Şərəfli həyat
yolu
Əyyub Əzizov-90
Bu yaxınlarda Ağcabədidə tanınmış
kimyaçı professor, respublikanın əməkdar müəllimi,
rayonumuzun fəxri Əyyub Əzizovun 90 illik yubileyi qeyd olundu.
Yaqub Məmmədov adına Ağcabədi Rayon Mədəniyyət
Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi,
ziyalılar və yubilyarın yaxınları iştirak edirdilər.
Qeyd edək ki, Əyyub Əzizov 12 avqust 1934-cü ildə
Ermənistanın Zəngibasar rayonu Mehmandar kəndində
anadan olub. Onun uşaqlıq, yeniyetməlik illəri doğma kəndində
keçib. Lakin çox keçmədən erməni
faşistləri orada yaşayan azərbaycanlıların
başına olmazın, amansız müsibətlər
açıb. Bu dəhşətli müsibətlər
Əyyub müəllimgilin ailəsindən də yan keçməyib
və digər kənd sakinləri kimi, Əyyub müəllimgilin
ailəsi də doğma yurdlarını tərk etmək məcburiyyətində
qalıb.
Görkəmli pedaqoq, əməkdar müəllim,
Ağcabədi rayon Ağsaqqalar Şurasının
üzvü Camal Abbasov yaxın dostu Əyyub Əzizovla
bağlı xatirələrini bölüşərkən belə
deyir: "Professor Əyyub Əzizov çox çətin,
lakin olduqca mənalı, şərəfli, zəngin həyat
yolu keçib. 1948-ci ildə ailəsi ilə birlikdə
doğma yurdunu tərk etməyə məcbur olan Əyyub
müəllim əvvəlcə Naxçıvana, oradan Beyləqan
rayonunun Daşburun kəndinə, sonra isə Ağcabədi
rayonuna gəlib. Ağcabədidə onun yaxın qohumları
yaşayırmışlar. Burada ona Ədil adında bir
kişi yaxından köməklik göstərir.
Yeddinci sinfə qədər doğulduğu Mehmandar kəndində
oxuyan Əyyub Əzizov təhsilini əvvəlcə Ağcabədi
rayonunun 3 saylı, sonra isə Xəlfərəddin kənd
orta məktəbində davam etdirir. Orta təhsilini başa
vurub Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət
və kimya fakültəsinə qəbul olunur. 1957-ci ildə həmin
fakültəni müvəffəqiyyətlə bitirərək
orta təhsil aldığı Xəlfərəddin kənd
orta məktəbində (hazırda 2 saylı tam orta məktəb)
müəllimlik fəaliyyətinə başlayır və 5
ilə yaxın burada kimya fənnindən dərs deyir".
1961-ci ildə AMEA-nın Kimya İnstitutunun
aspiranturasına daxil olan Əyyub Əzizov 1967-ci ildə namizədlik
dissertasiyası müdafiə edir. Bir alim kimi 1969-cu ildən həyat
yolunu Baki Dövlət Universiteti (BDU) ilə bağlayan
Əyyub müəllim 20 ildən artıq universitetin
"Kimyanın tədrisi metodikası" kafedrasına rəhbərlik
edir. Özünə və başqalarına qarşı son dərəcə
tələbkar olan professor Ə.Əzizovun respubilkamızda, eləcə
də əcnəbi ölkələrdə 200-dən artıq
elmi, metodiki məqalələri çap olunub. Həmçinin
professor iki dərsliyin, iki dərs vəsaitinin müəllifidir.
Eyni zamanda, o, BDU-nun və kimya fakültəsinin elmi
şurasının üzvü olub.
Yalnız dərs deməklə kifayətlənməyən
professor Ə.Əzizov həm də kimya elminin aktual problemlərinə
dair bir çox sanballı elmi əsərlərin müəllifidir:
"Kimyanın tədrisi metodikası", "Kimyadan pedaqoji
praktikanın təşkili və keçirilməsi",
"Kimyanın öyrədilməsində sinifdənkənar
və müstəqil işlər" və sair. Onun eyni
zamanda müştərək yazdığı "Kimya tədrisinin
müasir problemləri", "Kimyəvi maddələrin təsirindən
ətraf mühitin çirklənməsi və onunla
mübarizəni şagirdlərə öyrədilməsi"
əsərləri bu gün də aktualdır. Əyyub müəllim
nəzəriyyə ilə təcrübəni bir-birilə
üzvi surətdə əlaqələndirir, tədqiqatlarını
bu istiqamətdə aparırdı. Onun yazdığı
"Qeyri-üzvi kimyanın tədrisinə aid praktikum",
"Kimyanın tarixinə dair materiallar", "Kimyanın tədrisində
görkəmli alimlərin həyat və
yaradıcılığına dair materialların öyrədilməsi",
"Kimya təliminin prinsipləri, üsulları,
priomları", "Kimya tədrisi metodikası" I hissə,
"Kimyanın tədrisi metodikası" II hissə,
"Kimya tədrisi üsulu və praktikumu" və sair
kitablar da deyilənlərin əyani təsdiqidir.
Professor Ə.Əzizov bir insan kimi yüksək keyfiyyətləri
ilə nəinki qohumlarının,
dost-tanışlarının, habelə onu
tanıyanlarının əbədi sevgisini qazanıb. Professor
Əyyub müəllimdən dərs alan, onun faydalı
öyüd-nəsihətlərindən bəhrələnən
hər bir şəxs həyatda fəal mövqe tutmağa nail
olub. İndi Əyyub müəllim ömrünün müdrik
çağlarını yaşayır. Arzu edirik ki, hörmətli
alimimizin həyatının sonrakı illəri də daim
firavan və səadət dolu keçsin. Əyyub müəllimin
yubileyini bir daha təbrik edir, sağlam və gümrah
ömür arzulayırıq.
Ədalət HÜSEYNOV
Ağcabədi rayon Ağsaqqalar Şurasının
üzvü
525-ci qəzet .- 2025.- 31 yanvar(№18).-S.14.