Haqq savaşımızın qəhrəman
yolçusu
Müzəffər Ordumuzun şücaəti və qəhrəmanlığı
sayəsində 30 ilə yaxın işğal altında qalan
torpaqlarımız düşmən tapdağından azad
olundu. Bu müqəddəs yolda 22 yaşında şəhidlik
zirvəsinə ucalan qəhrəmanlardan biri də Cəlilabadın
Bəcirəvan kəndində boya-başa çatan Ayaz Nizami
oğlu Abbasovdur. Xalqımızın igid, vətənpərvər
oğlu qəhrəmanlıq simvoluna çevrilib qəlblərdə
özünə yuva qurdu. Dövlət tərəfindən müharibə meydanında göstərdiyi
fədakarlığı "Vətən uğrunda", "Cəbrayılın azad
olunmasına görə" medallarına layiq
görüldü.
Ayaz Abbasov həyatı dərk edən gündən Vətənin
daşına, torpağına, yaşadığı yurd yerinə
ürəkdən sevdalanır. Həm də əxlaqı saf, əqidəsi
dürüst gənc Vətən torpağının yada yurd
olmağını qəbul edə bilmirdi. Odur ki, Ayaz nəyin
bahasına olursa-olsun Qarabağın mənfur düşmən
tapdağından azad olunması məqsədilə ordu
sıralarına yollanır. Əsgərliyə cəbhə xəttində başlayan Ayaz vətən
qarşısında olan müqəddəs borcunu şərəflə
yerinə yetirir.
Cəsurluğu, çevikliyi, dosta qarşı sədaqəti
ilə hərbi hissədə hamının sevimlisinə
çevrilən Ayazın hərbi xidmət müddəti bitsə
də, düşməndən hələ qisasını ala
bilməmişdi. Bu səbəbdən hərbçi olmaq qərarına
gəlir. 2017-ci ildə Azərbaycan Daxili
Qoşunlarının Xüsusi Təyinatlı dəstələrinin
birində müddətdən artıq hərbi xidmət edir.
Çox keçmədən 2020-ci ilin 27 sentyabrında
İkinci Qarabağ müharibəsi başlayır və Ayaz əlinə
silah alıb mərdliklə düşmənə qarşı
vuruşmağa başlayır. Qeyri-bərabər döyüşlərdə
neçə-neçə erməni əsgərini məhv edən
Ayaz oktyabrın 3-də Cəbrayılda döyüş
zamanı şəhidlik zirvəsinə ucalır.
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2025.- 28 yanvar(№15).- S.11.