Ana dilimizdə təhsil:
milli dövlətçilik və strateji inkişaf məsələsi
"Əgər biz müstəmləkəçilik
illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız
onu bizə əmanət veriblərsə, necə ola bilər
ki, biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən,
bəzən bilməyərəkdən dilimizə daxil olan
xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir
və o kəlmələri istifadə edənləri daha
ağıllı etmir". Ana dilimizi qoruyub-saxlamağın
vacibliyindən bəhs edərkən bu fikirləri söyləyən
Prezident İlham Əliyev, çox dil bilməyin yaxşı
xüsusiyyət olduğunu da qeyd edib: "Mən də onun tərəfdarıyam.
Amma sən xarici dillərdə lazım olan vaxtda danış,
biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr
dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də
sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə
də özümüz heç buna fikir vermirik,
damcı-damcı sarsıdır. Dil əldən gedəndən
sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə
uyğunlaşandan sonra onda milli kimlik də gedəcək,
ondan sonra dövlətçilik də gedəcək, ondan
sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər,
böyük fəlakətlə üzləşə bilər.
Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir.
Bunu mən tam əminliklə deyirəm və hamını bu
mübarizəyə dəvət edirəm".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
rektoru, professor Ədalət Muradov deyir ki, Prezident İlham
Əliyevin Ana dilimizlə bağlı fikirləri məhz Azərbaycan
dilində təhsilə diqqət artırmağı tələb
edir. Bu baxımdan Azərbaycan dilində təhsil milli kimliyin,
intellektual suverenliyin və dayanıqlı inkişafın əsas
dayaqlarından biri kimi səciyyələndirilir: "Bu məsələ
təkcə dil seçimi deyil, milli dövlətçilik və
strateji inkişaf məsələsidir. Azərbaycan dilində
təhsil həm də sosial mənşəyindən
asılı olmayaraq hamı üçün təhsil
imkanlarını bərabərləşdirən ciddi amil,
milli elmin təməli kimi qəbul edilir. Eləcə də,
onlayn təhsili önə çəkməklə Prezident
İlham Əliyev təhsildə yeni texnologiyaların əhəmiyyətini
və onun tətbiqinin zəruriliyini, vacibliyini xüsusi
vurğulayır".
Bakı Dövlət Universitetinin professoru, Qulu Məhərrəmli
bildirib ki, biz nitqimizdə, yazımızda, ümumilikdə Azərbaycan
dilinin bütün qayda və qanunlara əməl etməliyik.
İkinci isə bir aspekt yerli-yersiz alınma sözlərdən
istifadədir. Əlbəttə, Azərbaycan tolerant bir ölkədir
və dilimiz də bu xüsusiyyəti daşıyır - o,
canlı bir mexanizmdir. Xarici ölkələrlə kommunikasiya,
ticarət və digər sahələrdə əməkdaşlıq
zamanı biz həmin dillərdən çoxlu sözlər
alırıq. Amma əgər bu sözlərin Azərbaycan
dilində qarşılığı varsa, onlardan istifadə
etməyin heç bir məntiqi yoxdur. Bu baxımdan alınma
sözlərlə bağlı Prezident İlham Əliyevin
dediyi aktualdır: "Vətəndaşların, yəni dil
daşıyıcılarının ana dili ilə bağlı
müəyyən məsuliyyəti var. Dövlətin
"Dövlət dili haqqında" Qanun var, o qanuna əsasən,
bütün sahələrdə - istər reklam, istərsə
də idarəçilik səviyyəsində - ana dilinin
işlədilməsi ön planda olmalıdır. Amma baxın,
bu gün elədirmi? Təəssüf ki, belə deyil. Əgər
bir insan dil daşıyıcısı olduğu halda, ana dilində
öz fikrini tam ifadə edə bilmirsə, bəs onda bu dilin təəssübünü
kim çəkməlidir. Bu baxımdan məsələlər
çox ciddidir, bu həm orta, həm ali məktəblərin
qarşısında mühüm vəzifələr qoyur. Gənclərə
ana dili sevgisini aşılamaq, onların düzgün və səlis
danışığını formalaşdırmaq, sosial
şəbəkələrdə istifadə etdikləri dilə
diqqət yetirmək çox vacibdir".
Professor qeyd edib ki, gənclərin
paylaşdığı dil materiallarına, ifadə tərzlərinə
tənqidi yanaşılmalıdır: "Çünki dil
daşıyıcısı öz dilinə biganə qalarsa,
artıq milli kimlik məsələsi önə gəlir. Ona
görə də hər kəs bunu nəzərə
almalı, ana dilinə hörmət və sevgi ilə
yanaşmalıdır".
Millət vəkili Naqif Həmzəyevin sözlərinə
görə, Prezident İlham Əliyev televiziya kanallarına
verdiyi müsahibədə Azərbaycan dilinin qorunması və
inkişafı məsələsinə xüsusi diqqət
ayıraraq, dilin milli kimliyin əsas
daşıyıcısı olduğunu vurğulayıb.
Dövlət başçısı bu məsələni sadəcə
linqvistik problem kimi deyil, milli təhlükəsizlik və
dövlətçilik məsələsi kimi qiymətləndirib:
"Prezident çıxışında Azərbaycan xalqının
tarixinə müraciət edərək, əsrlər boyu
müxtəlif imperiyaların tərkibində
yaşamağın çətinliklərini xatırladıb.
Prezidentin bu çıxışı Azərbaycan dilinin
qorunması və inkişafı üçün kompleks
yanaşmanın zəruriliyini göstərir. Dövlət
başçısı bu məsələni sadəcə dil
problemi kimi deyil, milli təhlükəsizlik, dövlətçilik
və gələcək nəsillərin milli kimliyi ilə
bağlı strateji məsələ kimi qiymətləndirir və
bütün cəmiyyəti bu istiqamətdə səfərbər
olmağa çağırır".
Millət vəkili Fatma Yıldırımın dediyinə
görə, dil hər bir xalqın milli kimliyinin, tarixi
yaddaşının və mənəvi dəyərlərinin əsas
daşıyıcısıdır. Azərbaycan dili də əsrlər
boyu formalaşmış, zəngin söz ehtiyatına, dərin
ifadə imkanlarına malik olan milli sərvətimizdir:
"Prezident dəfələrlə
çıxışlarında ana dilimizin qorunmasının və
inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən
biri olduğunu vurğulamışdır. Prezidentin dediyi kimi,
dilimizin saflığını qorumaq hər bir vətəndaşın
müqəddəs borcudur. Müasir dövrdə qloballaşma
prosesləri, informasiya texnologiyalarının sürətli
inkişafı və xarici dillərin təsiri ana dilimizin
leksikasına müəyyən təzyiqlər göstərir.
Xüsusilə gündəlik danışıqda, sosial şəbəkələrdə
və reklam mətnlərində lazımsız xarici sözlərin
işlədilməsi dilimizin saflığına zərər
vurur. Prezident bu məsələyə toxunaraq qeyd edir ki, Azərbaycan
dilinin imkanları kifayət qədər genişdir və əksər
hallarda yad sözlərə ehtiyac yoxdur".
Millət vəkili hesab edir ki, dilin qorunması
yalnız dövlət qurumlarının deyil, bütün cəmiyyətin
üzərinə düşən məsuliyyətdir. Ailədə,
məktəbdə, mediada və ictimai mühitdə ədəbi
dil normalarına riayət olunmalı, uşaqlara düzgün
və səlis Azərbaycan dili aşılanmalıdır. Təhsil
müəssisələrində ana dilinin tədrisinə
xüsusi diqqət yetirilməsi, müəllimlərin və
jurnalistlərin dil mədəniyyətinə nümunə
olması bu baxımdan böyük əhəmiyyət
daşıyır: "Prezidentin rəhbərliyi ilə qəbul
edilən dil haqqında qanunlar və sərəncamlar Azərbaycan
dilinin dövlət dili kimi mövqeyini daha da möhkəmləndirmişdir.
Bu sənədlər dilimizin həm qorunmasına, həm də
elmi, texnoloji və mədəni sahələrdə
inkişafına geniş imkanlar açır. Nəticə
etibarilə, Prezidentin çağırışına sadiq
qalaraq dilimizin saflığını qorumaq milli
şüurumuzun göstəricisidir. Ana dilimizi sevmək, onu
düzgün və təmiz şəkildə işlətmək
gələcək nəsillərə olan məsuliyyətimizdir.
Azərbaycan dili bizim keçmişimiz, bu günümüz və
sabahımızdır".
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, dil
bir xalqın varlığını yaşadan ən
mühüm amillərdən biridir. Azərbaycan dili təkcə
ünsiyyət vasitəsi deyil, həm də milli
düşüncə tərzimizin, mədəni irsimizin və
tarixi yaddaşımızın
daşıyıcısıdır. Ana dilinin qorunması məsələsi
yalnız emosional yanaşma ilə deyil, elmi, hüquqi və
ictimai mexanizmlər əsasında aparılmalıdır:
"Müasir dövrdə Azərbaycan dilinin
qarşılaşdığı əsas problemlərdən
biri nəzarətsiz dil təsiridir. Qloballaşma, rəqəmsal
platformalar və kütləvi informasiya vasitələri vasitəsilə
dilə daxil olan yad sözlər çox zaman zərurət
olmadan işlədilir. Dilçi alimlərin fikrincə,
terminoloji ehtiyac olduqda alınma sözlər məqbuldur, lakin
gündəlik danışıqda mövcud Azərbaycan dilində
qarşılığı olan sözlərin əvəzinə
xarici ifadələrdən istifadə dilin daxili strukturuna zərər
vurur".
Millət vəkili vurğulayıb ki, müasir
dövrdə qloballaşma və texnologiyanın sürətli
inkişafı Azərbaycan dilinə həm yeni imkanlar, həm
də müəyyən təhlükələr gətirib.
Xüsusilə gündəlik danışıqda, sosial şəbəkələrdə,
reklam və media məkanında ehtiyac olmadan xarici sözlərin
işlədilməsi dilin təmizliyinə mənfi təsir
göstərir. Halbuki Azərbaycan dilində əksər
anlayışların qarşılığı mövcuddur və
bu sözlərdən düzgün istifadə dilin
saflığını qorumağın əsas şərtidir:
"Dilimizin saflığının qorunmasında ailənin və
təhsilin rolu əvəzsizdir. Uşağın ilk dil
mühiti ailədir və burada formalaşan danışıq
vərdişləri onun gələcək dil mədəniyyətinə
birbaşa təsir edir. Məktəblərdə ana dilinin
düzgün, normativ və sistemli şəkildə tədrisi,
müəllimlərin ədəbi dilə nümunə
olması şagirdlərdə dilə hörmət hissini
gücləndirir. Kütləvi informasiya vasitələri də
dil saflığının qorunmasında mühüm rol
oynayır. Televiziya və radio verilişləri, internet
portalları və sosial media platformaları geniş auditoriyaya
təsir göstərdiyi üçün burada ədəbi
dil normalarına ciddi əməl olunmalıdır. Jurnalistlərin
və aparıcıların məsuliyyəti təkcə məlumat
vermək deyil, həm də düzgün dil nümunəsi təqdim
etməkdir. Azərbaycan dilinin dövlət dili kimi
qorunması və inkişafı dövlət siyasətinin əsas
istiqamətlərindəndir. Qəbul olunan qanunlar və sərəncamlar
dilimizin rəsmi statusunu möhkəmləndirməklə yanaşı,
onun ictimai həyatın bütün sahələrində
işləkliyini təmin edir. Lakin hüquqi tədbirlər
yalnız cəmiyyətin dilə göstərdiyi diqqət və
məsuliyyətlə real nəticə verə bilər.
Nəticə olaraq, Azərbaycan dilinin
saflığı hər bir vətəndaşın şəxsi
mövqeyindən başlayır. Ana dilimizi düzgün, səlis
və təmiz şəkildə işlətmək milli
şüurun göstəricisidir. Dilimizi qorumaq
keçmişimizə hörmət, bu günümüzə
sahib çıxmaq və gələcəyimizi təmin etmək
deməkdir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2026.- 6 fevral(№5).-S.29.