Dönüb keçmişinə baxsın Fransa...
Ədəbiyyatın cəmiyyətə, tarixə,
dünyaya təsirindən danışarkən belə bir
müqayisəyə çox rast gəlirik: "Bir
kimyaçı bir dərman hazırlayıb bütün bəşəriyyəti
xilas edə bilər, yüz ədəbiyyatçı birləşsə,
bir nəfəri xilas edə bilməz". Zaman-zaman bu fikirlə
razılaşanları və müdafiə edənləri
görürük. Ancaq bu fikri ilk və daha əsaslı təkzib
edən də elə tarixin özüdür. Bütün həqiqətləri
öz batinində dəmir sədaqətlə qoruyan tarixin toz
basmış səhifələrini vərəqləmək
kifayət edir ki, ədəbiyyatın, ədəbiyyatçıların
müxtəlif dövrlərdə fərqli cəmiyyətlərə,
ümumilikdə bəşəriyyətə təsirinin
şahidi olaq.
Məşhur fransız yazıçısı Emil
Zolya əsərləri ilə yanaşı, ictimai həyatda ədalətsizliyə
qarşı mövqeyi ilə də yadda qalan şəxsiyyətlərdəndir.
O, Fransa ordusunda xidmət edən zabit Dreyfusa yəhudi
olduğu üçün göstərilmiş ədalətsiz
münasibətə qarşı etiraz səsini yüksəldib,
çəkinmədən haqqın tərəfində durub.
XIX əsrin sonu - XX əsrin əvvəllərində
Fransa tarixində çox böyük iz buraxmış, o
dövrdəki Fransa cəmiyyətini
"dreyfusçular"a və "antidreyfusçular"a
bölmüş "Dreyfus işi" 1894-1906-cı illərdə
Fransa Ordusu Baş Qərargahının zabiti, əslən yəhudi
olan kapitan Alfred Dreyfusa qarşı "alman xüsusi xidmət
orqanlarının xeyrinə casusluq etməsi" ittihamı
üzərində qurulan məhkəmə prosesi və bu
proses ətrafında baş verən hadisələrdən ibarətdir.
Fransada çaxnaşmalı hüquqi mübahisələrə
səbəb olan Dreyfus hadisəsi Parisdəki alman səfirliyində
xadimə kimi çalışan, lakin həqiqətdə
fransız xüsusi xidmət orqanlarının casusu bir
qadının zibil qutusundan tapdığı imzasız məktubu
mərkəzə göndərməsilə başlayır.
Alman hərbi attaşesinə yazılan həmin məktubda
Fransaya aid məxfi məlumatların verilməsi vəd
edilirdi. Fransız Baş Qərargahının
başladığı axtarışlardan sonra xəttin
oxşarlığı arqument kimi götürülərək
şübhələr kapitan Alfred Dreyfus üzərində cəmlənir.
Zəngin yəhudi ailəsinin övladı olan Dreyfus
Fransadakı yəhudi düşmənçiliyinə
baxmayaraq, hərbi məktəbdəki uğurlarına görə
kapitan vəzifəsinə qədər yüksələ
bilmişdi.
Lakin bu qorxunc ittiham Dreyfusun həm şəxsi həyatının,
həm də hərbçi karyerasının sonunu gətirməkdə
idi. O, 15 oktyabr 1894-cü ildə həbs olunur. Bir ay davam edən
istintaq prosesində onun əleyhinə yeni dəlil tapılmasa
da, Dreyfus təqsirkar bilinir və ömürlük həbs cəzasına
məhkum edilərək cəzasını çəkmək
üçün Fransa Qvianasına, mərkəz Kayennadan 11 km
aralıda yerləşən Şeytan Adasına göndərilir.
1896-cı ildə yaşanan başqa bir hadisə
"Dreyfus iddiası"nı yenidən gündəmə gətirir.
Belə ki, alman səfirliyində çalışan xidmətçi
qadın alman zabitindən fransız mayor Esterhaziyə
ünvanlanan bir məktubun qaralamasını ələ
keçirir. Fransız gizli xidmətinin apardığı
istintaq nəticəsində, Dreyfusun təqsirləndirildiyi xəttin
əslində Esterhaziyə aid olduğu aşkara
çıxarılır. Bu zaman Dreyfusun həyat
yoldaşı da mətbuatın köməyi ilə bu hadisəni
yenidən gündəmə gətirir. Bütün bunlardan
sonra Baş Qərargah, Esterhazi haqqında iddia qaldırmaq məcburiyyətində
qalır. Lakin iki gün davam edən iddiadan sonra Esterhazi
yekdilliklə bəraət qazanır.
Bu ədalətsiz qərar yazıçı Emil
Zolyanı çox hiddətləndirir və o, böyük cəsarət
nümayiş etdirərək Fransa prezidenti Feliks Fora
ünvanlanmış "Mən ittiham edirəm"
başlıqlı açıq məktub yazır. 1898-ci ilin
13 yanvar günü "L'Aurore" qəzetinin baş səhifəsində
yayımlanan və ölkədə böyük səs-küyə
səbəb olan məqalə Dreyfus hadisəsində yeni mərhələ
açır. Zolya məktubunda Baş Qərargah rəisini və
digər yüksək rütbəli zabitləri vəzifələrini
sui-istifadə etməkdə və cəmiyyəti aldatmaqda
günahlandırırdı. Məktub
yayımlanar-yayımlanmaz, Akademiya üzvü bəzi
professorlar və ziyalılar Millət Məclisinə
Zolyanın məktubunu dəstəkləyən bəyanat
göndərirlər. Ordudan gələn təzyiqlərin də
təsiriylə Zolya əleyhinə iddia qaldırılır.
Zolyanın məhkumiyyətilə nəticələnən
iddiada vəkillər sözü həmişə Dreyfus hadisəsinə
gətirirdilər. Buna görə də iddia Dreyfusu müdafiə
edənlər baxımından müvəffəqiyyətlə
nəticələndi.
1898-ci ilin iyunundakı hökumət dəyişikliyindən
sonra Millət Məclisində Alfred Dreyfus haqqında gizli
fayldakı sənədlərin bəziləri
açıqlanır. Esterhazi haqqında istintaqı icra
etmiş zabit isə bu sənədlərin
saxtalığını isbat etməyə hazır olduğunu
bildirir. Həmin zabitin iddiasından sonrakı sorğuda cinayətini
boynuna alan Esterhazi göndərildiyi həbsxanada intihar edir.
Aylarla davam edən müzakirələrdən sonra
Dreyfus haqqında verilmiş olan qərar pozulsa da, o, Fransaya
geri gətirilərək hərbi-məhkəmədə yenidən
mühakimə olunur. Nəhayətində, bəzi
yüngülləşdirici səbəblər qəbul olunsa
belə, Dreyfus yenə də günahkar hesab edilir. Yeddi il sonra
1904-cü ildə məhkəmə müdafiə naziri, general
Andrenin istəyi ilə bu iddiaya yenidən baxır və
1906-cı ildə verilən qərarla Dreyfus bəraət
qazanır. Bu qərardan sonra onun 12 il əvvəl sökülən
nişanları elə həmin yerdə təntənəli mərasimlə
özünə qaytarılır və ona "Fəxri
Legion" ordeni verilir. Orduya geri qaytarılan Dreyfus Birinci
Dünya müharibəsində də xidmət edir.
Emil Zolyanın o qədər böyük,
qarışıq və Fransa üçün ibrətamiz bir
məhkəmə prosesinin gedişini dəyişən məktubunun
məzmunu belə idi:
"İttiham edirəm!"
(Fransa prezidentinə məktub)
Hörmətli Prezident!
Şahanə Müşfiq
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.13.