"Diplomatların uzun illər edə
bilmədiyini Tofiq Bəhramov bir qərarla bacardı"
BU GÜN UNUDULMAZ AZƏRBAYCAN HAKİMİ TOFİQ
BƏHRAMOVUN 100 YAŞI TAMAM OLUR
"Old Trafford"da "Mançester Yunayted"in əfsanəvi
baş məşqçisi Ser Aleks Ferqyussonun, "Uembli"də
1966-cı ildə dünya çempionatının qalibi olan
İngiltərə millisinin kapitanı Bobbi Murun heykəli var.
Futbolçu və ya məşqçilərin xatirəsinin
bu cür ədədiləşdirilməsi, onların
adlarının stadionlara verilməsi ilə bağlı
nümunələrə çox rast gəlmək olur. Ancaq hələ
ki, hakimliyin zirvəsinə ucalan dünya şöhrətli azərbaycanlı
Tofiq Bəhramovdan başqa adına futbol arenası olan referi
yoxdur".
2019-cu ildə Britaniyanın "The Sun" nəşrində
Tofiq Bəhramov haqqında dəcr olunan məqalədə belə
bir abzas yer alıb. Bu fakt Tofiq Bəhramovun Azərbaycan futbolu
üçün nə qədər yüksək əhəmiyyətli
bir sima olduğunun növbəti göstəricisidir.
Yanvarın 29-da T.Bəhramovun 100 illik yubileyidir. 1925-ci
ildə Ağdamda doğulan və sonradan Bakıda -
İçərişəhərdə yaşayan Tofiq Bəhramov
hakimlik adına ən yüksək zirvəyə
ucalmağı bacarıb.
1966-cı il dünya çempionatının final
matçı - İngiltərə - Almaniya oyunundan (4:2) sonra
Böyük Britaniya kraliçası 2-ci Elizabetin şəxsən
təqdim etdiyi "Qızıl fit" və
"Qızıl ilahə" mükafatının surətinə
layiq görülən bu azərbaycanlı hakim heç kimin
bacarmadığını edib. Çünki həmin vaxtlar
"Qızıl fit" mükafatı yalnız baş hakimlərə
verilirdi. Tofiq Bəhramov isə yan xətt hakimi kimi işinin
öhdəsindən əla gəldiyinə görə bu
hörmətə layiq görülmüşdü.
Tofiq Bəhramovun adı gələndə ilk olaraq yada
1966-cı ildə keçirilən dünya
çempionatıın final matçı düşsə də,
1970-ci ildə Meksikada təşkil edilən mundialda, 1968 və
1972-ci illərdə keçirilən Avropa
çempionatlarında, həmçinin Qitələrarası
Kubokda ("Estudiantes" - "Mançester Yunayted"
oyununda yan xətt hakimi, "İndependente" - "Ayaks"
matçında baş hakim) ədaləti təmin edib. 1972-ci
ildə UEFA kubokunun final matçı ("Vulverhempton" -
"Tottenhem") da Tofiq Bəhramova tapşırılıb.
Bütün bunlar Azərbaycan hakimliyi adına çox
böyük uğur və növbəti hakim nəsli
üçün yaxşı bir nümunədir
Tofiq Bəhramovla 20 ilə yaxın birlikdə
çalışmış, SSRİ dövründə
FİFA referisi olmuş başqa bir azərbaycanlı Rüstəm
Rəhimov Azərbaycanın 20-ci əsrdə ən
yaxşı hakimlərindən biri sayılır. Əfsanəvi
hakimi uşaqlıqdan tanıdığını deyən Rəhimovun
onunla bağlı xatirələri az deyil: "İçərişəhərdə
bir məhlədə yaşayırdıq, qonşu idik. Biz məhlədə
futbol oynayanda Tofiq müəllim əlində çanta ilə
yanımızdan keçirdi. Onda o qədər də
tanınmırdı. Mən danışıram 1958-1960-cı
illərdən. Tofiq müəllim hakimliyə başlayanda mən
futbol oynayırdım, tez-tez görüşürdük.
1966-cı ildə keçirilən dünya
çempionatına qədər Tofiq Bəhramov SSRİ
çempionatında yüksək liqanın oyunlarını
idarə edirdi və artıq bizdə tanınırdı. Amma
1966-cı ildəki dünya çempionatından sonra
dünyada tanındı. Həmin vaxt dünya
çempionatında SSRİ-dən yalnız Tofiq Bəhramov
var idi. O zaman mundiala qabaqcıl ölkələrin hakimlərini
dəvət edirdilər. Final mərhələsində yan xətt
hakimliyi üçün SSRİ-dən 3 namizəd olub.
Rusiyadan Sergey Alimov,
Gürcüstandan Karlo Kolaşvili və Azərbaycandan
Tofiq Bəhramov. O boyda SSRİ-dən təkcə Tofiq Bəhramovu
seçiblər. Onu da qeyd edim ki, o vaxta qədər bizim
hamımızın müəllimimiz olan Nikolay Latışev
1962-cı ildə dünya çempionatının final
matçını idarə etmişdi. O, SSRİ Hakimlər
Komitəsinin sədri və FİFA-da hakimlərin rəhbəri
idi. Onlar ikisi SSRİ-də yeganə hakim olmuşdular ki, iki dəfə
ardıcıl dünya çempionatının final mərhələsində
iştirak etmişdilər. Yəni 1958, 1962-cı illərdə
Nikolay Latışev və 1966, 1970-ci illərdə Tofiq müəllim.
O dövr üçün bu, böyük nəticə idi.
1966-cı ildə dünya çempionatının
finalında İngiltərə ilə Almaniya oyunundakı qərarı
ilə Tofiq müəllim dünya futbolunun tarixinə
düşdü. Biz həmişə onunla fəxr edirdik. Təbii
ki, almanlar bu qərardan narazı qalıblar. Ancaq dünya
çempionatı bitəndən sonra təşkil edilən
böyük ziyafətdə Almaniya millisinin kapitanı Uve
Zeeler Tofiq Bəhramova yaxınlaşıb və qərarına
hörmətlə yanaşdığını deyib. Bunu Tofiq
müəllim özü mənə danışıb. Oyun
zamanı təbii ki, hərə bir söz deyə bilərdi.
Çünki final oyununun gedişində hamı emosional olur.
Ancaq daha sonra hər kəs qərarın düz olması
faktı ilə razılaşıb. Tofiq müəllimin təkcə
bu qərarı Azərbaycan hakimliyinə çox böyk təkan
verdi. Məsələn, elə bir faktı deyim. O vaxtlar
SSRİ ilə digər böyük dövlətlərin
münasibəti elə də yaxşı deyildi. Bu, futbolda da
özünü göstərirdi. FİFA-nın münasibətində
də bunu görmək olurdu. SSRİ hakimlərinə az təyinat
verirdilər. O vaxt FİFA-nı prezidenti ingilis Stenli Rouz idi.
Tofiq müəllim həmin qərarından sonra uzun illər
diplomatların edə bilmədiyi işlər oldu. Bundan sonra
FİFA tərəfindən SSRİ hakimlərinə də təyinatlar
verildi. Yəni əvvəllər il ərzində 2-3 təyinat
olurdusa, 1966-cı ildən sonra bu rəqəm 8-10-a yüksəldi.
Bizim orada nüfuzumuz artdı. Bundan sonra FİFA hakimlərimizin
də sayı çoxalmağa başladı".
R.Rəhimovun fikrincə, Tofiq Bəhramov adı Azərbaycanın
indiki hakimləri üçün əsl motivasiyadır:
"Mən 20 ilə yaxın Tofiq müəllimlə işləmişəm.
Biz xeyli işlər gördük ki, hakimlərimiz SSRİ
çempionatında iştirak etsinlər. Biz heç vaxt Tofiq
Bəhramovu yaddan çıxara bilmərik. Musiqiçilər
dahi Üzeyir Hacıbəyovdan necə öyrənməlidirlər?
Öyrənməlidirlər ki, Üzeyir bəy bu əsəri
necə yazıb. İndiki hakimlər də Tofiq müəllimə
belə baxmalıdırlar. İndi hakimlik dəyişilib. VAR
da var. O vaxt bunlar yox idi. Yəni indi hakimlik asanlaşıb.
Çünki bir neçə yeni texnologiya var ki, hakimlərə
çox kömək edir. Ancaq ümumi götürəndə
Tofiq müəllimin nəticələri bir etalondur.
Çalışıb elit dərəcə
almalıdırlar. Sevindirici haldır ki, bu gün hakimlərimiz
Əliyar Ağayev və Elçin Məsiyev artıq
UEFA-nın birinci qrupundadırlar. Qarşılarına məqsəd
qoymalıdırlar ki, dünya çempionatına
düşsünlər. Necə ki, bir vaxtlar Tofiq Bəhramov
bunu etmişdi".
R.Rəhimovun Tofiq Bəhramovla bağlı xatirlərində
onun meydandan kənarda mülayim bir insan olduğunu görmək
olur: "Tofiq müəllim çox ehtiyatlı adam idi. Yəqin
ki, məsuliyyətdən irəli gəlirdi. Amma bir az
çox ehtiyatlanardı. Biz Soçidə təlim-məşq
toplanışında idik. O da həmişə qapı-pəncərəni
bağlayardı ki, soyuq olmasın. Səhərlər
bütün hakimlər durub qaçırdı. Orda da
hamısı korifey hakimlər idi. Mən də ona deyirdim ki,
Tofiq müəllim, siz də səhərlər Qara dənizin
sahilində gəzin, qaçın. Görürsünüz, o
biri hakimlər axşam içsələr də, səhərlər
durub qaçırlar (gülür). O da mənim sözümə
görə 1-2 dəfə durub səhərlər
qaçdı və xəstələndi. Mənə dedi ki,
görürsən, sənə qulaq asdım, belə oldum. Həmişə
soyuqdan qorxurdu. Bu mülayim xasiyyəti insanlara qarşı
münasibətində də görünürdü".
Müstəqil Azərbaycanın ilk FİFA dərəcəli
hakimlərindən olan Tahir Süleymanov da Tofiq Bəhramovdan bu
peşənin bir çox sirrini öyrənib. O da unudulmaz
referini özünə ustad sayır: "Hakimlikdə dahilik
zirvəsinə ucalmış Tofiq Bəhramov Azərbaycan futbol
tarixində öz layiqli yerini tutur. Tofiq müəllim futbolun
bütün sahələrindən keçərək zirvələrə
ucalıb. Qısa futbolçu karyerasından sonra hakimlik,
"Neftçi" klubunda rəis, pedaqoji fəaliyyət və
ömrünün sonuna kimi, müstəqilliyimizin ilk illərində
yeni yaranan AFFA-da məsul baş katib vəzifəsi.
Tofiq Bəhramovun uğurlarını geniş
sadalamağa ehtiyac yoxdur, qısa xatırlatma kifayət edər.
İngiltərədə dünya çempionatının
finalı, Meksika-70-də hakimlik, 1972-ci ildə UEFA kubokunun
final matçı, qitələrarası klub qarşılaşmasında
baş hakim.
Bizim hakim kimi yetişməyimizə həmişə dəstək
verib, məsləhətlərini əsirgəməyib.
İstedadlara xüsusi münasibəti var idi, onları
qoruyardı. AFFA rəhbərliyində təmsil olunması, o
dövrdə biz gənc hakimlər üçün dəyər
idi. Qapısı hər birimizin üzünə açıq
olardı. Çətin illər olsa da, Tofiq Bəhramovun
müsbət aurası ətrafa yayılırdı, səmimi
mühit formalaşırdı. Heç kimin qəlbinə dəyməzdi.
Xatirələr çoxdur. Hər dəfə yanına dəvət
edər, hakimliyin sirlərini aşılayar, səbirli
olmağı tövsiyə edərdi. Hakimlikdə əsas diqqəti
psixoloji hazırlığa yönəldərdi. O dövrlər
texnoloji inkişaf indiki kimi deyildi. Nüfuzuna,
böyüklüyünə baxmayaraq, dəfələrlə
axşam saatlarında şəhər telefonu ilə evə zəng
edərdi, saatlarla idarə etdiyim oyunları müzakirə edərdik,
bir-bir epizodları mənim üçün təhlil edərdi,
yorulmazdı. Bu sadəlik Tofiq Bəhramov şəxsiyyətinin
böyüklük zirvəsi idi. Belə qayğıkeşlik
bizi daha da ruhlandırırdı. Ümumiyyətlə, o
dövrdə hakimlər arasında böyük-kiçik yerinə,
qarşılıqlı hörmətə mütləq riayət
olunurdu.
Sakit, təmkinli Tofiq Bəhramovun 1992-ci ildə ilk və
son dəfə mənə qarşı hirsləndiyini
gördüm. Çox gənc idim, hakimliyi atmışdım,
ölkə xaricinə yollanırdım. Bu seçimimdən
çox narazı qalmışdı, belə addım
atmamağı israrla tövsiyə edirdi. Hər dəfə
Bakıya qayıtdıqda baş çəkərdim,
inadından dönmürdü, geri qayıtmağımı nəinki
məsləhət görür, tələb edirdi. Sonda elə
də oldu. Tofiq Bəhramovun və müəllimlərimizin
sözünü yerə sala bilməzdim.
Ən böyük arzularından biri, tez bir zamanda
müstəqil Azərbaycanın FİFA referilərinin
olması idi. AFFA-nın baş katibi, beynəlxalq nüfuzu
olan şəxs kimi buna çox çalışırdı.
Nəhayət, 1994-cü ilin sonunda FİFA-dan xoş xəbər
gəldi, biz (Tahir Süleymanov, Xaqani Məmmədov, Asim Xudiyev
- red.) ilk beynəlxalq dərəcəli hakim adını
qazandıq.
Təəssüf ki, Tofiq Bəhramov
sıralarımızı çox tez tərk etdi. Onun
yoxluğunu uzun illər öz üzərimizdə hiss etdik.
Ruhu şad olsun, Tofiq müəllimin özü görməsə
də, azərbaycanlı hakimlərin beynəlxalq səviyyədə
olması istəyi, arzusu həyata keçmişdi. Bu gün də
davam etməkdədir... Tofiq Bəhramov adı daim qəlbimizdə
yaşayacaq!"
Sonda Tofiq Bəhramovun hakimlik zirvəsinə yüksəlməsini
və bu peşədə necə bir şəxsiyyət
olduğunu qısa şəkildə xatırlatmaq istəyirəm.
SSRİ çempionatında 146 oyunda baş hakim olub.
1963-cü ildən 13 il ardıcıl SSRİ-nin 10 ən
yaxşı hakimi siyasısına düşüb.
SSRİ-də avrokubokların finalında hakimlik
etmiş ilk referi olub.
Avropa çempionatının final matçını
idarə edən birinci sovet hakimi olub.
Nikolay Latışevdən sonra dünya çempionatının
final mərhələsində hakimlik etmiş ikinci sovet hakimi
olub.
SSRİ-də iki dəfə ardıcıl dünya
çempionatının final mərhələsində
iştirak etmiş iki hakimdən (digəri Nikolay Latışev - red.) biri olub.
Tofiq Bəhramov 1975-ci ildə hakimliklə
vidalaşıb. Həmin il "Neftçi"yə
qayıdaraq məşqçi, daha sonra komandanın rəisi
kimi işləyib. O, 1992-ci ildə yeni yaranan AFFA-da Hakimlər
Komitəsinin sədri, daha sonra isə baş katib vəzifəsində
çalışıb.
1993-cü ilin martın 26-da, 68 yaşında
dünyasını dəyişib.
Sizi unutmuruq, böyük hakim!
Ramiq AĞAMƏMMƏDOV
525-ci qəzet .- 2025- 29 yanvar(№16).- S.15