Qərblə Şərq
əks qütblər olmamalıdır
İnsan yeganə planetdə məskunlaşdı
İnsanlar Günəş sisteminin Yer kürəsi
adlanan nisbətən kiçik bir planetində ilk dəfə
yurd-yuva salmış və burada bəşəriyyət
adlanan varlıq meydana gəlmişdir. İnsan nəsli min illər
ərzində inkişaf edərək, son növ homo sapience-in
digər əvvəlkiləri əvəz etməsi ilə, daha
böyük inkişafa imza atmışdır. Onlar Yer üzərində
məskunlaşmaqla, bu məkanın sakinləri kimi planeti, həm
də başqalarından tam fərqlənən və insan
dünyası adlanan bir diyara çevirmişlər.
Yer kürəsində insanın iki milyon il əvvəl
yarandığı güman edilir, burada üzvi aləmin
meydana gəlməsi isə dörd milyard ilə yaxın
dövrdə təşəkkül tapmışdır. Dik gəzən
insan məməlilərin digər növlərindən fərqlənməklə,
öz həyatını təmin etmək məqsədilə,
təbiətdən daha hərtərəfli istifadə etməyə
başlamışdır. İbtidai insana ağlasığmaz
çətinlikləri dəf etmək lazım gəlmişdir,
öz evi hesab etməyə başladığı planetin bəzi
xüsusiyyətlərini dəyişdirməyə,
yaşayış üçün daha yararlı və sərfəli
etməyə nail olmuşdur.
İbtidai insan təbiətin ona hazır şəkildə
verdiyi ərzaqla qidalanmış, bitkilərin meyvələrini
və köklərini toplamaqla, vəhşi heyvanların və
balıq ovu ilə məşğul olmuşdur. Ona görə
də təbiət insan üçün əsl ana rolunu
oynamış, onun sirlərini öyrənməyi
bacarmış bu varlıq, təsadüfi deyildir ki, təbiətin
övladı hesab olunurdu. Evdə saxladığı dənlər
cücərdikdə, onu toxum kimi torpağa səpməyi və
meydana gələn bitkini becərməyi, həm də diri
götürdüyü heyvan balalarını əhliləşdirməyə
öyrənmişdi. Bu yolla daha təminatlı ərzaq
ehtiyatına sahib olmaq üçün yaranan kənd təsərrüfatı
istehsalı meydana gəlmişdir. Lakin bu o demək deyildir ki,
insanlar meyvə və kök toplamağı
bütünlüklə yadırğamış, balıq və
heyvan ovu praktikasından əl
çəkmişdir. Müasir insan da əcdadlarının
köhnə fəaliyyətlərini həyatda tətbiq etməkdə
davam edir. Tundra ərazilərində qısa müddətli yay
vaxtı, orada yaşayanların zərb-məsəlində
deyildiyi kimi, "hələ iyul yay deyildir, artıq avqust da
yay deyildir", çöllər bol giləmeyvə
anbarına çevrilir. Bu giləmeyvələri toplamaq
çətin olmadığından, onlar şimal
adamlarını il boyu çox vacib olan vitaminlə təmin
edir. Burada əhali seyrək olduğundan, balıq və maral
ovu da yaxşı ərzaq ehtiyatı yaratmağa kömək
edir. Ailələr bunun nəticəsində ərzaq təminatı
üçün çəkilən maddi xərclərdən
xeyli azad olur.
İnsanlar iki cins arasında ailə qurmuş, sonra
mütəşəkkil icmaları əmələ gətirmiş,
inkişaf prosesində şəhərlər və kəndlər
salmaqla öz yaşayış şəraitini xeyli
yaxşılaşdıra bilmişdi.
Bəşəriyyətin tarixi olduqca uzun və əziyyətli
yola bənzəyir. İbtidai insan yarandığı, ona
artıq tanış olan ərazini tərk edərək,
özü üçün daha rahat şəraitə və
vasitələrə yiyələnməkdən ötəri ətraf
torpaqlara köç etməyə başlamışdır.
Xeyli zaman məsafəsi ərzində Afrikanı tərk edənlər,
Asiyanı və Avropanı, gücü çatdıqları
qədər məskunlaşdırmağa başlamış,
bu vaxt iqlim və təbii şəraitin daha yararlı
olmasını əsas götürmüşdülər.
Sonralar Yer üzündə iqlimin kəskin surətdə
soyuması şəklində pisləşməsi, ibtidai
insanları görmədiyi çətin problemlərlə
üzləşdirdiyi halda, bu ağır sınağa
baxmayaraq, insan icmaları özünü qoruyub saxlaya
bilmiş, həyatın davam etməsinin kəsilməsinə
yol verməmişdir. Yararsız iqlimə öyrənmə
sonralar adamların uzaq Şimalda - Skandinaviyaya və Rusiyaya aid
olan ərazilərdə məskunlaşması
üçün möhkəm iradəyə və cəsarətə
sahib olmağa kömək etmişdi.
İnsan nəsli də digər məməli heyvan
sürüləri kimi böyük miqyasda köç etməyə
başlamış, onu bu niyyətə gətirib
çıxaran, daha əlverişli şərait
axtarışı və məhz bu tələblərə
uyğun gələn torpaqlarda yaşamağa başlaması
olmuşdu. Ona görə də insanlar Mərkəzi Asiyadan,
vaxtilə quru sərhəd olan indiki Berinq boğazını
ötüb, keçərək Amerika qitələrinə
gedib çatmış və Kolumbun Hindistanı kəşf
etdiyi güman etdiyinə görə hindu adlanan tayfalar öz məişət
problemlərinə əhəmiyyət vermədən həm
Şimali Amerika preriyalarını, həm də Cənubi
Amerika düzənliklərini, meşələrini və
dağlıq yerlərini yeni yaşayış məntəqələrinə
çevirmişlər.
İnsanlar öz vəzifələrini heç də
təkcə köç etməkdə, yeni ərazilər kəşf
və istifadə etməkdə görməyib, həm də
öz həyat səviyyələrini
yaxşılaşdırmaq sahəsində ardıcıl olaraq
fəaliyyət göstərmiş, bu sahədəki
axtarışları bəzən hətta uğurla nəticələnməsə
də, onlar heç də yarı yolda dayanmamış,
özlərinin irəliyə getmək və inkişaf etmək
istəyinə fasilə verməmişdilər.
Bu dövrdə insanları, əlbəttə,
yalnız yaşadıqları torpaqlar və təşkil
etdikləri icmalar fərqləndirirdi. İcmalar
böyüdükcə onların arasında rəqabət və
əsasən qida ehtiyatından ibarət olan əmlaka sahib
olmaq üstündə bir-birilə vuruşmağa da
başlamışdılar.
Sonra şəhərlərin meydana gəlməsi ilə
əmək bölgüsü də təşəkkül
tapmış, ərzaq məhsulu istehsal edən adamlarla
yanaşı, onları ibtidai fermerlər də adlandırmaq
olar, bu təbəqəni vacib əmək alətləri ilə
təmin edən sənətkarlar və artıq məhsulun
mübadiləsi, alınıb satılması
üçün bazarlar, ticarət adlı fəaliyyət
növü meydana gəlmişdi.
Şəhərlər tarixin
başlanğıcında, beş min il əvvəl
yaranmağa başlayanda, nisbətən kiçik şəhər-dövlətlər
və nisbətən böyük ərazilərə və əhaliyə
malik olan dövlətlər meydana gəlmişdi. Sonuncular
iqtisadi və hərbi cəhətdən gücləndikcə,
əlavə torpaq işğal etmək həvəsi daha da
böyümüş və ətraf əraziləri öz
tabeliyinə salan ilk imperiyalar meydana gəlmişdi. İlk
dövrlərdə yaranan Alkad və Assuriya imperiyaları
qanlı müharibələr aparmaq və xalqları
özünə tabe etmək üçün, əlavə əraziləri
işğal etmək hesabına yaranmışdı. Ona
görə də imperiyalar öz sifətlərini nə qədər
dəyişdirməyə cəhd etsələr və bəzən
buna nail olsalar da, öz mahiyyətini heç vaxt dəyişdirə
bilməmişdir.
Misir və Hett imperiyaları həmsərhəddə
yerləşən ərazilərə sahib olmaq
üçün bizim eradan əvvəl XIII əsrdə
Kadeşdə müharibə aparmış, qalib və məğlub
müəyyən olunmadığından, sülh müqaviləsi
bağlamalı olmuşdular. Lakin faraon II Ramzes şöhrətini
daha da artırmaq üçün saxtakarlığa yol verərək,
özünü qalib elan etmiş və öz igidlikləri barədə
rəvayətlər uydurmaqdan da çəkinməmişdi. Həmin
dövrdə yunanlar da, Kiçik Asiyaya keçərək,
gözəl və varlı Troya şəhər-dövlətini
məhv etmişdilər. Beş əsr sonra, b.e. ə. VIII əsrdə
dahi Homer bu hadisəni iki böyük poemasında təsvir etməklə,
tarixi salnaməni zənginləşdirməyə
çalışmışdı.
Sonrakı dövrlərdə Roma imperiyası, Qərb
imperiyası, Osmanlı, Britaniya, İspaniya və Habsburqlar
imperiyaları mövcud olmuşdu. Lakin tarixi həqiqət,
imperiyanın taleyində onun saxta aliliyi barədəki
iddiasını sübut edə bilməmiş, həm də
imperiyalar qan tökməklə yarandığı kimi, daha
qanlı müharibələr nəticəsində öz faciəli
sonluğunu tapmalı olmuşdu. Onlar bir qayda olaraq, tarixin ən
böyük qəbiristanlığında dəfn olunmaqla, onun
səhifələrini tərk etməyə məcbur
olmuşlar.
Cəmiyyətlər dövlətlər və
imperiyalar kimi təşəkkül tapsa da, daha vacib vəzifə
olan inkişafda fasilə yarana bilməmiş, iqtisadiyyatı
möhkəmləndirmək naminə həm də elmə, təhsilə,
texnologiyaya, nəqliyyat növlərinin təkmilləşdirilməsinə
diqqət verməli olmuşdu. İqtisadi uğurlar həm də
sosial vəziyyətin müəyyən qədər
yaxşılaşdırılmasına öz təsirini
göstərmişdi. Qədim Roma respublikasında və
sonrakı imperiyasında yaşayan əhalinin nisbətən
yüksək maddi həyat şəraiti, işğal
edilmiş torpaqlardan əldə edilən böyük mənfəət
hesabına meydana gəlmişdi.
İlk şəhər-dövlətlər dəniz
ticarəti hesabına xeyli varlandıqlarına görə,
onlar gəmiçiliyin və naviqasiyanın inkişafı məsələləri
ilə ciddi məşğul olurdu. Aralıq dənizi ilə
iri miqyasda ticarət aparan Finikiya b.e.ə. IX əsrdə
Şimali Afrikada Karfagen dövlətinin əsasını
qoymuşdu. Hər iki dövlət dənizçiliyin
inkişafında böyük nailiyyətlər
qazanmışdı.
Yeni torpaqların kəşfi, həm də bu vəzifəni
həyata keçirən dövlətlərə böyük
iqtisadi fayda verirdi. Mərkəzi Amerikanın və Cənubi
Amerikanın kəşfi, gözlənilmədiyi halda Avropa əhalisinin
ərzaqla təminatında xeyli müsbət dəyişikliyin
meydana gəlməsinə səbəb olmuşdu. Amerikalardan
Avropaya, sonra isə Asiyaya qarğıdalı, kartof, pomidor,
paxlalı bitkilər gətirilmiş və onların yeni
torpaqlarda becərilməsi və əldə edilən məhsul
Avropa xalqlarının ərzaq təminatında müəyyən
irəliləyişin mənbəyi sayılmalıdır.
Avropada dənli bitkilərdən olduqca az məhsul
götürülürdü, onun həcmi səpilən toxumun
miqdarından iki dəfədən çox olmurdu. Belə
aşağı məhsuldarlıq hesabına lazımi ərzaq
ehtiyatı yaratmaq mümkün olmadığından,
vaxtaşırı aclıq yaranmasına da gətirib
çıxarırdı.
Səpini tətbiq edilən qarğıdalının
məhsuldarlığı xeyli yüksək idi, çünki
onun qıçasında dənin sayı buğda və ya
arpanın sünbülündəki dənin miqdarından xeyli
çox idi, belə ki, müasir qarğıdalı
qıçasında 24-ə qədər olan cərgədə
400-dən 1000-ə qədər dən olduğu halda, buğda
sünbülündə cəmi 30-50-dən olur. Onların əcdadları,
əlbəttə, nisbətən daha az məhsuldarlığa
malik idi. Lakin qarğıdalını ağır torpaqda və
soyuq iqlimdə becərmək də mümkün olmurdu, əsasən
Cənubun yumşaq və münbit torpaqlarında becərilirdi.
Kartof məhsulu ərzaq təminatında ikinci
çörək hesab olunurdu, İrlandiyada, Almaniyada, Rusiyada
böyük ərazilərdə becərilirdi. Xristian dini isə
bu mühüm ərzağa mənfi münasibət bəsləyirdi,
səbəb isə ondan ibarət idi ki, həmin bitkinin adı
Bibliyada çəkilməmişdir. Guya Bibliyadakı söz,
insanların tələbatının real ödənilməsindən
daha böyük əhəmiyyət kəsb edirmiş.
Yeri gəlmişkən, yalnız ayrı-ayrı
qadağa cəhətlərinə, bəslədiyi pis münasibətə
görə dinləri ittiham etmək, inkar etmək heç də
düzgün deyildir. İnsan cəmiyyətinin
formalaşmasında, vahid birliyə nail olmasında və
inkişafında dinin yaranması və getdikcə olduqca ciddi
təsir gücünə yiyələnməsi böyük əhəmiyyətə
malik idi. İbtidai insan daim qorxduğu və təhlükə
hiss etdiyi təbiət qüvvələrinə sitayiş
edirdi. Dövlətlər yarandıqdan sonra isə onun
varlığını mühafizə edən daha böyük
qüvvəyə - allahlara itaət etməyə ehtiyac
yarandı. Allahlar dövlətlə yanaşı, cəmiyyəti
idarə etməkdə virtual da olsa, iştirak edirdi. Ona görə
də allahlar təkcə
sitayiş obyekti olmayıb, həm də cəmiyyətin
mövcudluğunda və qorunmasında mühüm iştirak
edən bir qüvvəyə, təkzib olunmaz hüquqlar sahibinə
çevrilirdi.
Dinin meydana gəlməsində insanları birləşdirmək,
vahid bir qüvvə ətrafında onların sıx birliyinə
nail olmaq başlıca məqsəd rolunu oynayırdı və
heç bir mübaliğəyə yol vermədən etiraf etmək
lazımdır ki, qədim dünyada meydana gələn dinlərin
hamısı bu çətin və mürəkkəb vəzifəni
yerinə yetirməyi bacarmışdı. Axı cəmiyyəti
təşkil edən qəbilələr və tayfalar müəyyən
müstəqilliyə malik olmaqla yanaşı, bir-birilərini
etiraf etmək istəmirdi, vaxtaşırı baş verən
toqquşmalar isə düşmənçilik toxumu səpməklə,
onları bir-birindən uzaqlaşdırmağa
çalışırdı.
Əlbəttə, xalqlarda inanc obyektləri müxtəlif
idi, bir-birindən fərqlənirdi, həm də müvafiq
olaraq başqa-başqa adlar daşıyırdı. Lakin bu məchul
varlıqların qüvvəsinə və yol verilmiş
günaha görə hökmən cəzaya əl
atacaqlarına olduqca böyük və bir qədər sirli
inam var idi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.30.