Xaricdə təhsillə
bağlı Dövlət Proqramı daha çox istiqaməti əhatə
edəcək
Xəbər verdiyimiz kimi, 2025-2026-cı tədris ili
üzrə "Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı" çərçivəsində
dünyanın nüfuzlu universitetlərinin bakalavriat,
magistratura və doktorantura səviyyələri üzrə
maliyyələşdiriləcək təhsil
proqramlarının siyahısı müəyyən edilib.
Növbəti tədris ili üçün təsdiq
olunmuş təhsil proqramlarının siyahısında 15
prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə
aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris
olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər
dünyanın aparıcı reytinq cədvəllərində
olan və ötən il əhatə olunmayan 11 ölkənin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almaq imkanı əldə edəcəklər. Siyahıda bakalavriat səviyyəsi
üzrə 1311, magistratura səviyyəsi üzrə isə
3094 proqram yer alır.
Siyahıda yer alan ali təhsil müəssisələrindən
15 prioritet ixtisas sahəsi əsas götürülməklə
doktorantura proqramlarına qəbul almış şəxslər
Dövlət Proqramına doktorantura səviyyəsi üzrə
müraciət edə bilərlər.
Namizədlər, eyni zamanda, 2025-ci ilin "Times Higher
Education" və "QS World University Rankings" reytinq cədvəllərində
ilk onluqda yer almış ali təhsil müəssisələri
tərəfindən təqdim olunan istənilən ixtisas sahələri
üzrə bakalavriat, magistratura və doktorantura
proqramlarından əldə etdikləri qəbul məktubları
əsasında müsabiqədə iştirak edə biləcəklər.
Mədəniyyət və incəsənət sahəsi
üzrə də nüfuzlu ali təhsil müəssisələri
tərəfindən təqdim olunan bakalavriat və magistratura
proqramları üzrə namizədlərin müraciətləri
qəbul ediləcək.
Qeyd edək ki, ölkə
başçısının müvafiq sərəncamına
uyğun olaraq Dövlət Proqramına qəbul üzrə kvota
sayı 500 nəfər müəyyən olunub ki, 2025-ci ildən
başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi
bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan
hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri
Turan Topalova deyib ki, ötən ildən fərqli olaraq bu il
xaricdə təhsil üzrə dövlət proqramına yeni
ölkə və universitetlər əlavə olunub. Bura Asiya
ölkələri, İrlandiya, Birləşmiş Ərəb
Əmirliklərinə aid olan nüfuzlu universitetlər
daxildir. Növbəti tədris ili üçün təsdiq
olunmuş təhsil proqramlarının siyahısında 15
prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə
aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris
olunan 4405 proqram yer alır: "Bununla yanaşı, bu il namizədlər
dünyanın aparıcı reytinq cədvəllərində
yer alan və ötən il əhatə olunmayan 11 ölkənin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almaq imkanı əldə edəcəklər. Nəticə
etibarilə siyahıda bakalavriat səviyyəsi üzrə
1311, magistratura səviyyəsi üzrə 3094 proqram yer
alır. Siyahıda yer alan ali təhsil müəssisələrindən
15 prioritet ixtisas sahəsi əsas götürülməklə
doktorantura proqramlarına qəbul almış şəxslər
Dövlət Proqramına doktorantura səviyyəsi üzrə
müraciət edə bilərlər. Namizədlər, eyni
zamanda, 2025-ci ilin "Times Higher Education" və "QS World
University Rankings" reytinq cədvəllərində ilk onluqda
yer almış ali təhsil müəssisələri tərəfindən
təqdim olunan istənilən ixtisas sahələri üzrə
bakalavriat, magistratura və doktorantura proqramlarından əldə
etdikləri qəbul məktubları əsasında müsabiqədə
iştirak edə biləcəklər".
O bildirib ki, mədəniyyət və incəsənət
sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri
tərəfindən təqdim olunan bakalavriat və magistratura
proqramları üzrə namizədlərin müraciətləri
qəbul ediləcək.
Təhsil eksperti Kamran Əsədovun dediyinə görə,
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil
müəssisələrində təhsil almalarına dair
2022-2026-cı illər üçün Dövlət
Proqramı"nın icrası zamanı yeni dövrün
prioritet ixtisas sahələrinə üstünlük verilir. Məsələn,
informasiya texnologiyaları, mühəndislik, statistika və
verilənlərin təhlili, təhsil, dövlət idarəetməsi,
ictimai səhiyyə, iqtisadiyyat və sair. Nəzərdə
tutulan müddətdə, hər il 400 nəfərdən
çox olmamaqla, ümumilikdə 2000 nəfərədək
Azərbaycan vətəndaşının xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsili
təmin edilir. Dövlət Proqramı çərçivəsində
xarici ali təhsil müəssisələrində təhsil
yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini
əhatə edir: "Qeyd edim ki, xaricdə təhsil alacaq gənclərin
seçilməsi meyarları və prosedurları üzrə
qayda hazırlanacaq. Beynəlxalq fənn olimpiadalarının,
beynəlxalq müsabiqələrin və yarışların
qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində
ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil
almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək
nəticələrlə başa vurmuş, intellektual səviyyəsi
və idarəçilik keyfiyyətləri yüksək olan
perspektivli gənclərə isə magistratura səviyyəsində
üstünlük verilir. Sənəddə o da qeyd olunub ki,
xarici ali təhsil müəssisələrində təhsilin
maliyyələşdirilməsi qaydasında müəyyən
ediləcək maliyyələşdirmə mexanizmləri
qarşılıqlı məsuliyyət və etimad prinsipinə
əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq
müəyyən edilir. Qaydada akademik müvəffəqiyyətsizlik
və ölkəyə qayıtmamaq riskləri düzgün
qiymətləndiriləcək, bu risklərin
qarşısının alınması məqsədilə
qabaqlayıcı şərtlər müəyyən edilir. Bu
da gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil
müəssisələrində təhsil almalarına və məzun
olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı
kadr kimi Azərbaycanın dayanıqlı inkişafına
töhfə vermələrinə imkan yaradacaq. Təsadüfi
deyil ki, ötən illər ərzində respublikamızda
insan kapitalının inkişafı ilə bağlı bir
sıra dövlət strategiyaları və proqramları
reallaşdırılıb".
O qeyd edib ki, dövlət dəstəyi ilə təhsil
almağa göndərilən tələbələrin sayı
ildən-ilə artır: "Bu, Prezidentin insan
kapitalının formalaşmasına verdiyi önəmdən
irəli gəlir. Prezident İlham Əliyev Azərbaycanın
davamlı inkişafını peşəkar kadrlarla
reallaşdırır, gələcəkdə ölkəmizin
inkişafı ilə bağlı işləri həyata
keçirə biləcək, o yükün altına girə
biləcək insanları bu gündən
formalaşdırır. Ölkəmiz Prezident İlham
Əliyevin rəhbərliyi dövründə bütün mənalarda
inkişaf edib. Biz torpaqlarımızın işğalına
ölkə başçımızın dəmir yumruğu ilə
son qoymuşuq. İndi o torpaqlarda bərpa olunması,
infrastrukturun yenilənməsi prosesi gedir. Bu prosesi həyata
keçirən insanlar olaraq peşəkar kadrlara ehtiyac duyuruq.
Gələcəkdə də peşəkar kadrlara ehtiyac
olacaq. Həmin kadrların təminatı bu gün həyata
keçirilir. Xatırlayıram ki, ölkə
başçımızın qara qızılı insan
kapitalına çevirməklə bağlı yanaşması
vardı. Bu yanaşma əməli işlərlə öz təsdiqini
tapır. Əminəm ki, bizim peşəkar, savadlı
kadrlarımız, dünyanın ən nüfuzlu universitetlərində
təhsil almağa göndərilən gənclərimiz gəlib
Azərbaycanda dövlətimizin inişafına öz dəstəklərini
verəcəklər. Azərbaycan bütün mənalarda
inkişaf edəcək və dünyanın ən qüdrətli
dövlətlərindən birinə çevriləcək.
Bütün bunlar Azərbaycan gəncinin təhsil almaqla
bağlı arzularının reallaşmasına dövlət
başçımızın dəstəyinin ifadəsidir.
Dünyanın fərqli ölkələrində gənclərin
nüfuzlu universitetlərdə təhsil almaq arzuları var.
Amma bu arzular gerçəkləşə bilmir. Çünki
bu universitetlərdə təhsilhaqqı çox yüksəkdir.
Tələbələr sosial baxımdan ən həssas və
qayğıya ehtiyacı olan təbəqədir. O tələbənin
qayğılarını, xərclərini dövlət
qarşılayır. Bundan böyük dəstək ola bilərmi?
Ona görə də bu, dünyada analoqu olmayan işlərdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz
gənclərə bu, böyük şansı yaradır".
"Gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022-2028-ci illər üçün Dövlət
Proqramı" çərçivəsində Böyük
Britaniyanın Vorvik Universitetində magistratura təhsili alan
Günel Qasımlı bildirib ki, hazırda Azərbaycanda fəaliyyətin
bütün sahələrində rəqəmsallaşma
sürətlə tətbiq edilir: "Qeyri-neft sektorunun əhəmiyyətini
anlayaraq istərdim ki, Azərbaycanda yeni startaplar yaransın, bu
startaplara xaricdən və yerli şirkətlərdən
böyük investisiyalar cəlb edək və ölkəmizdə
fərqli maliyyələşdirmə mənbələri
yaradaq. Xaricdə təhsilimi bitirdikdən sonra Azərbaycanda
çoxsaylı vençur kapital fondlarının
yaradılmasını istərdim. Bu istiqamətdə ekspert
olmaq istəyirəm. Məqsədim ölkəmizdə həyata
keçirilən inkişaf strategiyasında yaxından iştirak
etmək, Azərbaycandakı startaplara və qeyri-neft sektorunun
inkişafına töhfə verməkdir. Bu mövzu ilə əlaqədar
bir sıra araşdırma məqalələri
hazırlamışam. Bu məqalələri yazarkən
gördüm ki, Azərbaycana gələn xarici investorlar daha
çox İngiltərə bazarı üçün
uyğun olan startapa investisiya qoymağa maraq göstərirlər.
Mən də düşündüm ki, bu sahə üzrə
irəliləmək istəyirəmsə, təcrübənin
əsas mənbəyi olan İngiltərədə təhsili
davam etdirim. İngiltərənin Koventri şəhərində
yerləşən Vorvik Universitetinə maliyyə və
iqtisadiyyat ixtisası üzrə təhsil üçün
müraciət etdim. Çox qısa müddət ərzində
oradan müsbət cavab aldım. Sonra Azərbaycanda xaricdə
təhsil üzrə Dövlət Proqramını İdarəetmə
Qrupuna müraciət etdim. Bu il həddindən artıq rəqabətcil
mühit olduğu üçün bu proses mənə çətin
gəlirdi. Bizim universitetimizdən də 50-dən çox tələbə
Dövlət Proqramı çərçivəsində təhsil
alacaq. Uşaq yaşlarımdan valideynlərimə deyirdim ki, əgər
mən xaricdə təhsil alsam, bu, yalnız dövlət xətti
ilə olacaq. Çünki əsas məqsədim xaricdə təhsili
yekunlaşdırdıqdan sonra Azərbaycanda biliklərimi
paylaşmaq və burada çalışmaqdır.
Düşünürəm ki, bu halda daha yaxşı uğur əldə
edə bilərəm".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 10 yanvar(№4).- S.14.