Məktəbəqədər
təhsilin genişləndirilməsi üçün
xüsusi proqram hazırlanıb
Azərbaycanda bağça yaşlı
uşaqların məktəbəqədər təhsilə cəlb
olunma göstəricisi hazırda 35.7 faiz təşkil edir. Bu
göstəricinin 50 faizə çatdırılması hədəflənir.
Bütövlükdə isə ölkə üzrə 117 min
uşaq məktəbəqədər təhsilə cəlb
edilib.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, cari tədris
ilində 14 məktəbəqədər təhsil müəssisəsi
istifadəyə verilib, 5-i isə əsaslı təmir olunub.
Hazırda ölkə ərazisində 1676 dövlət məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərir. Məktəbəqədər
təhsilin əhatə dairəsinin genişləndirilməsinə
dəstək məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən
"Alternativ məktəbəqədər təhsil xidmətlərinin
təşkili" pilot qrant proqramı həyata keçirilir.
Proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant
qazanıb. Layihələr Bakı, Lənkəran, Şəki,
Şirvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöl və
Naxçıvanda icra olunur. Ümumilikdə qrant proqramına
500-dən çox uşaq cəlb edilib. Bununla yanaşı, məktəbəqədər
təhsilin əhatəliliyinin artırılması istiqamətində
"Özəl məktəbəqədər təhsil müəssisələri
üçün qrant müsabiqəsi" elan edilib.
Müsabiqənin məqsədi 2024-2025-ci tədris ilində
dövlət məktəbəqədər təhsil müəssisələrinə
qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər
təhsil müəssisələrində boş qalan yerlərə
cəlb etmək və təhsil haqqının bir hissəsini
qrant vasitəsilə maliyyələşdirməkdir.
Müsabiqəyə müraciət edən 42 özəl məktəbəqədər
təhsil müəssisəsindən 25-i qrant qazanıb.
"İcma əsaslı məktəbəqədər
təhsil" layihəsi çərçivəsində 890 mərkəzdə
(ümumi təhsil müəssisəsində) 1177 müvafiq
qrup təşkil edilib. Hazırda bu qruplara 19133 nəfər
3-4 yaşlı uşaq cəlb olunub. Bu uşaqların təlim-tərbiyəsi
ilə 1088 tərbiyəçi-müəllim məşğul
olur.
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası"nın məqsədlərinə
nail olunmasını təmin etmək məqsədilə
dövlət-özəl əməkdaşlığı
modelinin 1500 uşağı əhatə etməsi gözlənilir.
Son iki il ərzində məktəbəqədər təhsil
müəssisələrinə 700-ə yaxın tərbiyəçi-müəllim,
79 nəfər müdir təyin olunub. İndiyədək məktəbəqədər
təhsil üzrə kadr potensialının
yaxşılaşdırılması məqsədilə 10000-ə
yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri
təşkil olunub.
Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutu tərəfindən Bakı və regionlarda fəaliyyət
göstərən məktəbəqədər təhsil
müəssisələrinin 1600-ə yaxın müdir,
aşpaz və aşpaz köməkçiləri
üçün təlimlər keçirilib.
2024-cü ildə məktəbəqədər təhsil
müəssisələrində çalışan 11218 nəfər
tərbiyəçi-müəllimin ilk dəfə diaqnostik
qiymətləndirilməsi keçirilib.
Nazirlikdən bildirilib ki, bu gün ölkədə
4282 ümumi təhsil müəssisəsi fəaliyyət
göstərir. Hazırda müəllim heyəti 150 mindən,
şagird sayı isə 1700000-dən çoxdur. 2024-2025-ci tədris
ili üzrə 134 min uşaq birinci sinifə qəbul edilib.
2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələri
üçün 67 adda (52 adda yeni hazırlanmış, 15 adda
təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitin
hazırlanması və təkmilləşdirilməsi ilə
bağlı işlər aparılıb. İlk dəfə
olaraq məktəblərin 1-ci və 2-ci sinifləri
üçün azsaylı xalqın dili olan "Tat dili" dərslikləri
hazırlanıb. Bununla yanaşı, 2024-2025-ci tədris ilinə
ümumi təhsil müəssisələrinin dərslik
ehtiyaclarının təmin olunması üçün 322
adda 7244545 nüsxə dərsliyin çapı
yekunlaşdırılıb və məktəblərə
çatdırılıb.
Cari ildə dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) hesabına Elm və Təhsil
Nazirliyinin sifarişi ilə təhsil müəssisələri
şəbəkələrinin genişləndirilməsi, yeni məktəblərin
tikintisi və əsaslı təmir işləri yerinə
yetirilib. Belə ki, 57 təhsil müəssisəsində (3
peşə, 5 məktəbdənkənar, 1 uşaq
bağçası, 48 ümumi təhsil müəssisəsi)
tikinti-quraşdırma işləri aparılıb. Bu müəssisələrdən
46-sı yeni tikilidir və ya yeni korpus tikilib, 11-i isə əsaslı
təmir olunub. 33 təhsil müəssisəsinin təmir-tikintisinin
başa çatdırılması nəzərdə tutulur.
Eyni zamanda 24 təhsil müəssisəsinin təmir-tikintisinin
2025-ci ildə yekunlaşması planlaşdırılır. Həmçinin
layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin
(3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə
başlanılması planlaşdırılır. Eyni zamanda
dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərinin "Təhsil" bölməsi üzrə
Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər
hesabına 215 təhsil müəssisəsində (10 peşə,
6 kollec, 9 məktəbdənkənar və 190 ümumi təhsil)
cari təmir işləri aparılıb. Həmçinin 234
müraciət əsasında 70 məktəbəqədər
təhsil müəssisəsində cari təmir işləri
yekunlaşıb, 100 müəssisədə işlər davam
edir, 64 müəssisədə isə işlərin
başlanılması üçün hazırlıq gedir.
Nazirliyin məlumatında vurğulanıb ki, 2024-cü
ildə işğaldan azad edilmiş ərazilərdə 1000-dən
çox şagird və 140-dək təhsilverən daxil olmaqla
6 ümumi təhsil müəssisəsi, 115 uşaq və 16 təhsilverən
daxil olmaqla 3 məktəbəqədər təhsil müəssisəsi
fəaliyyətə başlayıb.
Müəllimlərin iş yerinin dəyişdirilməsi
müsabiqəsində 1015 nəfər uğur qazanaraq iş
yerini dəyişdirib. Müəllimlərin iş yerinin
qarşılıqlı dəyişdirilməsi prosesində isə
210 nəfər uğur qazanaraq iş yerini
qarşılıqlı dəyişdirib. Müəllimlərin
işə qəbulu (MİQ) müsabiqəsində
ümumilikdə 66723 elektron müraciət qəbul edilib. 6283
namizəd müsabiqədə uğur qazanaraq işə qəbul
olunub. Bu il keçirilən MİQ nəticəsində əsas
fənlər üzrə vakant yerlərin tutulma faizi 90 faizin
üzərində olub.
Cari ildə müəllimlərin
sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı
sayı 24050, uğur qazanan isə 20224 nəfər olub.
Ümumilikdə indiyədək 55000 müəllim
sertifikatlaşdırmadan keçərək əməkhaqqısını
artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin
orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.
2024-cü ilin 18-19 may tarixlərində ölkə
üzrə IV və VI sinif şagirdləri üçün
monitorinqlər təşkil olunub. Monitorinqlərdə
ümumilikdə 300000-dən çox şagird iştirak edib.
Ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlərə
növbəti təhsil səviyyəsində keyfiyyətli təhsil
imkanlarını təmin etmək, onlar üçün daha
uyğun öyrədici və sosial-psixoloji mühit yaratmaq məqsədilə
2024-2025-ci tədris ilindən 5 ümumi təhsil müəssisəsində
fəaliyyət yalnız tam orta təhsil səviyyəsi
üzrə təşkil edilir.
Məlumata görə, STEAM layihəsi cari tədris
ilindən 398 təhsil müəssisəsində tətbiq
olunur və ümumilikdə 250000 şagirdi əhatə edir.
İlk dəfədir ki, layihənin ibtidai siniflərdə də
(4-cü siniflərdə) tətbiqinə
başlanılıb. Layihə
bu ildən işğaldan azad edilmiş ərazilərdə və
Naxçıvanda da həyata keçirilir. 2017-ci ildən
ölkədə tətbiq edilən "Rəqəmsal
bacarıqlar" layihəsi 2024-2025-ci tədris ilində əlavə
230 təhsil müəssisəsində tətbiq edilib.
Hazırda layihə 510000 şagirdi əhatə edir.
Uşaq-gənclər inkişaf mərkəzlərinin
200-ə yaxın dərnək üzvü 2024-cü ildə
Türkiyə, Qazaxıstan, Belarus, Polşa və Avstraliyada
keçirilən beynəlxalq müsabiqə və tədbirlərdə
diplom və medallarla mükafatlandırılıb.
Hesabat dövrü ərzində uşaq-gənclər
idman-şahmat məktəblərinin yetirmələri respublika
yarışlarında 386 qızıl, 357 gümüş, 511
bürünc, beynəlxalq yarışlarda 144 qızıl, 127
gümüş, 171 bürünc olmaqla, ümumilikdə 1696
medal qazanıblar.
Olimpiadanın rayon (şəhər) mərhələsində
57483, yarımfinal turda 12238, final turunda isə 1025 nəfər
iştirak edib. Onlardan 491 nəfər qalib olub. Qızıl medalçıların
sayı 85, gümüş medalçıların sayı 162,
bürünc medalçıların sayı isə 244 nəfərdir.
"Birincilərin birincisi" nominasiyası üzrə 8 nəfər
seçilib.
Cari ildə milli komandalarımız 22 fərqli beynəlxalq
olimpiadalarda iştirak ediblər. Beynəlxalq olimpiadalarda
birinci yer üzrə 6 medal, ikinci yer üzrə 22 medal,
üçüncü yer üzrə 35 medal və 18 həvəsləndirici
sertifikat qazanılıb. 43110 şagird müsabiqəyə
qatılıb. Yarımfinalda 8610 şagird, finalda isə 1068 nəfər
şagird iştirak edib. 307 şagird qalib olub. Onlardan biologiya fənni
üzrə 45 nəfər, fizika fənni üzrə 42 nəfər,
kimya fənni üzrə 43, informatika fənni üzrə 46,
riyaziyyat VI siniflər üzrə 43 nəfər, VII siniflər
üzrə 43 nəfər, təbiət fənni üzrə
isə 45 nəfər qalib elan edilib. Olimpiada üzrə rayon
(şəhər) mərhələsinin nəticələrinə
əsasən, 21474 iştirakçıdan 2396 şagird
yarımfinal mərhələdə iştirak hüququ
qazanıb və onlardan 307 nəfər finalda iştirak etmək
hüququ qazanıb. Ümumilikdə 62 nəfər qalib elan
edilib.
10 minə yaxın şagirdin qatıldığı
olimpiadada ümumilikdə 36 nəfər finalda iştirak
hüququ qazanıb. Onlardan 3 nəfər I, 6 nəfər II,
10 nəfər isə III yerə layiq görülüb.
8 istiqamət və 652 layihə üzrə 1068
şagird qeydiyyatdan keçib. 113 layihə üzrə 200
şagird sərgidə iştirak edib. Hər istiqamət
üzrə I yer 1 layihə, II yer 2 layihə, III yer 3 layihə, ümumilikdə 48 layihə
üzrə 87 şagird qalib elan edilib. 11-19 may tarixlərində
ölkəmizi təmsil etmək üçün 5 layihə
üzrə 10 şagird ABŞ-nin Kaliforniya ştatının
Los Anceles şəhərinə səfər edib.
Ölkə üzrə 4234 təhsil müəssisəsi
Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və
internetə çıxışla təmin edilib. Bunlardan 1756
fiber-optik, 1701 simsiz və 777 ADSL rabitə kanalı vasitəsilə
çıxışla təmin edilib.
2024-2025-ci tədris ili üzrə tələbə qəbulu
84 peşə təhsili müəssisəsində 136 ixtisas
üzrə aparılıb. 70 qrup üzrə 1273 nəfər
dual peşə təhsil proqramına qəbul olunub. Tələbə
qəbulunda keçən illə müqayisədə 46 faiz
artım olub. Proqram 25 peşə təhsili müəssisəsində
110-dan artıq işəgötürənlə Bakı şəhəri
də daxil olmaqla 16 regionda (Bakı, Zaqatala, Balakən, Biləsuvar,
Cəlilabad, Gəncə, İmişli, İsmayıllı,
Kürdəmir, Qax, Qəbələ, Lənkəran,
Neftçala, Saatlı, Sumqayıt, Şəki) həyata
keçirilir. Proqramda toplam 30 ixtisas tədris olunur.
2024-2025-cü tədris ilində yüksək texniki peşə
təhsili səviyyəsində 19 ixtisas üzrə tələbə
qəbulu həyata keçirilib və 2453 nəfər tələbə
adını qazanıb.
2024-cü ildə bu peşə təhsili səviyyəsindən
məzun olan 281 nəfərdən 148-i (52.7 faiz) ali təhsil
müəssisəsinə imtahansız qəbul olub.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.23.