"Mən, mətbuatı xalqın
yüksəlişinin ən güclü vasitəsi
sayıram..."
Azərbaycanın ən tanınmış sahibkar və
xeyriyyəçilərindən olan Hacı Zeynalabdin
Tağıyevin tərcümeyi-halından bəllidir ki, o, təhsil
almamışdı, yazıb-oxumağı bacarmırdı.
H.Z.Tağıyev təhsilli olmasa da, həmişə öz
xalqının maariflənməsinə böyük diqqət
yetirirdi. Hacının bu sahədə fəaliyyətini
"Kaspi" qəzetinin redaktoru Əlimərdan bəy
Topçubaşov belə xarakterizə edirdi: "Təhsilin
qatı tərəfdarı olan H.Z.Tağıyev onunla maarif məsələləri
ilə əlaqədar təmasda olanların hamısını
təəccübləndirir. Heç bir təhsil almayan bu
şəxsin fitri zəkası maarifin böyük qüdrətinə
inam və əminlik enerjisi ilə doludur".
Maraqlıdır, bəs H.Z.Tağıyev öz
pullarını təhsil, maarif, mədəniyyət yolunda ianə
etmək qərarına nədən sonra gəlib? 1920-ci illərdə
Mərdəkanda kənd icraiyyə komitəsinin (müasir dildə
desək, icra hakimiyyətinin) sədr müavini olmuş Eldar
Əliyevin 1957-ci ildə qələmə aldığı
memuarına nəzər salaq: "Bir gün söhbət etmək
üçün Hacının yanına getmişdim. Hacı
öz xatirələrini mənə belə nəql etdi:
"Keçmişdə - çar hökuməti zamanında
Qafqaz müsəlmanları adından məni çarın
yanına nümayəndə göndərmişdilər. Bu
vaxt məndən başqa, digər xalqların da nümayəndələri
gəlmişdilər. Mən çarın yanına Avropa
libasında yox, öz milli libasımda getmişdim. Mən o
vaxta qədər hələ Avropa libası geyinməmişdim.
Çarın yanına girərkən məruzəçi
söylədi ki, bu şəxs Qafqaz müsəlmanlarının
nümayəndəsidir. Çar mənə çox pis
gözlə baxdı və yanındakına dedi ki, bu millət
vəhşi millətdir, onlara çox sərbəstlik vermək
olmaz. Çarın məni o cür qarşılaması və
xalqıma vəhşi nəzərlə baxması mənə
çox pis təsir elədi, çünki mənim xalqım
vəhşi yox, geridəqalmış xalq idi. Ona görə də
mən çarın yanından qayıdandan sonra
xalqımın mədəniyyətdə geri qalmasını
düşünərək nə cür olursa olsun xalqıma
xidmət etməyə başladım. Məsələn, teatr,
məktəb açdım". Bu hadisəni
yazıçı Manaf Süleymanov Soltanməcid Qənizadəyə
istinadən bir qədər fərqli versiyada təsvir edib. S.Qənizadə
H.Z.Tağıyevin çarla görüşünü belə
nəql edir: "III Aleksandr taxta çıxıb
tacgüzarlıq etdikdə Zaqafqaziya müsəlmanları tərəfindən
Hacı Zeynalabdin Tağıyev Peterburqa nümayəndə
göndərilmişdi. Mərasim zamanı Nazirlər Soveti sədri
çarın sağ tərəfində dayanıb, gələnləri
bir-bir ona təqdim edirmiş. Hacı Zeynalabdin müsəlman
libasında - əynində arxalıq, üstündə
çuxa, ayağında şirazi çarıq, əlində
dəsmal, duz, çörək çara yaxınlaşanda
Nazirlər Soveti sədri Tağıyevin başa düşməyəcəyini
güman edərək deyir: “Ваше величество, это представитель дикого
народа (Əlahəzrət, bu vəhşi xalqın nümayəndəsidir)".
Tağıyev deyir: “Мы не дикие, мой народ не дикий, он имеет богатую,
многовековую свою историю” (Biz vəhşi deyilik, mənim xalqım
vəhşi deyil, o, çoxəsrlik zəngin tarixə
malikdir)". Fərqli təsvirlərə baxmayaraq, hadisənin
1883-cü ildə baş verdiyi aydın olur, çünki
Rusiya imperatoru III Aleksandrın tacqoyma mərasimi həmin ilin
may ayında keçirilib. Eldar Əliyevin xatirələrinə
inansaq, məhz imperatorun öz təbəəsinə
yuxarıdan-aşağı baxması H.Z.Tağıyevi
xalqının tərəqqisi haqqında düşünməyə,
həm də bunun üçün əməli işlər
görməyə vadar edib.
“İqbal” qəzetində Hacı Zeynalabdin
Tağıyevə həsr olunmuş məqalə.
H.Z.Tağıyevin maarifçilik fəaliyyətinin
mühüm qolunu mətbuata dəstək təşkil edirdi.
Mətbuatı xalqın mənəvi-maarif və iqtisadi cəhətdən
yüksəlişinin güclü vasitələrindən biri
kimi görən H.Z.Tağıyev qəzetlərə maddi
yardım göstərməyi özünün mənəvi
borcu sayırdı. 1897-ci ilin yanvarında H.Z.Tağıyev
Bakıda rus dilində çıxan "Kaspi" qəzetini
satın aldı, bir müddət sonra isə
Ə.Topçubaşovu qəzetin redaktoru təyin etdi, milli
ziyalıları qəzetin ətrafına topladı. Həmin
vaxtdan etibarən "Kaspi" Azərbaycan ictimai-siyasi fikrinin
əsas tribunasına çevrildi, qəzetin səhifələrində
müsəlman xalqlarının problemləri, maarif, dil məsələləri
müzakirə olunurdu. Rus dilində çıxmasına
baxmayaraq, qəzetdə milli məfkurə məsələlərinə
geniş yer verilir, Azərbaycanın ictimai-siyasi, iqtisadi və
mədəni həyatının bütün sahələri
işıqlandırılırdı. Təsadüfi deyil ki,
Haşım bəy Vəzirov qəzetin məhz bu keyfiyyətlərini
və milli ictimai fikir üçün əhəmiyyətini nəzərə
alaraq Hacını "Kaspi" qəzetəsini ermənilərin,
rusların çəngindən qurtarıb müsəlman əlinə
salan" adlandırırdı. Dövrün qabaqcıl fikir adamları:
Həsən bəy Zərdabi, Əhməd bəy
Ağaoğlu, Əli bəy Hüseynzadə, Firidun bəy
Köçərli və başqaları "Kaspi" ilə
yaxından əməkdaşlıq edirdilər.
H.Z.Tağıyev rus dilində çıxan "Bakı ticarət-sənaye
vərəqi"ni də maliyyələşdirirdi. 1898-ci ildə
aid məlumatlarda o, həmin qəzetin naşiri kimi göstərilib.
1905-ci ildə isə Bakıda Əlimərdan bəy
Topçubaşovun naşirliyi, Əhməd bəy
Ağaoğlunun və Əli bəy Hüseynzadənin
redaktorluğu ilə Azərbaycan türkcəsində "Həyat"
qəzeti işıq üzü gördü və qəzetin
sponsoru yenə də H.Z.Tağıyev oldu. 1906-1907-ci illərdə
Ə.Hüseynzadənin redaktorluğu altında çıxan
"Füyuzat" jurnalı, 1907-1908-ci illərdə
Haşım bəy Vəzirovun redaktorluğu ilə
çıxan "Tazə həyat", 1911-1912-ci illərdə
Qara bəy Qarabəyovun redaktorluğu ilə çıxan
"Haqq yolu" qəzetləri də H.Z.Tağıyevin maddi
köməyi ilə nəşr olunurdu.
Bu nəşrlər arasında ən
uzunömürlü "Kaspi" idi, o, 1919-cu ilə qədər
nəşr olundu. "Həyat" cəmi 1 il
çıxandan sonra fəaliyyətini dayandırdı,
"Tazə həyat" isə İran inqilabına həsr
olunmuş yazılara görə Rusiya hökuməti tərəfindən
bağlandı.
"Füyuzat"ın bağlanması isə
Osmanlı sultanı II Əbdülhəmidin
narazılığı ilə əlaqələndirilir.
Jurnalın səhifələrində konstitusiya quruluşunu,
azad cəmiyyəti təbliğ, eləcə də
istibdadı tənqid edən yazıların çap
olunması və belə bir dərginin ölkə ərazisində
yayılması Osmanlı hökumətini narahat edirdi.
Artıq 1906-cı il noyabrın 26-da jurnalın ilk nömrəsi
Türkiyə ərazisinə daxil olanda Poçt və Teleqraf
Nazirliyi Xarici İşlər Nazirliyinə yazmışdı
ki, "Bakıda Zeynalabdin namında bir şəxs tərəfindən
müzirr [zərərli]" bir jurnalın Osmanlı dövlətinə
gətirilməsinə icazə verilməməlidir. Dos. Dr.
Mehdi Gəncəli və araşdırmaçı Nihad Nəsirzadə
bu sənədi təhlil edərkən maraqlı məqama
toxunurlar. Onlar "Füyuzat"a münasibətdə
Osmanlı rəsmi dairələrinin məhz
H.Z.Tağıyevin adına önəm verməsinə diqqət
çəkərək, əslində, onun jurnalın imtiyaz
sahibi, Osmanlı hökumətini narahat edən məqalələr
müəllifinin isə baş redaktor Ə.Hüseynzadə
olduğunu vurğulayırlar. Müəlliflərin haqlı
fikrinə görə, yazılardan məsul olmayan Hacı
Zeynalabdin Tağıyev Osmanlı idarələrində
artıq istənilməyən bir şəxs olaraq qeydə
alınmışdı, bu da başqa bir məsələnin həllinə
əngəl yaratmışdı. Belə ki, 1906-cı ilin
noyabrında Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin
sədri H.Z.Tağıyevin imzası ilə Bakıdan 3 tələbənin
İstanbula oxumağa göndərilməsi barədə məktuba
mənfi cavab gəlmiş və onların Beyrutda təhsil
almaları təklif olunmuşdu.
“Kaspi” qəzetinin Hacı Zeynalabdin Tağıyevin sərəncamına
keçməsi haqqında sənəd.
Görünür, bu gərginliyi bir qədər
yumşaltmaq məqsədilə H.Z.Tağıyev 1907-ci ildə
Yusif Ziya Talıbzadəni Osmanlı sarayına göndərmək
qərarına gəldi. 1907-ci il avqustun 19-da Sultan II
Əbdülhəmid Y.Z.Talıbzadəni qəbul etdi.
Talıbzadə Osmanlı hökmdarına H.Z.Tağıyevin
azərbaycancaya tərcümə etdirdiyi Quran təfsirini
bağışladı. Bu görüşün nəticəsi
olaraq II Əbdülhəmid H.Z.Tağıyevi I dərəcəli,
Y.Z.Talıbzadəni isə III dərəcəli "Məcidiyyə"
ordeni ilə təltif etdi.
Lakin bu səfərin başqa bir nəticəsi də
oldu. Y.Z.Talıbzadə Bakıya döndükdən sonra
H.Z.Tağıyev "Füyuzat"ın nəşrini
dayandırdı. Jurnalın 24 oktyabr 1907-ci il tarixli 31-ci
sayında sahibi-imtiyaz H.Z.Tağıyev tərəfindən
verilən elanda yazılmışdı: "Bəzi səbəblərə
görə "Füyuzat" müvəqqəti olaraq 32-ci
nömrəsindən tətil edəcəkdir". Jurnalın
bağlanması ilə bağlı dövri mətbuatda belə
bir yazı işıq üzü görmüşdü:
"Türkiyə sultanı Əbdülhəmidin taxta
çıxmasının 32-ci ildönümündə
"Füyuzat" məcmuəsinin imtiyaz sahibi
H.Z.Tağıyev Məhəmməd Kərim Ağanın azəri
türkcəsinə tərcümə etdiyi Quranı altın
cildə cildləyərək Mirzə Yusif Talıbzadə ilə
Sultan Əbdülhəmidə hədiyyə göndərir.
Hökmdar hədiyyəni alarkən ona deyir: "Bir şey
anlamıram. Hacı Zeynalabdin bəy məcmuəsində məni
həcv edər, sonra da hədiyyə göndərər".
O zaman Bakıda çıxan "Şəlalə",
"Molla Nəsrəddin" jurnalları da
"Füyuzat"ın nəşrinin
dayandırılmasını bilavasitə Y.Z.Talıbzadənin
İstanbula səfəri ilə əlaqələndirirdi.
Lakin professor Minaxanım Əsədli öz tədqiqatında
bu versiyanı təkzib edərək Y.Z.Talıbzadənin
qardaşı şair, maarifçi Abdulla Şaiqin xatirələrinə
və arxiv sənədlərinə istinadən yazır ki,
"Füyuzat"ın bağlanması nəşriyyatdaxili
mübahisələr zəminində baş verib. İstanbuldan
Bakıya qayıtdıqdan sonra ona qarşı səslənən
ittihamlardan mütəəssir olan Y.Z.Talıbzadə 1907-ci
ilin noyabrında yoldaşlıq məhkəməsi
çağırır. Burada aydın olur ki, Ə.Hüseynzadə
ilə jurnalın idarə işlərinə baxan Həsənağa
Həsənov arasındakı qalmaqaldan cana doyan
H.Z.Tağıyev "Füyuzat"ı bağlamaq qərarına
gəlib.
Osmanlı hökumətinin məcmuə ilə
bağlı narazılığı vardı, Y.Z.Talıbzadənin
İstanbula səfəri və sultanla görüşməsi
redaksiyadaxili problemlərlə üst-üstə
düşmüşdü və bütün bunlar jurnalın
siyasi səbəblərə görə bağlanması
haqqında şayiələrin yaranmasına gətirib
çıxarmışdı. Ola bilsin, H.Z.Tağıyev hər
iki səbəbi əsaslı bilərək
"Füyuzat"ın nəşrini dayandırmağı ən
doğru qərar hesab etmişdi.
Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi
“Füyuzat” jurnalının saylarından biri.
H.Z.Tağıyevin dəstək göstərdiyi mətbu
orqanlarından biri də "Dəbistan" uşaq
jurnalı idi. XX əsrin əvvəlində Bakıda
çıxan "Dəbistan" jurnalının əməkdaşı
olmuş Əliabbas Rzayevin 1956-cı ildə yazdığı
memuar xeyriyyəçinin mətbuata verdiyi dəyər barədə
maraqlı faktlarla zəngindir: "Təxminən 1906-1907-ci
illərdə mən "Dəbistan" uşaq
jurnalının redaksiyasında işləyirdim. Bir gün
redaksiyanın eyvanında oturarkən (redaksiya Tağıyev
pasajında - indiki Bakı univermağında yerləşirdi)
mənə molla qiyafəsində bir nəfər
yaxınlaşdı. Sonradan məlum oldu ki, bu, Bakıya -
müsəlman müəllimlərinin qurultayına gələn
və qurultayın ünvanını öyrənmək istəyən
Lənkəran məktəbinin şəriət müəllimi
Molla Əli Məhəmməddir. Söhbət elədiyimiz
anda Hacı Zeynalabdin Tağıyev pasajın pilləkənləri
ilə rəhbərlik etdiyi "Kaspi" sığorta cəmiyyətinə
qalxırdı (cəmiyyətin kontoru redaksiyanın
yaxınlığındakı otaqda yerləşirdi). Bizə
yaxınlaşan Hacı soruşdu: "Bura nə
kontordur?" Mən deyəndə ki, bura "Dəbistan"ın
redaksiyasıdır, Hacı içəri daxil oldu və təklif
etdiyim stulda əyləşdi. Hacı jurnalın vəziyyəti
haqqında soruşdu. Mən ona danışdım ki, abunəçilər
çox azdır, redaksiya ziyanla işləyir və buna
görə naşirlər Əlisgəndər Cəfərov və
Məmmədhəsən Əfəndiyev jurnalın nəşrini
dayandırmaq istəyirlər; mən də xərcləri
azaltmaq üçün dərsdənkənar vaxtımda (o
zaman Bakı şəhər altısinifli Aleksey məktəbində
[Bakı orta texniki məktəb] oxuyurdum) könüllü olaraq
və pulsuz redaksiyada kontor müdiri, qarovulçu və şəhər
abunəçilərinə jurnal paylayan işləməyi
üzərimə götürdüm; bununla da jurnal
üçün 3 vəzifənin maaşına qənaət
etdim; naşirlər "Dəbistan" jurnalının nəşrini
müvəqqəti olaraq davam etdirməyə razılaşdılar.
Hacı mənim xeyirxah əməlimi çox təriflədi
və dövri mətbuatın, xüsusən də,
uşaqlarımız üçün jurnalın xeyri barədə
xeyli xoş söz deyərək, dərhal mənə abunə
qəbzlərini doldurmağı tapşırdı. Mən
Hacıdan onun Aleksandra qız məktəbi üçün
12, şəhər rus-türk məktəbləri
üçün isə 5, 6, 7 nüsxəyə abunəni
aldım. Ümumiyyətlə, o, jurnalın 50 nüsxəsinə
abunə yazıldı və naşir-redaktor Cəfərova
bunları çatdırmağı tapşırdı. Dedi ki,
qoy Cəfərov qız məktəbinin qəbzlərini
ödəniş üçün mənim kontoruna, digər məktəblərin
qəbzlərini isə şəhər
başçısına təqdim etsin, ikinci qəbzlərin
ödənişindən imtina olunduğu təqdirdə onlar
da mənim kontoruma təqdim olunsun. Bundan başqa, Hacı mənə
naşir-redaktorlara ruhdan düşməməyi, xeyirxah işlərini
davam etdirməyi və çətin məqamda onlardan öz
köməyini əsirgəməyəcəyini
çatdırmağı tapşırdı. Bu xəbərləri
eşidən naşir-redaktorların
şadyanalığını görmək lazım idi!"
Qeyd edim ki, dövri mətbuata maddi yardım göstərməklə
yanaşı, H.Z.Tağıyev qəzetlərdə dərc
olunan materialları da diqqətlə izləyirdi. N.Nərimanov
yazır ki, o hər gün dörd saat özünü gələn
ziyarətçilərdən asudə edib türk, fars, ərəb,
rus, fransız dillərində çıxan qəzet və
jurnalları oxutdurur, oxuyan mirzələrə diqqətlə
qulaq asıb lazım olan yerdə öz rəyini bildirirdi. Mirzə
Sadıq Qafqaz, İran, Hindistan və Osmanlıda türk, fars,
ərəb dillərində, fransız Kadusli isə rus və
fransız qəzetlərində çıxan məqalələri
oxuyub tərcümə edirdilər. Onlar Hacının diqqətini
ən çox ümumi mənafeyə dair mətləblərə,
məsələn, xeyriyyə cəmiyyətlərinin və məktəblərin
təsisi, mehmanxanaların və xəstəxanaların tikilməsi
kimi məsələlərə yönəldirdilər. N.Nərimanovun
sözlərinə görə, Hacının zəkası və
yaddaşı çox güclü olduğundan o, hər mətləbi
hansı qəzetdə və nə vaxt oxuduğunu xatirəsində
saxlayırdı.
Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi
“Həyat” qəzetinin ilk sayı.
A.Şaiq H.Z.Tağıyevin mətbuatda
yazılanları diqqətlə izləməsi haqqında
yazırdı: "Hacı yazı-pozu bilməzdi, öz
imzasını yazmağı ancaq öyrənmişdi. Ancaq hər
gün Abdullayev Mirzə Sadıq ona rus və Azərbaycan dillərində
çıxan qəzetləri oxuyurdu. Söhbət əsnasında
Hacı həmişə deyirdi: "Bu gün qəzetdə
oxumuşam ki..."
Ancaq H.Z.Tağıyevin vəsaiti hesabına qəzetlər
təkcə Bakıda nəşr olunmurdu. 1900-1906-cı illərdə
o, İranda nəşr olunan "Müzəffər" və
"Gilan" qəzetlərini, Dağıstanda çıxan
ilk ictimai-siyasi jurnal - "Tanq çolpan"ı maliyyələşdirmişdi.
İranda çıxan "Tərbiyəçi" qəzetinə
maddi yardım göstərərək həmin qəzetin həcmini
bir səhifə artırmağı məsləhət
görmüş və səhifənin nəşr xərclərini
öz üzərinə götürmüşdü.
Türk dünyasının böyük fikir adamı
İsmayıl bəy Qaspıralının Bağçasarayda
nəşr etdirdiyi "Tərcüman" qəzetinin
yayılmasına yardımçı olan H.Z.Tağıyev onun
Qafqazdakı abunə haqqını ödəyirdi. O,
1893-cü ildə qəzetin 10 illik yubileyi münasibətilə
500 rubl, 1901-1903-cü illərdə isə 3000 rubl ianə
etmişdi. İ.Qaspıralı 1893-cü ildə Bakıdan
Bağçasaraya qayıtdıqdan sonra dərc etdirdiyi
oçerkdə H.Z.Tağıyevi belə təsvir etmişdi:
"Hacı dedikdə ağarmış saqqal, çalma, uzun
xalat və ya arxalıq təsəvvürə gəlir. Mənə
də belə gəlirdi, amma cənab Tağıyevin
simasında ziyalı, mətanətli və gümrah,
başını ənənəvi çalma əvəzinə
xeyirli fikirlər bəzəyən, xalatını isə
xeyirli işlər əvəzləyən adamı görmək
çox xoş oldu. Mənə təkmil texnika və
mexanikanı tətbiq etməklə nəhəng və
ağır işi uğurla idarə edən "hacı"
görmək hələ nəsib olmamışdı".
Hindistanın Kəlküttə şəhərində
çıxan tərəqqipərvər "Həblu-l-mətin"
qəzetinə maddi yardım göstərən
H.Z.Tağıyev qəzetin abunə haqqını ödəyərək
onu müxtəlif ölkələrin alimləri arasında
yayırdı. Arxiv sənədləri arasında 1902-ci ilin
martında həmin qəzetə "savadı yaymaq
üçün" 5310 rubl ianə edilməsi haqqında məlumat
var.
Xeyriyyəçi həmçinin 1911-ci ildən etibarən
qırğız dilində nəşr olunan
"Qazaxıstan" qəzetinə 1000 rubl ianə edib. Azərbaycanlı
jurnalist Ağahüseyn Şükürov qazax professoru
Sağımbay Jumaqulun tədqiqatına istinadən qeyd edir ki,
"Qazaxıstan" qəzetinin təsisçisi Şangerey
Bokeyulı (Bokeyev) nəşrin maliyyələşdirilməsində
çətinliklər yarandığı üçün 2 nəfəri
Bakıya - H.Z.Tağıyevin yanına göndərmişdi;
onlardan biri - qazax yazıçısı Qumar Karaş
"Qazaxıstan" qəzetində nəşr edilmiş
"Bakı" oçerkində Hacı ilə
görüşü belə təsvir edir: "1911-ci il
mayın əvvəlində xalq arasında müzakirələrdən
sonra qəbul edilmiş qərara əsasən və
"Qazaxıstan" qəzetini ayaq üstə saxlamaq məqsədilə
biz Allahın mərhəmətinə güvənərək
Bakıda yaşayan Hacı Zeynalabdin Tağıyevlə
görüşməkçün yola düşdük.
Əksəriyyət məqsədimizin boşa
çıxacağını söyləyirdi, amma bilirdik ki,
bizə ürəkdən uğurlu səfər arzulayan və
məqsədimizə çatmağımız üçün
dua edən insanlar da var. Allah bu duaları eşitdi və
Hacı bizim istəyimizi yerinə yetirdi.
"Qazaxıstan"a 1000 rubl ianə verdi. Səmimi
arzularını bir ata kimi ifadə edərək bizə
müqəddəs Quran kitabının 3 nüsxəsini hədiyyə
etdi. Vidalaşarkən kövrələrək söylədi:
"Məndən bütün qazaxlara salam söyləyin. Sərvət
mənə deyil, xalqa, millətə məxsusdur".
Q.Karaşın məqaləsindən həm də bəlli
olur ki, onların H.Z.Tağıyevlə görüşünə
Əlimərdan bəy Topçubaşov vəsilə
olmuşdu. Hacının ianəsi dəfələrlə
"Qazaxıstan" qəzetinin səhifələrində
minnətdarlıqla xatırlanır, həmçinin bir
örnək kimi təbliğ olunurdu. Məsələn, 1912-ci
ildə qəzetdə belə bir yazı getmişdi:
"Keçən il Uralskda "Qazaxıstan" qəzeti
çıxanda bakılı Zeynalabdin Tağıyev 1000 rubl
verərək bizə köməklik göstərdi. Bundan xəbər
tutan, şüuru və şərəfi olan, damarlarından
qazax qanı axan qazad ağalar utanmalıdırlar.
Böyük mal-qara sürüləri, var-dövlətləri
olsa da, belə nəcib işlər üçün 5-10 rubl
verə bilmirlər. Amma hansısa bir çərkəz
[qafqazlı] düşünmədən 1000 rubl bağışlayır".
XX əsrin əvvəllərində Haşım bəy
Vəzirov "Tazə həyat" qəzetində
yazmışdı ki, Hacı Zeynalabdin Tağıyevin müsəlman
milləti üçün etdiyi xidmətlərini durub burada
bir-bir saymaq fikrinə düşsək, heç olmasa bir ay qəzetəmizi
ancaq elə bu təfsilat ilə doldurarıq, ancaq
hamısını deyə bilmərik. Həqiqətən də,
bu belədir. İstər Azərbaycanda, istər xaricdə həm
müsəlmanların, həm də digər xalqların həyatında
baş verən bir çox mühüm ictimai və xeyriyyə
işlərində hər zaman H.Z.Tağıyevin adına, ianəsinə
və dəstəyinə rast gəlmək olur.
REDAKSİYADAN: Məqalə müəllifin "Səxavət
dünyasının sərvəri" kitabındakı
(Bakı: TEAS Press Nəşriyyat Evi, 2024) materiallar əsasında
hazırlanıb.
Fərhad Cabbarov Tarixi elmləri doktoru
525-ci qəzet .- 2025.- 11 yanvar(№5).- S.20-21.