəhərin kələntərinin türk səyyaha
bildirildiyinə görə, orada 6000
bağ-bağçalı evi olub.
Evliyə Çələbinin Niyazabadla bağlı
qeydlərində daha bir maraqlı məlumat da var. O yazır:
"Niyazabadda xacə Əhməd Yasəvinin nəslindən
olan Əfşar babanın türbəsi var... Buradakı təkyədə
yüzdən çox füqəra var. Təkyədə gələn-gedənə
yemək verirlər və s".
XVIII əsrin əvvəllərində Qafqazı tədqiq
edən rus alimlərindən olan Əslən alman olan
İ.Q.Qerber həm də Rusiyanın tanınmış hərb
xadimlərindən olub. İxtisasca artilerist olsa da, o,
coğrafiya və etnoqrafiya elmlərinə də böyük
maraq göstərib.
O yazırdı ki, Niyazabad limanında daha çox məhz
Rusiyaya məxsus gəmilər yer alırdı. Avropa və
Şərqdən olan tacirlər orada qızğın alver
edirdilər. Həmin ticarət əməliyyatlarından
Şamaxı xanına böyük məbləğdə
rüsum daxil olurdu.
Şamaxıdan 6 ağac (1 ağac təqribən 7
kimidir), yəni təqribən 42 km şimali-şərqdə
olan Niyazabad liman - şəhəri barədə rus müəlliflərinin
əsərlərində və yol qeydlərində kifayət
qədər əhatəli məlumatlar yer alıb. Həmin məlumatlardan
bəlli olur ki, Xəzərin Niyazabad sahili başdan-başa
qumsal ərazilərdən ibarətdir. Orada Bakı buxtasında
olduğu kimi, möhkəm daşlı süxurlardan ibarət
qayalıqlar yoxdur. Bu səbəbdən də həmin sahədə
gəmilərin sahilə yan alması ilə bağlı
tez-tez probləmlər yaranarmış. Yəni bu ərazidə
dəniz nisbətən dayaz olduğundan iri gəmilər bəzən
sadəcə oraya yan ala bilməyərək lilə otururdu.
Yalnız güclü şərq küləkləri
başlayarkən həmin gəmiləri oturduğu yerdən hərəkətə
gətirmək mümkün olurdu. Külək qoruyucu qaya, təpə
və yüksəkliklər olmadığından külək
Abşeronun dəniz sahili ərazilərin qumunu da dənizə
daşıyırdı. Bundan əlavə, güclü küləklər
və çovğun olanda sahildəki limana aid yüngül
konstruksiyalardan ibarət qurğular və ticarət məntəqələri
də göyə sovrulurdu.
Gəmilər limanı tərk etmək istəyərkən
isə qərb küləyini gözləməli olurdular.
Niyazabad limanında əcnəbi tacirlərin xidmətində
olan xeyli sayda karvansaralar var idi. Avropalı səyyahların
qeydlərindən o da məlum olur ki, Şirvanda, o cümlədən
Müskür mahalında üsyan və ixtisaslar baş verərəkən
dəfələrlə həmin karvansaralar
dağıdılıb. Lakin 1726-cı ildə Niyazabad limanının
Rusiya tabeliyinə keçməsilə orada yenidən fəal
gəmiçilik üçün müvafiq tədbirlər
görülüb.
XVII əsrin əvvəllərində Azərbaycanda
olan rus taciri Fedot Kotov öz qeydlərində Şamaxıya
Bakıdan deyil, Niyazabaddan getmək üçün araba yolu
olmadığını bildirir. O yazır ki, yüksək
dağlıq ərazilərdən keçən bu yolla
yükləri at, dəvə, öküz və ulaqların
belində daşıyırıdılar. Bu yolun üzərində
rusların, "qonaq evi" adlandırdığı
üç karvansara mövcud idi. Kotov onu da yazır ki,
Niyazabaddan Şamaxıya Bərmək mahalından keçən
Altıağac yolu ilə də getmək mümkündür.
"Altıağac" isə burada həm də uzunluq
ölçüsü mənasını ifadə edir. Bir
ağacın 7 km olduğunu və oradan Şamaxıya 6
ağac olduğunu nəzərə alsaq, onda deməli,
Altıağacdan Şamaxıya olan məsafə 42 km-dir. Rus
şərqşünas alimi İ.N.Berezin də Niyazabaddan
Şamaxıya gedən yolun üzərində 2 karvansaray
olduğunu yazır. Hansı ki, onlardan biri Gilgilçayın
sağ sahilində, digəri isə Altıağac ətrafında
olub. Niyazabaddan Şamaxıya gedən yolun üstündə
karvansaralardan əlavə, bir neçə yerdə
körpü və qalalar olduğu barədə də məlumatlar
var.
Niyazabadla bağlı nisbətən daha ətraflı
məlumatlara isə rus çarı I Pyotr 30 may 1715-ci ildə
Səfəvi dövlətinə səfir göndərmiş
olduğu A.P.Volınskinin yazışmalarında rast gəlirik.
Səfirə verilən məxfi Əsasnamənin 7-ci bəndinə
əsasən o, Azərbaycanda istehsal olunan xam ipəyin Gilan və
Şirvandan keçirilərək Rusiyanın Peterburq
limanına çatdırılması ilə bağlı məsələləri
tənzimləməli idi. O, Səfəvi şahını
inandırmalı idi ki, bu baxımdan xivəlilər kimi, onlar
üçün də iri gəmilərin yan ola biləcəyi
Niyazabad limanının imkanlarından istifadə olunması
daha sərfəli ola bilər. A.P.Volınskinin 72 nəfərdən
ibarət komandası 29 avqust 1716-cı il tarixdə Niyazabad
limanına yan alır. Volınski Şirvan bəylərbəyinin
yanına elçi göndərərək gəldiyini bildirir
və xahiş edir ki, onların əşyalarını
Niyazabaddan Şamaxıya gətirmək üçün at və
dəvələr göndərsin. Ertəsi gün Şirvan
canişinin tapşırığı ilə iki
zabit-yüzbaşının rəhbərliyi etdiyi 30 nəfərlik
heyət onları qarşılayaraq və əşyaları
Niyazadab limanındakı xüsusi çadırlarda və
binalarda yerləşdirib.
Volınskinin heyəti sentyabrın 18-dək Niyazabad və
ona bitişik yaşayış məntəqəsində
qalaraq dincəlib. Bu müddət ərzində onlar Həştərxan
və Şamaxı ilə intensiv təmaslar quraraq gələcək
fəaliyyət planlarının detallarını
hazırlamaqda idilər.
Hansı ki, bütün bunlar barədə
Volınskinin gündəliyində təfsilatı ilə bəhs
olunur.
Arxiv materiallarında A.P.Volınskinin Şirvan bəylərbəyi
Key Xosrova olan etiraz məktubunda Şamaxıda və Niyazabad
limanında rus tacirlərinə münasibətindən də
bəhs olunur. Yüklərin qəbulu, yerləşdirilməsi
və növbəti ünvana yola salınması zamanı rus
tacirlərinin tez-tez maddi itkilərlə məruz
qaldıqları, onlardan rəsmi sənədlərdə nəzərdə
tutulduğundan əlavə rüsumlar toplandığı
bildirilir və s.
Xatırladaq ki, Avropa və rus müəlliflərinin
Niyazabadla bağlı qeyd və yazışmaları ilk dəfə
görkəmli Azərbaycan tarixçiləri professor Fuad
Əliyev və Tofiq Mustafazadə tərəfindən öyrənələrək
milli tarixşünaslığımıza daxil edilib. Görkəmli tarixçi-alim,
professor Vaqif Piriyevin "Azərbaycanın Tarixi-Siyasi
Coğrafiyası" əsərində deyili: "Niyazabad
Xaçmaz şəhərindən 14 km şərqdə, Xəzər
dənizinin qərb sahillərindəki ən mühüm
limanlardan biri olaraq ölkəmizin dəniz ticarətində
çox mühüm rolu olub". Tarixçi-alim
S.U.Dadaşova isə Niyazabad-Altıağac-Şamaxı karvan
yolunun öyrənilməsinə dair xüsusi məqalə
işləyib. Lakin bütün bunlarla yanaşı, onu da
etiraf etməliyik ki, bəli, Azərbaycanın orta əsrlər
dövrünün çox mühüm liman şəhərləri
olaraq Niyazabadın tarixi hələ ki, yetərincə
araşdırılmayıb.
Niyazabadın tarixi ilə bağlı elmimiz
üçün qaranlıq olan məsələlərdən ən
birincisi bu şəhərin yerinin və dəqiq coğrafi
koordinarlarının müəyyənşdirilməsidir. Hesab
edirik ki, yazılı qaynaqlardan bəlli olan bəzi oriyentirlər
və ərazidə mövcud olan tarixi-coğrafi toponimlər
bu vəzifənin icrası yolunda tədqiqatçılara ip
ucu ola bilər. Əlimizdə olan həmin ilkin məlumatlarda
Niyazabadın Müskür mahalında, Altıağac istiqamətində
- Xəzər dənizi sahilində olduğu bildirilir.
Xaçmaz rayonunun inzibati ərazisinə daxil olan Nizoba kəndi
də məhz oradadır. Deməli, Niyazabad şəhərinin
qalıqlarını da elə indiki Nizoba kəndi və ona
yaxın coğrafiyada axtarmaq lazımdır. Bunun
üçünsə həmin ərazilərdə mütləqdir
ki, ilkin addım olaraq kəşfiyyat xarakterli arxeoloji
axtarışlara başlanılsın. Onu da xatırladım
ki, uzun illərdir ki, Niyazoba kəndi və ətraf ərazidə
sakinlər tərəfindən tikinti və təsərrüfat
işləri görülərkən müxtəlif
çeşidli çoxsaylı maddi mədəniyyət
qalıqları üzə çıxıb. Təəssüflər
olsun ki, həmin tapıntılardan yalnız bəzi nümunələr
Xaçmaz rayon tarix diyarşünaslıq muzeyinə təhvil
verilib. Əksər tapıntılar isə diqqətsizlik və
nəzarətsizlik ucbatından ya dağıdılaraq məhv
edilib, yaxud da əldən-ələ keçərək itbad
olub. Yeri gəlmişkən, bu gün Xazmaz rayon tarix
diyarşünaslıq muzeyinin fonunda olan numizmatik
tapıntılarn əhəmiyyətli bir hissəsi rayonun
Əbilyatağı kənd sakini, həvəskar
kolleksiyaçı Cəmil Ələnurov tərəfindən
oraya təhvil verilib. Xatırladaq ki, Əbilyatağı kəndi
də Niyazabad liman şəhərin olduğu ehtimal edilən ərazidə
yerləşir. İndiki halda Cəmilin şəxsi şəxsi
kolleksiyasında 100-dən çox müxtəlif əyyarlı
sikkələr çəki daşları, bizlər,
çeşidli formada olan düymələr, digər sənət
və məişət əşyaları var. Niyazabad sikkələrinin
də ən böyük bir qismi Rusiya pullarıdır. Bu da ondan
xəbər verir ki, Niyazabadda həyata keçirilən ticarət
əməliyyatlarında rus pullarından daha geniş istifadə
olunub. Milli Azərbaycan Tarixi muzeyinin əməkdaşı,
numizmat-alim Aygün Məmmədovanın fikrincə, əksəriyyətinin
çəkisi 8 qramdan artıq olan həmin pullar XVIII əsrə
aid mis qazıbəyi sikkələrdir. Çəkisi 8 qramdan
az olan sikkələr isə mis
yarımqazıbəyidir. Hansı ki, bu hallar Azərbaycan
xanlıqlarına aid bazarlarda fəal dövriyyədə olub.
Cəmilin kolleksiyasında fərqli zərbxanalarda zərb
olunmuş və fərqli dövrlərə aid xeyli sayda
gümüş sikkələr də vardır. Əfsuslar
olsun ki, bu günədək nə Xaçmaz rayon tarix
diyarşünaslıq muzeyindəki, nə də həvəskar
kolleksiyaçı Cəmil Ələnurova məxsus
kolleksiyada saxlanılmaqda olan Niyazabad pulları elmi cəhətdən
öyrənilərək təyin edilməyib. Çox ola
bilsin ki, həmin sikkələrin içərisində elə
Niyazabadda zərb olunmuş sikkələr də olsun.
Kolleksioner C.Ələnurovla söhbət zamanı o
bildirdi ki, ərazidə sikkə nümunələrinə adətən
küləkli vaxtlarda, yaxud da qum tədarükü məqsədilə
qazıntı aparılarkən daha tez-tez rast gəlinir.
Ərazidə sakinlər tərəfindən arx, kanal və ya
bünövrə yerləri qazılarkən isə mədən
daşı və ya bişmiş kərpiclə inşa
edilmiş tikinti qalıqlarına rast gəlinir. Niyazabadın
içərisindən keçərək Xəzərə
axan Qudyalçayın əmələ gətirdiyi
yarğanlarda da zaman-zaman bu cür qalıqlar üzə
çıxdığı bildirilir. Bu isə o deməkdir ki,
təqribən iki əsrdən çox mövcud olmuş
Niyazadad liman şəhəri təbii təsirlər nəticəsində
azı 1-1,5 m qalınlığında olan qum
örtüyü altında qalıb. Hansı ki, ərazidə
arxeoloji axtarışlar aparmaqla Azərbaycanın XVI-XVIII əsrlər
tarixində mühüm yeri olmuş liman şəhərimizin
üzə çıxarılması və onun dəqiq
kordinatlarının müəyyənləşdirilməsi
mümkündür.
Fikrimizcə, Niyazabadın tarixi ilə bağlı
araşdırılması vacib olan məsələlərdən
birisi də bu toponimin etimologiyası ilə
bağlıdır. Yazılı qaynaqlarda bu liman-şəhərin
adı "Nizova", "Nizoba", "Nizovoya",
"Nişabat" və Niyazabad" kimi çəkilir.
Bunların hansı ilk, hansı sonradan yaranıb? Məlumat
üçün bildirək ki, indiki halda Xaçmaz
rayonundakı 147 yaşayış məntəqəsindən
46-nın adı "oba" sonluğu ilə bitir. Həmin kəndlər
aşağıdakılardır: Ağarəhimoba,
Ağaşirinoba, Ağaverdioba, Aslanoba, Aşağıoba,
Bayoba, Çuxuroba, Digahoba, Düztahiroba, Əhmədoba, Fərzəlioba,
Hacıəbdürəhimoba, Hacıəhmədoba,
Hacıisaoba, Hacıqurbanoba, Hacıməmmədoba,
Xanlıqoba, Xanoba, Xaspoladoba, İdrisoba, Qadasoba, Manafoba,
Maşıoba, Meçitoba, Mənçəroba, Moruqoba,
Mürşüdoba, Müzəffəroba, Nağıoba,
Niyazoba, Ortaoba, Palçıqoba, Pirquluoba, Rəhimoba, Sabiroba, Səlimoba,
Sibiroba, Şərifoba, Tağaroba, Tikanoba, Ukuroba, Uzunoba,
Uryanoba, Yaquboba, Yataqoba, Zuxuroba. Hesab edirik ki, ilkin dönəmdə
Niyazabad da həmin obalardan birisi olub. Etnoqrafik müşahidə
və təhlillər göstərir ki, Xəzər sahili
obaların sakinləri əsasən Müskür və Bərmək
mahallarının dağlıq ərazilərindən
köçüb gələn insanlar olub. Onları bu ərazilərə
cəlb edən isə geniş əkin və otlaq sahələrinin
olması, əlverişli suvarma imkanları və nəhayət,
dənizin balıq ehtiyatları olub. Kim harada ilkin olaraq oba
qurub, məskən salıbsa, həmin yer sonradan elə onun
obası kimi tanınıb. Fikrimizcə, Niyazobanın da ilk
sakini məhz Niyaz adlı şəxs olub. Zaman keçdikcə
Niyazoba adının ilkin forması müəyyən dəyişikliklərə
məruz qalıb. Ruslar buraya "Nizova", yəni Dərbəndlə
müqayisədə aşağı məntəqə adı
veriblər. Dəqiq məlum olan isə odur ki, Adam Oleari Tardu
universitetinin kitabxanasına saxlanılan 1635-ci ilə aid qeydlərində
beş yerdə Niyazabadın adı "Niaşabatb"
formasında işlədilib. Bildiyiniz kimi, fransız dilində
"iy" hərf birləşməsi "y" səsi
yaradır, sözün sonluğundada "tb" hərf birləşməsi
isə oxunmur. Beləliklə, Olearinin mətnində liman -
şəhərin adı "Niyafaba" kimi səslənir.
Buradan da belə nəticəyə gələ bilərik ki, bu
toponimin rus mənbələrində "Nizova" kimi işlədildiyi
vaxtdan təqribən bir əsr öncə onun adında
("aba", "oba") sonluğu var imiş.
Görünür, ondan daha öncə bu liman ətrafdakı
digər yaşayış məntəqələri kimi orada
ilkin olaraq məskən salmış Niyaz adlı şəxsin
adı ilə "Niyazoba" adlanırmış. Beləliklə,
Xəzərin sahilində - Xaçmaz rayonunun Niyazabad kəndi
və onun ətrafında lokalizə etdiyimiz orta əsr liman
şəhərimizin adı zaman-zaman dəyişərək
"Niyazoba", "Nizova", "Nizoba" və nəhayət
"Niyazabad" formasına zəmanəmizə gəlib
çıxmışdır. Maraqlı, daha doğrusu, təəccüb
doğuran haldır ki, bu günün özündə, həm
də lap elə Xaçmaz rayonunu özündə hətta rəsmi
səviyyədə belə bu tarixi liman şəhərimizin
adı fərqli formatlarda təqdim olunur. Məsələn,
Xaçmaz şəhərindən
çıxışdakı tağlı qapının üzərində
və kənd orta məktəbinin sənədlərində
"Niyazabad" kimi, kənd icra nümayəndəliyi və
bələdiyyə sənədlərində "Niyazoba"
sənədlərində isə "Niyazoba" kimi göstərilir.
Yuxarıda sadalananları ümumiləşdirərək
belə bir qənaətə gələ bilərik ki, bəli,
Azərbaycan XVI-XVIII əsrlər tarixinin yadigarı olan,
ölkəmizin dünyanın ayrı-ayrı ölkələri
və şəhərləri ilə dəniz ticarəti əlaqələrinin
reallaşdırılmasında xüsusi yeri olan liman şəhərimiz
Niyazabadın hələ də torpaq və dəniz suları
altında uyumaqda olan tarixinin araşdırılması,
öyrənilməsi, yazılaraq elmi ictimaiyyətə təqdim
olunması istiqamətində gec də olsa əməli
addımlar atılması gərəkdir.
Qafar CƏBİYEV
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu
Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri,
Basqal arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri
doktoru, professor
525-ci qəzet .- 2025.- 9 yanvar(№3).- S.12;13.