"Naxçıvan dilçilik məktəbi":
Muxtariyyətin 100 illiyinə layiqli töhfə
Naxçıvan Muxtar Respublikasının 100 illik
yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına əsasən, 2024-cü il ərzində
bir çox tədbir keçirildi, dəyərli kitablar nəşr
olundu. Belə kitablardan biri də AMEA-nın müxbir
üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz
Quliyev və filologiya elmləri doktoru, professor Sayalı
Sadıqovanın həmmüəllif olduqları
"Naxçıvan dilçilik məktəbi" adlı
kitabdır. Kitabın elmi redaktoru akademik Möhsün
Nağısoylu, rəyçiləri dosentlər Zülfiyyə
İsmayıl, Nuray Əliyeva və filologiya üzrə fəlsəfə
doktoru Rəşad Zülfüqarovdur.
Ensiklopediya təsiri bağışlayan əsər
ümumilikdə dörd bölmədən ibarətdir:
"Naxçıvan dilçilik məktəbinin
qaynaqları", "Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi və müxbir üzvləri"
, "Filologiya elmləri doktoru və professorlar" ,
"Filologiya üzrə fəlsəfə doktorları".
İlk bölmədə Hinduşah Naxçıvani, Məhəmməd
Naxçıvani, Məhəmməd Tağı Sidqi Səfərovdan
bəhs olunur. Ayrı-ayrılıqda onların hər birinin həyatı
və yaradıcılıqları haqqında geniş məlumat
verilir. Hinduşah Naxçıvaninin dövrün filosofu,
münəccimi, yazıçısı, tərcüməçisi,
şairi, tarixçisi, dilçisi kimi tanındığı
qeyd edilir, onun fars dilində yazılmış mükəmməl
"Təcarüb əs-sələf" əsərində
Naxçıvan barədə verdiyi məlumatlar diqqətə
çatdırılır. Daha sonra H.Naxçıvaninin digər
bir qiymətli əsəri olan "Əs-sihah əl-əcəmiyyə"
adlı lüğətindən bəhs edən müəlliflər
lüğətin önəmini, onun Azərbaycan lüğətçilik
tarixində ilk farsca-azərbaycanca lüğət hesab
olunduğunu vurğulayırlar. Kitabda Hinduşahın "Məvaridül-ərab"
adlı antologiyasından da bəhs olunur. Daha sonra atası
Hinduşah Naxçıvaninin yolunu davam etdirən Məhəmməd
ibn Hinduşah ibn Səncər ibn Abdullah əl-Girani ən-Naxçıvani,
onun mükəmməl təhsil və həyat yolu, eləcə
də dilçilik sahəsindəki xidmətləri barədə
müfəssəl söhbət açılır. İlk
bölmədə adı çəkilən, Naxçıvan
dilçilik məktəbinin inkişafında qaynaq rolu
oynamış üçüncü şəxs isə Məhəmməd
Tağı Sidqi Səfərovdur. Kitabın ənənəsinə
uyğun olaraq əvvəlcə onun tərcümeyi-halı
oxucuların diqqətinə təqdim edilir, daha sonra isə
dilçilik elminə göstərdiyi xidmətlərdən bəhs
olunur. Alimin "Nümuneyi-əxlaq", "Töhfeyi-bənat",
"Müxtəsər coğrafiya risaləsi", "Tənviri-əfkar",
"Hakimanə sözlər", "Nəsihətnamə",
"Pedaqogika" kimi dilimizə, ədəbiyyatımıza
dair qiymətli əsərləri müəlliflərin diqqətindən
kənarda qalmayıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, kitabın ikinci bölməsi
"Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və
müxbir üzvləri" adlanır. Adından da bəlli
olduğu kimi, bu bölmədə Naxçıvan
dilçilik məktəbinin AMEA-nın həqiqi və
müxbir üzvü olmuş nümayəndələrindən
söz açılır. Həmin alimlərdən xronolojik
olaraq birinci Məmməd Cəfər Cəfərovdan bəhs
edilir. Tək ədəbi-bədii dil məsələləri
deyil, dilçilik elminin qlobal ümumi nəzəri problemləri
də Məmməd Cəfərin bütün ədəbi-elmi
fəaliyyətinin əsas tərkib hissəsi kimi
özünü göstərdiyi qeyd edilir. Eyni zamanda alimin
dilçilik fəaliyyəti ilə bağlı akademik İsa
Həbibbəyli, görkəmli dilçi alim, professor Yusif
Seyidovun fikirlərindən sitatlar gətirilir. "Dil və
müasirlik" əsərində türkologiyada geniş
yayılmış türk dillərinin qrammatik quruluşu və
lüğət tərkibi baxımından sabit səciyyə
daşıması tezisindən çıxış edən
alimin "Azərbaycan dili öz kökündən, sistemindən
ayrılmayan dillərdəndir" mülahizəsini irəli
sürdüyü və fikrini əsaslandırmaq
üçün dilimizin tarixinə aid klassik ədəbiyyat
nümunələrindən xeyli misallar verdiyi qeyd olunur.
İkinci bölmədəki növbəti hissədə
akademik Möhsün Nağısoylunun həyat və
yaradıcılıq yolu işıqlandırılır. 48
kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və
tərcüməçisi olan, kitabda da qeyd olunduğu kimi,
görkəmli dilçi, mətnşünas alim,
yazılı abidələrimizin yorulmaz tədqiqatçısı,
filologiya elmləri doktoru, professor, akademik Möhsün
Nağısoylunun "Orta əsrlərdə Azərbaycan tərcümə
sənəti",
"Füzulinin "Hədiqətüs-süəda"
əsəri və XVI əsr Azərbaycan tərcümə
abidəsi "Şühədanamə", "Nəsimi
irsinin nəşrləri: problemlər və perspektivlər"
adlı monoqrafiyaları, "Şirazinin "Gülşəni-raz"
tərcüməsi", Həzininin "Hədisi-ərbəin"
tərcüməsi, A.Bakıxanovun "Riyazül-qüds"
əsərinə həsr etdiyi kitabı və bir çox
başqa əsərləri, o cümlədən, lüğətçilik
sahəsindəki mühüm xidmətlərindən biri olan
"Farsca-azərbaycanca lüğət"i haqqında
geniş təhlil və məlumatlar da kitabda yer alıb.
Həmin bölmə daxilində həyat və
yaradıcılığı tədqiqata cəlb olunmuş
növbəti alimimiz Adil Bağırovdur. Altı monoqrafiya,
beş kitab, iki dərslik və tədris proqramı, yüz əllidən
artıq elmi məqalənin müəllifi olan alimin
monoqrafiyalarından ən böyük uğuru kimi qiymətləndirilən,
səkkiz bölmədən ibarət Naxçıvan Muxtar
Respublikasının onomastik vahidlər sözlüyü,
"Naxçıvanın hidronimləri",
"Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri"
və digər əsərləri haqqında ətraflı
söz açılır.
Bu bölmədə yer almış alimlərdən
dördüncüsü - sonuncusu Əbülfəz Quliyevdir.
Alimin yaradıcılığının əsas istiqamətini
təşkil edən qədim türk abidələrinin tədqiqi
ilə bağlı əsərlərindən "Qədim
türk yazılı abidələrinin sintaksisi", "Qədim
türk onomastikası", "Orxon - Yenisey abidələrində
feilin təsriflənməyən formaları", "Orxon -
Yenisey abidələrində toponim və etnonimlər",
"Qədim türk abidələrinə aid materiallar",
"Qədim türk onomastikasının leksik-semantik
sistemi" (iki cild), "Qədim uyğur türklərinin
onomastikası", "Ədib Əhməd Yügnəki. Atəbətül-həqaiq
(Qaraxanlı dövrü abidəsi. XII əsr)" kimi
monoqrafiyaları, həmçinin "Əski türk
yazılı abidələri müntəxəbatı",
"Qədim türk abidələrinin sözlüyü"
kitabları, "Qədim türk abidələrindən seminar
məşğələləri" adlı metodik vəsaiti
ilə yanaşı, "Məişət-mərasim nəğmələri",
"Azərbaycan mərasim (toy) nəğmələri",
"Naxçıvan ağızları söz
varlığı" və sair əsərləri, tərcüməçilik
sahəsindəki xidmətləri ilə bağlı bir
çox əsərləri adbaad sadalanaraq hər biri
haqqında ayrıca məlumatlar kitabda öz əksini
tapıb.
Kitabın üçüncü bölməsi
"Filologiya elmləri doktoru və professorlar"dır. Bu fəsildə
professorlar sırasında 1879-cu ildə təkmilləşdirilmiş
müsəlman əlifbası layihəsi və eyniadlı
kitabın müəllifi olan Məhəmməd ağa
Şahtaxtlı, "Nitq mədəniyyəti və natiqlik sənətinin
əsasları", "Azərbaycan dili tarixinin öyrədilməsində
əsas qaynaqlar", "Azərbaycan dilinin tarixi
leksikologiyası", "Klassik Azərbaycan poeziya dilinin məcazlar
sistemi" adlı dərs vəsaitlərini ərsəyə
gətirmiş Vəliyəddin Əliyev və elmi irsi 7
monoqrafiya, dərslik və dərs vəsaitlərindən ibarət
olan Şulan Şirəliyev barədə müfəssəl məlumat
var. Filologiya elmləri doktoru, professor olan alimlərdən
"Dilçiliyə giriş" dərsliyi bu gün də
ali məktəblərdə əsas dərsliklərdən biri
kimi istifadə edilən və bununla bərabər
çoxsaylı elmi əsərlərin müəllifi Nəsir
Məmmədov, "Azərbaycan dilinin frazeologiyası"
monoqrafiyası ilə Azərbaycan dili frazeologiyasının tədqiqi
tarixində mühüm addım atmış Hüseyn Bayramov,
Türk dillərinin qrammatik quruluşunun
araşdırılması elmi fəaliyyətinin əsas
istiqamətini təşkil edən və bu sahədə bir
neçə mühüm elmi əhəmiyyət kəsb edən
əsərlər ərsəyə gətirmiş Fərhad
Zeynalov, dilçiliyin müxtəlif sahələri ilə
bağlı tədqiqatlar aparmış və ən
böyük xidməti sintaksis sahəsində
apardığı tədqiqatlar olan Yusif Seyidov barədə
bilgilər də bu bölmədədir. Bir sıra dərslik
və dərs vəsaitlərinin, 100-dən artıq elmi məqalənin
müəllifi Quşdan Bağırov, dilçiliyin müxtəlif
sahələri ilə bağlı yazdığı 20 kitab,
200-ə qədər məqalə ilə adı anılan Adil
Babayev, "Sinonimika təliminin elmi-metodik əsasları",
"Azərbaycan dilinin tədrisi məsələləri",
"Dil və dilçilik məsələləri" və
sair kitabları ilə Azərbaycan dilçilik elminə xidmət
etmiş Sevindik Vəliyev, yaradıcılıq istiqamətini
oykonimlərin, toponimlərin linqvistik xüsusiyyətlərinin
təhlili təşkil edən Akif İmanlı haqqında da
bu bölmədə geniş söz açılır. Azərbaycan
dilinin tarixinə həsr etdiyi əsərlərindən biri də
"Xalqın tarixi haqqı: dilimiz,
varlığımız" olan və bu əsərində əvvəlki
əsərlərindəki fakt və qənaətləri,
problemləri daha da enkişaf etdirmiş, dəqiqləşdirmiş
alim Nizami Xudiyev, "Tərcümə nəzəriyyəsi",
"Türk filologiyasına giriş" və sair əsərləri
ilə dilçilik məktəbimizin inkişafında müstəsna
rol oynamış Əsgər Rəsulov, Türk say sisteminin
formalaşması və sonrakı transformasiyası məsələlərini
işıqlandırmış, ümumilikdə 700-ə
yaxın elmi kütləvi məqalənin, 11 kitabın müəllifi
Məmmədəli Novruzov, "Dilimiz mənəvi kimliyimizdir"
kitabı ilə ədəbi dilimizin qorunması sahəsində
böyük xidmətləri olmuş Sədaqət Həsənovanın
da fəaliyyət yolu sözgedən bölmədə
işıqlandırılıb. Elmi
yaradıcılığında dilçiliyin mürəkkəb
və maraqlı problemlərinin tədqiqinə ətraflı
yer vermiş Hüseyn Əsgərov, 30 kitab və
monoqrafiyanın, dərs vəsaiti və metodik vəsaitin, 5
proqramın və 14 bədii (şeirlər) kitabın, 400-ə
qədər elmi məqalənin müəllifi, Qərbi Azərbaycan
İcması idarə heyətinin üzvü Mahirə
Hüseynova, filologiya elmləri doktorları və dəyərli
elmi əsərlər müəllifi kimi adları çəkilən
Sərdar Zeynalov, Qalibə Hacıyeva, Nuray Əliyeva,
Elçin İbrahimov və Bənövşə Məmmədovanın
bioqrafik göstəriciləri, Naxçıvan dilçilik məktəbinin
inkişafı yolunda göstərdikləri qiymətli xidmətlər
də qeyd olunub.
Kitabın dördüncü - sonuncu bölməsi
filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini
daşıyan alimlərə həsr olunub. Burada Ağaməli
Həsənov, Cəfər Cəfərov, Firudin Rzayev,
Zülfiyyə İsmayıl və digər alimlərdən,
Azərbaycan, habelə Naxçıvan dilçilik məktəbinin
formalaşması və inkişafı prosesinə öz elmi fəaliyyətləri,
ərsəyə gətirdikləri qiymətli əsərləri
ilə töhfələr vermiş alimlərimizlə
yanaşı, bu ada yenicə layiq görülmüş gənc
elmi mütəxəssislərə də yer ayrılıb.
Ümumilikdə bu paraqraf altında 51 nəfərdən -
Naxçıvan dilçilik məktəbinin nümayəndəsi,
filologiya üzrə fəlsəfə doktorunun həyatı və
dilçilik elminin müxtəlif bölmələrinə aid
olan, həmin elmin inkişafında bu və ya digər şəkildə
rol oynamış yaradıcılıq yollarından söz
açılıb.
Kitab Azərbaycan dilçiliyinin tədqiqi sahəsində
ən qiymətli, sistemli araşdırmalardan biridir. Elxanilər
dövlətinin bərqərar olduğu dövrdən
başlayaraq, müstəqil Azərbaycan Respublikası
dövründə yaşayıb-yaratmış və
hazırda da fəaliyyəti davam edən dilçi alimlər
barədə bilgiləri əhatə edən bu kitab geniş
tarixi mərhələləri əhatə etdiyindən öz
oxucusuna ana dilimizin, eləcə də Azərbaycan
dilçiliyinin dərindən öyrənilməsi
baxımından geniş imkan yaradır.
Əminliklə qeyd etmək olar ki, Əbülfəz
Quliyev və Sayalı Sadıqovanın "Naxçıvan
dilçilik məktəbi" kitabı Muxtar
Respublikamızın 100 illiyinə layiqli töhfədir.
Rüzgar CAMAL
AMEA Naxçıvan Bölməsinin əməkdaşı
525-ci qəzet .- 2025.- 24 yanvar(№13).- S.12.