ABŞ-Azərbaycan
münasibətləri: Tramp dövründən müsbət
gözləntilər
Prezident Donald Trampın yanvarın 20-də and içərək
öz vəzifə səlahiyyətlərinin icrasına
başlaması ilə ABŞ-nin yeni dövrə qədəm
qoyduğunu demək olar. Trampın özünün söylədiyi
kimi, ABŞ-da yeni qızıl dövr başlayır. O,
Amerikanı yenidən güclü, sağlam, zəngin,
qürurlu və möhtəşəm edəcəyinə vəd
verib, həmçinin dünya üçün sülh
mesajını verib. Andiçmə mərasimindən dərhal
sonra vəd etdiyi məsələlərin
reallaşdırılması istiqamətində hərəkətə
keçən Ağ Ev lideri, bir sıra sərəncamlar
imzalayıb, Bayden dövründə qəbul edilmiş bəzi
qərarları ləğv edib.
Bayden administrasiyası Trampa "zəngin miras"
qoyub gedib və ona görə də yeni administrasiya bir
çox mürəkkəb çağırışlarla,
çətin problemlərlə üz-üzədir. Bu, təkcə
beynəlxalq məsələləri əhatə etmir, ABŞ
daxilində də həllini gözləyən xeyli problemlər
var.
Məsələnin başqa tərəfi odur ki, Bayden
administrasiyası, xüsusilə də onun əsas fiquru olan
dövlət katibi Entoni Blinken yanlış siyasəti ilə
4 il ərzində dünyada yeni münaqişə və gərginlik
ocaqları yaradıb, bir sıra ölkələrin daxilində
qarşıdurmalara təşviq ediblər, sülhə gedən
bütün yolları qapadıblar. Rusiya-Ukrayna münaqişəsi,
Yaxın Şərqdə cərəyan edən qanlı hadisələr,
Gürcüstanda hakimiyyət çevrilişinə cəhd,
aksiyalar, iğtişaşların təşkili və s. Bayden
administrasiyası dünyanın demək olar ki, bütün
nöqtələrində gərginlik yaratmağa nail oldu,
dörd il ərzində müsbət heç bir addımla
yadda qalmadılar. Elə Tramp da andiçmə mərasimində
Baydenin qərarlarını tənqid etdi.
Köhnə hakimiyyət Azərbaycana qarşı da ədalətsiz,
qərəzli, hətta nankor siyasət apardı. Baxmayaraq ki,
Azərbaycan müstəqilliyinin ilk illərindən ABŞ-la
yaxından əməkdaşlıq edib, terrorla mübarizədə,
sülhməramlı missiyada ön sırada olub, amma Bayden
hakimiyyəti bütün bunları dəyərləndirə
bilmədi.
Prezident İlham Əliyev bu il yerli telekanallara
müsahibəsində bu məqama toxunaraq deyib ki, Bayden
administrasiyasının Azərbaycanla bağlı əsas səhvi
ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini
Amerika-Ermənistan münasibətlərinin qurbanına
çevirdi: "Yəni Azərbaycana Ermənistan-Azərbaycan,
ya da ki, Amerika-Ermənistan münasibətlərinin
prizmasından yanaşırdı və o vaxta qədər əldə
edilmiş yaxşı nəticələr kölgədə
qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz
mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi
ilə bağlı və bu, həm ədalətsiz, həm də
ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən
Amerika nümayəndələrinə dəfələrlə
deyirdim və açıq da deyirdim, mətbuatda da, siz
Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz,
silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi
bütövlüyümüzü bərpa etmişik, niyə
siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da
yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır. Eyni
zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən
biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə
sarsıtdı, özü öz əməlləri ilə. Məsələn,
elə Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan
birinci ölkələrdən idi ki, Əfqanıstandakı
missiyaya qoşulmuşdu və həm hərbi kontingent göndərmişdi
və dəfələrlə onu artırmışdı, həm
də Amerika üçün çox vacib olan nəqliyyat-logistika
məsələlərini də həll etmişdi. Biz onlara
lazım olana qədər 907-ci düzəliş - sanksiya
qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq
etdilər. Yəni bu nədir? Bunun bir adı var: nankorluq. Bu,
nankorluqdur və hansı inamdan söhbət gedə bilər?
Hansı uzunmüddətli əməkdaşlıqdan söhbət
gedə bilər?".
Dövlət başçısı deyib ki, Sorosun
yüksək mükafatla təltif edilməsi bütün
maskaları yırtdı: "Yəni bu, Soros iqtidarı idi, həm
Bayden dönəmində, həm Trampa qədər olan səkkiz
il ərzində və məhz buna görə bizim münasibətlərimizdə
heç bir irəliləyiş olmadı. Biz Amerika ilə əsas
ciddi əməkdaşlıq platformasını Klinton və
Corc Buş dönəmində yaratdıq və Tramp dönəmində
bu davam etdi. Ona görə ümidlər var".
Dövlət başçısı hələ ötən
il iyul ayında Şuşa Media Forumunda Trampla bağlı
müsbət fikirlər səsləndirib. Bildirib ki, o, cəmiyyətimizin
bölüşdüyü dəyərləri, ailə dəyərlərini,
mənəviyyat dəyərlərini təbliğ edir.
Həmçinin Prezident Bayden administrasiyasının vədlərini
yerinə yetirmədiyini əlavə edib: "Yalan
danışmaq, söz vermək, sonra o sözdən çəkinmək
və özünü sanki heç nə olmamış kimi
aparmaq, buna nə ad vermək olar? Ona görə Azərbaycan cəmiyyətinin,
bütün ölkələrin ümidləri ondadır ki, bu
əxlaqsızlığa, mənəviyyatsızlığa
son qoyulacaq və cəmiyyətlər, hansılar ki, Azərbaycan
kimi ənənəvi dəyərlər üzərində
qurulub, onlar bu kənar təsirdən yaxalarını
qurtaracaqlar".
Tramp tamamilə yeni gündəliklə öz vəzifəsinə
başlayıb. Prezident İlham Əliyevin dediyi kimi, onun
birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində
hər hansı bir problem yaşanmadı. Əksinə,
münasibətlər çox müsbət idi və bir
çox istiqamətlər üzrə irəliləyişə
nail olunmuşdu. Bütün bunlar nəzərə
alınaraq, Trampa ümidlər böyükdür, o cümlədən
Amerika-Azərbaycan əlaqələrinin irəliyə
aparılması baxımından ümidlər var. Azərbaycan Amerika ilə əlaqələrini
strateji səviyyəyə də qaldıra bilər. Dövlət
başçısı bununla bağlı deyib: "Mən
hesab edirəm ki, əgər hər iki tərəf maraqlı
olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə
qaldıra bilərik".
Yeri gəlmişkən, Bayden administrasiyası gedə-getdə
Ermənistanla strateji tərəfaşlıq xartiyasını
imzaladı. Bununla da bir daha göstərdi ki, hakimiyyəti
müddətində ermənipərəst siyasət aparıb,
Azərbaycana yanaşmada heç vaxt dürüst olmayıb,
Cənubi Qafqazda sülhün əleyhinə olub. Əks halda,
tərəflərə bərabər yanaşardı, Ermənistana
açıq və gizli yollarla silah tədarükü etməz,
hərbi dəstək verməzdi. Elə ötən ilin
aprelində ABŞ-Avropa İttifaqı-Ermənistan
formatında keçirilən görüş də İrəvana
hərbi dəstək məqsədini daşıyırdı.
Bunu gizlətməyə çalışsalar da, nail ola bilmədilər.
Tramp sülh mesajları verir, Bayden Ermənistanı
silahlandırıb, sülhdən yayındırıb, hərbi
məqsədlər üçün böyük vəsaitlər
ayırırdı. Yarımçıq sülh sazişinə
təşviq etməklə isə münaqişə
ocağını nə vaxtsa yenidən alovlandırmaq istəyirdi.
Amma Bakının qətiyyəti qarşısında geri
addım atmalı oldu.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda
qarşı tərəfin müraciəti əsasında
ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə
görüşündə də Azərbaycan-ABŞ əlaqələrinin
Tramp dönəmində müsbət perspektivləri ilə
bağlı fikir mübadiləsi aparılıb. Dövlət
başçısı bildirib ki, Bayden-Blinken administrasiyası
dövründə ABŞ tərəfindən Azərbaycana
qarşı qərəzli münasibət göstərilib və
bunun da nəticəsində ikitərəfli əlaqələr
böhrana sürüklənib. 907-ci düzəlişin yenidən
bərpasını məhz elə Bayden-Blinken
administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Söhbət zamanı Azərbaycan ilə Tramp
administrasiyası arasında gələcək əlaqələr
məsələsi müzakirə olunub.
Bakının ən böyük gözləntisi
ABŞ-nin əvvəlki administrasiyasının Azərbaycana
qarşı etdiyi səhvlərin təkrarlamamasıdır.
Eyni zamanda, artıq uzun tarixə əsaslanan münasibətlərin
qarşılıqlı anlaşma şəraitində davam etməsi
və inkişafıdır.
Prezident İlham Əliyevin Amerika Birləşmiş
Ştatlarının 47-ci Prezidenti Donald Trampa təbrik məktubunda
da bu bu məqamlara diqqət çəkilib:
"İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş
Ştatları arasında dostluq və əməkdaşlıq
münasibətləri daha da möhkəmlənəcək və
yeni məzmun kəsb edəcəkdir. Biz həm ənənəvi,
həm də yeni əməkdaşlıq sahələri
üzrə Birləşmiş Ştatlar ilə fəal və
səmərəli birgə işimizi, qarşılıqlı
inam və etimada əsaslanan tərəfdaşlığımızı
bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə
bu istiqamətlərdə sıx işləmək niyyətindəyik".
Tramp dünyaya sülh mesajı verdi, Azərbaycanın
da mesajı sülh, sabitlik, inkişafla bağlıdır. Digər
tərəfdən, Azərbaycan təkcə bölgə
üçün deyil, dünya üçün vacib bir aktora
çevrilməkdədir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki
rolu, yaşıl enerji sahəsindəki potensialı, nəqliyyat-logistik
imkanları, ədalətli mövqe sərgiləməsi,
dünyada sülhyaratma missiyası ilə
çıxış etməsi, eyni zamanda etibarlı tərəfdaş
imicini qazanması onu daha da cəlbedici edir. Bütün bu məqamlar
ABŞ-Azərbaycan münasibətlərinin yeni dinamika
almasında, inkişafında müsbət rol oynayacaq.
Pərvanə
525-ci qəzet .- 2025.- 24 yanvar(№13).- S.5.