Qədim türklərdə
"baçaq" kəlməsi və orucluq mərasimi
"Qurani-Kərim"də oruc və onun qəti
hökm olaraq bəyan edildiyi ayədə buyurulur: "Ey iman gətirənlər!
Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib
edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə)
təqvalı olasınız!" (Bəqərə, 183). Qəti
hökm olaraq bəyan edilən bu prosesin adının, yəni
farsca "oruc" kəlməsinin
qədim türk dilində qarşılığının
olduğunu bilirdinizmi? Bəs İslamdan öncə türklərdə
"oruc"luğun olduğunu necə?
Əvvəlcə, "oruc" sözü haqqında.
Bəli, "oruc" sözünün qədim türk dilində
"baçaq" adlı qarşılığı olub.
Əski uyğur sözü hesab olunur. Mənbələrdə
bəzən bu sözün "baçak",
"baçağ" və s. kimi yazılması
hallarına da təsadüf edilir.
XI əsrdə yaşamış
M.Kaşğarlının məşhur
"Divani-lüğat-it-türk" əsərində (I
cild, Bakı - "Ozan" - 2006. səh: 410) bu barədə
yazılıb ki, "Baçak xristianların orucu"dur.
Bizcə, M.Kaşğarlı bu ifadə ilə
xristianlığı qəbul etmiş türk əsilli
uyğurları nəzərdə tutmuşdur.
Alman əsilli məşhur Rusiya şərqşünası,
türkoloq, etnoqraf və arxeoloq V.V.Radlov isə bu kəlmənin,
ümumiyyətlə, hər hansı bir dindən asılı
olmayaraq, orucu bildirdiyini qeyd edir və fikrini "Manixeylərin
(manixey dininə tapınan uyğur türklərinin - İ.V.)
"Tövbə duası" kitabından gətirdiyi sitatla əsaslandırır.
Burada haşiyə çıxaraq və ehtiyacı nəzərə
alaraq manixeylik barədə çox qısa məlumat verməyi
məqsədəuyğun hesab edirik. Manixeylik Mani adlanan şəxs
tərəfindən III əsrdə Sasani İranında
yaranmağa və təbliğ olunmağa
başlamışdır. Sonrakı dövrlərdə
Çinə qədər bir sıra türk əsilli xalqlar
arasında da yayılmışdır. VIII əsrdə
Uyğur xaqanlığının rəsmi dövlət dini
olmuşdur. M.D.Qıpçaq "Türk əlifbaları
(soqd, manixey əlifbası və passe-pa yazısı)"
kitabında (Bakı, "MBM nəşriyyatı" - 2012. səh:
14-16) yazır ki, manixeylik (müsəlman teologiyasında
zındıqlıq adlanır) bir neçə
dünyagörüşün sintezi nəticəsində
meydana çıxmış ziddiyyətli bir inam,
dünyagörüşüdür. Burada buddizmin,
xristianlığın və atəşpərəstliyin
doktrinaları və ehkamları bir-birinə
qarışmışdır... Manixeyliyin təbliğinin
qadağan olunması barədə son fərman XIV əsrdə
Çində verildi və manixeylik tarixin arxivinə
atıldı".
AMEA-nın müxbir üzvü Ə.Quliyev də
"Qədim uyğur türklərinin onomastikası"
adlı monoqrafiyasında göstərir ki, baçaq xristian və
manixeylərdə "oruc tutmaq", "pəhriz
saxlamaq" mənasını bildirir" (səh:50).
Filologiya elmləri doktoru, professor. N.Xudiyev isə
"Qədim türk yazılı abidələrinin
dili" (Bakı, "Elm və
təhsil", 2015, səh: 469) əsərində bu barədə
yazır ki, "Baçağ (baçak, paçağ)
orucluq"... kiçik baçağ - kiçik orucluq;
uluğ baçağ - böyük orucluq; baçağ
baçamak - oruc tutmak; baçağ olurmak - pəhriz saxlamaq,
oruc tutmaq" deməkdir.
Filologiya elmləri doktoru, professor Ə.Rəcəblinin
"Qədim türk yazılı abidələri"
kitabının (Bakı, "Elm və təhsil" - 2010. səh:
236) IV cildində "baçaq" sözü "oruc",
kitabın lüğət hissəsində (səh: 300) isə
"bacamaq" sözü oruc tutmaq kimi tərcümə
edilir. H.Hadinin "Türkcə Etimoloji Sözlük L-Z"
kitabının 381-ci səhifəsində də
"baçaq" "oruc" sözünün mənalarından
biri kimi şərh olunur. Mehmet Akyılın "Divanü
Lügati't-Türk'te Mastar ve Sıfat-Fiil Yapan Ekler,
Değişik İşlevleri ve Geçirdikleri
Değişimler" (Yakın Doğu Üniversitesi fənn və
sosyal Bilimler Enstitusu. Yüksək lisans tezi. Türk dili ve
edebiyatı Bölümü. Lefkoşa-2021. səh:16.) əsərində də
"baçaq" "dini oruc" adlandırılır.
Zənn edirik ki, göstərdiyimiz mənbələr
və sitatlar fikrimizi sübut etmək üçün kifayətdir.
Beləliklə, tədqiqatçıların
araşdırmaları farsca "oruc" sözünün qədim
türk dillərində qarşılığının
("baçaq") olduğuna şübhə yeri qoymur.
Bəs görəsən, türklərdə İslamdan
öncə də baçaq-pəhriz-orucluq olubmu? Axı,
söz varsa, onun daşıdığı məfhumun və
prosesin olması ehtimalı da var.
Bəli, qədim türklərdə
"baçaq" (oruc) tutmaq olub. Bunu rus tarixçi və
etnoloqu L.Qumilyovun dünya tarixində türklərin
keçmişi, kökü haqda ən yaxşı
araşdırma işlərindən hesab olunan məşhur
"Qədim türklər" əsərindəki (Bakı-Gənclik-1993.
səh: 313) "Manixeylərin (bu dinə tapınan uyğur
türklərinin - İ.V.) qanunu pəhriz saxlama günlərini
nəzərdə tutur, bu qanuna görə hətta yağ və
süd belə yemək qadağandır..." cümləsi də
sübut edir.
Uyğur-türk etnokulturoloji təfəkkürünün
məhsulu V-VI əsrlərə aid olan "Xuastuanift"in
(tövbə və ya peşmanlıq duasının) bir hissəsinin
tərcüməsindən də qədim türklərdə
oruc tutmaq adətinin olduğunu görürük. Həmin hissədə
deyilir: "...ildə bir dəfə yeddi ibadət adəti var
idi, bir ay... oruc tutmaq gərək idi. Yenə mərasim yerində
ibadət edib oruc tutaraq ağılla, səmimi qəlbdən
tanrı bürhanlarından bir ildəki
günahlarımızı bağışlamalarını diləmək
gərək idi. Ey tanrım, ibadət başa çatınca
otura bilmədiksə, bir aydakı orucu yaxşıca, təmiz
tuta bilmədiksə, günahlarımızın
bağışlanmasını diləməyə getmədiksə,
nə qədər çatışmazlıq oldusa, indi ey
tanrım günahlardan azad olaraq yalvarırıq:
günahlarımızı bağışla!" (N.Cəfərov:
"Türk xalqları ədəbiyyatı". I cild
(Bakı, "Çaşıoğlu mətbəəsi"
- 2006. səh:185). Burdakı "bir ay... oruc tutmaq gərək
idi" sözləri heç bir mübahisəyə yer
qoymur. Deməli, hələ İslamdan əvvəl türklərdə
Göy Tenqriyə təqvalı olmaq üçün
"baçağ olurmaq" (yəni pəhriz saxlamaqla), oruc
tutmaq da varmış. Çoxları elə bilir ki, oruc tutmaq
ancaq İslamla bağlıdır.
Halbuki türklərin oruc tutması tək İslam dini
ilə bağlı deyil, bunun tarixi daha qədimlərə
uzanıb gedir. Yəqin ki, "Bəqərə" surəsində
183-cü ayədəki "Oruc tutmaq sizdən əvvəlki
ümmətlərə vacib edildiyi kimi, sizə də vacib
edildi..." ifadəsi də buna işarədir.
Türkoloq B.Tuncay "Azərbaycan imperatorluğu. Azərbaycanın
dövlətçilik tarixinə yeni konseptual yanaşma"
adlı əsərində "baçaq"
sözünün "oruc" mənasında olduğunu təsdiq
etməklə yanaşı yazır ki, "...qədim türk
dilində digər tövhid, yəni təktanrıçı
dinlərində, o cümlədən, İslamda mövcud olan
bütün dini terminlərin təmiz türkcə
qarşılığı olmuşdur ki, bu da Göy Tanrı
dininin öz terminologiyasına malik təkmil bir din olduğunu
sübut edir. Üstəlik də, bu terminlər sayəsində
həmin dinin ayrı-ayrı elementləri barədə ətraflı
məlumat almaq mümkündür... Bundan başqa, qədim
türk dilində digər dinlərdə, o cümlədən,
İslamda rast gəlinən əksər terminlərə
uyğun gələn terminlərin olduğu da bəllidir... Bu
terminlərdən bir çoxu təktanrıçılığa
keçişdən öncə də öncəki dinlərin
terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə
həmin terminlər yeni məzmun və mahiyyət
qazanmışlar. Məsələn, din xadimi - tenqirkən,
ibadətgah - tenqirlik, qurban - yağışlıq, ibadət
- tapıq, sitayiş - tapınmaq, müqəddəs -
ıduq, oruc - baçaq, şəriət - törü və
ya törə, ruh - qut, günah - yazuq, həmd - alqış,
axirət - mengü ajun, mələk - yumışçı,
qeyb - örtüklük, ehsan - basan, iblis-yekkə və sairə
(səh:91-92). Bu deyilənlər türkoloq, publisist, ssenarist
B.Tuncayın "Əməkdar mədəniyyət
işçisi", Prezident təqaüdçüsü və
Özbəkistan Turan Elmlər Akademiyasının akademiki
Y.Oğuzla birgə yazdıqları "Türkün gizli
tarixi" əsərində də təkrar təsdiq olunur.
Günah edirəmsə, Allah günahımı
bağışlasın. Hərdən mənə elə gəlir
ki, deyəsən axı, İslam dini Göy Tenqri dininin zəminləri
üzərində formalaşıb. Bu fikri söyləməyimizin
əsas səbəbləri son illərdə Məhəmməd
Peyğəmbərin türk Peyğəmbərləri soyundan
olması, XIII əsrdə yaşamış görkəmli
tarixçi Ravəndinin "O (Peyğəmbər),
qıyıqgözlü bir türk idi" yazması,
M.K.Atatürkün "Əgər araşdırsanız,
Peyğəmbərimizin Türk olduğunu sübut edə bilərsiz"
söyləməsi (Əlavə bax: M.Qəmərli:
"Qaynaqlardan gələn soraqlar" kitabı), M.Peyğəmbərin
türkləri və onların qəhrəmanlıqlarını
yüksək qiymətləndirməsi, türk dilini öyrənməyi
tövsiyə etməsi, özünün də bu dili kamil bilməsi
kimi məlumatlar və onun ortada dolaşan "İslamı
türklər qoruyacaq" kimi söyləntiləridir.
Bütün bunlar həm bir zamanlar ulu əcdadlarımızın
etiqad etdiyi Göy Tanrı dininin öz terminologiyasına malik
mükəmməl bir din olduğunu, hələ İslamdan əvvəl
ondakı əksər dini terminlərin təmiz
qarşılığının türkcəmizdə
olmasını sübut edir, həm də uzaq keçmişdən
bəri müqəddəs türk dilimizin Quran dili olan ərəb
dili ilə "atbaşı getməsindən"
(M.Kaşğari) xəbər verir. Bu isə qururvericidir.
Ana dili ulularımızın bizlərə əmanətidir.
Qədim, zəngin, ecazkar, türklər demişkən,
gözəlim dilimizi sevək, yad təsirlərdən qoruyaq,
bu dildə danışdığımıza görə fəxr
edək. Unutmayaq ki, dilini bilməyən anasını da
tanımaz. "Öz ana dilini bilməyən adamlar şikəst
adamlardır" (H.Əliyev).
İmran VERDİYEV
Əməkdar müəllim