Təvazökar insan, prinsipial və
tələbkar alim
Bir alimin akademik fəaliyyəti bilik dünyasına
açılan yeni bir qapıdır. Tarix üzrə elmlər
doktoru, professor Məryəm Seyidbəylinin də hər bir tədqiqatı
Azərbaycan elminin tanınması istiqamətində atılan
bir addım, cəmiyyətin inkişafına verilən
böyük töhfədir. Tanınmış alimin
keçdiyi fəaliyyət yolu yalnız elmi nailiyyətlərin
toplanması deyil, eyni zamanda elmi düşüncənin mədəniyyət,
fəlsəfə və sosial kontekst içində necə
formalaşdığını araşdırmaqla da dəyər
qazanıb. Yüksək intellektə, güclü məntiqə
sahib olan Məryəm xanım Seyidbəyli əldə etdiyi
elmi bilikləri ümumiləşdirib sadə,
anlaşıqlı dildə cəmiyyətə təqdim edə
bilən alimlərimizdəndir. Onun Azərbaycan diasporu və
elitası, Azərbaycan elminin tarixi və genezisi mövzusunda
çap etdirdiyi rəngarəng, elmi dəyərləri ilə
seçilən, eyni zamanda xalqımızın müasir fikir
tarixində özünəməxsus yer tutan fundamental əsərləri
gərgin elmi axtarışların layiqli nəticələri
kimi olduqca dəyərlidir. Ulu öndər Heydər
Əliyevin dövlət və millət üçün nə
qədər faydalı sahə olduğunu, elmi-tarixi əhəmiyyətini
xüsusi olaraq vurğuladığı tarixi əlyazma
qaynaqları və arxivlər hər bir müasir elmi tədqiqatın
baza mənbə rolunu təşkil etməkdədir. Məryəm
xanım Seyidbəylinin Azərbaycan
tarixşünaslığı və mənbəşünaslığı
mövzusunda qələmə aldığı əsərləri
də məhz bu çağırışa cavab verən elmi
araşdırmalar silsiləsindəndir.
Məryəm xanımın elmi yaradıcılıq
yolunun mühüm bir hissəsini xüsusi olaraq elm tarixi və
elmşünaslıq sahəsində aparılan tədqiqatlar təşkil
edir. Bu sahə qədim sivilizasiyalardan başlayaraq müasir
dövrə qədər elmin inkişafında baş verən
kəsişmələri, elmi inqilabları və fərqli mədəniyyətlərin
elmi biliklərə olan təsirini ortaya qoyur. Elm tarixi, həmçinin
tədqiqat metodlarının, texnologiyaların və elmi
institutların yaranma və inkişafını izah edərək,
cəmiyyətin inkişafında elmin rolunu daha aydın bir
şəkildə ortaya qoyur və elmin
populyarlaşdırılmasını təmin edir.
AMEA Elm Tarixi İnstitutunun yaranması Azərbaycan elmi
üçün son dərəcə aktual bir məsələ
idi. Ona görə ki, ölkəmizdə müxtəlif elmlər
qədim dövrdən bu günə qədər inkişaf etsə
də, sistemli şəkildə öyrənilməmişdi.
Bütün bunları nəzərə alaraq, Azərbaycan
Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin
tərkibində Elm Tarixi İnstitutunun yaradılması istiqamətində
böyük səy göstərildi. 2014-cü ildə Elm
Tarixi İnstitutu yaradılarkən bu institutun direktoru vəzifəsinə
məhz Məryəm xanım Seyidbəyli təyin olundu. Dəyərli
alim qısa müddət ərzində fərqli sahələrdən
mütəxəssisləri bir araya gətirərək,
böyük zəhmət bahasına elmin müxtəlif aspektlərini
sistemli şəkildə birgə araşdırmağa və
müzakirə etməyə imkan tanıyan bir platforma
yaratdı; bu yanaşma interdisiplinar tədqiqatların
inkişafını təşviq edərək, elmi biliklərin
daha geniş və dərin anlaşılmasına xidmət
edirdi. 2017-ci ildə S.İ.Vavilov adına Texnika və Təbiətşünaslığın
Tarixi İnstitutu tərəfindən "Elm və texnika
tarixinə verdiyi töhfə" üçün Məryəm
xanım Seyidbəyliyə Fəxri nişan təqdim olundu.
Elm Tarixi İnstitutu qısa fəaliyyət
dövrü ərzində bir sıra uğurlar əldə
etmişdir və bu uğurlu fəaliyyətdə institutun əməkdaşlarının
da səyləri danılmazdır. Hər bir gəncin gələcəyin
uğurlu alimi kimi yetişməsində, tədqiqat
bacarıqlarına yiyələnməsində Məryəm
xanımın əvəzsiz rolu olub. Eyni zamanda institutun gənc
alimləri qısa bir vaxt ərzində mötəbər mənbələrdən,
arxiv materiallarından, əlyazmalardan istifadə sahəsində
təcrübə əldə etməklə böyük tədqiqat
işləri ərsəyə gətiriblər. Göstərilən
təşəbbüs nəticəsində İnstitutun gəncləri
nəinki elmi sahələrdə, ictimai və təşkilati
sahələrdə də mühüm rol oynayıb, beynəlxalq
tədbirlərin təşkilində bilavasitə iştirak
ediblər.
Elm tarixinin özünün ən maraqlı olduğu
qədər çətin sahəsi isə tibb tarixidir.
Professor Məryəm Seyidbəyli Azərbaycan tarixçiliyində
ilk dəfə olaraq ilkin qaynaqlar əsasında ən qədim
dövrlərdən müasir dövrə qədər Azərbaycan
tibb tarixinin qaynaqları və
tarixşünaslığını, Azərbaycan tibb elminin
tarixini və Azərbaycan tibbinin korifeylərini mərhələli
şəkildə araşdırıb. Bu zaman tarixçi
alimimiz digər mütəxəssislərlə birlikdə
onlarca qaynaqdan ilk dəfə istifadə edib.
Professor Məryəm xanım Seyidbəyli Azərbaycanda
Nəsirəddin Tusinin zəngin yaradıcılıq irsini ilk
yazılı mənbələr əsasında dərindən
araşdıran nadir alimlərdən biridir. Onun Nəsirəddin
Tusi yaradıcılığına dair yazdığı ilk
elmi tədqiqat işi hələ 1999-cu ildə çap
olunmuşdu. Elm Tarixi İnstitutu yaradıldıqdan sonra Məryəm
xanım Seyidbəyli həmin İnstitutun direktoru olduğu illər
ərzində ərəb və fars dillərində qələmə
alınmış müxtəlif əlyazma və çap
olunmuş ilk yazılı mənbələr əsasında Azərbaycan
elm tarixində özünəməxsus rola malik olan Nəsirəddin
Tusi irsinə dair yeni faktlar aşkarlayıb, onları unikal
formada elmi ictimaiyyətə təqdim edib. Onun elm tarixinə
olan sevgisi bəlkə də elə Nəsirəddin Tusi irsinə
olan maraqdan qaynaqlanıb. Adı dünya elm və mədəniyyəti
tarixinə daxil olmuş Nəsirəddin Tusinin
yaradıcılıq irsini həm daxili, həm də xarici
kitabxanalarda mövcud olan əsər və əlyazmalar əsasında
araşdıran professor Məryəm xanım bu istiqamətdə
tədqiqatlarını heç zaman dayandırmamış və
mövzu ilə bağlı hər dəfə daha yeni faktlarla
çıxış edib. Onun sözügedən mövzu ilə
bağlı Sankt-Peterburqda çap olunan "Azərbaycanlı
alim Nəsrəddin ət-Tusinin əlyazma irsi" əsərində
dahi alimin "Risalətüt-tibb" risaləsinin orijinal mətni
Azərbaycan tarixşünaslığında ilk dəfə
olaraq geniş şəkildə tədqiq edilib. Bu istiqamətdə
qələmə aldığı daha bir əsər -
"Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi - həyatı
və elmi irsi" adlı kitabı 2024-cü ildə
işıq üzü görüb. Kitabda Nəsirəddin
Tusinin həyat yolu və yaradıcılığının əsas
mərhələləri ətraflı təsvir edilmiş, ərəb
və fars dillərində olan "Tənsuxnameyi-Elxani" əlyazmasının
orijinal mətninin Azərbaycan və rus dillərinə tərcüməsi
təqdim olunub. XIV əsrdə yaşayıb-yaratmış Nəsirəddin
Tusi kimi dahinin yaradıcılıq irsinin akademik şəkildə
dərindən araşdırılması ərəb və
fars dillərində yazılmış ilk yazılı mənbələrin
orijinaldan düzgün oxunularaq dürüst tərcümə
edilməsindən asılı olan bir məsələdir. Odur
ki, Məryəm xanım Seyidbəylinin bu istiqamətdə
gördüyü işlər Azərbaycan elm və mədəniyyət
tarixinin araşdırılması baxımından çox əhəmiyyətlidir.
Elmlər Akademiyasının formalaşdığı
və fəaliyyəti müddətində çox
mühüm qətnamə və qərarlar qəbul edilib. Həmin
rəsmi sənədlərdə öz əksini tapmış
mühüm qətnamə və proqramları dəqiq öyrənmədən
Elmlər Akademiyalarının inkişaf proseslərini,
ayrı-ayrı tarixi dövrlərdəki göstəricilərini
obyektiv şəkildə qiymətləndirmək çətindir.
Professor Məryəm Seyidbəylinin rəhbərliyi ilə Vətən
tarixşünaslığında ilk dəfə bu istiqamətdə
"Akademiya - sənədlər külliyyatı: qərarlar,
protokollar, yazışmalar" (1920-1991)" külliyyatı
işlənib hazırlanıb. Bu əsər ərsəyə
gələrkən respublika və respublikadan kənar müxtəlif
müəssisələrin arxivlərindən 1920-1991-ci illəri
əks etdirən böyük həcmdə faktiki materiallar
toplanıb, rus dilindən doğma dilimizə tərcümə
edilərək ilk olaraq elmi dövriyyəyə
buraxılıb. Külliyyat Azərbaycanda elmi ənənələrin
davamlı inkişaf proseslərinin tədqiqi baxımından
qiymətli bələdçi hesab edilir.
Məryəm xanımın Azərbaycan elminin
populyarlaşdırılmasına verdiyi dəyərli töhfələrdən
biri də "Elm tarixi və elmşünaslıq" beynəlxalq
elmi-nəzəri jurnalının yaradılmasıdır.
Redaksiya heyətində ölkəmizin və dünyanın
nüfuzlu alimlərinin yer aldığı jurnal
Akademiyanın Rəyasət Heyətinin nəzdində öz fəaliyyətini
uğurla davam etdirməkdədir.
Məryəm xanım Seyidbəyli uzun illər diaspor
sahəsində də mühüm elmi araşdırmalar
aparıb, Azərbaycan elminin ölkəmizdə və
dünyada populyarlaşdırılmasında müstəsna
xidmətlər göstərib. O, xüsusilə Azərbaycanın
elmi diasporu və Azərbaycan elminin tarixinin öyrənilməsi
sahələri üzrə mühüm tədqiqatları ilə
tanınmaqdadır.
Məryəm Seyidbəyli bu sahədə xeyli kitab ərsəyə
gətirib və eyni zamanda mütəxəssislər
yetişdirib. Azərbaycan elminin inkişafında göstərdiyi
əvəzsiz xidmətlərə görə müxtəlif dərəcəli
milli və beynəlxalq mükafatlarla təltif edilib, dövlət
tərəfindən yüksək təltiflərə layiq
görülüb. O, 2010-cu ildə Rusiyada beynəlxalq
nüfuzlu "Azərbaycan diasporu: formalaşma və
inkişaf xüsusiyyətləri və tendensiyaları"
kitabına görə Beynəlxalq Elmlər Akademiyaları
Assosiasiyasının diplomuna, 2011-ci ildə isə həmin
kitabına görə "Humay" milli mükafatına layiq
görülüb. 2012-ci ildə "Azərbaycan diasporu:
Ensiklopedik məlumatlar toplusu" kitabına görə
diplomla təltif edilib. 2022-ci ildə "Azərbaycan
mühacirəti tarixində Şuşanın görkəmli
şəxsiyyətləri" kitabı Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsi tərəfindən yüksək qiymətləndirilib
və 30 dekabr 2024-cü ildə Məryəm Seyidbəyli
"Diaspor fəaliyyətində xidmətə görə"
Azərbaycan Respublikasının medalı ilə təltif
edilib.
Azərbaycan ziyalılığının ən
gözəl xüsusiyyətlərini özündə cəmləşdirmiş
son dərəcə təvazökar, prinsipial, elm sahəsində
həm özünə, həm də yetiştirdiyi gənc
alimlərə çox tələbkar olan Məryəm Seyidbəyli
Azərbaycan tarix elminin inkişaf etdirilməsində bu gün
də öz əvəzsiz xidmətlərini göstərməkdədir.
Elmi yolunu Şərq ölkələrinin
tarixşünaslığının
araşdırılması istiqamətində davam etdirən Məryəm
xanım fundamental əsərlər yaratmaqla Azərbaycan
elminin populyarlaşdırılması istiqamətində yeni
ideyalar formalaşdırır.
Nərgiz AXUNDOVA
Akademik
525-ci qəzet .- 2025.- 10 yanvar(№4).- S.13.