Həvəs həmin
həvəs, sevgi həmin sevgi
Dördüncü kursda oxuyanda Bakının 158
saylı orta məktəbində pedaqoji təcrübədə
idik. VIII sinifdə sınaq dərsindəydim. Yeni dərsin
izahı mərhələsində Mehman adlı şagird məni
dinləmirdi, arxada oturan şagirdə davamlı olaraq nəsə
deyirdi. İrad tutmadım, izahımı davam etdirə-etdirə
ona yaxınlaşmışdım, əlimi çiyninə
qoyub dərsi öz ahəngində davam etdirmişdim. Dərs
başa çatmışdı. Təcrübə rəhbərimiz
Əmralı Şirəliyev mənim yanaşmamı bəyənmişdi,
"Sən müəllim təmkini ilə mövzunu tam, kəsilmədən
izah etdin. Həm də Mehmana dərsin içində
yaxşı dərs verdin...", - demişdi. Müəllimimizin
dedikləri mənim müəllimliyə ehtiramımı daha
da artırmışdı...
İllər sonra Zəngilanın Cahangirbəyli kənd
orta məktəbində müəllimlərlə söhbətləşəndə
bu hadisəni də xatırlatmışdım. Onda Sona müəllim
təbəssümlə "Belə bir vəziyyətlə mən
də rastlaşmışam. Mən də eynən sizin kimi eləmişdim..."
- demişdi. Onda ustad pedaqoqumuz, yazıçı Abdulla
Şaiqin bir şeirinin bir misrasını
xatırlatmışdım: "Həpimiz (hamımız -
B.M.) bir Günəşin zərrəsiyik", - demişdim;
Sona Camalovanı bacarıqlı bir müəllim kimi
tanımışam...
1965-ci il yanvarın 29-da Zəngilan rayonunda ilk alitəhsilli
kənd təsərrüfatı mütəxəssislərindən
biri olan Məşi Camalovun ailəsində anadan olan Sona
uşaqlığından göz açıb kitablar
görüb; Məşi Camalovun evdə özünün
kitabxanası olub. Kitablarla ünsiyyət balaca Sonanın
dünya duyumunu da genişləndirib, söz ehtiyatını
da artırıb. Ədəbiyyatı sevib, özünü ədəbiyyatın
pərvanəsi bilib Sona Camalova.
Orta məktəbdə oxuduğu illərdə musiqiyə
də böyük marağı olub. Valideynləri onun bu
marağını gerçəkləşdirib, Sona Məşi
qızı Zəngilan şəhər musiqi məktəbində
fortepiano üzrə 7 illik təhsil alıb...
Orta məktəbi bitirən Sona sevdiyi ədəbiyyatı
şagirdlərə də sevdirmək üçün ədəbiyyat
müəllimi olmağı qərara alıbmış.
1983-cü ildə Akademik Yusif Məmmədəliyev adına
Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki
Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsinə
qəbul olunub. Oxuyub, öyrənib, öyrənib, oxuyub.
Hansı marağa görəsə, elmi araşdırmalara da həvəsi
olub Sonanın. Tələbə Elmi Cəmiyyətinin xətti
ilə bu və ya digər mövzuda elmi araşdırmalar da
aparıb, cəmiyyətin konfranslarında
çıxışlar edib, bir neçə dəfə
birinci yeri də tutub...
Sona Camalova müəllimlərini həmişə
ehtiramlarla xatırlayır. Validə müəllimi, Allahverdi
müəllimi, tələbəlik illərində müəllimi
olmuş akademik İsa Həbibbəylini, filologiya elmlər
doktoru Vəliyəddin Əliyevi, professor Yavuz Axundovu,
...unutmayıb, unutmur, unutmayacaq...
Ədəbiyyatımızı da sevib, tariximizi də.
Ədəbiyyat tariximizi tariximizlə birlikdə öyrənmə
həvəsi ilə diplom işi mövzusu olaraq XVI əsrin həm
hərb xadimi, həm də söz bilicisi - şair Şah
İsmayıl Xətainin poeziyasını seçib. Gözəl,
elmi baxımdan təkmil bir əsər yazıb. Dövlət
İmtahan Komissiyasının üzvləri onun diplom işini
elmi baxımdan mükəmməl əsər kimi dəyərləndirib.
İndi də xatırlayır: müəllimləri diplom
işinin müdafiəsindən sonra dediyi fikri də bəyəniblər:
Xətaimizin kəlamını mən də yerinə yetirdim.
Çiy loxma çeynəmədim... Ona "Ömrü belə
yaşayanlardan ol, tələbə Sona, müəllim
Sona!" - deyiblər...
1987-ci ildə institutu fərqlənmə diplomu ilə
bitirib. Tələbəliyin sonu Sonanın həyatında
müəllimliyin başlanğıcı kimi tarixləşib.
Və bu tarixləşmə ona atası verdiyi adla bir sırada
bir ad da verib: müəllim. Hamı onu Sona müəllim kimi
tanıyacaqdı.
Təyinatla Zəngilan rayonuna, Cahangirbəyli kənd
orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı
müəllimi göndərilib. İlk tədris ilinin ilk dərsini
unutmur: "Bir qədər həyəcanlıydım. Bir
vaxtlar şagird kimi daxil olduğun sinif otağına müəllim
kimi daxil olurdum. Bir vaxtlar baxıslarım müəllimimizin
baxışlarına dikilərdi, onda baxışlarım
şagirdlərimizin baxışlarına sarılmısdı.
Əvvəlki doğmalığı sezincə həyəcanım
sovuşdu..."
Üç il bu məktəbdə müəllim
işləyib. Sevdiyi ədəbiyyatı sevdirib. Bu sevgini
şagirdləri ilə qoşa yaşayıb. 1990-cı il
sentyabrın 1-dən Zəngilan şəhər 3 saylı orta
məktəbdə işləyib.
Faiq Rzayevlə ailə qurmuşdu. Faiq "Kommuna"
sovxozunda azad komsomol komitəsinin katibi və Zəngilan rayon
komsomol komitəsinin təşkilat şöbə müdiri vəzifələrində
işləyirdi. Erməni xislətinin sərhədlərimizə
yaxınlaşdığını onlar da hiss edirdi. Vətəndaş
olaraq bu, onların da heysiyyətini titrədirdi. Ermənilər
366-cı alayın fəal iştirakı ilə Xocalıda
faciə törətmişdi. Bu qansızlıq Faiqin də
nifrətini kükrətmişdi. Ürəyinin hökmü
ilə Zəngilan rayon daxili işlər şöbəsinə
müraciət etmişdi. Onun vətənpərvərliyinə
razılıq verilmişdi...
Faiq də torpağı qoruyanların
sırasındaydı. Gənc vətənpərvər polis
zabiti Zəngilan uğrunda gedən döyüşlərdə
dəfələrlə mərdliklə vuruşmuş, sərhəd
kəndlərində əhalinin təhlükəsizliyinin
qorunmasında əsl şücaət göstərmişdi...
1993-cü il avqust ayının 24-ü idi. Həmin
gün Faiq Rzayev döyüş əmrini yerinə yetirməyə
gedərkən yolda
maşınına yanacaq dolduranda partlayış baş
vermişdi...
Baş leytenant Faiq Rzayev faciəli şəkildə həlak
oldu... Zaman dayanmadı, Sona zamanı Faiqin yadigarı olan
qızı Səmirəni (Səmirə Rzazadə Azərbaycan
Dövlət Dillər Universitetini "Fərqlənmə
diplomu" ilə bitirib. Hazırda Sumqayıt şəhər
Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəbdə
direktor vəzifəsində çalışır)
böyütməyə, atasının ruhunun
işığına yönəltmişdi. Faiqsizliyin
ağrıları gizildəməkdəykən Vətənin
ağrılarına tuş gəldilər. Düşmən Zəngilanı
mühasirəyə almışdı. Köməksizliklə
baş-başa qalmışdı Zəngilan.
Yağışlı bir oktyabr günündə Sona
üç yaşlı qızıyla birlikdə Arazın ləpədöyənindəydi.
Çayı keçib qaçqınlıq həyatının
dözülməzliklərinə düşənlərin
sırasında onlar da olacaqdı...
Bakıya gəliblər, Bakıda məskunlaşıblar
(niyəsə, yaşama ifadəsi ilə məskunlaşma ifadəsi
arasında eynilik görə bilməmişəm...).
Yasamal rayonu 21 nömrəli tam orta məktəbdə
Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin
olunub. Dərdini büruzə verməməyi bacarıb, dərdlilərin
dərdini öz dərdi bilib. Hamı onu özünə
könül həmdəmi bilib. "Dərdin nazı çəkilməməlidi,
dərdi dərdqananlığınla dara çəkməlisən...",
- Sona müəllim belə düşünürdü. Tezliklə
həm müəllimlərin, həm də şagirdlərin rəğbətini
qazanıb. Şagirdləri sevirdi, müəllimliyi sevirdi. Zəngilanda
belə işləmişdi. Yeni iş yerində də belə
işləyəcəkdi.
1997-ci ildə Sumqayıt şəhərinə
köçmüşdü, Sumqayıt şəhər 7
saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı
müəllimi təyin olunmuşdu. "Mənim şagirdim mənim
qürurumdur" - düşüncəsiylə işləyən
müəllimlərdən idi Sona müəllim. Bu qüruru
böyük könül xoşluğu ilə "Müstəqil
Azərbaycanın gələcəyini necə görürəm"
adlı inşa müsabiqəsində şagirdi respublika
üzrə 1-ci yerə layiq görüləndə də
yaşamışdı...
Müəllimliyi peşə kimi sevirdi, indi vətəndaşlıq
borcu kimi sevir. Bu borc onun ömür fəlsəfəsidi:
Öyrətməlisən, öyrədəndə günlərin
də, ayların da, illərin də ömürləşir.
Sona müəllim belə düşünür. Onun fəaliyyəti
Sumqayıt Şəhər Təhsil İdarəsinin də
diqqətindən yayınmayıb. Bacarıqlı müəllim
kimi şəhərin təhsil şəbəkəsində
adı həmişə qabaqcıllar sırasında çəkilib.
2002-ci il dekabrın 4-də "İstedadlı şagirdlərin
yaradıcılıq qabiliyyətlərinin inkişafında səmərəli
fəaliyyətinə görə" Azərbaycan
Respublikası Təhsil Nazirliyi onu Birinci Dərəcəli
Diplomla təltif edib. İki şagirdinin respublika fənn
olimpiadasında birinci yerə layiq görülməsi onun
müəllimliyinin nəticəsi kimi dəyərləndirilib.
2005-2006-cı tədris ilində pedaqoji təcrübəsi
Sumqayıt təhsil müəssisələrində
yayılıb (buna qabaqcıl iş təcrübəsi deyirlər).
Belə hallar həmişə olmur, belə bir etimad hər
müəllimə göstərilmir...
İkinci Qarabağ müharibəsində ordumuz tarixi
Zəfər qazandı. Həmin gün Sona müəllim
bütün zəngilanlılara xitabən dedi:
Gözünüz aydın, nisgilimiz sona çatdı!.. Şəhidlərə
"Ruhunuz şad olsun!" deyib...
2007-ci il oktyabrın 3-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə "Tərəqqi" medalı ilə təltif olunub.
2015-ci il oktyabrın 2-də ona Əməkdar müəllim
adı verilib. Hər iki mukafat onun sevdiyi peşəyə
sevgisinin nəticəsidir. Bu sevgi ilə yaşayıb, bu sevgi
ilə işləyib, bu sevinci də bu sevginin
işığında yaşayıb. "Məni
qohumlarım, tanışlarım, tanıdıqlarım təbrik
etmişdi. Şagirdlərimin səmimi təbrikləri məni
çox kövrəltdi. Onda, nə danım, gözlərim
yaşardı, göz yaşlarım kirpiklərimi
islatdı...", - Sona müəllim təltiflərdən
söz düşəndə belə deyir. Onun kəlmələri
ehtiram kimi dinlənilir: şagird adına ehtiram kimi, sabahın
vətəndaşlarına ehtiram kimi, müəllim adına
ehtiram kimi və azərbaycançılığa ehtiram
kimi...
Sona Camalova Sumqayıt şəhərindəki 7
saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı
müəllimidir. "Elə bil 1987-ci ildi, hər dəfə
sinfə belə gedirəm. Heç nə dəyişməyib,
dəyişən təkcə şagirdlərimdi. Həvəs
də həmin həvəsdi, sevgi də həmin sevgidi.
Əminəm ki, şagirdlərimizin təhsilə ciddi
sevgisini ömrümün bu çağına
şükranlıq biləcəm. Əminliyim belədir...",
- bu kəlmələri müəllimlik peşəsinə
verilən dəyər bilirəm. Həm də yaxşı
tanıdığım yaxşı bir müəllimin verdiyi dəyər.
2021-ci il oktyabrın 20-si gününü də
heç zaman unutmayacaq. Zəngilandaydı. Həm də ruhunun
uçunduğu bir məqamda: Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə və
Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə Zəngilanda
səfərdəydi. Bu biçim sevinci yaşamağı
ömrünə qazanc bilir Sona müəllim.
Ağlaya-ağlaya çıxdığı Zəngilana
böyük könül xoşluğu ilə
qayıtmışdı...
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə və Birinci vitse-prezident Mehriban Əliyeva ilə Zəngilanın küçələrində
söhbətləri, onlarla küçələri birlikdə
gəzişməsi ona dünyanı bəxş edib.
Ayağı dəyən torpağı bağrına basıb
öpmək istəyib o anlarda. Gözlərinin yaşı
dayanmayıb, amma bu göz yaşları sevincdən axıb.
Müəllimlər haqqında çox yazılıb.
Hamısı da sevgiylə, ehtiramla. Şeirlərin hər
misrasından bu sevgi, bu ehtiram boy göstərib. İslam Səfərlinin
"Müəllim" şeiri də belə şeirlərdəndir.
Bu şeiri həm də Sona Camalovaya ünvanlayıram;
İslam Səfərli bu şeiri belə müəllimlərə
ithaf edib, şübhəsiz:
Gəlin alqış deyək, dostlar, ürəkdən
Əsl müəllim tək yaşayanlara
Şeirimlə gül dəstə bağlayıram mən
Bu adı şərəflə daşıyanlara!..
Əməkdar müəllim Sona Camalovanın
şagirdi olanlara Zəngilanda da, Sumqayıtda da həsəd
aparıblar. Bilməyiblər ki, onun işığı məktəbdə
bütün şagirdlərinin təfəkkürünü
işıqlandırır...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.14.