20 Yanvar - hüzn və qürurun
qovuşduğu məqam
İllərdən bəridir ki, 20 Yanvar faciəsi qəlbimizi
göynədir, ürəyimizi ağrıdır. O qanlı
günlərdə xalqımızın övladlarına
atılan güllələrin yeri, ruhumuzda açılan
yaralar sağalmaq bilmir. Mənfur sovet imperiyasının başımıza gətirdiyi bu
qanlı faciənin üstündən illər karvanını
sürüb keçsə də, xalqımız
azadlığı uğrunda şəhid olan oğul və
qızlarını heç vaxt unutmur. Daim onların xatirəsini ehtiramla yad edir, hörmətlə
anırıq. Ağrı-acılarını
yaşadığımız bu qanlı hadisənin
ildönümlərində yüzlərlə, minlərlə
insan faciənin qurbanlarının xatirəsini yad etmək
üçün əllərində gül dəstələri
kövrək addımlarla Şəhidlər xiyabanına
üz tutur.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən
gecə ölkəmizin paytaxtı Bakı şəhərində
Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri
baş verdi. Sovet ordusunun növbənöv hərbi
texnikaları və ən müasir silahları ilə təchiz
olunmuş xüsusi bölmələri bir neçə istiqamətdən
ölkəmizin paytaxtı üzərinə hücuma keçərək
əliyalın şəhər sakinlərini gülləbaran
etdi. Heç kimə mərhəmət göstərmədən
günahsız dinc əhalini tankların tırtılları
altına salıb əzdilər. Xalqımıza qarşı
qanlı qətliam törədildi. Yaşamaq-yaratmaq arzusunda
olan neçə-neçə insanın həyat yolu bir gecənin
içində qırıldı. Baxan gözlər qan
ağlayır, ürəklər hiddətlə
döyünürdü.
Həmin gecə şəhidlik zirvəsinə yüksələnlərin
sayı məlum olanda müsibətin
ağırlığı daha da artdı. Dəhşətli
20 Yanvar gecəsində Bakıda, həmçinin müxtəlif
rayonlarda keçmiş imperiya əsgərləri tərəfindən
132 nəfər qətlə yetirildi. 700 nəfərdən
çox vətəndaş ağır yaralandı və
müxtəlif dərəcəli bədən xəsarəti
aldı. 12 nəfər itkin düşdü. Şəhid
olanlardan 123-ü kişi, 5-i qadın, 4-ü isə uşaq
idi. Bu qanlı faciədə təkcə azərbaycanlılar
deyil, şəhərimizdə yaşayan başqa millətlərin
nümayəndələri də əsgərlərin
atdığı güllələrə tuş gəlmişdilər.
Qeydə alınan 700-dən çox yaralının
25-i qadın, 20-si azyaşlı uşaq idi. Ürək
dağlayan bu ağrılı faktlarla yaxından tanış
olduqca bir daha aydın görünür ki, şəhərimizə
soxulmuş imperiya əsgərləri nə qadınlara, nə
də azyaşlı uşaqlara aman vermiş, hamını
güllə yağışına tutmuşdular.
Dünyanın heç bir yerində, heç bir müharibəsində
təcili yardım maşınları atəşə
tutulmayıb, həkimlər öldürülməyib. Amma
qansız, insani hisslərdən məhrum olmuş sovet əsgərləri
o gecə həkimlərə də atəş
açmışdılar.
35 il bundan əvvəl soyuq bir qış günündə
baş vermiş 20 Yanvar faciəsi xalqımızın tarixində
qəhrəmanlıq səhifəsi kimi qalacaq. Həmin
günü, həmin anı bütün azərbaycanlılar -
həm indiki, həm də gələcək nəsillər həmişə
iftixar və qürurla xatırlayacaqlar. Çünki Azərbaycan
xalqının cəsur oğul və qızları o gecə
qanları ilə qəhrəmanlıq salnaməsi yazdılar.
Biz bu şanlı tarixin səhifələrindən müstəqillik
uğrunda mübarizə aparmağın yollarını
öyrənirik. Qorxmadan, böyük cəsarətlə o
şəhidlərin yarımçıq qalmış həyat
və mübarizə yolunu davam etdirməkdəyik.
20 Yanvar ölkəmizdə Ümumxalq Hüzn
günü kimi qeyd edilir. Müqəddəs ziyarətgaha
çevrilmiş, and yerimiz olan Şəhidlər
xiyabanında "Əbədi məşəl" abidə-kompleksi
ucaldılıb. Gecə-gündüz yanan məşəl
sanki şəhidlərin ruhuna keşik çəkir, bizim
milli düşüncə və mücadilə yolumuzu
aydınladır.
İndi şəhidlərimizin ruhu şaddır.
Çünki onların uğrunda şəhid olduqları
müqəddəs amallar və arzular çiçək
açıb, bəhrə verib. Bu gün biz 44 günlük Vətən
müharibəsində erməni işğalçıları
üzərində Zəfər qazanmış, Qarabağı
azad, öz ərazi bütövlüyünü, suverenliyini bərpa
etmiş qalib bir ölkədə yaşayırıq.
Ruhunuz şad olsun, əziz şəhidlərimiz!
Reyhan TAHİRQIZI
525-ci qəzet .- 2025- 17 yanvar(№9).- S.16.