Prezident İlham
Əliyevin xəbərdarlığı və vacib
mesajları
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də
yerli televiziya kanallarına geniş müsahibə verib.
Müsahibədə dövlət başçısı
mühüm məsələlərə toxundu, ölkəmizin
daxili və xarici siyasəti, beynəlxalq və regional gündəmin
aktual mövzularına dair mövqeyini açıqladı,
vacib mesajlar səsləndirdi, bəzi xəbərdarlıqlar
etdi.
Dövlət başçısı bir daha bəyan
etdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq,
yeni gərginliyə gətirib çıxaracaq: "Biz bunu
istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq
müharibə səhifəsi bağlansın. Ancaq
görürük ki, Ermənistanın həm özü, həm
onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist
fikirlərlə yaşayırlar və Ermənistan faktiki
olaraq bölgə üçün bir təhdid mənbəyidir.
Müstəqil Ermənistan dövləti, əslində,
faşist dövlətdir. Çünki əgər bu ölkəyə
30 ilə yaxın faşist ideologiyasının
daşıyıcıları rəhbərlik ediblərsə,
bu ölkəni onlar elə özləri kimi də
formalaşdırıblar. İndi baxın, Ermənistanın
birinci prezidentinin irqçi və faşist
açıqlamaları nə dərəcədə eybəcərdirsə,
bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni
bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların
öz tarixi dədə-baba torpaqlarından qovulması ilə
öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər,
indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda
bilirdilər. Ermənistanın müttəfiqləri,
havadarları təbii ki, bilirdilər və bu fikirləri
bölüşürdülər... Belə bir faşist
dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi
sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu
ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv
edəcəyik. Bizim başqa çarəmiz yoxdur".
Prezident vurğulayıb ki, Ermənistanın indiki rəhbəri
indi özündən sülh göyərçini düzəltmək
istəyir: "Amma baxın, görün, onun 2018-2019-cu illərdəki
çıxışlarına, onları indi heç kim
xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da
ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada
yaşayır və bunun daşıyıcıları, sadəcə
olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan
iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə
olaraq, müşahidəçi kimi buna tamaşa edəsi
deyilik. Ermənistan silahlanmanı dərhal
dayandırmalıdır. Ona silah verən Fransa və digər
ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir.
Artıq Ermənistana göndərilmiş silahlar geri
qayıtmalıdır. Bu, bizim şərtimizdir".
Dövlət başçısının
mühüm mesajlarından biri də Zəngəzur dəhlizi
ilə bağlı oldu. Prezident bildirdi ki, Zəngəzur dəhlizi
açılmalıdır və açılacaq: "Onlar
bunu nə qədər tez başa düşsələr, o qədər
də yaxşıdır. Biz belə vəziyyətdə qala
bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan
Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik?
Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə
Ermənistanın suverenliyini şübhə altına qoymur.
Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını
yerinə yetirməlidirlər. Orada hər şey
açıq-aydın göstərilib".
Prezident Azərbaycan-Fransa münasibətləri ilə
bağlı sualı da cavablandırıb, eyni zamanda rəsmi
Parislə bağlı indiyədək danışılmayan
maraqlı bir faktı açıqlayıb. Dövlət
başçısı bildirib ki, ona cənab Makrona qədər
Fransanın üç prezidenti ilə işləmək və
ünsiyyətdə olmaq nəsib olub və ölkələrimiz
arasında münasibətlər həmişə çox
uğurla inkişaf edib: "Əgər Avropa İttifaqına
üzv ölkələri götürsək, yəqin ki, həmin
dövrdə - indiki hakimiyyətə qədər onlar ən fəal
münasibətlər olub, həm siyasi, həm
qarşılıqlı səfərlər, həm iqtisadi, həm
də mədəni sahələrdə. Bizim Fransanın 13
şəhəri ilə qardaşlaşmış münasibətlərimiz
olub... Mən prinsipcə heç vaxt
danışmadığımız bir məsələni də
çatdırmaq istəyirəm, zənnimcə, bu, hər
hansı şəkildə böhrandan çıxmağa
kömək edəcək. Son bir neçə ay ərzində
biz Fransa hökumətinin nümayəndələrindən təmaslar
qurulması üçün siqnallar alırdıq, mənim
yaddaşımda onların sayı üç və ya
dörddür. Müxtəlif şəxslərdən bizim
müxtəlif nümayəndələrə müraciətlər
daxil olub və həmişə cavab verilib: "Biz
hazırıq". Bəli, biz elə bu gün hazırıq,
amma heç yerə getməyəcəyik, nə Parisə, nə
də Brüsselə. Bizimlə görüşmək
lazımdırsa, burada, Bakıda mümkündür. Hər dəfə
hansısa bir mərhələ olur, sonra yenidən boşluq,
sükunət yaranır.
Bu yaxınlarda belə bir növbəti, verbal diplomatik
depeşa daxil oldu: yenə danışmaq və müzakirə
aparmaqla bağlı. Yenə də biz hazırıq, bizim
onlarla bölüşə bilməyəcəyimiz heç nə
yoxdur, onlara qarşı, necə deyərlər, bu ölkəyə
münasibətdə heç bir iddiamız yoxdur. Əsas odur
ki, bizə toxunmasınlar, bizim işlərimizə
qarışmasınlar, Cənubi Qafqazla bağlı məsələlərə
müdaxilə etməsinlər. Bu, artıq bizim dəqiq səsləndirdiyimiz
tələbdir".
Avropa Komissiyası ilə münasibətlərə gəlincə,
bunun necə inkişaf edəcəyini söyləmək
çətindir: "Amma deməliyəm ki, ötən il məyusluqla
dolu bir il oldu".
Məhz keçən il Avropa İttifaqının
normallaşma prosesində birmənalı olaraq Ermənistanın
tərəfini tutduğunu diqqətə çatdıran
dövlətimizin başçısı vurğulayıb ki,
Avropa İttifaqının qondarma müşahidə
missiyasının müddətinin uzadılması etimadı
möhkəmləndirməyib, əksinə, sarsıdıb.
İrana gəlincə, Prezident bildirib ki, əvvəlki
hakimiyyətlə münasibətlərin pisləşməsi
Bakının günahı ucbatından olmayıb:
"İkinci Qarabağ müharibəsi başa çatandan,
artıq biz Laçın yoluna vizual müşahidə əldə
edəndən sonra görməyə başladıq ki,
İrandan gələn yanacaqdaşıyan yük
maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan
səfərlər edirlər. Mən köməkçimə
göstəriş verdim və o, İranın Azərbaycandakı
ovaxtkı səfiri ilə telefonla danışıb və
deyib ki, bunu dayandırın. Biz bunu ictimailəşdirmək
istəmirik, biz xahiş edirik, bunu dayandırın. Bu,
yaxşı deyil, biz bunu görürük, bu, bizim ərazidir.
Siz burada qanunsuz işlərlə məşğulsunuz.
Əfsuslar olsun ki, bundan sonra bu, dayanmadı və daha da
artdı. Ondan sonra ikinci addım olaraq biz İran səfirini
Xarici İşlər Nazirliyinə dəvət etdik və ona
etiraz notası verildi və bunu ictimailəşdirdik.
Ondan sonra da həm gülməli, həm də
ağlamalı hadisələr baş verdi. Saxta erməni
maşın nömrələrini İran yanacaqdaşıyan
yük maşınlarının üzərinə
yapışdırmaqla sanki bu, Ermənistan
maşınlarıdır. Amma onların üzərində
farsca yazılar da var idi. Bu, bizi çox təəccübləndirdi.
Özü də biz araşdırmağa başladıq.
Gördük ki, eyni nömrə bir neçə maşına
yapışdırılır, yəni nömrə eyni,
maşınlar fərqli idi. Yəni bu saxtakarlığı da
o qədər səliqəsiz etmişdilər ki, adam, vallah,
söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını
saxladıq, sürücülər saxlanıldı və biz
gördük ki, onların yol sənədlərində
yazılıb ki, Stepanakert, Ermənistan. Yəni bu,
açıq bizim ərazi bütövlüyümüzə,
suverenliyimizə hörmətsizlik idi".
Dövlət başçısı vurğulayıb
ki, ondan sonra bizə qarşı o məlum hədə-qorxu
addımları, təlimlər, bəyanatlar, hədələr
başlamışdı. Biz də adekvat addımlar atdıq.
Səfirliyimizə qarşı terror aktından
danışan Prezident bildirib ki, bu, təşkil olunmuş
terror aktı idi: "Bunu deməyə əsas verən bir
çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə
ərzində bir dənə də polis maşını oraya
yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində
idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi
gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi
ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs
elə terroru törətdiyi gün mətbuata
çıxıb və müsahibə verir. O hadisədən
iki il keçir. Bu günə qədər o insan ona verilən
hökmə məruz qalmayıb. Bütün bunlar göstərir
ki, bu, təşkil olunmuşdu".
Eyni zamanda, İranın mərhum xarici işlər
naziri, vertolyot qəzasında həlak olmuş cənab
Abdullahian terror aktını törədən şəxsin
edam hökmünə cəlb ediləcəyinə söz verdikdən
sonra Azərbaycan səfirliyinin əməkdaşları geri
qayıdıb. Bununla belə, edam hökmü həm icra edilmədi,
həm də iş məhkəmədən yenə də
istintaqa göndərildi. Rəsmi Bakı öz tələblərində
israrlıdır.
Ərdəbil şəhərinin mollasının məlum
təhqiramiz ifadələrinə gəlincə, Prezident deyib
ki, əyalət mollasının bizə qarşı nifrət
münasibəti birinci dəfə deyil: "Ərdəbil
şəhərinin o mollası dəfələrlə Azərbaycana,
Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr
işlədib, o cümlədən mənə qarşı.
Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin
edən adam buna necə münasibət göstərir. Axı
o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin
edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir,
yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək?
Üzr istəyəcəklər, yoxsa yox?
İranın Xarici İşlər Nazirliyinin
açıqlamasındakı təəssüf hissi kifayət
deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm
Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə
canlı yayım gedən zaman və sadəcə, təəssüf?!
Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə
biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır.
Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan
üzr istəməlidir. Bax, məsələ bundadır".
ABŞ ilə münasibətlər haqqında
danışarkən Prezident İlham Əliyev bildirib ki, Bayden
administrasiyasının səhvlərindən biri də o idi
ki, özü öz əməlləri ilə Amerikaya olan
inamı böyük dərəcədə sarsıtdı.
Tramp dövründə əlbəttə ki, bu siyasətdə
də korrektələrin ediləcəyinə ümidlər
böyükdür.
Nəhayət Türkiyə ilə bağlı,
Yaxın Şərqdə baş verənlər haqqında
danışan dövlət başçısının
sözlərindən bir daha bəlli olub ki, qardaş ölkə
ilə münasibətlər böyük önəm
daşıyır. Azərbaycan Türkiyənin müttəfiqi
olaraq hər zaman istənilən formada onun yanındadır.
Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə
Azərbaycanın yanındadır.
"Türkiyənin marağında nədirsə,
bizim də marağımızda odur. Təhlükəsizliyimiz
də birdir, maraqlarımız da birdir, gələcəyimiz də
birdir və həm Yaxın Şərqdə, həm də eyni
zamanda, Avropada, - bir qədər bu məsələyə biz
toxunduq, - tamamilə yeni vəziyyət yaranır və burada
güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də
onun yanındayıq. Yəni ki, gücümüz daha da
artacaq... Hərbi güc, siyasi güc, iqtisadi potensial, birlik və
bu gün dünyanın heç bir yerində bu qədər
bir-birinə bağlı olan ölkələri görmək
mümkün deyil, necə ki, Türkiyə və Azərbaycan.
Ona görə biz çox ümidliyik və Suriyadakı dəyişikliklər
bizi həddindən çox sevindirir. Birinci Türkiyəyə
görə, ikinci özümüzə görə.
Çünki 12 il ərzində bizim Suriya ilə heç bir əlaqəmiz
olmayıb. Bizim səfirliyimiz oradan çıxarılıb və
Əsəd dönəmində Suriya hər zaman Ermənistanın
yanında idi. Bizə qarşı Ermənistanla faktiki olaraq
birləşmişdi, sadəcə olaraq, Paşinyanın
Əsədə göndərdiyi məktublara, göndərdiyi
rəsmi heyətlərə baxmaq kifayətdir - xarici işlər
naziri, parlament spikeri və müavini. Onlar Suriyanı yaxın
müttəfiq sayırdılar və artıq buna da son
qoyuldu", - dövlət başçısı əlavə
edib.
Beləliklə, Prezident öz çıxışında
onun üçün milli maraqların, dövlətin
maraqlarının hər şeydən üstün olduğunu
bir daha bəyan edərək, çox haqlı şəkildə
bildirdi ki, arxasında Azərbaycan xalqı dayanır. Azərbaycan
xalqı da bilir ki, Prezident onun arxasında dayanır.
Pərvanə
525-ci qəzet .- 2025.- 9 yanvar(№3).- S.5.