Davos Forumu: Azərbaycana böyük
maraq
Bu həftənin əsas hadisələrindən biri
20-24 yanvar tarixlərində Davosda növbəti dəfə
Dünya İqtisadi Forumunun keçirilməsi oldu.
"Ağıllı əsr üçün əməkdaşlıq"
şüarı ilə keçirilən toplantıda 130-dan
çox ölkədən 60 dövlət və hökumət
başçısı, 350 hökumət nümayəndəsi
iştirak edib. Eyni zamanda, Forum 1600-dən çox biznes
liderini, cümlədən Dünya İqtisadi Forumunun
üzvü və tərəfdaş şirkətləri olan
900-dən çox rəhbər heyəti bir araya gətirib ki,
onlardan da 120-dən çoxu qlobal innovatorlar, texnologiya
qabaqcılları və sənayeləri dəyişdirən nəhənglərdir.
Tədbirdə vətəndaş cəmiyyəti,
sosial sektor, dini və yerli icmaların nümayəndələri,
aparıcı qlobal universitetlər, tədqiqat institutları,
beyin mərkəzlərinin liderləri və ekspertləri,
media aktiv iştirak ediblər.
Yada salmaq lazımdır ki, builki forumda əsasən 5 əsas
istiqamət üzrə - inkişafın yenidən dizayn edilməsi,
İntellektual əsrdə sənayelər, İnsan
kapitalına investisiya, planetin mühafizəsi və
etimadın bərpası müzakirələr təşkil
olunub. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos
Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə
ciddi təsirə malikdir. Ümummilli lider Heydər Əliyev
ilk dəfə 1995-ci ildə Davos Forumunda iştirak edib.
Prezident İlham Əliyev 2007-ci ildən davamlı olaraq Forumda
iştirak edir.
Bir məqamı vurğulamaq lazımdır ki, Davos
İqtisadi Forumunda hər zaman Azərbaycan liderinə
xüsusi münasibət sərgilənib, böyük rəğbət
və hörmət göstərilib. Prezident İlham Əliyev
bu beynəlxalq tədbirin ən çox gözlənilən
qonaqlarından biridir. Bu mənada 2025-ci ildəki Forum da istisna
olmadı. Prezident İlham Əliyevin iştirakı xüsusilə
diqqət mərkəzində oldu, dünya liderləri tərəfindən
dövlət başçısına göstərilən
hörmət və rəğbət açıq formada ifadə
edildi. Bunu həm də Prezidentlə görüş istəkləri
göstərdi. Hər il olduğu kimi, İlham Əliyev
qarşı tərəflərin müraciətləri əsasında
bir çox dövlət və hökumət
başçıları, aparıcı şirkətlərin rəhbərləri
ilə görüşdü. Bu, Cənubi Qafqazın lider
ölkəsi olan Azərbaycana və onun liderinə olan böyük
maraqdan, hörmətdən irəli gəlirdi. Prezident
İlham Əliyev Almaniya, Latviya, Xorvatiya, İsrail, İraq,
Ukrayna və bir sıra başqa ölkələrin dövlət
və hökumət başçıları ilə
görüşlər keçirdi, Avropa Yenidənqurma və
İnkişaf Bankının prezidenti, "Carlsberg Group",
"OliverWyman Group", "DP World", "The Goldman Sachs's
Group Inc." kimi önəmli şirkətlərin rəhbərləri
ilə müzakirələr apardı.
Əlbəttə ki, bu görüşlərin,
müzakirələrin nəticələri özünü
yaxın zamanda göstərəcək.
Milli Məclisin deputatı Aydın Hüseynov
"525"ə deyib ki, Azərbaycanın 30 ilə
yaxındır ki, fəal iştirak etdiyi beynəlxalq tədbirlər
sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il
55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər
ətrafında ciddi müzakirələr aparılır, panel
iclaslar keçirilir. Nüfuzuna görə Davos Forumu yüksək
reytinqə malikdir və bu səbəbdən də burada
aparılan müzakirələrə diqqət də yüksək
olur.
Onun sözlərinə görə, Cənubi Qafqazda
lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi,
siyasi, enerji, nəqliyyat və digər sahələrdə
uğurlar əldə edir və bu nailiyyətlərə
dünyanın marağı getdikcə daha da artır: "Azərbaycanın
Davos İqtisadi Forumunda iştirakı və fəallığını
ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi
sayəsində ölkəmizin davamlı uğurları ilə
bağlıdır. Dövlət başçısı hər
il keçirilən iclaslar çərçivəsində
çıxışlar edib, panellərə qatılıb,
çoxsaylı suallara cavab verir. Azərbaycan Davosada yüksək
etimad qazanmış ölkədir. Dövlətimiz bu hörmətin
əlaməti olaraq 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi
Forumunun iştirakçılarını Bakıda qəbul
edib. Dünyanın iqtisadi vəziyyətini
proqnozlaşdıran tanınmış iqtisadçılar,
ekspertlər, dövlət və hökumət nümayəndələri
Bakıda bir araya gələrək bəşəriyyəti
narahat edən mühüm iqtisadi məsələləri
müzakirə etdilər. Bakıda Davos Forumunun keçirilməsini
ekspertlər Azərbaycanın iqtisadi və siyasi qələbəsi
və son illər bu sahədə qazandığı nailiyyətlərin
nəticəsi kimi qiymətləndirirlər. Çünki ilk
dəfə idi ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada
keçirilirdi. Region ölkələri arasından Azərbaycanın
seçilməsi isə məhz ölkəmizin bölgədə
əhəmiyyətini göstərən əsas faktorlardan biri
idi. 2013-cü ildə Dünya İqtisadi Forumunun Bakıda
keçirilməsi Azərbaycanın qlobal biznes ölkəsi
kimi tanınması üçün də mühüm hadisə
oldu".
Deputat qeyd edib ki, Dünya İqtisadi Forumu
iqtisadiyyatın rəqabətə davamlılığı
baxımından Azərbaycanı 2013-cü ildə 46-cı
yerdə qərarlaşdırmışdı və bu sahədə
ölkəmiz ardıcıl olaraq dörd il MDB məkanında
birinci yerdə qərarlaşıb: "Azərbaycanla
Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlığın
mühüm nəticəsi olaraq Dördüncü Sənaye
İnqilabı (4Sİ) Şəbəkəsinin Azərbaycan Mərkəzi
fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti
ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan
sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal
əməkdaşlığın genişlənməsinə
töhfə verməkdədir. Həmçinin 4Sİ yüksək
texnologiyalar və rəqəmsal iqtisadiyyat quruculuğunda və
rəqabətqabiliyyətli insan kapitalının
formalaşdırılmasında mühüm əhəmiyyət
kəsb edir. 55-ci Forum çərçivəsində cənab
Prezidentin dünyanın aparıcı şirkətlərinin rəhbərləri
ilə keçirdiyi səmərəli görüşlər,
hökumət üzvləri ilə apardığı siyasi
dialoqlar Azərbaycanın qüdrətli dövlət kimi
dünyada etibarlı tərəfdaş olduğunu təsdiqləyir".
Deputat Fatma Yıldırım "525"ə bildirib
ki, Davos İqtisadi Forumu mühüm beynəlxalq
platformadır. Hər il İsveçrənin Davos şəhərində
Ümumdünya İqtisadi Forumunun ənənəvi olaraq
keçirilməsində əsas məqsəd dövlət və
hökumət başçılarının, beynəlxalq təşkilatların,
elm adamlarının, nüfuzlu siyasətçilərin,
iqtisadçıların, biznesmenlərin iştirakı ilə
yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini
müzakirə etməkdir.
Onun sözlərinə görə, iqtisadi xarakter
daşımasına baxmayaraq, Forum dünya siyasətində,
beynəlxalq münasibətlərdə ciddi təsirə
malikdir. Bu platforma dünyanın iqtisadi mənzərəsinin
formalaşdırılmasında önəmli rol oynayır:
"Burada təqdim edilən müasir texnologiyalar, irəli
sürülən yeni fikirlər, təkliflər qlobal
iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda,
iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və
dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır.
Qlobal iqtisadi böhranın, on milyonlarla insanın
yaşayışına, ayrı-ayrı dövlətlərin
iqtisadiyyatına təsir edən münaqişələrin davam
etdiyi, ərzaq çatışmazlığı probleminin
mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş
adamlarını, vətəndaş cəmiyyəti
qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm
də ölkələrin özlərini dünyaya yaxından
tanıtması, təşviq etməsi baxımından mühüm
platformadır".
Deputatın sözlərinə görə, müxtəlif
münaqişələrin davam etdiyi, ərzaq
çatışmazlığı probleminin mövcud
olduğu indiki dövrdə siyasi liderləri, iş
adamlarını, vətəndaş cəmiyyəti
qurumlarının rəhbərlərini bir araya toplayan Davos
Forumu, şübhəsiz ki, bir çox məsələlərin
müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli
mühit yaradır: "Prezident İlham Əliyev ötən
illər ərzində Forumun işində fəal iştirak
edib. Dövlətimizin başçısı forum çərçivəsində
ayrı-ayrı ölkələrin dövlət və
hökumət başçıları, bir sıra məşhur
şirkətlərin rəhbərləri ilə
çoxsaylı görüşlər keçirib və
müxtəlif mövzularda aktual müzakirələrə
qatılıb. Dövlətimizin ildən-ilə artan nüfuzu
və iqtisadi imkanları, regionda baş verən hadisələr,
eləcə də yeni reallıqlar fonunda keçən forumlar
ölkəmizə daha mühüm siyasi və iqtisadi dividendlər
əldə etmək üçün zəmin yaradıb,
dövlətimizin başçısının rəhbərliyi
ilə həyata keçirilən inkişaf
strategiyasının mühüm istiqamətlərindən biri
olan Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin
daha da yaxşılaşdırılması ilə
bağlı məsələlər ətrafında geniş
söhbət-müzakirələr aparılıb".
Fatma Yıldırım qeyd edib ki, Azərbaycan dövlətinin
balanslaşdırılmış xarici siyasəti, əhəmiyyətli
coğrafi mövqeyi ölkəmizdə siyasi sabitlik və
davamlı iqtisadi inkişafa şərait yaradır: "Lakin
bununla belə təəssüf ki, həm də bir sıra
region ölkələrinin, eləcə də, dünya siyasətinə
təsir edən böyük dövlətlərin, beynəlxalq
təşkilatların həyata keçirdikləri qeyri-adekvat
siyasətləri, yanlış qərarları dünyada
sülhün və təhlükəsizliyin təminatına,
dayanıqlı inkişafa mane olmaqla yanaşı, mövcud
münaqişələrin, iqtisadi və siyasi
böhranların uzanmasına və dərinləşməsinə,
yenilərinin də yaranmasına gətirib
çıxarır. Ona görə də Davos Forumu ölkələr
və beynəlxalq təşkilatlar arasında səmərəli
dialoqun reallaşması üçün son dərəcə
böyük əhəmiyyət daşıyır.
Budəfəki Dünya İqtisadi Forumu cari il
yanvarın 20-dən 24-dək İsveçrənin
Davos-Klosters şəhərində təşkil edildi. Forum
qlobal çağırışları həll etmək və
yaranan imkanları araşdırmaq üçün 350
hökumət nümayəndəsi və 60 dövlət və
hökumət başçısı daxil olmaqla 130-dan
çox ölkəni bir yerə toplayıb. Builki Forumda da
Prezident İlham Əliyev mühüm görüşlər
keçirib. Prezident İlham Əliyev hər dəfə Davos
Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan
həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü
ilə həyata keçirilən mühüm regional nəqliyyat
və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin
diqqətinə çatdırıb. Bu dəfə də həyata
keçirilməsi nəzərdə tutulan regional layihələr,
həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində Azərbaycanın mühüm rolu diqqət mərkəzində
olub".
Pərvanə
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.5.