Azərbaycan -
Gürcüstan: dost ölkələr, etibarlı tərəfdaşlar
Azərbaycanla Gürcüstan arasında münasibətlər
yüksək səviyyədədir. Gürcüstan Azərbaycanın
ən yaxın qonşusu və strateji mütəffiqidir.
İki ölkə müxtəlif sahələrdə sıx əməkdaşlıq
edir. Tarixi bağlara, mehriban qonşuluq və dostluğa əsaslanan
münasibətlərin inkişaf dinamikası hər iki
dövlətin mənafeyinə və milli maraqlarına
uyğundur.
Ötən ilin oktyabrında Gürcüstanda
keçirilən parlament seçkilərində hakim
"Gürcü Arzusu" partiyası xalqın yekdil dəstəyi
ilə yenidən qələbə çaldı. Həm
seçki ərəfəsində, həm ondan sonra ölkədə
bəzi xarici dairələrin birbaşa müdaxiləsi ilə
arzuolunmaz proseslər baş versə də, həmin qüvvələr
öz məqsədlərinə çata bilmədilər.
Gürcüstan xalqı bu seçkilərdə öz gələcəyini,
milli dəyərlərini, tarixi irsini, təhlükəsizliyini
və inkişafını qorudu, səsinə sahib
çıxdı. Baş nazir İrakli Kobaxidzenin rəbərliyi
ilə hökumətin yenidən qurulması
Gürcüstanın kənar müdaxilələrdən
qorunmasına imkanı verdi.
Baş nazir İrakli Kobaxidze xaricə ilk rəsmi səfərini
Azərbaycana etməsi bir daha Tbilisinin Bakıya verdiyi önəmi,
münasibətlərin yüksək səviyyəsini göstərdi.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda
sülhün, təhlükəsizliyin, çiçəklənmənin
və inkişafın sütunlarıdır. Bu iki ölkə
regionda ənənəvi ailə dəyərlərini, milli mədəniyyəti,
ləyaqəti, tarixi irsi qoruyur. Azərbaycan və
Gürcüstanın liderlərinin və xalqlarının
müdrikliyi regionumuzu yad dəyərlərdən, qeyri-ənənəvi
meyllərdən və sorosçuların müdaxiləsindən
xilas etdi. Azərbaycan hər zaman Gürcüstanın
yanında olub, ona öz dəstəyini göstərib. Müəllifi
olduğu mühüm regional layihələri
Gücüstanın iştirakı ilə
reallaşdırıb.
Gürcüstanın Baş naziri son 10 ay ərzində
Azərbaycana üç dəfə səfər edib. Bu, iki
ölkənin əlaqələrinin xüsusi xarakterini,
münasibətlərin dərinliyini nümayiş etdirir.
Prezident İlham Əliyev Gürcüstanın Baş
naziri ilə görüşündə səfərin əhəmiyyətinə
diqqət çəkib: "Bu səfərin xüsusi əhəmiyyəti
var. Çünki Gürcüstanda keçirilmiş parlament
seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir.
Fürsətdən istifadə edərək, təmsil etdiyiniz
"Gürcü Arzusu" Partiyasının seçkilərdəki
qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə
təbrik edirəm və Sizə, bütün komandanıza
yeni uğurlar arzulayıram. Parlament seçkilərindən
sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz,
təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin
nə qədər yüksək səviyyədə
olmasından xəbər verir. Bu qərara görə Sizə
xüsusilə təşəkkürümü bildirmək istəyirəm".
Dövlət başçısı deyib ki,
xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq,
qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr
bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan
əlaqələri bütün istiqamətlər üzrə
uğurla inkişaf edir: "Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz
bütün qonşular üçün nümunə ola bilər.
İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan
Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə
qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin
uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi,
Gürcüstanda olan çox müsbət sərmayə iqlimi
bütün investorları həvəsləndirir. O cümlədən
Azərbaycan investorları da böyük həvəslə
Gürcüstana öz sərmayələrini qoyurlar".
Energetika sahəsində iki ölkə
arasındakı əməkdaşlığın həm
ölkələrimiz üçün, həm daha
böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət
daşıdığını söyləyən Prezident əlavə
edib ki, birgə həyata keçirdiyimiz neft-qaz layihələri
bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin
əsasını təşkil edir. Təkcə onu demək
kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan
hazırda 11 ölkəyə öz təbii qazını ixrac
edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard
kubmetrə çatıb, bunun 10 faizi Gürcüstanın
payına düşür. Gürcüstanın istehlak etdiyi təbii
qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə
malik olan layihədir və getdikcə qaz ixrac
coğrafiyamız genişlənəcək.
Təbii ki, layihələrin həyata keçirilməsi,
inkişaf, tərəqqi üçün stabil Cənubi
Qafqazın olması çox mühümdür. Dövlət
başçısı məhz bu məqamın əhəmiyyətinə
toxunaraq deyib ki, "Gürcü Arzusu" partiyasının qələbəsi
bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit
region olması üçün xüsusi əhəmiyyət
daşıyır.
Öz növbəsində İrakli Koxibadze deyib ki, Cənubi
Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna
əhəmiyyətə malikdir, bu sabitliyi təmin etmək
üçün maksimum səy göstərməyə
hazırıq.
Baş nazir münasibətlərdə iqtisadi aspektin
vacibliyinə toxunub, həyata keçirilən layihələrin
strateji və iqtisadi əhəmiyyətini vurğulayıb:
"İqtisadi-ticari sahə çox vacibdir və biz çox
məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas
ticarət tərəfdaşı sırasındadır. Bizim tərəfdaşlığımız
daha da dərinləşdirilməlidir. Bizim güclü təməllər
üzərində qurulmuş əməkdaşlığımız,
tarixi münasibətlərimiz və
qardaşlığımız var. Xalqlarımız
qarşısında da bunu bəyan etmək istəyirəm ki,
biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək
əzmindəyik və Gürcüstan tərəfi bunun
üçün səylərini əsirgəməyəcək".
Hökumət rəhbəri bildirib ki, Azərbaycan
Respublikası bizim üçün təkcə dəyərli
dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş
və qardaş ölkədir: "Bu bağların dərinləşdirilməsi
bizim marağımızdadır və biz bu münasibətlərə
böyük əhəmiyyət veririk".
Milli Məclisin Təbii ehtiyatlar, energetika və
ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım
"525"ə deyib ki, Azərbaycan qonşu ölkələrlə
əməkdaşlığın genişləndirilməsinə
böyük önəm verir. Ölkəmizin sıx partnyorluq
və strateji tərəfdaşlıq münasibətləri
qurduğu qonşu dövlətlərdən biri də
Gürcüstandır. Bu günlərdə
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana
səfəri əlaqələrin daha da inkişafı
baxımından böyük əhəmiyyət kəsb edir.
Deputat bildirib ki, Azərbaycanın artan iqtisadi
imkanları, yerləşdiyi əlverişli coğrafi
mövqeyindən maksimum şəkildə səmərəli
faydalanmaq bacarığı, beynəlxalq aləmə
inteqrasiyası onun qonşuları ilə əlaqələrinə
də müsbət təsir göstərib: "Azərbaycanın
qonşu ölkələrlə bağlı siyasətində
Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət
kəsb edir. Belə ki, Azərbaycan öz enerji
resurslarının Avropa bazarlarına
çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə
gedən yüklərin daşınmasında Gürcüstan
mühüm tranzit rol oynayır. Azərbaycanla
Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm
də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan
dostluğunun çox qədim tarixi var və bu iki ölkə
təkcə qonşu və dost deyil, həm də mühüm
strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan
arasında enerji sektorunda nümunəvi əməkdaşlıq
münasibətləri formalaşıb. Mətbuata birgə bəyanat
zamanı cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan
öz təbii qazını Gürcüstan vasitəsilə 11
ölkəyə ixrac edir. Bu ixracın həcmi ötən il
25 milyard kubmetr təşkil edib. Gürcüstanın da təbii
qazla təminatında ölkəmiz müstəsna rol
oynayır. Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin
nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti
də iki ölkə arasında sıx əməkdaşlığın
göstəricisidir. Cənub Qaz Dəhlizinin
reallaşdırılmasında da ölkələrimizin
qarşılıqlı səyləri mühüm rol
oynayır. Bununla belə, yeni layihələrin icrası da nəzərdə
tutulur. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da
Gürcüstan və Azərbaycan digər ölkələrlə
bərabər, çox böyük və genişmiqyaslı
layihənin icrasına başlayıb. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi,
Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr
yaşıl enerji layihəsi üçün örnək
olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə
icra ediləcək. Çünki həm Gürcüstanın,
həm Azərbaycanın çox böyük bərpaolunan
enerji potensialı var.
Millət vəkilinin sözlərinə görə,
Azərbaycan və Gürcüstan bir çox sahələr
üzrə fəal əməkdaşlıq edir: "Həm
beynəlxalq təşkilatlar çərçivəsində,
həm də ikitərəfli formatda daim bir-birimizi dəstəkləyirik.
Münasibətlərin hazırkı yüksək səviyyəsi
isə tarixi ənənələrə söykənir. Əsrlər
boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban
qonşuluq şəraitində yaşamışlar.
Bugünkü dövlətlərarası əlaqələr də
bu möhkəm təməl üzərində qurulub. Hər
iki ölkə bir-birinin ərazi bütövlüyünü
dəstəkləyir. Azərbaycan və Gürcüstan Cənubi
Qafqazda sülh və əməkdaşlığın təmin
olunmasının tərəfdarıdır. Bu baxımdan,
bölgədəki məsələlərin məhz bölgə
ölkələri tərəfindən həll olunmasına
maraqlıdırlar".
Fatma Yıldırım qeyd edib ki, iki ölkə
arasındakı siyasi dialoqun yüksək dinamizminə
uyğun olaraq tərəflərin maraqlarına cavab verən
iqtisadi əlaqələr də yüksələn xətlə
inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki
əlverişli investisiya mühitindən bəhrələnərək
tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə
məmnuniyyətlə böyük həcmlərdə sərmayələr
yönəldirlər.
Pərvanə
525-ci qəzet.- 2025.- 23 yanvar(№12).- S.5.