Dövlətin gənclər siyasəti:
gəncliyin inkişafında həlledici amil
"Gənclər siyasəti haqqında" Azərbaycan
Respublikası Qanununa dəyişiliklər və əlavələr
edilməsi haqqında" 5 may 2007-ci il tarixli Qanuna əsasən,
ölkəmizdə 14-29 yaş arasında insanlar gənc hesab
olunurlar. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə
rəhbərlik etdiyi hər iki dövrdə gənclərə
böyük qayğı göstərib, onların hərtərəfli
inkişafına mühüm təkan verilib. Müstəqillik
dövründə də Azərbaycanda gənclər siyasəti
böyük lider Heydər Əliyevin adı ilə
bağlıdır. Dahi rəhbər xüsusilə 1994-cü
ildən etibarən ümumdövlət siyasətində gənclər
siyasətinin yerinin dəqiq müəyyən edilməsi
işinə xüsusi önəm verdi. Ulu öndərin
çox ciddi əhəmiyyət verdiyi məslələrdən
biri də gənc nəsilin sağlam yetişdirilməsi və
düzgün tərbiyə olunması idi. H.Əliyevin ali məramları
sərasında gənc nəsli fiziki və mənəvi cəhətdən
yüksək hazırlıqlı görmək, onların adət
və ənənələrimizə, milli-mənəvi dəyərlərimizə
uyğun tərbiyə olunmasını, davranış və əxlaq
normalarımıza ciddi əməl etməsini təmin etmək
idi. Onun məqsədyönlü siyasəti sayəsində
respublikamızda gənclər siyasəti ümumdövlət
siyasətinin tərkibinə daxil olaraq onun mühüm istiqamətlərindən
birinə çevrildi.
Gənclər siyasətinin bütün incəliklərinə
qədər mükəmməl işlənib
hazırlanmasını təmin edən Ulu öndərimiz 26
iyul 1994-cü il tarixdə Gənclər və İdman
Nazirliyinin yaradılması barədə Sərəncam
imzaladı. Yeni nazirliyin yaranması ilə dövlət tərəfindən
gənclər siyasəti ilə bağlı mühüm və
konkret işlərin görülməsinə başlanıldı.
26 yanvar 1996-cı ildə, Ümummilli liderimiz H.Əliyevin
imzaladığı Sərəncama əsasən, həmin ilin
2 fevralında respublikamızda Azərbaycan gənclərinin
Birinci Forumunun keçirilməsi qərara alındı. Forumun
keçirilməsi dövlətimizin ölkə gənclərinə
xüsusi diqqət və qayğı göstərdiyini bir daha
nümayiş etdirdi. Forumda həm dövlət, həm də
gənclər qarşıda duran hər bir vəzifənin
yerinə yetirilməsi üçün birlik nümayiş
etdirildi. Demək olar ki, bu tədbir ölkədə gənclərlə
aparılan işin daha da yüksəlişinə və gənclər
siyasətinin sosial və iqtisadi problemlərinin uğurla həll
edilməsinə geniş yol açdı.
Ulu öndərin 2 fevral 1997-ci il tarixli fərmanı
ilə 2 fevral "Azərbaycan Gəncləri Günü"
elan edildi. Əsas arzularından biri də Azərbaycanın gələcəyi
olan gənclərimizi dövlət idarəetmə
orqanlarında, həyatın bütün məsul sahələrində
aparıcı mövqedə görmək olan dahi şəxsiyyət
Heydər Əliyev vaxtilə nümunəvi vətəndaşlıq
və vətənpərvərlik mövzusunda söhbət
zamanı gəncliyə belə aydın və qətiyyətli
fikirlərlə müraciət etmişdi: "Hər bir Azərbaycan
gənci hər şeydən çox, hər şeydən
artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi
haqqında düşünməlidir... Vətənpərvər
olmaq üçün hər bir insanın ürəyində Vətənə
bağlılıq olmalıdır, sədaqət
olmalıdır. Ancaq eyni zamanda, hər bir insan, xüsusilə
gənclər haqlı olaraq öz Vətəni ilə fəxr
etməlidir".
Ulu öndərin ölkəyə rəhbərliyi
dövründə, xüsusən 1996-2002-ci illər ərzində
gənclər siyasətinin uğurla həyata keçirilməsi
üçün bir sıra mühüm dövlət sənədləri
işlənib hazırlandı və təsdiq edildi. Bunlara
"Bədən tərbiyəsi və idman haqqında",
"Azərbaycanın gənc isdedadlarına dövlət
qayğısı haqqında", "Gənc istedadlar
üçün xüsusi təqaüdlərin təsis edilməsi
haqqında", "Dövlət gənclər siyasəti
haqqında" və digər ali sənədlər gənclərin
formalaşmasında, onların sağlamlıq, təhsil,
iş və sair problemlərinin həlli yolunda önəmli
rol oynadı. "Gənc ailə proqramı", "Gənclərdə
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin yüksəldilməsi haqqında",
"Ordudan tərxis olunmuş gənclərin məşğulluğu
haqqında" və başqa dövlət sənədləri
gənclərə göstərilən qayğının daha
da artırılmasına təkan verdi.
Ümummilli liderimiz xüsusilə öz
yurd-yuvalarından didərgin düşən qaçqın və
məcburi köçkün gənclərə böyük həssaslıqla,
mehribanlıqla yanaşırdı. Onların təhsil
alması, təhsilhaqqının ödənilməsi, iş,
ev, ailə və digər problemlərinin həll olunmasına əvəzsiz
qayğı və misilsiz diqqət göstərirdi. Dahi rəhbər
gənclərə inanırdı və Azərbaycanın gələcəyini
yalnız onlara etibar edərək vurğulayırdı:
"Bizim bugünkü gənclərimiz sağlam
düşüncəli gənclərdir, xalqını, millətini
sevən gənclərdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli,
dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət
göstərib öz xalqına, dövlətinə xidmət
etməlidir".
Ulu öndər Heydər Əliyev 9 aprel 2002-ci il tarixdə
"Gənclər siyasəti haqqında" Azərbaycan
Respublikasının Qanununu təsdiq etdi. Bu qanunda
respublikamızda gənclər siyasətinin məqsədləri,
prinsipləri, istiqamətləri, eləcə də təşkilatı-hüquqi
əsasları öz əksini tapmışdı. Gənclər
siyasətinə aid bütün münasibətlər sisteminin
tənzimlənməsi bu qanunun müvafiq maddələrinə
əsasən müəyyən edilirdi.
Ümummilli liderimizin müdrik siyasətini uğurla,
sonsuz sədaqətlə davam etdirən Azərbaycan Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyev təməl
daşları Heydər Əliyev tərəfindən
qoyulmuş gənclər siyasətini ölkəmizə rəhbərlik
etdiyi 20 ildən artıq dövrdə daha da inkişaf etdirərək
gücləndirib. Torpaqlarımızın azadlığı
uğrunda aparılan 44 günlük Vətən müharibəsində
düşmən üzərində qazanılmış zəfərə
görə indi dünyada qalib ölkə kimi tanınan Azərbaycanın
bu Böyük Zəfəri əldə etməsində ölkənin
cəsur, vətənpərvər gəncliyinin mühüm
rolu vardır. Bunu Prezidentimiz özü də dəfələrlə
iftixarla, təsirli cümlələrlə qeyd edib. Qələbədən
ötrü canından keçməyə hazır olan,
yüzlərləsi şəhadətə yüksələn
gənclərimizin böyük bir qismi məhz Prezident
İlham Əliyevin Azərbaycana rəhbərliyi
dövründə yetişmiş gəncliyin qəhrəman
nümayəndələridir.
Eyni zamanda, illərdən bəridir ki, respublikamız
məşhur idman məkanı kimi dəfələrlə
dünyanın möhtəbər idman yarışlarına ev
sahibliyi edib, gənclərimiz nüfuzlu yarışlarda qələbələr
qazanıb, bayrağımızı yüksəklərə
qaldırıblar. Bütün bunlar isə dövlətin
böyük qayğısı ilə əhatə olunan
gümrah və sağlam düşüncəli gənclərimizin
yüksək fiziki imkanları, yetərli idman məharəti,
eləcə də cəsarəti, bacarığı, fədakarlığı
və dönməzliyi sayəsində əldə
edilmişdir.
Əhalinin tərkibi ilə bağlı göstəricilərə
əsasən Azərbaycan Avropada gənclərin ən
çox yaşadığı ölkələrdən
sayılır. Ona görə də ölkəmizdəki gənclər
siyasətinin qarşıya qoyduğu bir vəzifə də bu
geniş təbəqənin respublikamızın ictimai-siyasi,
iqtisadi və mədəni həyatında gənclərin fəal
iştirakının təmin olunmasıdır.
Prezident İlham Əliyevin 30 avqust 2005-ci il tarixli
"Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq
edilməsi haqqında" Sərəncamı dövlətimizin
gənclər siyasətinin əsas məqsəd və istiqamətlərini
daha aydın açıqlamış oldu. Bu sənəd gənclərə
diqqətin daha da artırılmasına, onların sosial vəziyyətlərinin
yaxşılaşdırılmasına, işsizlik probleminin həll
olunmasına, eləcə də gənclərin dövlət
idarəetmə orqanlarında xidmət etməsinə ildən-ilə
üstünlük verilməsinin nəzərdə
tutulmasından xəbər verirdi və bu sahədə
geniş imkanlar açdı.
Azərbaycan Prezidenti 2007-ci ili ölkəmizdə
"Gənclər ili" elan etmişdi. Bu qərar respublika gənclərinə
doğma münasibəti, diqqəti və qayğını
daha da artırdı, gənclərin ölkənin
ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal
iştirakına olduqca münbit şərait yaratdı.
Bütün bunlar gənclərin hüquqlarının
müdafiə edilməsi, sosial problemlərinin həll
olunması, onların elm, təhsil, mədəniyyət,
iqtisadiyyat, eləcə də dövlət idarəçiliyində
rəhbər vəzifələrə irəli çəkilməsi
məqsədi daşıyırdı.
Prezidentin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə
meydana gələn "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" xaricdə təhsil almaq istəyən gənclər
üçün geniş imkan və şərait
yaratmış oldu.
Dünyada baş verən qlobal dəyişiliklər,
elmin və texnikanın sürətli inkişafı artıq gənclərlə
bağlı strategiyada da müsbət dəyişikliklər
edilməsi zərurətini yaratdı. Bu məqsədlə Azərbaycan
Respublikası Prezidentinin 18 dekabr 2011-ci il tarixli Fərmanına
əsasən Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyi yanında Gənclər Fondunun
yaradılması Ümummilli liderimiz Heydər Əliyevin gənclər
siyasətinin həyata keçirilməsinə aid daha bir ali
arzusunun yerinə yetirilməsinin əyani sübutu oldu. Həmin
strategiyada gənclərin
intellektual, fiziki-mənəvi inkişaf yolları, gənclərin
ölkənin ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni
həyatında yaxından iştirakı nəzərdə
tutulurdu. Bu fondun yaradılmasında əsas məqsəd vətənpərvər
ruhlu, fiziki və mənəvi cəhətdən sağlam, saf
əqidəli gənc nəslin formalaşdırılmasına
nail olmaq, respublikamızda gənclərin ictimai fəallığını
daha da artırmaq, onların yeni və qabaqcıl elmi-texniki
ideyalarını və şəxsi təşəbbüslərini
dəstəkləməkdən ibarət idi.
Prezident İlham Əliyev tərəfindən 2012-ci
ildə təsdiq edilən Azərbaycan-2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında dövlətimiz
gənclərin problemlərinin həll edilməsində, onlara
diqqət və qayğı göstərilməsində həmişə
gənclərə yardımçı olduğunu bir daha
sübut etdi.
26 iyul 2019-cu il tarixdə Prezident İlham Əliyevin
imzaladığı sərəncamla "Yüksəliş"
müsabiqəsi təsis edildi. Müsabiqə gənclərin
intellektual səviyyəsini və idarəçilik keyfiyyətini
yüksəltməyə xidmət edir.
Gənclərimizin fiziki kamilliyi ilə yanaşı, vətənpərvərlik
tərbiyəsi və mənəvi inkişafı, xüsusilə
Vətənin, onun sərhədlərinin qorunması məsələsi
də davamlı şəkildə önə çəkilir.
Gənc nəslin milli dəyərlərə, adət və ənənələrimizə
sevgi və hörmət ruhunda tərbiyə edilməsinə
xüsusi diqqət yetirilir. Biz bu gün gənclərimizlə
cəmiyyətin ən layiqli təbəqəsi kimi fəxr edə
bilərik. Çünki bizim bugünkü uğurlarımız
və gələcək qələbələrimiz məhz
müxtəlif sahələrdə uğur qazanmaqda olan gənclərimizin
fəaliyyəti ilə sıx bağlıdır.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet .- 2025.- 24 yanvar(№13).- S.15.