Gəncliyə inam gələcəyə
inamdır
2 fevral - Azərbaycan Gəncləri Günüdür!
İnsan gələcəyə olan ümidlərini
özündən daha çox övladları ilə
bağlayır. Xalq da belədir. Yaşlı vətəndaşlar
ölkənin gələcəyi barədə fikir bildirəndə
ən çox gənclər haqqındakı düşüncələrinə
istinad edirlər. Bu mənada gənc nəslin tərbiyəsi
hər bir ölkə üçün taleyüklü məsələdir.
Gənclik bir millətin yaşaması və
inkişafının əsas amilidir.
Ötən əsrin sonlarında Azərbaycanda mürəkkəb
ictimai-siyasi hadisələr baş verirdi. Azərbaycanın
çətin günlərində dövlətçiliyimizi
xilas etmək üçün hakimiyyətə gələn
Ulu öndər Heydər Əliyev gənclərlə
bağlı məsələləri öz siyasətinin əsas
istiqamətlərindən birinə çevirdi. Ümummilli
liderin siyasəti gənclərlə işin canlanmasına səbəb
oldu. Gənc nəslin dövrün tələbləri səviyyəsində
yetişməsi üçün ilk addım olaraq Prezidentin 26
iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi
yaradıldı. Bu siyasətin davamı olaraq 1996-cı il
fevralın 2-də ilk dəfə müstəqil dövlətimizin
gənclər forumu keçirildi. Forumun keçirilməsi Azərbaycanın
taleyi ilə bağlı bütün məsələlərin
həllində ölkə gənclərinin fəal iştirak
etməsinə çağırış idi. Növbəti
ildə Ulu öndərin imzaladığı Fərmana əsasən
fevralın 2-si Azərbaycan Gəncləri Günü elan
edildi. O vaxtdan etibarən bu əlamətdar gün hər il Azərbaycanda
təntənəli şəkildə qeyd edilir. Gənclər
günündə bütün istiqamətlər üzrə fəaliyyət
göstərən gənclər yekun hesabat verirlər.
Azərbaycana rəhbərlik etdiyi sonrakı illərdə
Heydər Əliyevin təşəbbüsü və
yaxından iştirakı ilə gənclərlə
bağlı siyasət davam etdirildi, bu sahədə zəruri qanunvericilik
bazası yaradıldı. Gənc nəslin mütəşəkkil
qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən
yetkinləşməsinə, öz qabiliyyətlərini
inkişaf etdirməsinə geniş imkanlar açan fərmanlar,
sərəncamlar və dövlət proqramları qəbul
edildi.
Ümummilli liderimiz həmişə cavanların
fikrini öyrənir, onların bacarıqlı kadrlar kimi
yetişməsinə böyük ümidlər bəslədiyini
dilə gətirirdi. Hələ sovet dövründə Heydər
Əliyev Azərbaycanda müasir düşüncəli,
savadlı, dünyagörüşlü milli kadrlar
yaratmağa çalışırdı və gəncləri
bu məqsədlə müxtəlif ölkələrə təhsil
almağa göndərirdi. Ulu öndər deyirdi: "Bu təhsil
sisteminin nə qədər dəyərli olduğunu ondan
görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə,
ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin
çox hissəsini təşkil edir. Əgər bunlar
olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə
güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan
elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı
müstəqil dövlət kimi idarə edə bilməzdik.
Onları qiymətləndirmək lazımdır və on illərlə
əldə etdiyimiz nailiyyəti heç vaxt
unutmamalıyıq".
Azərbaycan müstəqilliyini bərpa edəndən
sonra da təhsil sferası Heydər Əliyev üçün
həmişə prioritet məsələ olub. "Təhsil
millətin gələcəyidir!" deyən Ulu öndər
təhsilin dünya standartlarına uyğun inkişafı, məktəb
şəbəkəsinin genişləndirilməsi ilə
bağlı fərman və sərəncamlar, islahat və
dövlət proqramları imzalamışdır. Ulu öndər
öz yorulmaz fəaliyyəti ilə Azərbaycan təhsilində
böyük dəyişikliklərin əsasını
qoymuşdur. Bu dəyişikliklərin də əsasında
milli ideologiyamız dayanırdı. Heydər Əliyev deyirdi:
"Milli ideologiyamızı hər yerdə tətbiq etmək
üçün məktəblərdə Azərbaycan
xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək
lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi
keçmişini gərək yaxşı bilsinlər,
çünki mənəviyyatımız, gənclərin
bugünkü və gələcək mənəviyyatı
bununla bağlıdır".
Həmin dövrdə ümumi təhsil müəssisələri
üçün tarix dərslikləri "Təhsil" nəşriyyatında
hazırlanırdı. Müəlliflərlə birlikdə bu
dərsliklərin üzərində əməkdaşlarımız
da yorulmadan işləyirdilər. Ulu öndərin fikirləri
təhsil sferasında çalışanların hər biri
kimi bizim üçün də istinad nöqtəsi, yol
göstərən mayak idi. Xatırlayıram, illər öncə
nəşriyyatımıza 5-ci sinif Azərbaycan tarixi dərsliyi
ilə bağlı bir məktub daxil olmuşdu. Məktubda
"Kitabi-Dədə Qorqud"dan bəhs edən mövzunun
nifrət hissi aşıladığı və bu cür mətnlərin
dərsliyə daxil edilməsinin gənc nəslin tərbiyəsinə
mənfi təsir etdiyi yazılmışdı. İrad konkret
olaraq eposdan götürülmüş "Qarı
düşmən dost olmaz!" məşhur atalar sözünə
və oğuz igidlərinin şəhidlərin qanını
yerdə qoymayacaqlarına and içmələrinə
bildirilmişdi. Bu qənaətin hansı düşüncədən
qaynaqlandığı barədə heç bir fikir söyləmədən
demək istəyirəm ki, biz düz yolda olduğumuza əmin
idik, çünki yuxarıda qeyd etdiyim kimi, fəaliyyətimiz
boyunca Ulu öndərin fikirləri yolumuza işıq
tutmuş, gedəcəyimiz istiqaməti müəyyənləşdirmişdi.
Xalqımızın qürur mənbəyi olan
"Kitabi-Dədə Qorqud" tarixi keçmişimizi əks
etdirən möhtəşəm folklor nümunəsidir. Təsadüfi
deyil ki, 2000-ci ildə "Dədə Qorqud
dastanları"nın yaranmasının 1300 illik yubileyi Azərbaycanda
təntənə ilə qeyd olunarkən Ulu öndər
"Kitabi-Dədə Qorqud"u qəhrəmanlıq eposu kimi
yüksək dəyərləndirərək demişdi ki, bu
dastan "bir cəngavər, bir igid haqqında yox,
bütöv bir xalqın qəhrəmanlığını
özündə cəmləşdirən bir eposdur. Bizim zəngin
tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi
dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda
öz əksini tapmışdır. Bu epos bizim ümumi sərvətimizdir
və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr
edə bilər. Dastanın məzmununu, mənasını,
onun hər bir kəlməsini hər bir azərbaycanlı məktəbdən
başlayaraq bilməlidir. Bu, bizim ana kitabımızdır və
gənclik bu kitabı nə qədər dərindən bilsə,
millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı
bir o qədər çox sevəcəkdir". Doğrudan da,
dastanlarda nifrət hissi deyil, böyüyə hörmət,
ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət,
ailəyə, torpağa, vətənə sədaqət kimi
yüksək keyfiyyətlər öz əksini
tapmışdır. Ulu öndərimiz dastanların bu cəhətini
yüksək qiymətləndirərək "Kitabi-Dədə
Qorqud"u həm də "bizim etika kitabımız, əxlaq
kodeksimiz" adlandırmışdır. Heydər Əliyevin
bu fikirləri "Kitabi-Dədə Qorqud" eposuna verilən
ən böyük qiymətdir.
Zaman Ulu öndərin nə qədər haqlı
olduğunu sübut etdi. 44 günlük müharibədə və
ordumuzun 2023-cü ildə keçirdiyi antiterror əməliyyatlarında
Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında əsl hünər
göstərdi.
Çox sevinirik ki, Heydər Əliyevin böyük
inam və ümid bəslədiyi, uğrunda
çalışdığı nəcib məqsəd
artıq gerçəkləşib, onun arzuladığı gənclik
yetişib. İndi onların daha yüksək zirvələrə
doğru inamla addımladığı dəyişməz yolu,
İlham Əliyev kimi güclü liderləri var. Bu isə
yeni və böyük uğurların zəmanətidir.
Dövlətimizin başçısının gənclər
haqqında "Mənim gənclərə xüsusi münasibətim
var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə
mənə arxalana bilərsiniz. Mən də sizə
arxalanıram" söyləməsi, "Gənclər
üçün Prezident Mükafatı"nı, eləcə
də, intellektual səviyyəsi və idarəçilik
keyfiyyətləri ilə seçilən qabiliyyətli gənclərin
müəyyən edilməsinə və ölkədə kadr
ehtiyatı bankının yaradılmasına xidmət edən
"Yüksəliş" müsabiqəsini təsis etməsi
ölkəmizdə gənclər siyasətinin bu gün də
uğurla davam etdirilməsinin əyani sübutudur.
Bu gün biz böyük əminliklə deyə bilərik
ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi
qoruyur və yaşadır. Gənclərimiz müstəqil Azərbaycanın
bugünü və gələcəyi haqqında
düşünür, yüksək vətəndaşlıq
hisslərinə malik olduğunu hər zaman və bütün
sferalarda nümayiş etdirir.
Tural AXUNDOV
"Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin
baş direktoru, "Azərbaycan Kitab, Maarif və
Poliqrafçılar" İctimai Birliyinin sədri