Bir dəfnin
tarixçəsi
"İnsan mənzərələri"
silsiləsindən
Nəsr
Nə vaxt, kimin yas məclisində kimdən
eşitmişdi bu sözləri - dəqiq yadında deyildi.
Amma xoşuna gəlmişdi, ürəyində
razılaşmışdı deyilənlərlə:
"Əgər yaxınlarından, doğmalarından kiminsə
vəfat edəcəyi labüddürsə, nəbada o,
canını tapşırmamış fikrini yas mərasiminin
qayğıları ilə
yükləyəsən, onu Əzrayılla təkbətək
qoyub mağarı harda quracağını, qab-qacağı,
stol-stulu hardan gətirəcəyini planlaşdırasan.
Əsas məsələ vəfat edəni ölümün
caynağında tək qoymamaq, o
dünyaya ləyaqətlə - pak, müqəddəs
Quranda yazıldığı kimi yola salmaqdır. Qalan şeylər
sonra gəlir və vacib deyil".
Əslində anasını ölümə zərrə-zərrə
yaxınlaşdıran son 6 ayın hər dəqiqəsində,
hətta saniyəsində Kərimin
bu dilemma barədə fikirləşməyə, nəyisə əvvəlcədən
götür-qoy etməyə nə macalı olmuşdu, nə
də istəyi: əlacsız xəstəliyə tutulan
anası gözləri qarşısında hər dəqiqə,
hər an yavaş-yavaş əriyirdi və bu gedişi əngəlləmək,
ləngitmək üçün mümkün olan hər
şeyi edən Kərimin
gücü yalnız ona çatırdı ki, öz acizliyi ilə
barışdığı anlarda
həyətə düşüb anasının
çarpayısı yanında növbə ilə keşik
çəkən arvadından, bacısından gizlin uşaq
kimi ağlasın...
Atasını xatırlamırdı - 4 yaşı
olanda Neft Daşlarındakı qasırğa vaxtı dəniz
onu udmuş, heç meyiti də tapılmamışdı. Cəmi
3 sot torpağı olan bu dar-dütdək həyətdəki 2
çeşmə evdə bacısı və onu anası
böyütmüşdü. Necə, hansı əziyyətin hesabına - bunu bacı-qardaş
özləri, anası, bir də göydəki Allah bilirdi.
İndi otağın ortasında heykəl kimi
dayanıb anasının meyitinin yerini rahatlayan,
üstünü adyalla örtən arvadına, "mama, ay
mama..." deyə-deyə
gözünün yaşını tökən bacısına
key-key baxanda qəfildən özünü səhər gözlərini
açıb anasını yanında görməyən 3-4
yaşlı uşaq kimi hiss elədi və fikirləşdi ki,
adamın istər 4 yaşı olsun, istər 60, 70 yaşı
- fərqi yoxdur - ana elə anadır!
Həyətdə xəbər tutub gələn
qonşu kişilərin hənirtisi eşidilirdi. Qonşu
arvadlar isə təbii ki, meyit olan otağa doluşurdular və
əgər qayını Əjdər onun qolundan tutub
otağın küncünə çəkməsəydi,
ora-bura vurnuxan qadınlardan kimsə gec-tez yüngül bir
toxunuşla Kərimə qandıracaqdı ki, tir kimi ortada
dayanmaqla arvadların öz işlərini görməsinə
mane olur, çəkilsin bir tərəfə.
- Bura vax, olan oldu. İndi qəbir yeri, hüzür məclisi,
dəfn haqqında fikirləşmək lazımdır, -
Əjdər dedi. - Bu gün
heç, sabah günortaya qədər arvadı basdırmaq
lazımdır. Sən burda durma, get qəbir məsələsi
ilə məşğul ol. O biri işləri
çalışaram ki, mən yoluna qoyum.
Bu sözlər Kərimi sanki silkələyib yuxudan
ayıltdı: bir vaxt yas məclisində kimdənsə
eşitdiyi həmin o "sonrakı işlər" gəlib
qapını kəsdirmişdi və ana itkisinin
ağrısını yaşaya-yaşaya bu işləri də
layiqincə görmək lazım idi, çünki
camaatın, elin gözündə arvadı urvatla yola salmaq belə
məqamlarda göz yaşı tökməkdən heç də
az əhəmiyyət daşımırdı.
Hazırda bu yas məclisini hamını qane edəcək
səviyyədə yola verməyə Kərimin imkanı yox
idi - olan-qalanını yeganə övladını ərə
verəndə ona cer-cehiz almağa xərcləmişdi, pulu
çatmadığından, hələ üstəlik,
qaynının adına bankdan kredit də
götürmüşdü və hal-hazırda üç min
manat borc sanki ağır dəyirman daşına dönüb
boynundan asılmışdı.
Amma bunun camaata, kimlərəsə nə dəxli
vardı axı?
Üç, yeddi, qırx təşkil edib ehsan vermək
Kərimi o qədər də narahat etmirdi, çünki indi
çox yerlərdə ehsan vermək
yığışdırılmışdı və dar ayaqda
buna güvənib o da məclisini halva və çayla yola verə
bilərdi. Qəbir məsələsində isə iş bir
az qəlizləşirdi, çünki eşitmişdi ki,
yaxın qəbiristanlıqda qəbir yeri pulla satılır.
Amma indi qaynının sözündən sonra bacısı
oğlunu da özü ilə götürüb qəbiristanlığa
üz tutanda nəyə görəsə ona elə gəlirdi
ki, ordakılar anasının vəfat etdiyini bilən kimi bu
pul söhbəti də çıxıb gedəcək
işinin dalınca. Məktəbdə birinci sinifdən
uşaqlara vətən və ana anlayışlarının
eyni məna daşıdığını öyrədirlərsə,
necə başqa cür ola bilərdi axı? Üstəlik,
peyğəmbərimizin dediyi qızıl kimi sözlər:
"Cənnət anaların ayaqları altındadır".
Ayaqlarının altı cənnətə, özü isə
vətənə, yurda bərabər tutulan ananın kiçik
bir qəbir yerini alver predmetinə çevirməkmi olardı?
Kimin vicdanı buna yol verər axı?
...Qəbiristanlığın qapısından içəri
girən kimi qarşılaşdığı mənzərə
Kərimi çaşdırdı: elə bil uşaq vaxtı
gördüyü qəbiristanlığa yox, üstündə
hər yaşda, cinsdə olan insanların şəkilləri
olan qara mərmər daşların
nümayiş etdirildiyi sirli məkana
düşmüşdü. Hətta nisbətən uzaqda -
alçaq təpələrin üstündə bir-iki heykəl
siuleti də nəzərlərindən qaçmadı.
Sağ tərəfdə taxtadan tikilmiş bir
köşk vardı və yaşlı bir kişi onun
qarşısında sement qarışdırırdı.
- Bizim rəhmətə gedənimiz var, - Kərim dilləndi.
- Qəbir üçün yer seçməliyik. Kimlə
danışmalıyıq, kimə müraciət edək?
Kişi işinə ara verib dikəldi, "Allah rəhmət
eləsin" deyib cibindən köhnə bir telefon
çıxardaraq kiminsə nömrəsinə zəng
göndərdi və "İndi gəlır" - deyib
işinə davam etdi.
Doğrudan da, heç iki dəqiqə keçmədi
ki, nataraz, cavan bir oğlan hardansa peyda olub gödəkçəsinin
yaxasını bağlaya-bağlaya onlara yaxınlaşdı.
- Eşidirəm, dayı, nə qulluq?
Oğlanın səsindəki yumşaqlıq Kərimin
xoşuna gəldi.
- Anam rəhmətə gedib, oğul. Sabah günortaya
yaxın dəfn edəcəyik. Qəbir yeri lazımdır.
Oğlan Kərimin gözləmədiyi cavab verdi:
- İndiyə qədər yer almamısınız
burda?
- Qəbiristanlıqdakı yer ətdir, kartofdur ki,
alıb-satasan? Anam rəhmətə gedib ey, başa
düşürsən?
Hiss olundu ki, bu dəfə oğlan gözləmədiyi
sözlər eşitdi və başa düşdü ki,
qarşısındakı adam hal əhli, yəni həmişəki
müştərilərdən deyil. Ona görə dərhal
cavab vermədi. Bir müddət heç biri dinmədi.
Axırda oğlanın səsi çıxdı:
- Hamının anası rəhmətə gedir də,
ay kişi. Kimin anası dünyanı tutub durur ki?
"Dayı"nı "kişi" ilə əvəz
edən oğlanın səsində əvvəlki
yumşaqlıq hiss olunmurdu. Kərim başa düşdü
ki, bu oğlan cavan olsa da, hər vəziyyətə uyğun
oynamağı bacaran işbazdır və onu təsirli
sözlərlə yumşaltmaq dəryada balıq sevdası
kimi bir şeydir. Ona görə də söhbəti uzatmaq istəmədi:
- Sabah cənazəni bura gətirəcəyik. Bizə
yer göstərin.
Bu dəfə oğlanın cavabı hazır idi:
- Təəssüf ki, boş yer yoxdur. Ona görə
də kömək edə bilməyəcəyik.
Dişi bağırsaqlarını kəssə də,
Kərim hələ coşub-əsmir, təmkinini qorumağa
çalışırdı.
- Buralar yer deyil? - əli ilə boş sahələri
göstərdi.
- Onlar hamısı alınıb, a kişi. Sahibləri
var.
Bunları deyəndə oğlanın nəinki səsinin
tonu tamam dəyişdi, hətta üzündə də qəribə
soyuq bir ifadə yarandı və Kərimə elə gəldi
ki, oğlan içində ona gülür.
Bir yandan acizliyindən, o biri tərəfdən də
oğlanın buz kimi soyuq baxışlarından doğan hisslər
Kərimin içində elə bil vəlvələ
yaratmışdı ki, sinəsi az qalırdı partlasın.
- Yaxşı, biz indi neyləyək?.. - alçaqdan,
boğuq səslə dediyi bu sözləri oğlana yox, bir
növ özünə ünvanlamışdı. Amma araya
çökən sükutu yenə də oğlanın səsi
pozdu:
- Boş yeri olan qəbiristan axtarmaq lazımdır.
Qəfildən sinəsindən soyuq bir gizilti
keçdi və bütün vücudu titrəməyə
başladı. Başa düşdü ki, dilinə dirənən
sözləri deməsə, boğazındakı qəhərlə
bacara bilməyəcək və bu sırtıq oğlanın
qarşısında ağlayıb özünü
alçaldacaq.
- Sən yaşda, lap səndən kiçik
oğlanlar bu torpağın hər qarışı uğrunda
şəhid olublar, sağlamlıqlarını itiriblər,
sizsə onları bu dünyaya gətirən, tərbiyə verən anaların, ataların halal qəbirlərini
pulla satırsınız. O şəhidlərin ruhları sizə
qənim olsun, ahları sizi tutsun. Şərəfsizlər!
- Danışığına fikir ver, - deyə
oğlan xoruzlandı. - Heç kim sizə ixtiyar verməyib
ki, kimisə təhqir edəsiniz.
- Bəs sizə veriblər bu ixtiyarı? - Kərim
daha özünü saxlaya bilməyib oğlanın gödəkçəsinin
boynunu qamarladı. - Adamların ölümündən də
pul qırxırsınız. Kim sizə verib bu haqqı?!
Bacıoğlu vəziyyətin mürəkkəbləşdiyini
görüb irəli atılaraq Kərimin qolundan
yapışdı.
- Lazım deyil, Kərim dayı, lazım deyil. -
Açıq-aşkar görünürdü ki, mübahisənin
əlbəyaxa mərhələyə keçə biləcəyindən
narahatdır. - Gedək, bizi gözləyirlər ey...
- Şərəfsiz sənsən ki, anana qəbir yeri
almağa duxun çatmır...
Oğlan gödəkçəsinin boynunu düzəldə-düzəldə
bu sözləri Kərim eşitməsin deyə astadan bir
növ özü üçün dedi.
lll
Öz acizliyini dərk etməsi insana çox pis təsir
edir və indi Kərim də yolboyu özünün acizliyinə,
gücsüzlüyünə görə uşaq kimi kövrəlmişdi.
Qəhər onu boğurdu.
Həyətə girəndə dəfn xidmətindən
gələnlər yas mağaranın ləvazimatlarını
maşından boşaldırdılar. Kərim buna fikir verməyib
eyvana qalxdı və elə həmin anda da meyit qoyulmuş
otaqdan qarmaqarışıq arvad səsləri gəldi. Ucadan
danışdıqlarına və bir-birlərinin sözlərini
kəsdiklərinə görə konkret nədən
danışdıqlarını anlamaq olmurdu. Onsuz da əsəbi
vəziyyətdə olan Kərimin hövsələsi lap
daraldı. İçəri girmək üçün əlini
qapının dəstəyinə atanda qapı
açıldı və sifəti pörtmüş bir arvad Kərimlə
üz-üzə gəldi. Arvad duruxdu və güman ki, bu
kişinin kim olduğunu bilib bir addım geri çəkilib
ona yol verdi. Əlbəttə, başqa vaxt olsaydı, Kərim
cavab jesti edər, hörmətlə "Buyurun" deyib kənara
çəkilərdi. Amma indi o hayda deyildi. Ona görə də
içəri keçdi və bir az karıxmış vəziyyətdə
dayanmış yoldaşına üz titdu:
- Nə olub, Nə iclasdı belə?
Yoldaşı cavab verməyib üzünü
baldızına, yəni Kərimin bacısına tərəf
çevrildi, yalvarıcı nəzərlərlə xahiş
etdi ki, sən de.
- Ay qardaş, ölüyuyan arvaddır. Dil tapa bilmirik
onunla. On gün əvvəl yüz-yüz əlli manata yuyurdu,
indi ayağını dirəyib bir başmağa ki, hər
şeyin qiyməti artıb, daha yüz əlli manata yox, iki
yüz əlli manata yuyuram...
Kərim nəyə görəsə gözlərini
yumdu, ona elə gəldi ki, bu vəziyyətə düşməyinin
səbəbi illər uzunu zərrə-zərrə beyninə,
içinə çökmüş xıltdır, hərgah
yaxasını bu bəladan qurtarmasa, vəziyyət daha da qəlizləşəcək,
hətta mümkündür ki, sabah bu qapıdan iki meyit
çıxarılacaq və xoşbəxtlikdən hansısa
bir qüvvənin təsiri altında artıq kirəcləşib
bərkiməkdə olan o xıltdan azad olmağın yolunu
bircə anın içindəcə tapdı.
- Ötən il sənin qayınananın meyiti yuyulanda
mən bilən ikiniz də orda olmuşdunuz. - Kərim
başının hərəkəti ilə qaynı
arvadına işarə elədi. - Ola bilməz ki, işiniz
ancaq kənardan baxmaq olub. Heyva ağacının altında yer
düzəldib pərdə çəkərik... Məncə,
anamızın ruhu bundan daha xoş olar ki, onu doğma əllər
yuyur...
Qərar gözlənilməz olsa da, burada qeyri-adi,
fövqəladə bir şey də yox idi. Qeyri-adi qərar təxminən
bir saat sonra arvadın yuyulub kəfənlənmiş meyiti
heyva ağacının altından təkrar bu otağa gətiriləndən
sonra səsləndi. Qaynı qəbir məsələsini təkrar
ortaya atanda Kərim qətiyyətli səslə, tərəddüd
etmədən dedi:
- Mən anamı rüşvətlə, minnətlə
aldığım torpaqda yox, doğma yuvasında,
dişi-dırnağı ilə əkib-becərdiyi yerdə, əkdiyi
qızılgül kolunun yanındakı gilas ağacının
altında dəfn edəcəm. Din, şəriət bu məsələdə
heç bir məhdudiyyət, qadağa qoymayıb.
Sonra otaqdakıların reaksiyasına məhəl
qoymayaraq ayağa qalxıb otaqdan çıxdı. Az sonra
qaynını səslədi və bir neçə dəqiqədən
sonra hər ikisi əllərində bel gilas ağacı tərəfə
getdilər...
lll
Mən bu əhvalatı danışan hekayəçi
kimi səhər bu həyətdə baş verən hadisələri
- dəfnə gələnlərin əksəriyyətinin təəccübünü,
üzlərindəki iztehzalı ifadələri, qulaqlara əyilən
ağızları, o ağızlardan çıxan
qınaqları, tənələri təsvir eləmirəm və
qəti hökm də vermirəm ki, bu qeyri-adi dəfn hamı
tərəfindən razılıqla qarşılanmalı,
hamı Kərimə "Əhsən" deməli idi. Amma
qeyd eləməyi vacib bilirəm ki, bu hadisənin səs-küyü
uzun müddət müzakirə mövzusu olsa da, hətta qəzet
səhifələrinə qədər gedib çıxsa da,
bundan Kərimin heç tükü də tərpənmədi.
Çünki dəfn gününün gecəsi anası
yuxusuna girmişdi, gilas
ağacının altındakı koldan bir qızıgül dərib
gülə-gülə oğluna uzadaraq demişdi ki, çox
sağ ol, bala, verdiyim süd halal xoşun olsun.
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet .- 2026.- 6 fevral(¹5).-S.28.