Yaş üstünə yaş gəlsə
də, heç vaxt qocalmayacaq...
ŞƏHİD BAŞ LEYTENANT SƏİD
RƏŞİDZADƏNİN ANADAN OLMASINDAN 35 İL
ÖTÜR
Qəribədir, insanlar sağ olanda doğum günləri
hamıdan çox onun özü üçün əlamətdar
olur. Dünyadan köçəndən sonra isə yaş
üstünə gələn yaş, hər ötən il, təqvim
dəyişikliyi onun cismani varlığının
fövqündə olur. Yalnız doğmaları köks
ötürərək xatirələrə üz tuturlar.
Vətənin xatirə dəftərinə yazılan
şəxslər isə, bütöv xalqın köksündə
yaşaya bilir, şəhid baş leytenant Səid Rəşidzadə
kimi...
Müharibənin 5, Səidin 35 illiyi 2025-ə təsadüf
edir. Səkkiz ay sonra o böyük tarixin 5-ci
ildönümüdür. Amma bu ötən 5 ildə nə o
itkilərin ağrısı, nə də o Zəfərin
sevinci korşalıb. Səid və onun timsalında
bütün şəhidlər də həmin ağrı və
sevinc kimi yaşlanmayıblar.
Səid Rəşidzadə şəhid olandan sonra onun
döyüş yoldaşları, ailəsi, dostları ilə
həmsöhbət oldum. Hətta Səidin 100 yaşlı
babası, İkinci Dünya müharibəsinin
iştirakçısı Rəşid kişi ilə
danışdım. Hətta dəfn olunduğu Füzulinin
Babı kəndinə də getdik, qohumlarını
gördüm, xatirələrini eşitdim... Hətta təhsil
aldığı 207 saylı məktəbdə barelyefinin
açılışında müəllimlərinin Səid
haqqında fikirlərini də eşitdim. 5 il ərzində bu
söhbətlərin fonunda aydın şəxsiyyət tablosu
gözümdə canlandı, Səid barədə fikirlərim
tamam formalaşdı və belə həmyerlimə görə
qürur duydum...
Doğum günündə Səidlə bağlı
bir neçə məqamı xatırlamaq yerinə düşər.
Səid Nofəl oğlu Rəşidzadə 1990-cı
il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində
anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu
S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə təhsil
alıb. 2007-2011-ci illərdə Heydər Əiyev adına Ali
Hərbi məktəbdə ali təhsilə yiyələnib.
O, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri
sıralarında xidmət edib.
Səid Rəşidzadə 2016-cı il Aprel
döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı
Polad Həşimovun rəhbərliyi altında
döyüşüb. Şahidlərin dediyinə görə,
Polad Həşimovun şəhid olması xəbəri Səid
Rəşidzadəni bərk sarsıdıb. O, bir neçə
il əvvəl ordu sıralarından tərxis olunsa da,
könüllü olaraq 2020-ci il sentyabrın 27-si
döyüşlərə yollanıb.
2020-ci il oktyabrın 11-də Hadrutda Şişqaya
yüksəkliyinə bayraq sancarkən şəhid olub. Səid
Rəşidzadə göstərdiyi qəhrəmanlığa
görə, ölümündən sonra Prezident İlham
Əliyevin sərəncamına əsasən "İgidliyə
görə", "Vətən uğrunda",
"Füzulinin azad olunmasına görə" və
"Xocavəndin azad olunmasına görə" medalları
ilə təltif olunub.
Hələ Səid Rəşidzadə yenicə şəhid
olduğu vaxtlarda döyüşdüyü taborun komandiri,
mayor Hacı Rəhimovla həmsöhbət olmuşdum. Səid
barədə çox hərarətlə
danışırdı: "Mən onların tabor komandiri
idim. Səid müharibənin 5-ci günündən bizimlə
birlikdə oldu. Mənə deyəndə ki, könüllü
gəlmişəm, Vətənimizin azadlığı
uğrunda vuruşmaq istəyirəm, o andan bildim ki, Səid mərd,
cəsur bir gəncdir. Döyüş
tapşırıqlarını yerinə yetirərkən, demək
olar ki, Səidlə bir yerdə olduq. Səid və onun
dostları döyüş tapşırıqlarını ləyaqətlə
yerinə yetirən insanlar idi. Səid heç nədən
qorxmayan, çəkinməyən bir gənc idi. Neçə
dəfə ona xəbərdarlıq etmişdim ki, ehtiyatlı
olsun. Həmişə mənə deyirdi ki, komandir, Vətən
sağ olsun, borcumuzdur, borcumuzu yerinə yetiririk. Səidlə
Hadrut istiqamətində yüksəklikləri təmizləyə-təmizləyə
irəliləmişik. Orada düşmənin bir neçə
postu qurulmuşdu ki, həmin postlardan düşmən bizim
qoşunların hərəkətini görürdü. O
yüksəkliklər təmizlənməsəydi, Hadruta
giriş mümkün deyildi. O yüksəklikləri təmizləyərkən
böyük bir qarşıdurma oldu. Səid düşmənin
bayrağını endirmək istəyəndə snayper
gülləsinə tuş gəldi. Biz Səidin
qisasını aldıq. Orada dalğalanan üçrəngli
bayrağımızın üzərinə Səidin adı
yazılıb. Onun döyüş yoldaşları mənim rəhbərliyimlə
bayrağa Səidin adını yazdılar və
aldığımız postdan asdılar. Allah şəhidlərimizə
rəhmət eləsin. Onların qanı bahasına biz
torpaqlarımızı azad etdik. Allah Səidə qəni-qəni
rəhmət eləsin".
Bu 5 ildə heyrət etdiyimiz digər vacib məsələ
Səidin atası Nofəl Qasımovun əzmi,
dözümü oldu. Dəfələrlə ən kövək
məqamlardan danışmışıq, bir dəfə də
olsun, səsindəki şövq azalmayıb. Səidin məzarı
üzərindəki söhbətimizdən: “Bilirsən, mən
Səidə deməmişdim ki, müharibəyə get, o
özü bu yolu seçdi. Evdə dayana bilmirdi, yerə-göyə
sığmırdı. Mənlə dava edirdi ki, sən
komissarlığa demisən Səidi aparmayın. Günün
birində evə gələndə gördüm
hazırlaşıb Füzuliyə gedir,
sağollaşdıq... Füzulidə qohum-əqrəba ilə
görüşüb, deyib-gülüb. Səhəri gün
komissarlığa gedib. Özü sənədləşmə
işini həll edib, füzulili cavanlarla birlikdə yola
düşüblər... Mən Səidi heç nəyə məcbur
etmirdim. O, gözünü açandan mənim mübarizə
yolumu görmüşdü, özü də bu ruhda
böyümüşdü. 1990-cı illərdə,
döyüşlərin qızğın vaxtlarında Səidin
3 yaşı vardı, onu bir neçə dəfə
özümlə səngərə də aparmışdım.
Səidin içində Vətənin qisası hissi vardı,
o qisasın dalınca getmişdi Səid. Səidin şəhid
olduğu yerə - Şişqayaya biz 1990-cı illərdə
üç dəfə hücum eləmişdik, amma ala bilməmişdik.
Mən ömrü boyu Səidin Azərbaycan bayrağı
sancarkən şəhid olduğu o yüksəkliyin həsrətini
çəkmişəm. Mənə qismət olmadı, amma Səid
Şişqayaya gedə bildi”.
İndi bunları yazdıqca düşünürəm;
illər keçəcək, Səidin anadan olmasından 45, 55,
65... illər keçəcək. Amma o, əbədi qara
saçlı, cavan, qamətli olacaq, yaş üstünə
yaş gəlsə də, heç vaxt qocalmayacaq.
Addım-addım alınan vətənin ilbəil tarixə
çevrilən canlı şahidlərindən biri kimi Səid
Rəşidzadəni doğum günündə sevgi və
ehtiramla yad edirik...
Nadir YALÇIN
525-ci qəzet .- 2025.- 28 yanvar(¹15).- S.11.