Ayağını
özü kəsən qazi
O, 1992-ci ildə Şuşa uğrunda
döyüşlərdə şəhidlik zirvəsinə
ucalmış Tofiq Rzayevin (Tofiq Oğuzun) oğludur. Atası
kimi qorxmaz, mərd və vətənpərvər biridir qəhrəmanımız.
Müsahibələrinin birində deyir: "...Məyus
olduğum yeganə şey tez yaralanmağım və
ayaqlarımı itirməyim oldu. Arzum o idi ki, tez çatım
Şuşaya. Çünki mənim atam orda həlak olub.
Atamın ruhunu şad etmək və ora qələbə
bayrağını ilk sancanlardan olmaq istəyirdim. Bunun
üçün üstümdə xüsusi bayraq da gəzdirirdim".
Söhbət Azərbaycan Respublikasının ərazi
bütövlüyünün bərpa edilməsi zamanı
döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin
və döyüş texnikasının məhv edilməsində
fədakarlıq və rəşadət göstərmiş, vəzifə
borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş,
göstərdiyi qəhrəmanlığa görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq sərəncamları ilə "Azərbaycan
Bayrağı" ordeni, "Şücaətə görə",
"Füzulinin azad olunması", "Cəbrayılın
azad olunması" və "Qubadlının azad
olunması" medalları ilə təltif edilmiş
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti, mayor
Polad Rzayevdən gedir.
Polad Rzayev 1989-cu ilin mart ayının 13-də Oğuz
(keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində Birinci
Qarabağ müharibəsi şəhidi Tofiq Rzayevin ailəsində
anadan olub. 1996-cı ildə Yaqublu kəndindəki T.Babayev
adına tam orta məktəbinin I sinfinə qəbul olub, VI
sinfə kimi həmin məktəbdə təhsil alıb.
2001-ci ildə ailəlikcə Bakı şəhərinə
köçmüşdür. Oradakı 189 saylı lisey məktəbdə
oxuyub.
Daha sonra təhsilini C.Naxçıvanski adına Hərbi
liseydə davam etdirib. 2006-2010-cu illər arasında H.Əliyev
adına Ali Hərbi Məktəbdə kəşfiyyat
ixtisası üzrə təhsil alıb, 2010-2011-ci illərdə
Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində
xüsusi kəşfiyyat ixtisası üzrə təhsilini
başa vurub. Bu illərdə müxtəlif ölkələrdə
təcrübə keçib. On ildə yaxın Xüsusi Təyinatlı
Qüvvələrin tərkibində kəşfiyyatçı
kimi xidmət göstərib, çoxsaylı əməliyyatların
iştirakçısı olub. Aprel döyüşlərində
bölük komandiri kimi iştirak edib.
Vətən müharibəsi başlayan ilk gündən
döyüşlərdə iştirak edən qazimizin
döyüş yolu Kəlbəcərdən - Murov
dağından başlayıb. Onların taboru "Canavar
qulağı" adlanan strateji əhəmiyyətli
mövqenin alınması tapşırığını
uğurla yerinə yetirib. Həmin əməliyyatdan sonra Cəbrayılın
kəndlərinin azad olunması uğrunda döyüşlərdə
iştirak edib. Cəbrayıla qələbə
bayrağını ilk sancanlardan biri də o olub.
Son döyüşü 2020-ci il oktyabrın 19-da
Qubadlının erməni işğalçılarından təmizlənməsi
olub. Həkəri çayının
yaxınlığında - Dağtumas kəndi ətrafında
döyüş tapşırığını yerinə
yetirərkən piyada əleyhinə minaya düşüb.
İki ayağını da topuqdan itirib.
Söhbət zamanı ehtiyatda olan mayor P.Rzayev xəyalən
2020-ci ilin payızına qayıdır və söyləyir
ki, "...döyüş vaxtı sağ ayağım minaya
düşdü, yıxılmamaq üçün sol
ayağımı yerə basanda o da minaya düşdü. Zərbə
məni yaxınlıqdakı dərəyə atdı.
Ayaqlarımın ikisinin də topuqdan qopduğunu və vətərdən
sallandığını gördüm. Özümü itirmədim,
ilk tibbi yardımdan istifadə etdim. Sallanan ayaqlarımdan birini
özüm kəsib üzdüm. Rabitə əlaqəsinə
girib özümdən 300-500 metr aralı olan
döyüşçülərimə vəziyyəti və
yerimi nişan verdim. Onlar tezliklə köməyə gəldilər,
ayaqlarıma turna qoyub və məni döyüş
zonasından çıxardılar".
Polad "Yaşat" Fondunun və dostlarının
da dəstəyi ilə Almaniyada müalicəyə göndərildi.
O, altı aya yaxın Berlində Almaniya ordusunun xəstəxanasında
müalicə aldı, üç əməliyyat keçirdi,
daha sonra reabilitasiya və terapiya müddətini bitirdi, orada
yüksək texnologiya əsasında hazırlanmış
protezlərlə təmin olundu.
Almaniyada müalicə alarkən Avstriyanın paytaxtı Vyana şəhərində
keçirilən və Türkiyənin xarici işlər
nazirinin də iştirak etdiyi iftar yeməyinə dəvət
olundu. Tədbir çərçivəsində Mövlud
Çavuşoğlu qazimizlə görüşərək
fikir mübadiləsi edib, ölkələrimiz,
xalqlarımız, millətlərimizin qardaşlığı
və birliyi bir daha vurğulanıb, qəhrəmanımızın
şücaətindən danışılıb.
Altı aya qədər Almaniyada müalicə alan
Poladı Vətənə yola salmaq üçün orada
yaşayan soydaşlarımız möhtəşəm
yolasalma mərasimi təşkil etmişdilər. Belə bir
qarşılama mərasim də Bakıda olmuşdu. Bakıya
ayaq basan Polad ilk olaraq şəhid döyüşçü
dostlarının məzarlarını ziyarət etmişdi. Bu,
əslində bütün Vətən müharibəsi qəhrəmanlarına,
şəhidlərimizə və qazilərimizə hörmət
və ehtiramın təcəssümü idi.
İndi Polad Rzayev alman səhiyyəsinin möhtəşəmliyi
və yüksək texnologiyalı protezlər sayəsində
ayaq üstədir. Bu gün tam
sərbəst hərəkət edə bilir. Onun yenidən
ayağa qalxması hamı, ən çox da Vətən
müharibəsi qaziləri üçün böyük stimul
olub.
Qəhrəmanımız deyir ki, "Şuşaya qədər
irəliləmək arzum ürəyimdə qalsa da,
döyüş yoldaşlarım həmin arzunu həyata
keçirdilər. Haqq savaşında qalib gəldiyimizə,
torpaqlarımızı erməni separatçı qüvvələrindən
təmizlədiyimizə görə çox böyük
qürur hissi keçirirəm". Özü isə ancaq
2021-ci ildə - 29 il sonra atasının Şuşadakı
"Tar sexi" adlanan ərazidə şəhadətə
ucaldığı məkanı ilk dəfə ziyarət edə
bildi.
Bu gün mayor P.Rzayev öz dözümü və iradəsi
ilə nümunədir. İradənin və qəhrəmanlığın
simvoludur. Təsadüfi deyildir ki, Almaniyada onu müalicə edən
alman həkimi Gernot Kreçmeri Berlindəki Azərbaycan Mədəniyyət
Mərkəzində Xocalı soyqırımının 31-ci
ildönümü ilə bağlı anım tədbirində
P.Rzayevin mətanətli Azərbaycan əsgəri olduğunu,
onun polad iradəsinin müalicəsinin uğurla nəticələnməsində
və ayağa qalxmasında böyük rol
oynadığını qeyd edirdi. İndi Polad protez ayaqlarla
xizək sürür, sularda üzür, futbol oynayır,
dağlara dırmaşır.
O, həm də alpinistdir. Azərbaycan Alpinistlər
Federasiyasının fəxri üzvüdür. İki
ayağını itirmiş mayor qazimiz protezlə 2023-cü
ildə "H.Əliyev zirvəsi"nə (3751 m.) qalxaraq bunu
bütün şəhidlərə həsr etdiyini bildirmiş
və özünün istaqram hesabında yazmışdı:
"...mən bura təkcə öz adımdan deyil,
bütün qazilərimiz adından, onların
hamısını ürəyimdə tutaraq gəlmişəm
və burdan, dahi "H.Əliyev zirvəsi"ndən
bütün qazilər adından üzümü həm azərbaycanlılara,
həm də dünyaya tutub deyirəm ki, Ali Baş
Komandanın bir əmri ilə mən və mənim kimi minlərlə
oğullar nəinki vücudumuzun bir hissəsindən,
canımızdan belə keçərək bütün zirvələri
qət etməyə hazırıq".
Həmin ilin avqust ayında isə o, Avropanın ən
hündür zirvəsi olan Elbrus zirvəsini (6542 m.) də fəth
edib (İ.Aşurlu ilə) və orada Azərbaycan
Respublikasının Dövlət Bayrağını
dalğalandırıb.
Cavid Səmədovun yönəltmənliyi ilə
çəkilən, 26-dan çox ölkədə nümayiş
olunan, 34-dən artıq festivalda mükafatlar alan "Half Steel
- Yarı Çelik" filmi P.Rzayevin həyat hekayəsini
anladır. Mövzusu gerçək hadisələrdən
götürülmüş bu filmdə Poladın həm
fiziki, həm də psixoloji cəhətdən özünü
yenidən bərpa etmək yolundakı uğurları ekrana
daşınır. Onun vücudunda daşıdığı
çelik (ayaqlarındakı polad) həm adının
anlamı, həm də yenilməz iradəsinin simvolu kimi mənalandırılır.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 9 yanvar(№3).- S.11.