Ölümsüzlüyə
qovuşan ömür
44 günlük haqq savaşımızda minlərlə
qeyrətli oğlumuz vətənin
bütövlüyü uğrunda canını fəda
etdilər. Vətən uğrunda son damla qanına qədər
vuruşan belə oğullardan biri də Cəlilabad rayonu,
Musalı kəndində boya-başa çatan gizir Elşən
Əfqan oğlu Niftullayevdir. O, 21 yaşında şəhidlik
zirvəsinə ucalaraq gələcək nəsillərə
örnək oldu. Vətənə olan sevgisi və göstərdiyi
qəhrəmanlıqla milyonlarla insanın yaddaşından
silinməz iz qoydu.
Fədakarlıq, mərdlik uşaq yaşlarından
taleyinə yazılan, Elşən
Niftullayev orta məktəbi qurtarıb müstəqil həyata
qədəm qoyanda gözəl mənəvi keyfiyyətləri
ona dərin ehtiram gətirir. Öz xoşbəxtliyini
xalqına, Vətəninə xidmətdə görən
Elşəni torpaqlarımızın düşmən
tapdağı altında olması daim narahat edirdi. Düşməndən
qisas almaq üçün ordu sıralarına xidmətə
gedir. Vətənin keşiyində duran Elşən
nizam-intizamı ilə seçilir, komandirlərin verdiyi
bütün tapşırıqları vaxtında və dəqiq
yerinə yetirir. Yağı düşməndən qisas
alacağı günə mükəmməl
hazırlaşır.
İkinci Qarabağ müharibəsi başlayan kimi Elşən
Niftullayev 30 il əsarətdə olan Vətən torpaqların
azadlığı naminə silaha sarılıb bir başa səngərə
məkrli düşmənlə vuruşa girir. Onun yüksək
döyüş məharəti, qəhrəmanlığı
düşmənin həm canlı qüvvəsinə, həm
də texnikasına böyük zərbə vurur. Yaralanmasına baxmayaraq,
silahını yerə qoymur, əzmlə
vuruşmağa davam edir. Suqovuşanın azadlığı
uğrunda gedən ağır mübarizədə düşmənə
qan udduran Elşən oktyabrın 10-da Ağdərə istiqamətində
gedən döyüşlərdə son damla qanına qədər
vuruşub şəhidlik zirvəsinə ucalır...
Elşən Niftullayev bu işıqlı dünyada az
yaşadı, amma Vətən qarşısında borcunu
layiqincə yerinə yetirdi. Azərbaycanın şanlı
tarixində iz qoydu. Dövlət tərəfindən isə
göstərdiyi qəhrəmanlığa görə "Vətən
uğrunda", "Cəsur döyüşçü" və
"Suqovuşanın azad olunmasına görə"
medalları ilə təltif edildi.
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2025.- 28 yanvar(№15).- S.11.