Elmin
populyarlaşdırılmasına mühüm töhfə
Elmin populyarlaşdırılmasının və təbliğinin
vacibliyini nəzərə alaraq Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) start verdiyi "Elm gözəldir:
məktəbdən elmə" və "Elmin
populyarlaşdırılması" təşəbbüslərinin
reallaşdırılması davam etdirilir. Qeyd edək ki,
"Elm gözəldir: Məktəbdən elmə"
adlı layihəyə start verilib. Layihənin əsas məqsədi
məktəblilərin intellektual potensialının və
dünyagörüşünün inkişafına təkan
vermək məqsədilə elmi biliklərin kütləvi təbliğini
həyata keçirmək, elmin təbliğatını təşkil
etməklə gənc nəslin elmə marağını
artırmaqdan ibarətdir. Layihə çərçivəsində
UNEC-in müəllimləri ölkə üzrə məktəblərə
və liseylərə səfər edərək, gənc nəslə
elm və təhsil sahəsindəki ən son yenilikləri,
elmi kəşfləri və uğurları tanıdırlar.
Aparılacaq müzakirələr gənc nəslin elmə
marağının artırılmasına, elmə yeni, gənc
mütəxəssislərin cəlb edilməsinə təkan
verəcək. Bu layihə Bakı və Sumqayıt şəhərlərində
yerləşən orta məktəbləri, Lənkəran,
Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində
yerləşən ali təhsil müəssisələrini və
məktəbləri əhatə edir.
Gənc nəslin elmə marağını artırmaq
məqsədilə həyata keçirilən "Elmin
Populyarlaşdırılması" təşəbbüsünün
məqsədi gənc nəslin intellektual potensialının və
dünyagörüşünün inkişafına təkan
vermək, elmi biliklərin kütləvi təbliğini həyata
keçirmək, gənc nəslin elmə marağını
artırmaqdan ibarətdir.
Sözügedən layihə də Lənkəran, Mingəçevir,
Gəncə və Naxçıvan şəhərlərində
yerləşən ali təhsil müəssisələrini əhatə
edir.
Hər zaman ilklərə imza atan UNEC-in irəli
sürdüyü bu təşəbbüs ölkənin elm və
təhsil adamları, alim və ziyalılar tərəfindən
böyük maraqla qarşılanır.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov
deyir ki, elm zamanın aşılaya bilmədiyi bəşəri
dəyərdir. Bu baxımdan gənclərin elmə yönəldilməsi
və bu niyyətlə elmin populyarlaşması fövqalədə
əhəmiyyətli bir məsələdir. Talantlı gəncliyi
elmə - sənətə yönəltmək çox vacib məsələdir:
"Müzakirə mövzusu olan "Elmin
Populyarlaşdırılması" layihələrinin ideya
müəlliflərin ürəkdən alqışlayıram
və uğurlar diləyirəm. Cəmiyyətimizdə elmə
də, alimə də həmişə hörmət və diqqət
olubdur. Bu sahədə tarixi ənənələrimiz qədimdir.
Min il öncə dahi Nizami elmə verdiyi qiymət bu gün də
qüvvədədir. Sovetlər zamanında da elmin fəlsəfəsi
mükəmməl idi. Bakının ən yaraşıqlı
binası-İsmailliyə - Akademiyaya verilmişdir. Alimlərin
əməyi də yüksək qiymətləndirilirdi.
Universitet dosenti rayon partiya komitəsinin katibindən yüksək
əmək haqqı alırdı. Bəhramgur heykəlinin
yanındakı yaraşıqlı yaşayış binası
da alimlər üçün tikilmişdi. Bu münasibətə
elm adamları layiqincə cavab verirdilər. Keçən əsrin
50-ci illərində neftçi alimlərimiz (A.Mirzəcanzadə,
Xoşbəxt Yusifzadə və digərlərini rəhmətliklə
yad edirəm) dənizdə neft kəşf etməsəydi və
mühəndislərimiz "Neft Daşları"nı
yaratmasaydılar, pambıq və üzüm satmaqla
bugünkü firavanlığı təmin etmək yəqin
ki, çətin olardı. İndi də elmə güvənmək
günün tələbidir, dövrün paradiqmasıdır.
Elm elə təşkil olmalıdır ki, ölkəmizə və
xalqımıza xidmət etsin. Elmin potensialından
düzgün istifadə etməyə bacarmalıyıq. Anadan
doğulan uşaqları iki qrupa bölmək olar: elm-sənət
üçün doğulanlar və peşə
üçün doğulanlar. Sənət üçün
doğulanlar yaradıcı insanlar olduqları
üçün onlar alim, bəstəkar, şair,
yazıçı, rəssam olaraq milli dəyərlər xəzinəmizi
zənginləşdirirlər. Bir millətin digərindən fərqi
yaratdığı maddi və mənəvi milli dəyərlərin
cəmi ilə ölçülür. Millət, milli dəyər
yarada bilməyəndə ölür. Sənət və elm
üçün doğulanlar milli dəyər yaradırlar və
tarix üçün yaşayırlar. (Yeni dəyər
yaradılmayanda məcburən köhnə dəyərləri
"Qızıl fond" kimi cəmiyyətə təqdim
edilir)".
Şahlar Əsgərovun dediyinə görə,
peşə üçün doğulanlar dəyər
yaratmırlar, ancaq dəyərləri qoruyaraq nəsildən nəsilə
ötürürlər. Peşə üçün
doğulanları, səhvən sənət üçün
doğulanların yerində oturdanda inkişaf dayanır:
"İnsan sənət üçün doğulubsa, o,
yaxşı bəstəkar (şair, rəssam) olar və yeni dəyər
yaradar. İnsan əgər peşə üçün
doğulubsa, o, yaxşı ifaçı, müğəni
olar ki, yaranmış dəyəri nəsildən nəslə
ötürər və qoruyar. Müğənnilər
(Hacıbaba Hüseynov, Əlibaba Məmmədov və digərləri
kimi) də yeni mahnı bəstələyə bilərlərsə,
onlarda sənət adamların sırasına qoşularlar. İnsan elm üçün
doğulubsa, o, fizika, kimya, biologiya üzrə alimi olar. Yox, əgər
peşə üçün doğulubsa, ondan yaxşı
fizika, kimya, riyaziyyat müəllimi olar. Sənət və
peşə üçün doğulanlar fərqli
düşüncə tərzinə malikdirlər. 1949-cu ildə
A.Eynşteyn sənayeçi ilə tacirin fərqli
düşüncəyə malik olduğunu qeyd etmişdir. Sənayeçi
həmişə yaratmaq, istehsal etmək, tacir isə ancaq pul
(düz, ya əyri yolla) qazanmaq haqında
düşünür. Sənayeçilər elmin, tərəqqinin
himayədarıdırlar və ciddi həyat tərzinə
üstünlük verirlər. Tacirlər şənliklərə,
kef məclislərinə üstünlük verirlər.
Yüngül həyat tərzinin himayədarlarıdır".
Professor deyir ki, açıq cəmiyyətlərdə
həyatın yaratdıği mühit çox mürəkkəbdir.
Ticarətlə, bizneslə məşğul olmaqla
böyük sərmayə qazanmaq mümkündür. Real həyatın
bu üzünu biziş orta məktəb məzunlarımız
da bilirlər. Əgər bütün talantlı gənclərin
hamısı biznesə gedərsə, onda ölkədə
milli dəyər yaranmayacaqdır. Milli yaradıcılıq
potensialı itəndə, müstəqilliyin itirilmə
ehtimalı da artar. Bu olmasın deyə
çalışmalıyıq ki, talantlı gənclik elm və
sənət ardınca getsin. Onların maddi və mənəvi
təminatlarını təltiflərlə, mükafatlarla,
maaşla, idarəetməyə cəlb etməklə elə
nizamlanmalıdır ki, gənclər elmin dalınca getməyə
üstünlük versin: "Elmin populyarlaşmasında məqsədi
elm-sənət üçün doğulanların peşə
üçün doğulanların sıralarına getməsinin
qarşısı alınsın. Başqa sözlə,
talantlı gəncliyin elmin və sənətin ardınca getmələrini
stimullaşdırmaqdır. Elm planetar hadisədir və mürəkkəb
sahədir. Dövlət elmə dəstək verməli, cəmiyyət
isə alimi yaşatmalıdır. Elmin tətbiqi zamanı mənəvi
dəyər maddi dəyərə çevrilir. Elm,
düzgün qəbul edilən qərarların
texnologiyasıdır. İnkişaf təhsillə, tərəqqi
elmə bağlıdır. Elm beynəlmilədir, təhsil
millidir. Bu səbəbdən elmdə uğur qazanmaq çətindir.
Elmdə uğur qazanmaq üçün, əvvəlcə təhsildə
uğur qazanmaq lazımdır. Təhsil ictimailəşmiş
elmi nəticələri insanlara öyrədir. Məlumları
gənclərə öyrətmək təhsilin işidir.
Qeyri məlumları aşkar etmək isə elmin işidir. Elm
xüsusi elmi nəticələri əldə edir. Elmdə
uğur qazanmaq üçün talantlı gənclərin elmə
gəlməsi çox vacibdir. Bu işdə uğur qazanmaq
üçün elmin populyarlaşması çox vacibdir.
Çünki elmi kütlə yox, fərdlər inkişaf
etdirirlər. Elmin sırasını himayədarlıqla
talantsız gənclərlə doldurmağın ziyanı
çoxdur, xeyri isə yoxdir. Rəhmətlik akademik A.Mirzəcanzadənin
tez-tez işlətdiyi Pareto prinsipində deyilir ki, elmi nəticələrin
80 faizini alimlərin 20 faizi alır. Yerdə qalan 20 faiz nəticələri
isə alimlərin 80 faiz alır. Bu o deməkdir ki, hər 100
alimdən 20-si həqiqi, 80-i isə kvazi alimdir. Alimin çəkisini
kq-la, boyunu sm-lərlə ölçüb iki alimi müqayisə
etmək olar, ancaq onların biliyini ölçmək
mümkün deyil. Çünki biliyin ölçü vahidi
yoxdur. Ancaq dəyərli alimlərimiz çoxdur. Onlar qiymətli
elmi məqalələr yaza bilirlər, çox möhtəbər
jurnallarda çap oluna bilirlər. Ancaq elmi nəticələri
texnoloji reseptə çevirə bilmirlər. Bu səbəbdən
də elmi tutumlu məhsul istehsal edə bilmirik. Tərəqqi üçün elm
lazımdır. Yeni texnologiyanı elm yaradır. Yeni texnologiya
isə bazar üçün yeni məhsul istehsal edir.
İnkişaf etmiş ölkələrin hamısı elmə
əsaslanaraq inkişaf edirlər. İnkişaf
üçün isə mükəmməl təhsil bəs edər.
ABŞ-nin sabiq prezidenti Ruzvelt demişdi: "Amerika universitetləri
qüvvətlidir ona görə yox ki, Amerika varlıdır.
Amerika varlıdır ona görə ki, onun universitetləri
qüvvətlidir". Elmimizin fəlsəfəsi yenidən
işlənməlidir. SSRİ tərkibindəki və
bugünkü Elmlər Akademiyası eyni məqsəd
daşımamalıdır. Elm yeni quruluşun mahiyyətinə
uyğun yeniləşməlidir. Qlobal aktuallıqdan, lokal
aktuallığa keçməyi bacarmalıyıq. O elmi sahələr
və istiqamətlər inkişaf etdirilməlidir ki, onlar
ölkəmizə, xalqımıza xeyir gətirir. Bizim kimi
ölkələr üçün elmin ancaq müəyyən
istiqamətləri əhəmiyyətlidir. Tədqiqat obyekləri
qlobal yox, lokal və aktual olmalıdır. Sonda demək istəyirəm
ki, "Elmin Populyarlaşdırılması" layihələrinin
həm də siyasi və ictimai əhəmiyyəti var. Belə
ki, talantlı gəncliyin elm və sənətə yönəldilməsi
cəmiyyətin elitar təbəqəsinin normal
strukturlaşmasını təmin edər. Əgər
talantlı gənclik biznesə gedərsə, şübhəsiz,
biznes udar, cəmiyyət isə uduzar. Gənclik də uduzar,
çünki alimə zamanın silə bilməyəcəyi
və pul kütləsinin verə bilməyəcəyi sevinci
elm yaşadır".
Azərbaycan Elm və Təhsil Nazirliyi yanında
İctimai Şuranın sədri, professor Hikmət Əlizadənin
sözlərinə görə, elmin
populyarlaşdırılması mühüm əhəmiyyət
kəsb edir: "Yadımdadır, keçən əsrin 70-ci
illərində elmi-kütləvi jurnallar nəşr olunurdu.
Bu jurnalda elmi yeniliklər kütlənin dərk edəcəyi
səviyyədə insanlara çatdırılırdı. Həmin
jurnallar elmi həqiqətlərə maraq yaradırdı və
əhalinin qiraət etməsinə təkan verirdi. Jurnallarda məqalələr
alimlər tərəfindən yazıldığı
üçün elmi nailiyyətlər təhrif edilmədən
insanlara çatdırılırdı. Müəllif
yazılarının doğruluğu üçün məsuliyyət
daşıyırdı. Bu jurnallar elm ilə insanlar arasında
körpü rolu oynayırdı. Müasir dövrdə həm
elmi kütləvi jurnalların sayı məhdudlaşıb, həm
də onları oxuyanlar azalıb. İnternet resursları həmin
jurnalları əvəz etməyə başlamışdı.
Lakin internet resurslarında heç də həmişə
doğru məlumatlar, elmi həqiqətləri əks etdirən
yazılar olmur, elmi həqiqətlər bir çox hallarda təhrif
olunmuş səviyyədə insanlara təqdim edilir.
Onların müəllifləri də heç bir məsuliyyət
daşımırlar. İnsanların əksəriyyəti bu
reallığı dərk edirlər, amma buna baxmayaraq, internet
resurslarından istifadə etməyə daha çox
üstünlük verirlər. Təəssüf hissi ilə
deyim ki, tələbələr də öz fəaliyyətlərində
internet resurslarından daha çox istifadə edirlər. Bu, təhsilin
keyfiyyətinin aşağı düşməsinin və elmi
populyarlığının arxa plana keçməsinin səbəblərindən
biridir".
Professor bildirib ki, ötən ilin sonundan başlayaraq
UNEC Elmin Populyarlaşdırılması mərkəzinin təşəbbüsü
ilə "Elmin Populyarlaşdırılması" layihəsinin
icrasına başlanmışdır. Bu layihə tələbələrin
intellektual potensialının və
dünyagörüşünün inkişafına təkan
vermək, elmi biliklərin kütləvi təbliğini həyata
keçirmək və gənc nəslin elmə
marağını artırmaq məqsədi daşıyır.
Fikrimizcə, bu olduqca maraqlı layihədir və onun digər
ali məktəblərdə də tətbiq edilməsi
maraqlı olardı: "Daha yaxşı olardı ki, ali məktəbin
elm sektorunun işçiləri bu istiqamətdə müzakirə
keçirərək, bir-birlərinin təcrübəsini
mübadilə etsinlər. Belə ki, elmin
populyarlaşdırılması istiqamətində başqa ali
məktəblərdə də müxtəlif təcrübələr
həyata keçirilir. Məsələn, Bakı Dövlət
Universitetində tələbə elmi cəmiyyəti xətti
ilə hər bir ixtisas üzrə həyata keçirilən
elmi praktik konfranslar, elmi seminarlar, kitab sərgiləri və s.
bu məqsədə xidmət edir. Azərbaycan Dillər
Universitetində isə I kurs tələbələrinə
aldıqları kitabların pulu universitet tərəfindən
ödənilir. Digər ali məktəblərdə də belə
layihələr həyata keçirilir. Məsələn,
bütün ali məktəblərdə də konfrans və
seminarlar təşkil olunur. Lakin bu istiqamətdə
görülən işlərin daha yüksək nəticə
verməsi üçün çox iş görülməlidir.
Hesab edirəm ki, UNEC-də həyata keçirilən
"Elmin Populyarlaşdırılması" layihəsi bu
istiqamətdə ali məktəblərin fəaliyyətinin
daha da aktivləşməsinə xidmət edəcəkdir. Hər
halda bir həqiqət məlumdur: - elmsiz təhsilin səviyyəsi
yüksək ola bilməz. Bu konteksdən yanaşanda elmin
populyarlaşdırılması hər bir ali məktəbin fəaliyyət
məzmununda önəmli yer tutmalıdır".
525-ci qəzet .- 2025.- 30 yanvar(№17).-S.7.
Sevinc QARAYEVA