Özəl pensiya
fondlarının yaradılması nəyi dəyişəcək?
Azərbaycanda özəl pensiya fondlarının
yaradılmasına hazırlıq gedir. Bu fondların
yaradılması üçün 20-dən çox normativ
hüquqi akt layihəsi hazırlanır. Özəl pensiya
sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə
başlayacağı gözlənilir. Bununla da vətəndaşlar
pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına
yönəltmə imkanı əldə edəcək. Vətəndaş
50-55 yaşında toplanan pensiya kapitalını birbaşa
götürərək biznes və ya hansısa təsərrüfat
yarada, ev ala və digər məqsədlər
üçün istifadə edə biləcək. Pensiya
kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd
almaqda davam edəcək. Birbaşa götürüləcək
pensiya ödənişinin 50-70 faiz civarında ola biləcəyi
bildirilir. Bununla belə, vətəndaşın bu sistemə
qoşula biləcəyi və birbaşa pensiya məbləğindən
istifadə edə biləcəyi yaş, o cümlədən
ödəniləcək birbaşa pensiya məbləği və
bəzi digər məqamlar hələlik müzakirə
predmetidir.
Millət vəkili Vüqar Bayramovun sözlərinə
görə, əksər inkişaf etmiş dövlətlərdə
vətəndaşlar özəl pensiya fondlarından çox
sıx şəkildə istifadə edirlər. Özəl
pensiya fondu vətəndaşların pensiya yaşına
çatdıqda yalnız dövlətdən deyil, özəl
fonddan da pensiya ala bilməsinə imkan verir: "Azərbaycanda
özəl pensiya fondlarının yaradılmasına
başlanılacaq. Bu da təbii ki, pensiya məbləğinin
artmasına gətirib çıxarır. Bu kontekstdən,
oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur.
Özəl pensiya fondu yaradılarsa, məsələn, vətəndaş
pensiya çıxan zaman əgər onun pensiya məbləği
500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər
nəticəsində əlavə olaraq 300 manat almaq imkanı
qazanacaq. Təbii ki, özəl fonddan ödənilən
pensiya məbləği birbaşa yığımlardan
asılı olacaq. Bu zaman daha çox yığım daha
çox pensiya məbləği demək olacaq".
Millət vəkili bildirib ki, özəl pensiya fondunun
etibarlılığı da çox önəmlidir:
"Çünki belə pensiya fondlar yaranarsa, vəsaitlər
manatla yığılacaq və onun idarə edilməsi həyata
keçiriləcək. Ona görə də, burada ilkin
kapitalın formalaşdırılması,
etibarlılığın artırılması önəm
daşıyır. Bu baxımdan, özəl pensiya fondları
yaradıldıqdan sonra orada yığılan vəsaitlərin
indeksasiyasının həyata keçirilməsi və valyuta
risklərinin sığortalanması məqsədəuyğun
olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə
hazırlanıb, təqdim edilməsi vacibdir".
Qeyd edək ki, pensiya təminatının özəl
fondlar vasitəsilə həyata keçirilməsi dünyada
geniş yayılan bir praktikadır. Hazırda Almaniya,
Böyük Britaniya, İrlandiya, Türkiyə və s.
ölkələrdə belə fondlar fəaliyyət göstərir.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki,
özəl təqaüd fondlarının yaranması rəqabətli
mühitin formalaşması baxımından müsbət
yenilikdir. Amma bu fondların vətəndaşlar
üçün nə qədər əlverişli
olacağı qanunda öz əksini tapacaq müddəalardan
asılıdır: "Qeyri-dövlət pensiya fondları
haqqında" qanun layihəsi hələ ictimaiyyətə
açıqlanmadığından, indidən bununla
bağlı qəti fikir söyləmək mümkün deyil.
Maraqlı məqamlardan biri odur ki, özəl pensiya
fondları yarandıqdan sonra DSMF-də hesabı, yəni
pensiya yığımı olan şəxs özəl təqaüd
fondu ilə müqavilə bağlaya biləcəkmi? Həmin
vəsaitin özəl təqaüd fonduna
köçürülməsi prosesi necə olacaq? Fərdi
yoxsa tipik müqavilələrin hansının olacağı
bilinmir. Ödənişlərlə bağlı seçim
imkanlarının olub-olmayacağı da hələ məlum
deyil. Amma ümumilikdə özəl təqaüd
fondlarının yaranması bu sahədə ciddi rəqabətli
mühitin formalaşmasına səbəb olacaq. Bu da vətəndaşlara
seçim imkanları verəcək ki, pensiya
yığımlarını hansı fondda saxlasın.
Seçim imkanının hansı səviyyədə
olması isə artıq qəbul ediləcək qanundan
asılı olacaq".
Ekspertin dediyinə görə, yeni qanunda mütləq
vətəndaşın DSMF-də olan
yığımını istədiyi halda və tam şəkildə
özəl təqaüd fonduna köçürmək
imkanı əks olunmalıdır. Bundan əlavə, vətəndaşlara
fərdi müqavilə və ödəniş həcmini
özəl fondlarla razılaşdırmaq hüququ verilməlidir.
Eyni zamanda vətəndaşın DSMF və özəl
fondlarda toplanan vəsaitinə sərəncam hüququ
olmalıdır ki, həmin vəsaiti vərəsələrinə
verə, müəyyən hissəsini özü xərcləyə
bilsin.
Bununla yanaşı, N.Cəfərli qeyd edib ki, özəl
təqaüd fondlarının vəsaiti dövlət tərəfindən
tam sığortalanmalıdır ki, bu fondlarla bağlı
problem yarananda vətəndaşlar öz vəsaitini tam qoruya
bilsinlər: "DSMF və özəl təqaüd
fondları topladığı, vətəndaşın fərdi
hesabında olan vəsait üçün hər ilin sonunda, ən
azı, inflyasiya səviyyəsi qədər indeksləşmə
ödəməlidir. Özəl təqaüd
fondlarının iqtisadiyyata o zaman böyük dəstəyi
olur ki, onlar investora çevrilib risksiz, yaxud da minimum riskli sahələrə
yatırımlar edirlər. Bunun üçün isə
ölkədə investisiya mühiti
yaxşılaşdırılmalı, indiki vəziyyət
aradan qaldırılmalı, rəqabətli mühit
formalaşmalıdır. Özəl təqaüd fondları
yatırımdan qazandıqları vəsaitin bir hissəsini
öz üzvlərinə pay kimi ilin sonunda ödəməlidir.
Hələlik bunları qanuna salsalar, qəbul edilmiş yeni
qaydaların hər kəsə, o cümlədən ölkəmizə
müsbət təsiri ola bilər".
İqtisadçı ekspert Rəşad Həsənov
hesab edir ki, özəl pensiya fondlarının fəaliyyəti
üçün bəlli dövriyyəyə nail olmaq vacibdir.
Müəyyən bir vəsait olmalıdır ki, bu proseslərin
təşkili və mənfəətin əldə edilməsi
mümkün olsun: "Ölkədə insanlar depozitlərini
daha çox qısa müddətli dövrdə banklara yerləşdirir.
Uzunmüddətli maliyyə institutlarına etibar
aşağıdır. Özəl pensiya fondlarına da
münasibət eyni olacaq. Çünki burada etibar vacibdir".
İqtisadçı bildirib ki, özəl pensiya
fondlarına yığılmış vəsaitlər dövlət
tərəfindən yüz faiz sığortalanacaqsa, insanlar
buna etibar edəcək: "Çünki bu, uzunmüddətli
planlama tələb edir. İnsanlar az qala 50 ilə qədər
olan dövrü planlamalıdır. Bu müddət
yığım edən hər bir şəxs həmin vaxtdan
sonra bunun faydasını görməlidir".
Vətəndaşların Əmək Hüquqları
Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədovun
fikrincə, vətəndaşlarda yaranacaq özəl təqaüd
fondlarına inam olmalıdır: "Özəl pensiya
fondlarına insanlarda inam olmalıdır. Bunun
üçün isə özəl təqaüd fonduna
toplanacaq pul investisiya olunmalıdır. Burada maraqlı məqamlardan
biri odur ki, Fond bu pulu hansı sahəyə investisiya
formasında yatıracaq ki, oradan gələn gəlirlə həm
özünü saxlasın, həm də camaata pul ödəsin.
Fondun investisiya yatıracağı sahə risksiz sahə
olmalıdır. Əks halda həmin pul bata bilər. Vətəndaşlarda
həmin Fondlara inam olmalıdır. Hələ özəl
pensiya fondlarına qoyulacaq pulun nə qədərinin dövlət
tərəfindən sığortalanacağı bilinmir. İndi
insanlar ona görə banka pul qoyur ki, o pulu dövlət
sığortalayır. Əgər özəl təqaüd
fonduna qoyulacaq vəsaitlər sığortalanmasa, vətəndaşlar
bu riskə getməyəcəklər. Ondansa pulu banka qoyub
üzərində faiz əldə etməyə daha çox
üstünlük verəcəklər".
S.Məmmədov qeyd edib ki, ƏƏSMN hazırda beynəlxalq
praktikanı öyrənir. Nazirlik istəyir ki, Azərbaycanda
elə özəl pensiya fondları yaradılsın ki, onlar
işlək olsun.
Xatırladaq ki, özəl pensiya fondları sosial
sığorta vəsaitlərinin dövr etdirilməsini,
pensiyanın təyinini və ödənilməsini həyata
keçirən bir qurum kimi formalaşdırılır. Bu
fondlar əsasən, vətəndaşların ödədiyi
sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil
edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu
vəsaitlər hesabına pensiya təminatını yüksəldir.
Ekspertlərin fikrincə, qeyri-dövlət pensiya
fondlarının yaranması rəqabəti
formalaşdırmaqla yanaşı, Dövlət Sosial
Müdafiə Fondunun dövlət büdcəsinin transfertlərindən
asılılığını da azalda bilər.
İqtisadçı Xalid Kərimlinin sözlərinə
əsasən, minimum əmək haqqı səviyyəsi ilə
pensiyaların həcmi az olur. Ümumiyyətlə, hökumət
pensiyanın məbləğini, misal üçün, 280
manatı daha da artıra bilər. Amma bunu edə bilmir,
çünki imkanı yoxdur. Pensiya ödənişləri məcburi
ödənişlərdir, daima verilməlidir. O ki qaldı özəl
pensiya fonduna, bununla bağlı hələ ki qanun layihəsi
olmadığından, sadəcə, dünyada olan təcrübədən
danışa bilərik. Dövlət onsuz da bütün vətəndaşlarına
minimum pensiya təminatını həyata keçirir. Bir də
imkan olur ki, vətəndaşlar könüllü özəl
pensiya sistemində iştirak etsin. Bu da heç kimə hədiyyə
olunmur. Yenə də maaşınızdan müəyyən rəqəmlər
ödənilir. Özəl pensiya fondlarına üzv olmaq da
könüllülük əsasında olur. Misal
üçün, icbari pensiyada maaşımızdan 3 faiz
tutulur. Amma özəl pensiya fondlarında artıq seçim
olur: "Qərbdə belədir ki, əmək bazarı
işçilərin xeyrinə olduğuna görə bəzi
işverənlər işçi cəlb etmək
üçün özəl pensiya təkliflərini də irəli
sürürlər. Amma Azərbaycanda iş tapmaq problemi var.
İqtisadiyyat zəifdir. Neft sektorunda işləyənləri
çıxmaq şərtilə özəl sektorda fəaliyyət
göstərən təşkilatlar inanmıram ki,
işçi üçün özəl pensiya təklifi
versin. Bu, bizim bazar üçün real deyil. Necə ki "Həyat"
sığortası üçün seçim edirlər,
iştirak edək-etməyək, özəl pensiya sistemində
də bu cür olacaq. Amma "Həyat"
sığortası üç illik bir mexanizmdir,
yığım sığortasıdır. Özəl pensiyada
isə bu daha uzunmüddətli olacaq və şərtlər
bir az fərqli olacaq. Özəl pensiya fondunun
üstünlüyü odur ki, vətəndaş pensiya
yaşına çatanda ola bilsin məbləği tam
götürsün, yaxud da pensiya yaşına çatanda həmin
fond ona əlavə pensiya ödəsin. Özəl pensiya fondu
könüllü olacağına görə burada hökumət
daha rahat çevikliklər təqdim edə bilər. Qanun layihəsi
açıqlananda görəcəyik bunu. Pensiya yaşına
çatanda böyük məbləğ alırlar, bununla
yatırım edə, dünya səyahətinə
çıxa bilirlər. Amma özəl pensiya fondu bunu
özü deyil, bizdən topladığı pullar hesabına
verəcək. Üstünlüyü odur ki, dövlət nəzarət
edəcək, insanlar risk etməyəcək. Bunu peşəkar
menecerlər idarə edəcək. O pul peşəkar menecerlər
tərəfindən yatırımlar ediləcək. Yəni
uzunmüddətli investisiyadır. Dövlət nəzarətində
xüsusi lisenziya şərtləri altında olacaq. Necə ki
Neft Fondu idarə olunur, bu cür fikirləşə bilərik.
Yəni özəl pensiya fondunun olması üç istiqamət
üzrə müsbət sayılır: birincisi, vətəndaşın
gələcəyi üçün yatırım
baxımından alternativ imkan olacaq. İkincisi vətəndaşın
başına iş gəlsə, bu fonddan vəsait varislərinin
hesabına keçəcək. Üçüncüsü isə
bu fondu toplayan istitutsional fond ciddi surətdə biznesin maliyyə
mənbəyinə çevriləcək. Bu, maliyyə
bazarı üçün, iqtisadiyyat üçün əhəmiyyətlidir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 9 yanvar(№3).- S.7.